Məhkəmə qərarları › İş №2(006)-4028/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4028/2022

23.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4028/2022 23.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh Bəndəlı qızını təxminən 2021-ci ilin iyul ayınının sonlarında bacısının vasitəsi ilə tanımışdır. Cavabdehlə söhbət zamanı o, bildirmişdir ki, turizm şirkəti işlədir və “turpaket”lərin satışından qazanc əldə edir. Bundan sonra cavabdeh iddiaçının bacısı vasitəsi ilə ona təklif etmişdir ki, iddiaçıda onun məşğul olduğu işə pul qoyarsa qazanc əldə edə bilər. Hətta ona 10.000 ABŞ dolları verilərsə bunun müqabilində ona 3000 ABŞ dolları məbləğində qazanc verəcək. İddiaçı da buna inanaraq 2021-ci ilin avqust ayının əvvəllərində hissə-hissə ümumilikdə 10.000 ABŞ dolları məbləğində pul vermişdir. Lakin cavabdeh ona verilən puldan cəmi iddiaçıya 1000 ABŞ dolları məbləğində pulu qaytarmışdır. Qalan 9.000 ABŞ dolları məbləğidə pulları qaytarmadığından iddiaçı haqlı olaraq ondan pulu qaytarmağı tələb etmişdir. Ancaq cavabdeh müxtəlif bəhanələr gətirərək bu tələbi yerinə yetirməmişdir. Bu səbəbdən aidiyyəti üzrə Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PB-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Ərizəsi əsasında toplanmış materiallar xx.xx.2021-ci il tarixində aidiyyəti üzrə Nərimanov RPİ-nin 18-ci PB-nə, xx.xx.2002-ci il tarixində isə Nərimanov RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. Araşdırma zamanı Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi X2 xx.xx.2022-ci il tarixli qərarına əsasən tərəflər zarasındakı münasibətlərin mülki xarakterli olması əsası ilə cinayət işinin başlanmasının rədd olunması qərara alınmışdır. Bu səbəbdən o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, Cavabdeh 9000 ABŞ dolları məbləğində pulun qətnamənin icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsi ilə və dövlət rüsumu kimi ödənilmiş 170 manat pulun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X2 11 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda əks olunmuş vətandaş Cavabdeh izahatından görünür ki, o, İddiaçıı bacısı Günayın vasitəsi ilə tanımış, tur işləri ilə məşğul olduğu üçün onlara tur paket təşkil etmişdir. Tur paketi almaq üçün o, Günaya zəng edib borc pul istəmiş, ümumilikdə o, hissə-hissə olmaqla 10000 ABŞ dolları borc pul almışdır. İşlərini görmüş, lakin pandemiya səbəbindən tur işlərində batırdığı üçün həmin şəxslərə borcu qalmışdır. Həmin borcdan 1000 ABŞ dolları qaytarmış, qalıq 9000 ABŞ dollarını da qaytaracağına söz vermişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

8. Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında borc pulun verilməsinə dair münasibətlər olmuşdur. Cavabdeh tərəfindən iddiaçıdan götürdüyü borc pulun qaytarılmaması səbəbindən iddiaçı hüquq-mühafizə orqanlarına müraciət etmiş, onun şikayəti əsasında Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılmış, tərəflərin izahatı alınmış, Muradova X1 Abbas Rauf oğluna 9000 ABŞ dolları borcun olduğunu etiraf etmişdir. Mübahisə mülki xarakterli olduğundan cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

9. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

10. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

12. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

13. Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfin iddianı Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində vermiş olduğu izahatına əsasən qəbul etdiyini, borcun ödənilməsi barədə qəbz və s. sübutlar təqdim olunmadığı üçün iddia tələbi təmin edilməli, Cavabdeh 9000 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul alınaraq İddiaçı verilməlidir.

16. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. İş materiallarında olan qəbzdən göründüyü kimi, iddiaçı tərəfindən dövlət büdcəsinə 170 AZN (bir yüz yetmiş manat) məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan məbləğ də cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

21. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

22. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh 9000 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul, həmçinin 170 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar