Məhkəmə qərarları › İş №2(006)-405/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-405/2021

23.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-405/2021 23.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «qeyri-qanuni tikilmiş eyvanın sökülməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «qeyri-qanuni tikilmiş eyvanın sökülməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon 20 Yanvar küçəsində yerləşən 21B saylı binanın 38 saylı mənzilinin özbaşına olaraq, qeyri-qanuni 30 m2-dək genişləndirdiyi eyvanının öz hesabına sökülməsi və əvvəlki vəziyyətinə qaytarılması, həmin eyvanın qeyri-qanuni tikilməsi ilə əlaqədar eyni binada ona məxsus mənzillə bağlı mülkiyyət hüququnun pozuntusu ilə əlaqədar ona vurulmuş maddi ziyanın kompensasiyası olaraq 5.000 manat, mənəvi ziyana görə isə 2.000 manat məbləğin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon 20 Yanvar küçəsində yerləşən 21B saylı binanın 41 saylı mənzilini mülkiyyət hüququ əsasında ona məxsusdur. Bakı şəhəri İcra Hakimiyyəti Tİ və MHQİ tərəfindən verilmiş MH seriyalı 174332 nömrəli, 19.08.1998-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən həmin mənzilə xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Uzun illərdir ki, həmin mənzildə yaşayır. Hal-hazırda 1-ci qrup gözdən əlildir, başqa şəxsin qulluğuna ehtiyacı var. Onun mənzili qeyd etdiyi 5 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşir, ondan aşağı 3-cü mərtəbədə cavabdehə məxsus 38 saylı mənzil yerləşir. Bir müddət əvvəl Cavabdeh ona məxsus mənzilin eyvanını qanunsuz olaraq, özbaşına formada, binanın strukturuna uyğun gəlməyən şəkildə 30 m2-dək artırmışdır. Nəticədə ona məxsus mənzilə aid eyvanın qabağı tutulmuş, eyvanının özbaşına genişləndirilməsi həyətə baxan eyvan olmasına baxmayaraq, hal-hazırda binanın həyətini belə görmək olmur. Ən əsası isə o, öz eyvanından istifadə edə bilmir. Cavabdehin eyvanının dam örtüyündə olan zibillər hər dəfə külək əsəndə eyvanına toplanır, o və ailə üzvləri eyvanda otura bilmirlər, paltar asa bilmirlər, heç bir formada eyvandan istifadə edə bilmirlər. Özbaşına tikilmiş eyvan binanın ümumi görünüşünə xələl gətirməklə qalmır, eyni zamanda binanın qəzalı vəziyyətə düşməsinə, ən qorxulusu xarici divarının çökməsinə gətirib çıxara bilər. Bina keçən əsrin 60-cı illərində tikilib istismara verilib. Cavabdehin eyvanını genişləndirməsi binanın əlavə yüklənməsinə səbəb olmuş, binanın dayanıqlığı üçün təhlükə yaratmaqla onun estetik görkəmini də pozmuşdur. Hər hansı yanğın halı olarsa, mənzilin həyətə açılan hissəsi tutulduğu üçün yanğın söndürmək üçün mənzilə müdaxilə də mümkünsüz olacaqdır. Cavabdehin özbaşına olaraq sahəsini genişləndirdiyi eyvanı mənzilinə hava axınının da qarşısını alır, mənzilindən bayır hissəni görmək olmur. Vaxtı ilə cavabdehin özbaşına formada qanunsuz olaraq bu tikilini necə həyata keçirdiyini bu günə kimi anlamış deyil. Axı tikintiyə nəzarəti həyata keçirən qurumlar necə olub ki, buna göz yummuşlar. Onun uzun illərdir ki, səhhətində problemlər olmuş, müalicədən başı ayılmamışdır. İndi də birinci qrup gözdən əlilliyi olan şəxs kimi ona həmin mənzildə yaşamaq olduqca çətindir. Hər dəfə 4-cü mərtəbəyə qalxıb-düşmək onun üçün əziyyətlidir. X4 da onunla yaşayır. Ondan mənzilin satılmasını xahiş etmişdir. Dəfələrlə alıcı tapmışlar, amma onlar gəlib mənzilə baxanda, qonşunun eyvanına görə mənzilin şəraitinin, mənzərəsinin bərbad olduğunu dəyərək mənzili almaqdan imtina etmişlər. Bəziləri isə mənzili ancaq bazar qiymətindən 20-25 min manat aşağı məbləğə ala biləcəklərini deyirlər. Bu da onlara heç bir formada sərf etmir. Nəticədə mənzilini sata da bilmir. Nə cavabdeh, nə onun ailə üzvləri həmin mənzildə yaşamırlar. Dəfələrlə cavabdehi mənzilə baş çəkməyə gəldikdə gördükləri zaman, eyvanın üzərindən zibilləri təmizləməsini xahiş etsələr də, cavabdeh onun və qızının tələblərinə əməl etməmişdir. Mövcud məsələ ilə bağlı müvafiq aidiyyəti qurumlara müraciət etmişlər. Onların hər birinin rəsmi cavabında Cavabdeh eyvanının özbaşına genişləndirdiyi faktı təsdiq edilmişdir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin məktubunda qeyd olunmuşdur ki, «həmin idarənin əməkdaşları tərəfindən yerində baxış zamanı müəyyən olunmuşdur ki, göstərilən ünvandakı beşmərtəbəli binanın 3-cü mərtəbəsindəki 38 saylı mənzilin sahibi vətəndaş Cavabdeh uzun illər öncə mənzilinin həyət tərəfindəki eyvanını 30 m2-dək özbaşına genişləndirmişdir». Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti MKTB-nin məktubunda mənzillərdə eyvanların artırılmasına icazə verilməsinin, eyni zamanda qonşu tərəfindən uzun illər bundan əvvəl artırılan eyvanın sökülməsinin onların səlahiyyətləri xaricində olduğu qeyd olunmuşdur. Beləliklə, yaşadıqları binanın layihəsinə uyğun olmayan, Cavabdeh tərəfindən ona məxsus mənzilin sahəsinin özbaşına genişləndirilməsi mənzildən təyinatına uyğun, hərtərəfli istifadələrinə mane olmuşdur və bununla da, mənzilə xüsusi mülkiyyət hüququ cavabdeh tərəfindən pozulmuşdur. Uzun illər qeyd olunan şəraitdə yaşamaqla, müxtəlif itkilərə məruz qalmışdır. Hər dəfə o və ailəsi əsəb və sarsıntı keçirmişlər, mənzilinin eyvanından təyinatına uyğun istifadə edə bilməmişlər, ən əsası da bu gün həmin mənzili qeyd olunan problemə görə də sata bilmirlər. Xəstə insan kimi bu situasiya onun səhhətinə də təsirsiz ötüşməmişdir. Hesab edir ki, cavabdeh öz hesabına həmin eyvanı sökərək əvvəlki vəziyyətinə qaytarmalı, mülkiyyət hüququnun bu vaxta qədər olan pozuntusuna görə kompensasiya olaraq 5.000 manat məbləğində maddi və 2.000 manat məbləğində mənəvi ziyanı da ona ödəməlidir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Tİ və MHQİ tərəfindən verilmiş 19 avqust 1998-ci il tarixli MH seriyalı 174332 saylı qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon 20 Yanvar küçəsi 21 saylı evin 41 saylı mənzili İddiaçı mülkiyyətindədir. Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon 20 Yanvar küçəsi 21 saylı evin 38 saylı mənzilinin sahibi Cavabdehdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin 23 oktyabr 2018-ci il tarixli 18/10-8/32 saylı məktubundan göründüyü kimi, Cavabdeh uzun illər öncə mənzilinin həyət tərəfindəki eyvanını 30 m2-dək özbaşına genişləndirmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, özbaşına tikintinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmək üçün iddiaçının subyektiv hüququ yoxdur. İkincisi, məhkəmə mübahisəli özbaşına tikili olan eyvanın iddiaçının hüquqlarını pozub-pozmamasını müəyyən etmək üçün müvafiq ekspertiza təyin etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2021-ci il tarixli 10/989 saylı ekspert rəyindən görünür ki, cavabdehə məxsus, ünvan 1 evin 38 saylı ünvanında inşa olunmuş eyvan tikilisinin inşa olunmasına dair müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırma sənədləri olmadığından eyvan tikilisinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları»nın 4.1 və 4.2-ci bəndlərinə uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilir. Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon 20 Yanvar küçəsi 21B saylı evin 41 saylı mənzilə aid ayrıca giriş-çıxış yolunun (qapısı) və mənzilə aid olan tikililərə sərbəst giriş-çıxış yolunun olduğunu nəzərə alaraq, Cavabdeh tərəfindən mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon 20 Yanvar küçəsi 21B saylı evin 38 saylı mənzilinin eyvanının artırılması, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon 20 Yanvar küçəsi 21B saylı evin 41 saylı mənzilindən istifadə etməsinə hər hansı bir maneə törətmədiyi müəyyən edilir. Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon 20 Yanvar küçəsi 21B saylı evin 38 saylı mənzilinin eyvanının yaşayış binasının üçüncü mərtəbəsində yerləşdiyini, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon 20 Yanvar küçəsi 21B saylı evin 41 saylı mənzilinin eyvanının yaşayış binasının dördüncü mərtəbəsində yerləşdiyini nəzərə alaraq, 38 saylı mənzilin eyvan tikilisi 41 saylı mənzilin eyvan tikilisini yararsız hala salmadığı müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Göründüyü kimi, cavabdeh tərəfindən artırılmış özbaşına eyvan tikilisi iddiaçıya mülkiyyətində olan mənzildən istifadə etməsinə maneə yaratmır, həmin eyvan iddiaçının mülkiyyətində olan mənzili və eyvanı yararsız hala salmır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları»nın 4.1-ci bəndinə əsasən sifarişçi, mülkiyyət sahibi və ya icarədar ilk növbədə mövcud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi» və «Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə olunmalıdır. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. Qaydaların 4.2-ci bəndinə əsasən şəhər (rayon) yerli icra hakimiyyətinin müvafiq memarlıq-tikinti xidməti mövcud obyektdə dəyişikliklərin eskiz cizgilərini nəzərdən keçirməli və bu barədə öz rəyini yerli icra hakimiyyətinin rəhbərliyinə bildirməlidir. Qaydaların 4.3-cü bəndinə əsasən memarlıq-tikinti xidmətinin müvafiq rəyi nəzərə alınmaqla, obyektdə dəyişikliklərin edilməsi yerli icra hakimiyyəti ilə razılaşdırılır. Qaydalardan göründüyü kimi, əgər razılığı müvafiq icra hakimiyyəti verirsə, həmin razılıq verilmədən aparılmış yenidənqurma (tikinti-artırma) işlərinin dayandırılması, yaxud aparılmış həmin işlərin aradan qaldırılması ilə bağlı iddia qaldırmaq hüququna yuxarıda qeyd edilən müvafiq icra hakimiyyəti orqanları qaldıra bilərlər. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Mənzil Məcəlləsinin 23.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitartexniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. Mənzil Məcəlləsinin 23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Mənzil Məcəlləsinin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Mənzil Məcəlləsinin 27.1-ci maddəsinə əsasən bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. Mənzil Məcəlləsinin 27.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir. Mənzil Məcəlləsinin 27.3-cü maddəsinə əsasən bu Məcəllənin 27.2.2-ci maddəsində nəzərdə tutulmuş tələb vaxtında yerinə yetirilmədikdə razılaşdırmanı həyata keçirən orqan həmin tələbin yerinə yetirilməsi iddiası ilə məhkəməyə müraciət etməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «qeyri-qanuni tikilmiş eyvanın sökülməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. 100 manat ekspertiza xərci İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «qeyri-qanuni tikilmiş eyvanın sökülməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. 100 manat ekspertiza xərci İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar