Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4027/2025 08.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 41.000 (qırx bir min) manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi məhkəmə aidiyyəti qaydalarına riayət edilmədən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verildiyindən ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır.
Əsaslandırıcı hissə: a) İş materialları:
3. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, İddiaçı (VÖEN: **********) xx.xx.2010-cu ildə Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır (statusu: aktiv).
4. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh (VÖEN: **********) xx.xx.2023-cü ildə Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır (statusu: aktiv).
5. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 215 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar və məhkəmənin mövqeyi:
6. Beləliklə, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin ilkin araşdırılması zamanı məhkəmə tərəfindən müəyyən edildi ki, ərizəçi məhkəmə aidiyyəti normalarına riayət etməmişdir.
7. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən İddiaçı və Cavabdeh müvafiq vergi orqanında uçota alınmış fərdi sahibkarlar olması müəyyən edilmişdir. Deməli, hazırki mübahisənin subyektiv tərkibi olan iddiaçı da, cavabdeh də sahibkarlıq fəaliyyəti subyektləridir.
8. Tərəflər arasında olan mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə gəldikdə isə qeyd edilməlidir ki, iddia ərizəsində qeyd edilənlərdən aydın olur ki, tərəflər öz sahibkarlıq fəaliyyətlərini həyata keçirərkən işgüzar əlaqələr yaratmışlar. İddiaçı iddia edir ki, ayrı-ayrı şəxslərdən aldığı metal tullantılarını cavabdehə məxsus metal əritmə sexinə təhvil versə də, cavabdeh aralarında razılaşdırılmış məbləği tam şəkildə ona ödəməmişdir. Hazırkı mübahisənin predmeti də metal tullantılarının əvəzində ödənilməmiş pulun tələb edilməsi ilə bağlıdır.
9. Məhkəmə mübahisənin subyektiv tərkibini, predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alaraq hesab edir ki, hazırkı mübahisə sahibkarlıq subyektləri arasında olan kommersiya münasibətlərindən irəli gələn kommersiya mübahisəsidir.
d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 1-ci maddə. Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. 24.2-ci maddə. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddə. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 31.1-ci maddə. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. 114.1, 114.1.3. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Maddə 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 №-li Qərarı: 11-ci bənd. MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir; 12-ci bənd. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13-cü bənd. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. 14-cü bənd. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. 28-ci bənd. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir.
12. Göründüyü kimi, hazırki iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm onlar arasında olan münasibətlərin xarakterinin, həm də mübahisənin predmetinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması məhkəmə tərəfindən müəyyən edildiyindən, hazırkı iddia tələbinə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır.
13. Hesab edirəm ki, işə məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, o cümlədən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalı, iddiaçıya aidiyyəti kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir.
Nəticə:
14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 152, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİM:
İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 215 (iki yüz on beş) manat məbləğində pul İddiaçı geri qaytarılsın (qəbz №: **********). İddiaçıya izah edilsin ki, aidiyyəti kommersiya məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim: Günay Abidova