Məhkəmə qərarları › İş №2(006)-4027/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4027/2022

28.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4027/2022 28.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Nəsimi Rayon Məhkəməsi Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə 2019-cu ilin dekabr ayının sonlarında yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsində yerləşən 2 saylı binanın həyətində rəfiqəsi X1 etibarından sui-istifadə edərək, satıb pulunu 2020-ci ilin may ayınadək ödəyəcəyinə dair yalandan vəd verib aldadaraq, onun vasitəsilə İddiaçı ümumilikdə 54000 ABŞ dolları ziyan vurmuşdur. Həmin ziyan ona məxsus bir ədəd 13.600 manat dəyərində, İtaliya istehsalı olan, 750 əyarlı qızıldan hazırlanmış, 93,7 qram kütləli sırğa cütü və qolbaq-boyunbağı dəstini, bir ədəd 7.990 manat dəyərində, İtaliya istehsalı olan, 750 əyar qızıldan hazırlanmış 53 qram kütləli qadın qolbağını, bir ədəd 6.375 manat dəyərində İtaliya istehsalı olan 750 əyarlı qızıldan hazırlanmış «Chopard» markalı, 45,7 qram kütləli boyunbağıqolbaq dəstini, 2020-ci ilin yanvar ayının sonlarında bir ədəd 4.250 manat dəyərində, İtaliya istehsalı olan 750 əyarlı qızıldan hazırlanmış 31,3 qram kütləli qadın saatını, bir ədəd 10.200 manat dəyərində, İtaliya istehsalı olan, 750 əyarlı qızıldan hazırlanmış, 74,2 qram kütləli kişi saatını, bir ədəd 5.950 manat dəyərində, İtaliya istehsalı olan 750 əyarlı qızıldan hazırlanmış, 42,16 qram kütləli qadın boyunbağı-qolbaq dəstini, bir ədəd 7.820 manat dəyərində, İtaliya istehsalı olan, 750 əyarlı qızıldan hazırlanmış 51,7 qram kütləli qadın boyunbağını, sonuncu dəfə 2020-ci ilin mart ayının əvvəllərində bir ədəd 3.400 manat dəyərində, İtaliya istehsalı olan 750 əyarlı qızıldan hazırlanmış, 20,7 qram kütləli qadın qolbağını, bir ədəd 2.550 manat dəyərində, İtaliya istehsalı olan, 750 əyarlı qızıldan hazırlanmış, 16,9 qram kütləli qadın qolbağını, bir ədəd 4.250 manat dəyərində, İtaliya istehsalı olan, 750 əyarlı qızıldan hazırlanmış 27,3 qram kütləli qadın qolbağını, bir ədəd 9.010 manat dəyəri ilə, İtaliya istehsalı olan, 750 əyarlı qızıldan hazırlanmış 65 qram kütləli qadın boyunbağını, bir ədəd 3.060 manat dəyərində, İtaliya istehsalı olan, 750 əyarlı qızıldan hazırlanmış 22 qram kütləli qadın qolbağını, bir ədəd 5.525 manat dəyərində İtaliya istehsalı olan, 750 əyarlı qızıldan hazırlanmış, «Chopard» markalı, 39,3 qram kütləli qadın boyunbağını, bir ədəd 4.165 manat dəyərində,İtaliya istehsalı olan 750 əyarlı qızıldan hazırlanmış, «Chopard» markalı, 29,8 qram kütləli qadın boyunbağını və bir ədəd 3.655 manat dəyərində İtaliya istehsalı olan, 750 əyalı qızıldan hazırlanmış «Chopard» markalı, 26.1 qram kütləli qadın boyunbağını vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla, aldadaraq, ümumi çəkisi 638,86 qram olan qızıl-zinət əşyalarını ələ keçirib zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 54 000 ABŞ dolları (91800 manat) dəyərində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 1(101)- 955/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək ona 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Göstərilənlərə əsasən Cavabdeh ümumilikdə 54.000 ABŞ dolları məbləğində pulun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh 4 saylı cəzaçəkmə müəssisəsində olduğuna görə iddia ərizəsinin surəti qeyd olunan müəssisəyə göndərilməklə, iddia ərizəsi ilə bağlı ona yazılı izahatın göndərilməsi təklif olunmuş, lakin o, səhhəti ilə əlaqədar məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-955/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 05 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Cavabdeh ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Cavabdeh cəzaçəkmə müddətinin əvvəlinin hökmün elan edildiyi vaxtdan, yəni 16 iyun 2022-ci il tarixdən hesablanması, Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilməsi, onun barəsində “həbs” qətimkan tədbirinin seçilərək, dərhal məhkəmə iclası zalından həbsə alınması, Cavabdeh barəsində seçilmiş "həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, zərərçəkmiş şəxs İddiaçı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququnun izah edilməsi, iş üzrə məhkəmə xərcləri ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat pulun Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməsi, məhkəmədə Cavabdeh müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X2 təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 150 manat miqdarında pulun Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına ödənilməsi hökm edilmişdir. Həmin hökmdən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh zərərçəkmiş şəxs İddiaçı Həsən qızına ümumilikdə 91.800 manat dəyərində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Əsaslandırıcı hissə: Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir. Bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Həmin Məcəllənin 1092.2 və 1092.3-cü maddələrinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Bundan başqa, həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya hökmü ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Bu zaman göstərilən faktlar mülki iş üzrə iştirakçıların dairəsindən asılı olmayaraq hamı üçün preyudisialdır və bu faktlar heç kim tərəfindən mübahisələndirilə bilməz. Göründüyü kimi cavabdehin iddiaçıya qarşı dələduzluq etməklə, ona məxsus pulu mənimsəməsi faktı məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır. Belə olan halda, iddiaçı cavabdehdən vurulmuş maddi zərərin əvəzini tələb etməkdə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsində deyilir: “Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır”. Bu müddəanın kökündə “Azərbaycan Respublikası milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” AR Prezidentinin 11 dekabr 1993-cü il tarixli 58 saylı Fərmanı durur. Həmin Fərmanın 1-ci bəndində deyilir: “1994-cü il yanvar ayının 1-də saat 00- dan etibarən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının Mərkəzi Bankının pul nişanı – manat yeganə ödəniş vasitəsi elan edilsin”. Bundan əlavə, hazırki iş üzrə preyudisial əhəmiyyətə malik olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündə də maddi ziyanın məbləği məhz 91.800 manat kimi göstərilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə tutularaq maddi zərərin əvəzi ABŞ dolları ilə deyil, manatla tutulmalıdır. Belə olan halda, cavabdehdən iddiaçının xeyrinə 91800 manat məbləğində pul tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh maddi ziyana görə 91.800 (doxsan bir min səkkiz yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 91.800 (doxsan bir min səkkiz yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar