Məhkəmə qərarları › İş №2(006)-404/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-404/2021

01.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-404/2021 01.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əvvəllər tanıdığı Cavabdeh 2017-ci ilin oktyabr ayında ondan xahiş etmişdir ki, arvadına məxsus olan ** UF *** dövlət qeydiyyat nişanlı “Land Cruser- Prado“ markalı avtomaşını 10.000 ABŞ dollarına təcili satmaqda ona yardımçı olsun. İddiaçı ona təklif etmişdir ki, avtomaşını gətirib onun işlədiyi salona qoysun və alıcı olsa satar. Lakin, Cavabdeh iddiaçı ilə razılaşmamış, 10.000 dollara təcili ehtiyacı olmasını bildirmişdir. İddiaçının imkanı olmadığından bu barədə uzun illərdir eyni avtosalonda birlikdə işlədiyi Şəfi Nəbiyevə məlumat vermişdir. Şəfi Nəbiyev maşın alqı-satqısı ilə məşğul olduğundan Əliyarın maşınını 10.000 ABŞ dolları almaq üçün iddiaçıya 10.000 ABŞ dolları pul verdi. Lakin, Şəfi Nəbiyev 10.000 ABŞ dollarını iddiaçıya verməmişdən əvvəl belə bir şərt irəli sürmüşdür ki, avtomaşının baş etibarnaməsi onun adına verilməlidir. Əliyarda bu təkliflə razılaşmışdır. İddiaçı da həmin pulu Cavabdeh vermiş, Əliyar isə notarial qaydada avtomaşının satılması üçün Şəfi Nəbiyevin adına baş etibarnamə vermişdir. Lakin, onların arasında hər hansı alqı-satqı müqaviləsi mövcud olmamışdır. Baş etibarnaməyə əsasən onlar avtomaşını istədikləri şəxsə sata bilərdilər. Lakin, 4-5 gün sonra onların xəbəri olmadan Cavabdeh Nəbiyev Şəfinin adına verdiyi etibarnaməni ləğv etdirmiş və maşınının geri alması üçün hətta bir neçə ay sonra Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə də müraciət etmişdir. İddiaçı Cavabdeh Nəbiyev Şəfinin adına verilmiş baş etibarnamənin ləğv etdirməsini bildikdən sonra ondan 10.000 ABŞ dollarını geri tələb etmiş və gəlib maşınını aparmasını bildirmişdir. Lakin, cavabdeh 10.000 ABŞ dollarının arvadının müalicəsinə xərclədiyini bəhanə gətirərək verdiyi pulu geri qaytarmaqdan imtina etmiş və Polis şöbəsinə yalan məlumatlı ərizə vermişdir ki, guya maşını girov qoymuşdur. Ümumiyyətlə, Polis -Prokurorluq iddiaçıya məlum olmayan səbəblərdən Cavabdeh ona olan etibarından sui- istifadə etməklə və aldatmaqla iddiaçının 10.000 dollar pulunu talan etməsindən ibarət olan əməlini dələduzluq kimi qiymətləndirməmişdir. Halbuki, Cavabdeh etibarnamə ilə maşını iddiaçıya verməmişdən əvvəl niyyəti iddiaçının 10.000 ABŞ dollarını talan etmək olmuşdur. Maraqlısı odur ki, cavabdeh iddiaçının 10.000 ABŞ dollarını ələ keçirdiyini polis və məhkəmə araşdırmaları zamanı inkar etməmişdir. Lakin, maşınını girov qoyub 10.000 dollarını aldığını göstərmişdir. X6 Cavabdeh 10.000 dolların geri alınması barədə məhkəmədə iddia qaldırmışdır. Lakin, məhkəmələr hesab etmişlər ki, “iddiaçı tərəfindən cavabdehə pul verilməsi və aralarında hər hansı razılığın olması məhkəmə araşdırılması zamanı öz əksini tapmadığından və iddiaçının subyektiv hüquqa malik olduğu müəyyən edilmədiyindən hazırkı iddia tələbinin təmin edilməsi üçün də əsaslar mövcud deyil.” Bu əsasla Şəfi Nəbiyevin iddiası təmin edilməmişdir. Bundan sonra Şəfi Nəbiyev 10.000 dollar pulunu iddiaçıdan geri tələb etmişdir. İddiaçı hal-hazıra kimi X8 Babayevə verdiyi 10.000 dolların 7.500 dollarını qaytarmış və qalan 2.500 dolları da yaxın vaxtlarda Şəfiyə qaytarmalıdır. Beləliklə, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya 10.000 ABŞ dolları məbləğində zərər dəymişdir. Eyni zamanda artıq 3 ildən çoxdur ki,cavabdeh iddiaçının ona verdiyi 10.000 dolları qaytarmadığından iddiaçı dəfələrlə əsəbləşib sarsıntı keçirmişdir. Sarsıntılar iddiaçının xəstələnməsinə, xəstəxanada yatmağına səbəb olmuşdur. İddiaçı müalicəsinə xeyli xərc çəkmişdir. Daha sonra İddiaçı Cavabdeh ilə dəfələrlə görüşmüş və ondan pulunu geri tələb etmişdir. Hər dəfə o iddiaçını müxtəlif bəhanələrlə aldatmışdır. Nəticədə iddiaçı psixoloji travmalar almış, əzab çəkmiş, vaxt itirmişdir. Daha sonra iddiaçı 10.000 dolları banka qoysaydı, ən azı bank ona illik 10-13 faiz əlavə faiz hesablayacaqdı. Göründüyü kimi cavabdeh iddiaçının 10.000 dollar pulunu hal-hazıra kimi 31 ay qanunsuz olaraq özündə saxlamış, onu qaytarmaqdan boyun qaçırmış, həmin puldan qanunsuz istifadə etmiş və bu puldan faydalanmışdır. Nəticədə iddiaçını 6.000 manat (3.500 ABŞ dolları) məbləğində faydadan məhrum etmişdir. Qanunvericiliyin tələblərinə görə cavabdeh iddiaçıya əldən çıxan faydanı ödəməlidir. Faizlərin miqdarı pul öhdəliyinin tam və ya onun müvafiq hissəsinin icra edildiyi gün qüvvədə olan bank faizinin uçot dərəcəsinə müvafiq olaraq hesablanmalıdır. Göstərilənlərə əsasən Cavabdeh 17.000 manat (10.000 ABŞ dolları), 5.000 manat məbləğində mənəvi zərərin və 6.000 manat ( 3.500 ABŞ dolları) məbləğində əldən çıxan faydanın alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan X5 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli etibarnamədən görünür ki, həmin etibarnamə ilə onun tərəfindən X4 xx.xx.2018-ci il tarixədək ** UF *** dövlət qeydiyyat nişanlı, “Toyota Land-Cruiser-Prado” minik markalı avtomobilə dair sərəncam vermək hüququ verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4811//2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 10.000 ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə alınaraq iddiaçı X4 verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-1304/2020 saylı qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir. Həmin qərara görə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qanuni qüvvəsini almış qərardan görünür ki, iddiaçının (X3) hazırda qaytarılmasını tələb etdiyi məbləğin onun tərəfindən deyil, İddiaçı tərəfindən cavabdehə ödənilməsi iş materialları ilə təsdiq edilir. Beləliklə, işin materiallarından göründüyü kimi hazırki iş üzrə pul tələbi ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və bununla əlaqədar artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Həmin məhkəmə aktında hazırki iddianın predmeti olan pul tələbinə artıq hüquqi qiymət verilmişdir. Belə ki, qanuni qüvvəsini almış qərarda qeyd edilmişdir ki, Binəqədi RPİ-nin 5-ci Polis Bölməsində aparılmış araşdırma zamanı izahatı alınmış Cavabdeh öz izahatında 10.000 ABŞ dollarını İddiaçı götürdüyünü və avtomobili də bir həftəlik avtosalona qoyduğunu bildirmişdir. Araşdırma zamanı izahatı alınmış İddiaçı isə izahatında avtomobili 10.000 ABŞ dollarına hazırki iş üzrə Cavabdeh satın aldığını, lakin Şəfi Nəbiyev ilə birlikdə işlədiyindən avtomobili onun adına keçirdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Eyni Məcəllənin 1092.1-ci maddəsinə əsasən isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iddia tələbinin “5.000 manat məbləğində mənəvi zərərin və 6.000 manat (3.500 ABŞ dolları) məbləğində əldən çıxan faydanın alınıb iddiaçıya verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 10.000 (on min) ABŞ dolları (17.000 (on yeddi min) manat ekvivalentində) məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 10.000 (on min) ABŞ dolları (17.000 (on yeddi min) manat ekvivalentində) məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar