Məhkəmə qərarları › İş №2(006)-4049/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4049/2022

11.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4049/2022 11.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlu, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə qarşı «icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və.s.» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə qarşı «icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və.s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tələbin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)- 2163/2017 saylı qətnaməsi ilə İddiaçı 1/2 hissəsinə payı tanınmış ünvan 1 ünvanda yerləşən 54 nömrəli mənzilə yönəldilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, mənzilin həbsdən azad edilməsi barədə aidiyyəti məhkəməyə təqdimat verilməsi və tələbin iddiaçının mülkiyyətində olan Qobustan rayonu, Sədəf kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,47 ha torpaq sahəsinə yönəldilməsi üçün müvafiq tədbirlərin görülməsi vəzifəsinin icra məmurunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Belə ki, iddiaçı qeyd olunan iddia tələbi ilə bağlı iddia icraatı qaydasında məhkəməyə müraciət etsə də, qanunvericliyin tələblərinə görə icra məmurunun hərəkətsizliyindən olan tələblə bağlı məhz icra icraatı qaydasında (şikayət formasında) məhkəməyə müraciət olunmalıdır. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 87.1-ci maddəsinə əsasən qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası «Mülki-Prosessual Məcəlləsinin»: 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.6-cı maddəsinin tələblərinə görə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə qarşı «icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və.s.» tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddiaçıya icra icraatı qaydasında yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3, 153.6, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə qarşı «icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və.s.» tələbinə dair mülki iş üzrə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilsin. Qərardad, ərizə və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya rəsmi qaydada verilsin. İddiaçıya izah edilsin ki, qeyd olunan məsələ ilə əlaqədar olaraq icra icraatı qaydasında yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar