Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-403/2021 15.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 15720 manat əsas borcun, 2000 manat mənəvi zərərin, 30 manat dövlət rüsumunun, cəmi 17750 manat pul vəsaitinin müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı 1996-cı ildən etibarən ağır tonnajlı nəqliyyat vasitəsinin sürücüsü olaraq fəaliyyət göstərir. Bununla yanaşı altı ildir ki, yeni inşa edilən binalara sifariş əsasında beton, qum, şeben satışını da həyata keçirir. İllərdir ki, Hafiz adlı şəxslə dostluq və əməkdaşlıq edərək onun tərəfindən sifariş verilən məhsulların (qum, çınqıl və s.) istədiyi əraziyə aparılmasını icra etmiş və dəyərini də almışdır. 2018-ci il tarixdə Hafiz vasitəsi ilə Cavabdeh1 ilə tanış olmuş və onunla da müyyən müddət aralarında işgüzar münasibətlər olmuşdur. 2018-ci ilin oktyabr ayında Cavabdeh1 Aruzla telefon əlaqəsi saxlayaraq 1.920 manat dəyərində 24 kub metr hazır beton məhsulu sifariş verərək Yasamal rayonu, Mətbuat prospektində təmir edilən binanın ərazisinə göndərməyi xahiş etmişdir. xx.xx.2018-ci il tarixdə iddiaçı beton satışı həyata keçirən Fuad Abdullayevdən 24 kub metr hazır beton məhsulunu nisyə alaraq Yasamal rayonu, Mətbuat prospektində təmir edilən binanın ərazisinə apararaq İlqara təhvil vermişdir. İlqar beton üçün ödənilməli olan 1.920 manat pul vəsaitindən 550 manat ödəniş edərək, sonra isə 600 manat ödəniş edərək, 770 manatın isə 15 gün müddətində ödəniləcəyini bildirmişdir. xx.xx.2018-ci il tarixdə Cavabdeh1 iddiaçı ilə telefon əlaqəsi saxlayaraq nağd ödəniş şərti ilə 22.950 manat dəyərində 270 kub metr hazır beton məhsulunu sifariş verərək Səbail rayonu, Bayıl qəsəbəsi, Q.Abbasov küçəsində pilot layihə əsasında tikilməkdə olan “Bayıl Marina”nın inşa edildiyi əraziyə gətirməyini xahiş etmişdir. Yenidən iddiaçı beton satışı ilə məşğul olan Fuad Abdullayevdən 270 kub metr hazır beton məhsulunu nisyə alaraq xx.xx.2018-ci il tarixdə, saat 21:00 radələrində Səbail rayonu, Bayıl qəsəbəsi, Q.Abbasov küçəsində pilot layihə əsasında tikilməkdə olan “Bayıl Marina”-nın inşa edildiyi əraziyə gətirərək təhvil vermiş və İlqara da zəng edib məlumat vermişdir. İlqar həmin əraziyə gələrək beton məhsuluna görə ödəməli olduğu 22.950 manat pul vəsaitindən 6.000 manat, sonra isə 2.000 manat ödəniş etmişdir. İddiaçı ona aralarında olan şifahi razılaşmaya əsasən pulun dərhal ödəniləcəyini xatırlatsa da, o, rəhbərlik gəldikdə dərhal qalan pulu alıb iddiaçıya verəcəyini vəd etmişdir. İddiaçı dəfələrlə İlqar ilə telefon əlaqəsi saxlayaraq ödənilməli olan pul vəsaitinin tez bir zamanda ödəniİməsini xahiş etmişdir. Hər dəfə o, şirkətin rəhbərliyi ilə danışdığını və tez bir zamanda iddiaçıya ödənilməli olan pul vəsaitinin ödəniləcəyini bildirmişdir. Sonradan isə İlqar bildirmişdir ki, beton məhsullarının dəyərini Cavabdeh2 ödəməkdən yayınır. Halbuki, aralarında olan razılaşmaya əsasən beton məhsullarının dəyərini İlqar özü ödəməli idi. Lakin iddiaçının pulun ödənilməsi ilə bağlı bütün müraciətləri cavabsız qalmışdır. Sonra iddiaçı Cavabdeh1 barəsində şikayət ərizəsi ilə Səbail RPİ-nin 8-ci PB-nə müraciət etmişdir. İddiaçının şikayət ərizəsi əsasında toplanmış material xx xxxxxxxx 2019-cu il tarixli qərar ilə aidiyyatı üzrə Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə cinayət işi başlanma rədd edilmişdir. Həm “materialın aidiyyatı üzrə göndərilməsi haqqında” xx xxxxxxxx 2019-cu il tarixli qərar, həm də xx xxxxxxxx 2019-cu il tarixli “cinayət işinin başlanması barədə” qərarda bu faktlar öz təsdiqini tapmışdır. Həmin qərarda da İlqar izahatında göstərir ki, ilkin olaraq 2018-ci ilin oktyabr ayında 24 kub metr hazır beton məhsulu sifariş vermiş, sonra isə nağd ödəyəcəyini vəd edərək 22.950 manat dəyərində beton sifariş vermiş, sifariş əsasında ilk 6.000 manat ödəniş etmiş, iş bitdikdən sonra 2.000 manat ödəyərək, 13.912 manat Aruza verəcəyi qaldığını, Ramindən alıb Aruza verməli olduğunu öz izahatında göstərmişdir. Cavabdeh2 da izahatında göstərir ki, 2018-ci ilin noyabr ayında İlqar ilə birlikdə Bayıl qəsəbəsində tikilməkdə olan “Bayıl Marina”nın binasına beton sifariş aldıqlarını, bu zaman İlqar Aruz adlı şəxsə zəng vurub 260 kub metr beton sifariş etdiyini, iş bitdikdən sonra binanın rəhbəliyindən 9.000 manat alıb İlqara verdiyini göstərmişdir. Qalan 12.000 manatı isə Raminin rəhbərliyə olan borcunun əvəzi olaraq silinmişdir. Belə ki, beton məhsullarına görə ödənilməli olan pul vəsaiti Ramin və İlqardan müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Bu günə İlqarın və Raminin iddiaçıya olan borcu 15.720 (770 + 14950) manat təşkil edir. xx.xx.2018-ci il tarixdə təhvil verdiyi beton məhsullarına görə - 770 manat, xx.xx.2018-ci tarixdə təhvil verdiyi beton məhsullarına görə isə - 14.950 manat. Cavabdeh1 və Cavabdeh2 sifariş verdiyi beton məhsullarının dəyərinin bu günə qədər iddiaçıya ödəməmişdir. Bu səbəbdən də artıq məhkəmə müdaxiləsi zərurəti vardır. 2017-ci ilin dekabr ayından bu günə qədər iddiaçıya məxsus olan pul vəsaitinin qanunsuz olaraq cavabdehlər tərəfindən məqsədli şəkildə ödənilməməsi iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuşdur. İddiaçı həmin beton məhsulunu Fuad Abdullayevdən nisyə alaraq İlqara vermişdir. Cavabdehlər tərəfindən iddiaçıya ödənilməli olan pulun ödənilməməsi səbəbindən o da həmin beton məhsulunu nisyə aldığı Fuad Abdullayevə olan borcunu qaytara bilməmişdir. Bu da iddiaçının sinir sistemində ciddi fəsad törətmişdir. Dəfələrlə səhhətində ciddi narahatlıqlar olmuş, təzyiqi yüksəlmişdir. Mənəvi zərər tərəflərindən 2000 manat məbləğində müəyyən edilir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığı üçün Cavabdeh1 və Cavabdeh2 barələrində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan görünür ki, iddiaçı tərəfindən məhkəməyə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında nisyə alqı-satqı müqavilələri bağlanmışdır. Hazırda iddiaçı cavabdehlər tərəfindən ona həmin müqavilələr üzrə ödənilməmiş 15720 manat borcun qaldığını bildirərək həmin pulun, 2000 manat mənəvi zərərin, 30 manat dövlət rüsumunun, cəmi 17750 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsini xahiş edir. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsində İddiaçı müraciəti əsasında aparılan araşdırma zamanı izahatı alınmış Cavabdeh1 izahatında 2018-ci ilin oktyabr ayında Hafiz adlı tanışının vasitəsilə Aruz adlı şəxslə tanış olduğunu, Aruz adlı şəxsə 2018-ci ilin oktyabr ayında Yasamal rayon Mətbuat prospektində aparılan tikinti işləri ilə bağlı 1900 AZN dəyərində 24 kubmetr beton sifariş etdiyini və ilkin olaraq sifarişdən 550 AZN pul verib qalan pulu da 10 gün ərzində qaytaracağını dediyini, həmin görülən işdən Aruza 770 AZN borcunun qaldığını, bundan sonra 2018-ci ilin noyabr ayının əvvəllərində Aruza zəng vurub Səbail rayonu, Bayıl qəsəbəsində pilot layihə əsasında tikinti aparılan binaya 22.950 AZN dəyərində 270 kubmetr beton sifariş etdiyini, işə başlamazdan əvvəl Aruza 6000 AZN və iş yekunlaşdıqdan sonra isə 2000 AZN pul verdiyini, bundan sonra Aruzun ümumilikdə 13912 AZN ondan alacağı qaldığını, həmin pulu da Ramin adlı şəxsdən alıb Aruza verməli olduğunu, lakin Ramindən pulu ala bilmədiyi üçün verə bilmədiyini, Aruza şəxsi borcunun 770 AZN olduğunu, lakin 13912 AZN pulun ona aidiyyəti olmadığını göstərmişdir. Göründüyü kimi, Cavabdeh1 öz ifadəsində iddiaçı ilə aralarında iki nisyə alqı-satqı müqaviləsi bağlandığını, birinci müqavilə üzrə iddiaçıya 770 AZN borcun, ikinci müqavilə üzrə isə 13912 AZN borcun qaldığını qaldığını etiraf etmiş, lakin 13912 AZN borcu Ramindən pulu ala bilmədiyi üçün verə bilmədiyini əsas gətirərək həmin borcu özünə aid hesab etməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 14682 manat (13912 manat + 770 manat) məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı verilməlidir. Belə ki, öhdəliyin yaranmasına səbəb olan nisyə alqı-satqı müqavilələri Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış, həmin müqavilələr üzrə iddiaçı üzərinə düşən öhdəliyi icra etsə də, Cavabdeh1 üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş və nəticədə onun iddiaçıya 14682 manat borcu yaranmışdır. İddiaçı ona ödənilməli olan borcun 15720 manat olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı Cavabdeh1 iddiaçıya 14682 manat borcunun qaldığı müəyyən edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh2 iddiaçı qarşısında hər hansı öhdəliyinin olması müəyyən edilmədiyindən iddia tələbi Cavabdeh2 aid hissədə təmin edilməməlidir. Tələbin mənəvi zərərin ödənilməsi hissəsinə münasibətdə isə məhkəmə aşağıdakıları bildirir: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Məhkəmə araşdırması zamanı iddiaçı fiziki və mənəvi sarsıntılar keçirməsini və bunun nədə ifadə olunması ilə bağlı hər hansı bir sübut təqdim edə bilməmişdir. Bu səbəbdən də iddia tələbi iddiaçıya vurulmuş 2000 manat mənəvi ziyanın tutulması hissəsində əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçınin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 28 manat məbləğində hissəsi Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 14682 manat məbləğində pul və 28 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı ödənilməli, iddia digər hissələrdə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 14682 (on dörd min altı yüz səksən iki) manat məbləğində pul vəsaiti Cavabdeh1 alınaraq İddiaçı ödənilsin. Dövlət rüsumunun əvəzi kimi ödənilmiş 28 (iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Cavabdeh1 alınaraq İddiaçı ödənilsin. İddia digər hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-403/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-403/2021
15.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver