Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-40/2023 01.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməsi ilə cavabdeh "xxxx" ASC-yə qarşı «zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,47 hektar torpaq sahəsi iddiaçıya məxsusdur və kənd təsərrüfatı təyinatlıdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 0,47 hektar torpaq sahəsi iddiaçının xüsusi mülkiyyəti kimi xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Torpaq sahəsinin rəsmi sənədləri ilə yanaşı sahənin texniki pasportu ona verilmişdir. Bakı şəhəri – Saray qəsəbəsi yolunun kənarında yerləşən 0,47 ha torpaq sahəsində cavabdehin sifarişi əsasında 2019-cu ildə yüksək gərginlikli elektrik xətlərinin quraşdırılması aparılmış və iddiaçıya məxsus sahədə böyük işıq dirəyi quraşdırılmışdır. Bu zaman iddiaçının razılığı soruşulmamış və ona heç bir kompensasiya ödənilməmişdir. Hal-hazıra kimi torpağından istifadə edə bilmir. Həmin ərazi yüksək gərginlikli elektrik xətlərinin tam altında olduğundan ciddi təhlükə mənbəyidir. Beləliklə iddiaçının Konstitusiya və qanunlarla müəyyən edilmiş mülkiyyət və torpaq sahəsindən istifadə hüququ pozulmuşdur. Göstərilənlərə əsasən hüquqlarının pozulmasına görə 250.000 manat zərər məbləği "xxxx" ASC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Daha sonra İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməsi ilə cavabdeh "xxxx" ASC-yə qarşı iddia tələbinin həcminin artırılması barədə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, mülkiyyətində olan torpaq sahəsində işıq dirəyini iddiaçının razılığı olmadan quraşdırmaqla, habelə torpaq sahəni yüksək gərginlikli elektrik verilişi xətlərinin altına salmaqla, "xxxx" ASC və "xxxx" iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş mülkiyyət, mülkiyyət üzərində sərəncam vermək və ondan istifadə etmək hüquqlarını pozmuşdur. Yüksk gərginlikli elektrik verilişi xətlərinin altına düşdüyü üçün maddi ehtiyaclarını və ipoteka kreditini ödəmək məqsədilə iddiaçıya məxsus torpaq sahəsini sata bilmir. Sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ hələ işıq dirəyi və xətti quraşdırılmamış, torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında 2004-cü ildə, sonra xx.xx.2012-ci ildə ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla müəyyən edilib. Yüksək gərginlikli elektrik verilişi xətləri və dirəyi isə iddiaçıya məxsus sahədə sonradan quraşdırılıb. Məhkəməyə təqdim edilmiş xx.xx.2017-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünə görə iddiaçıya məxsus sahənin eni 43 metr təşkil edir. Çəkilmiş yüksək gərginlikli elektrik verilişi xətlərinin mühafizə zonasının hər iki tərəfdən 25 metr olmasını nəzərə alsalar, onda bu torpaq sahəsi tamamilə qoruma və mühafizə zonasına, habelə təhlükəli əraziyə aid olur. Çünki yüksək gərginlikli elektrik dirəyi təhlükə mənbəyidir. Beləliklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 10/7604 nömrəli ekspert rəyinə əsasən sözügedən işıq dirəyi iddiaçıya məxsus torpaq sahəsində quraşdırılıb və sahə yüksək gərginlikli elektrik verilişi xətlərinin altına düşür. Nəticədə, yüksək gərginlikli elektrik dirəyini və xəttini iddiaçıya məxsus sahədə quraşdıraraq "xxxx" ASC və "xxxx" ASC iddiaçının razılığı olmadan mülkiyyətinə müdaxilə edib. Yüksək gərginlikli elektrik verilişi xətlərinin altına düşən daşınmaz əmlak hesab edilən torpaq sahəsindən iddiaçının istifadə, sahiblik və sərəncam vermək hüququ pozulub. Bundan başqa, "xxxx" ASC və "xxxx" ASC iddiaçının məhkəməyə müraciətindən və iddia tələbindən sonra məhkəmədə iddia ərizəsinə baxılması dövründə torpaq sahəsinin hasarını məhkəmə qərarı olmadan sökərək iddiaçıya 5600 manat məbləğində maddi ziyan vurub. Bu ilk növbədə "xxxx" ASC və "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara hörmətsizlik və insan hüquqlarının pozulmasıdır. Azərbaycan Respublikasının Konstitusiyasına görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur (maddə 13), mülkiyyətin heç bir növünə üstünlük verilmir. Göstərilənlərə əsasən cavabdeh "xxxx" ASC-dən hüquqlarının pozulmasına görə 250.000 manat maddi və mənəvi ziyan məbləğinin, torpaq sahəsinin daş hasarının qanunsuz söküntüsünə görə 5600 manat məbləğində vurulmuş maddi ziyanın, ödənilmiş 30 manat dövlət rüsumunun tutulması və sökülmüş 256 kv.m. hasarın bərpası, yüksək gərginlikli elektrik dirəyinin iddiaçıya məxsus torpaq sahəsindən sökülərək çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı həmçinin izahatında göstərmişdir ki, mülkiyyətində olan torpaq sahəsində cavabdeh tərəfindən onun razılığı alınmadan işıq dirəyi quraşdırılmaqla, mülkiyyətində olan torpaq sahəsi yüksək gərginlikli elektrik xətlərinin altına salınmış və nəticədə, mülkiyyətçi kimi onun həmin torpaq sahəsindən istifadə etməsinə maneə yaratmışdır. Buna görə də o, həmin torpaqdan sahibkarlıq məqsədləri üçün istifadə edə və ya onu sata bilmir. Bundan başqa "xxxx" MMC və "xxxx" ASC tərəfindən onun məhkəməyə müraciətindən sonra torpaq sahəsinin hasarı məhkəmə qərarı olmadan sökülmüş və nəticədə ona 5600 manat məbləğində maddi ziyan vurulmuşdur. İddia ərizəsində iddia etdiyi 250.000 manat zərərin 125.000 mmanat hissəsi ona vurulmuş maddi, geri də qalan 125.000 manat hissəsi isə ona vurulmuş mənəvi ziyanı əks etdirir. Həmin zərərin əsasını onun həmin torpaq sahəsindən istifadə edə bilməməsi, həmin torpaq sahəsinin alıcılıq qabiliyyətinin və dəyərinin aşağı düşməsi və həmin sahədən təsərrüfat məqsədləri üçün istifadə edə bilməməsi nəticəsində vurulmuşdur. Hasarın sökülən hissəsinin ölçüsü 250 kv.m. təşkil edir ki, ekspertlər tərəfindən hasarın 1 kv.m. 30 manat dəyərində hesablanır. Adi riyazi hesablama ilə hesablanarsa hətta ona onun iddia etdiyi məbləğdən daha artıq ziyan vurulmuşdur. Göstərilənləri nəzərə alaraq iddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh "xxxx" ASC-nin və müstəqil tələb irəli sürməyə üçüncü şəxs "xxxx" MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 5 .Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. Belə ki, iş materiallarında olan X3, X6, X4, X5, X7, X8, X9, X10, Qasımova SAmirə Ələmdar qızı, X2, X13, X11, X14 ilə İddiaçı arasında bağlanmış xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Ç.R. X18 Komitəsinin JN-697 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına və Torpaş şöbəsinin 5517 saylı arayışına əsasən Abşeron – Qobustana aid Saray qəsəbəsində yerləşən 0,76 hektar torpaq sahəsindən inventar qiyməti 2.291.697 manat olan 0,5501 hektar torpaq sahəsini 27.000.000 manata, S.Ə.X26 Komitəsinin JN-699 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına və TOrpaq şöbəsinin 5518 saylı arayışına əsasən Abşeron – Qobustana aid Saray qəsəbəsində yerləşən 0,76 hektar torpaq sahəsindən inventar qiyməti 2.290.780 manat olan 0,5498 hektar torpaq sahəsini 27.000.000 manata, U.A.X20 Komitəsinin JN- 698 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına və Torpaq şöbəsinin 5516 saylı arayışına əsasən Abşeron – Qobustana aid Saray qəsəbəsində yerləşən 0,60 hektar torpaq sahəsindən inventar qiyməti 1.833.024 manat olan 0,44 hektar torpaq sahəsini 22.000.000 manata İddiaçı satmışlar.
7. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0,4782 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir.
8. İş üzrə Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş A№164477 nömrəli, xx.xx.2017-ci il tarixli torpaq sahəsinin planın və ölçüsünün notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt «ASAN xidmət» mərkəzinin notariusu C.M.Qasımov (şəhadətnamə No065) tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, 4Ə-1660,1661 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,4782 ha olan torpaq sahəsi ilə bağlı planı və ölçüsü tərtib edilmişdir.
9. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan xx.xx.2017-ci il tarixli, **********83 reyestr nömrəli, 0,4782 ha torpaq sahəsinə aid «Torpaq sahəsinin planı və ölçüsü» sənədi texniki cəhətdən qüsurlu olan, yəni sürüşmə nəticəsində real vəziyyəti əks etdirməyən əvvəlki xəritə məlumatları əsasında çap olunaraq vətəndaşa verilmişdir. Həmin torpaq sahəsinin döndə nöqtələrinin koordinatları aşağıdakılardır: X-392585,28 Y-4483259,58; X-392546,55 Y-4483239,24; X-392441,23 Y- 4483307,51; X-392480,33 Y-4483327,46. Eyni zamanda bildirirlər ki, ərazidə ümumi DWG uyğunsuzluğu olduğundan torpaq sahəsinin planı və ölçüsü sənədi real vəziyyətdən fərqlidir. Bildirirlər ki, «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında torpaqların kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları»na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250s nömrəli Sərəncamı ilə «Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin 2020-ci ilədək mərhələlərdə təmin olunmasına dair Tədbirlər Planı»na uyğun olaraq Abşeron rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək həmin sahələrin faktiki sərhədlərinin koordinatları müəyyənləşdirilməsi işləri yekunlaşmışdır. Uçot işləri vahid elektron kadastr bazasına tam işləndikdən sonra faktiki torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının verilməsi tərəflərindən mümkün olacaqdır.
10. Məhkəmə tərəfindən təyin edilmiş 10/5301 saylı, 29 avqust 2022-ci il tarixli məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Fuad İbrəhimovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən: - Ərazidə ümumi DWG uyğunsuzluğu olduğundan torpaq sahəsinin planı və ölçüsü sənədi real vəziyyətdən fərqlidir. «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında torpaqların kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları»na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250s nömrəli Sərəncamı ilə «Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin 2020-ci ilədək mərhələlərdə təmin olunmasına dair Tədbirlər Planı»na uyğun olaraq Abşeron rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək həmin sahələrin faktiki sərhədlərinin koordinatları müəyyənləşdirilməsi işləri yekunlaşmışdır. Uçot işləri vahid elektron kadastr bazasına tam işləndikdən sonra faktiki torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının verilməsi tərəflərindən mümkün olacaqdır. Ekspert tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir.
11. Məhkəmə tərəfindən təyin edilmiş 10/7604 saylı, 20 fevral 2023-cü il tarixli təkrar məhkəmə mühəndis-texniki ekspertizasının rəyinə əsasən: - 1-ci sual üzrə: rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq mübahisəli işıq dirəyinin xx.xx.2017-ci il tarixli, A № 164477 nömrəli «Torpaq sahəsinn planı və ölçüsü» sənədində qeyd olunan koordinatlar daxilində yerləşdiyi müəyyən olunmuşdur. - 2-ci sual üzrə: rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq işıq dirəyinin ölçüsünün 2,7 x 2,7 metr, sahəsinin isə 7,29 kv.m. olduğu müəyyən olunmuşdur. Ekspert tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir.
12. Məhkəmə tərəfindən təyin edilmiş 10/2795 saylı, 04 avqust 2023-cü il tarixli təkrar məhkəmə mühəndis-texniki ekspertizasının rəyinə əsasən: - 1,2 və 3-cü suallar üzrə: qəradadda ekspert qarşısında qoyulmuş 1,2 və 3-cü suallarının cavablandırılması Mühəndis-Texniki Ekspertizalar şöbəsinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından həmin suallar üzrə təhqiqat aparılmadı. - 4-cü sual üzrə: mübahisə predmeti olan hasar tikilisinin (faktiki olaraq sökülmüş) ilkin vəziyyətinin texniki göstəricilərinə dair mülki iş materiallarında hər hansı bir məlumat olmadığından həmin hasar tikilisinin sökülməsi nəticəsində dəymiş zərərin müəyyən edilməsi mümkün olmamışdır. Ekspert tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir.
13. İş üzrə İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********15 nömrəli məktubuna uyğun olaraq Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən sökülmüş 256 kv.m. hasarın tikintisi üçün çəkilmiş xərc 5600 manat olmuşdur.
14. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-40/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməsi ilə cavabdeh "xxxx" ASC-yə qarşı məhkəmədə qaldırılan iddia tələbinin yüksək gərginlikli elektrik dirəyinin iddiaçıya məxsus torpaq sahəsindən sökülərək çıxarılması və hissəsində tələbə məhkəmə qaydasında baxılmalı olmadığından xitam verilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
15. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,4782 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixdən iddiaçının mülkiyyətindədir. "xxxx" ASC tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsində işıq dirəyini onun razılığı olmadan quraşdırmaqla və yüksək gərginlikli elektrik verilişi xətlərinin torpaq sahəsinin altına salmaqla iddiaçının mülkiyyət hüququ pozulmuş, iddiaçıya maddi və mənəvi zərər dəymişdir. Həmçinin mübahisəli torpaq sahəsinin daş hasarının söküntüsünə görə iddiaçıya 5600 manat maddi ziyan dəymişdir. Bu səbəbdən iddiaçı cavabdehdən maddi və mənəvi zərərin əvəzini tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
16. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
17. Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
18. Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
19. Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
22. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
23. Məhkəmə qeyd edir ki, iddiaçının ilkin səsləndirmiş olduğu (iddia ərizəsində qeyd edilən) 250.000 manat məbləğində vurulmuş ziyan öz izahatında qeyd edildiyi kimi iki hissədən ibarət olmuşdur. 125.000 manat hissəsi maddi ziyan (əmlakının ümumi bazar dəyərinin düşməsi nəticəsində yaranan), digər 125.000 manat isə mənəvi ziyan hissəsi olmuşdur. Bu halda məhkəmə ilkin olaraq maddi ziyan kimi 125.000 manat pulun cavabdehdən tələb edilməsi ilə bağlı qeyd edir ki, iddia bu hissədə əsassız olduğundan təmin edilməməlidir.
24. Belə ki, İddiaçı iddia tələbinin bu hissəsini verməmişdən əvvəl ilk öncə əmlakının bazar dəyərinin düşməsinə səbəb ola bilən (ehtimal belə olsa) yüksək gərginlikli işıq dirəyinin həmin ərazidən çıxarılıb-çıxarılmaması ilə bağlı mübahisəsinin tərəflər arasında həll edilib-edilməməsini müəyyən etməli idi. Əgər mübahisəli yüksək gərginlikli işıq dirəyi həqiqətən torpaq sahəsindən çıxarılarsa iddiaçının əmlakının bazar qiymətinin düşməsindən də söhbət gedə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı bununla bağlı mülki işlər üzrə məhkəmə icraatı çərçivəsində bu iddianı (ışıq dirəyinin çıxarılması öhdəliynin cavabdehin üzərinə qoyulması) versədə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin eyni tarixli qərardadı ilə iddia tələbi bu hissədə mülki məhkəmə icraatı çərçivəsində baxılmalı olmaması səbəbindən icraata xitam verilmişdir. Yəni iddiaçı hazırki tələbini (125.000 maddi ziyanın ödənilməsi) sırf yüksək gərginlikli işıq dirəyinin onun sahəsindən çıxarılması tələbinin həll edilib-edilə bilməməsi mərhələsindən sonra mübahisələndirə bilərdi.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5-ci hissəsinə əsasən elektrik şəbəkələrinin mühafizə zonaları aşağıdakı kimi müəyyən edilir: a) hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində, aşağıdakı cədvəldə göstərilən məsafələrdə: Un, kV — xətlərin gərginliyi; L, m — məsafələrdir;
Un, >l20 35 110 150 220 330-500 kV
L, 10 15 20 25 25 30 m
b) yeraltı elektrik ötürücü kabel xətləri boyunca, kənar kabellərin hər iki tərəfindən 1 m aralıda yerləşən, şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi; ç) hava elektrik ötürücü xətlərinin su hövzələrindən (çaylar, kanallar, göllər və s.) keçidi boyunca, gəmiçilik üçün yararlı hövzələrdə kənar naqillərin yellənməyən vəziyyətində hər iki tərəfdən 100 m aralıda yerləşən şaquli müstəvilərlə məhdudlaşan su hövzəsinin səthindəki hava məkanı, gəmiçilik üçün yararlı olmayan hövzələrdə isə hava elektrik ötürücü xətlərinin mühafizə zonalarının müəyyən edilməsi üçün nəzərdə tutulmuş məsafə.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 12-ci hissəsinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; c) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında sudibi ov alətləri ilə balıq və digər su heyvanlarının ovlanması, bitkilərin yığılması və məhv edilməsi, heyvanların suvarılması üçün suvatlar qurulması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi; d) yeraltı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq, şumlanan torpaqlarda isə 0,45 m-dən artıq dərinlikdə torpaq işlərinin aparılması və planlaşdırılması.
27. Məhkəmə bu halda qeyd edir ki, iddiaçının cavabdeh tərəfindən sökülmüş 256 kv.m. hasarın bərpası tələbidə əsassız olduğundan təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarında qeyd edildiyi kimi 1000 voltan yuxarı gərginlik enerjisinin keçdiyi ərazidə hər hansı bir tikinti quraşdırma işləri (razılığ alınmadan) aparıla bilməz. Yəni iddiaçının bu tələbidə həmin mübahisənin (yüksək gərginlikli elektrik dirəyinin çıxarılması) həll edilibedilməməsi barədə mübahisənin yekunundan sonra yarana bilər (işıq dirəyi çıxarıldığı halda hasarın bərpası mümkün, çıxarılması əsassız hesab edildikdə isə bu iddiası əsassız hesab edilə bilər).
28. Məhkəmə iddia tələbinin daş hasarın qanunsuz söküntüsünə görə 5600 manat məbləğində vurulmuş maddi ziyanın ödənilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə iddia tələbi təmin edilmədir.
29. Məhkəmə qeyd edir ki, İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsinin cavabdeh tərəfindən sökülmüş 256 kv.m. hasarın tikintisi üçün çəkilmiş xərc 5600 manat (1 kv.m. üçün 30 manat hesablanaraq) müəyyən olunmuşdur. Bu halda məhkəmə hesab edir ki, qeyd olunan məbləğ ağlabat hesab edildiyindən əlavə araşdırılmağa zərurət qalmamışdır .
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
31. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
32. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
33. Həmçinin, Mülki Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
35. Məhkəmə həmçinin mülki iş üzrə keçirilmiş ekspertiza rəylərinə münasibətdə qeyd edir ki, məhkəmə üçün yalnız 20 fevral 2023-cü il tarixdə verilmiş rəy əsaslı hesab edilməlidir. Belə ki, qeyd olunan rəy üzrə həqiqətən cavabdehə məxsus yüksək gərginlikli elektrik dirəyinin iddiaçıya məxsus torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Digər iki rəy (29 avqust 2022-ci il və 04 avqust 2023-cü il tarixli) isə natamam və qeyri-müəyyən hesab ediliyindən sübut növü kimi qəbul edilə bilməz.
36. Məhkəmə hesab edir ki, iddia tələbi daş hasarının qanunsuz söküntüsünə görə vurulmuş maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən daş hasarının qanunsuz söküntüsünə görə dəymiş maddi ziyanın əvəzi kimi 5600 (beş min altı yüz) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
37. Mənəvi zərərlə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
38. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
39. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
40. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
41. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
42. Məhkəmə qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
43. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətlə bağlı hüquqları pozulduğundan cavabdehdən iddiaçının xeyrinə 1000 (bir min) manat məbləğində mənəvi zərərin əvəzinin tutulması ağlabatan və eyni zamanda ədalətlidir.
44. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
46. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, məhkəmə xərcləri (ekspertiza xərci-yalnız 20 fevral 2023-cü il tarixli rəy üzrə) cavabdehə aid edilməlidir.
47. Məhkəmə bu halda hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdeh "xxxx" ASC-dən tutularaq Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir.
48. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə daş hasarının qanunsuz söküntüsünə görə dəymiş maddi ziyanın əvəzi kimi 5600 (beş min altı yüz) manat, mənəvi zərərin əvəzi kimi 1000 (bir min) manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat, cəmi 6.630 (altı min altı yüz otuz) manat məbləğində pul tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir.
49. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
51. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
52. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
54. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
55. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməsi ilə cavabdeh "xxxx" ASC-yə qarşı «zərərin ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə daş hasarının qanunsuz söküntüsünə görə dəymiş maddi ziyanın əvəzi kimi 5600 (beş min altı yüz) manat, mənəvi zərərin əvəzi kimi 1000 (bir min) manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat, cəmi 6.630 (altı min altı yüz otuz) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) cavabdeh "xxxx" ASC-dən tutularaq Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov