Məhkəmə qərarları › İş №2(006)-4054/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4054/2021

13.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4054/2021 13.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ondan aldığı borc pula görə ona olan 40.000 ABŞ dolları pulu indiki məzənnə ilə, yəni 68.000 manat məbləğində borc pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xalası oğlu X2 vasitəsi ilə tanış olmuşdur. Onun yaxın tanışı X4 2014-cü ildə ondan xalası qızı Cavabdeh üçün 40.000 ABŞ dolları məbləğində borc pul istəmişdir. O, həmin vaxtlar qızıl əşyalarının alğı-satqısı ilə məşğul olurdu. O, İrzaya bildirmişdir ki, Muğan bank ASC-də Babək Fətəliyev adlı kredit mütəxəssisi işləyən tanışı var. Babək Fətəliyevlə bu barədə məsləhətləşərək, sonuncu ona bildirmişdir ki, 40.000 ABŞ dolları almaq üçün mənzilin girov qoyulması lazımdır. O, Babək Fətəliyevin dediklərini dediklərini İrzaya izah etmişdir. Sonra isə o, Babək Fətəliyev, İrza və Cavabdeh, Memar Əcəmi metrosunun yanında çay evində görüşərək bu barədə ətraflı söhbət etmişlər. Cavabdeh demişdir ki, ona 40.000 ABŞ dolları borc pul lazımdır. Kredit mütəxəssisi Babək Fətəliyev orada demişdir ki, Təranə xanıma 40.000 ABŞ dolları məbləğində Muğan Bank ASC verməyəcək, ona görə ki, Təranə xanımın şəxsi biznesi yoxdur, amma Təranə xanıma belə köməklik edə bilər ki, İddiaçı (yəni o, hazırkı iş üzrə iddiaçı) onların daimi müştərisi olduğu üçün Təranə xanım öz mənzilini banka girov qoymaqla Şakirin (yəni onun) adından 40.000 ABŞ dolları ala bilər. Bu söhbətdən üç gün keçəndən sonra kredit mütəxəssisi Babək Fətəliyev ona zəng vuraraq öz razılığını bildirmişdir. Həmçinin Babək telefonla onunla danışaraq ona demişdir ki, Təranə xanıma məxsus olan mənzili Muğan banka girov qoymaqla onun adına 40.000 ABŞ dolları kredit pulu ayırmaq olar. Bununla bağlı o, 24 fevral 2014-cü il tarixdə Muğan bank ASC-dən Cavabdeh mənzilini girov qoyaraq 40.000 ABŞ dolları pul məbləğində kredit götürmüşdür. Götürdüyü 40.000 ABŞ dolları pulu Muğan bank ASC öz əməliyyatlarına görə ondan 4.300 ABŞ dolları komissiya pulu tutmuşdur. Yerdə qalan 35.700 ABŞ dolları pulu Cavabdeh ünvan 1 ünvanda yerləşən Muğan bankın baş ofisində kassanın qarşısında kamera müşahidəsi ilə borc vermişdir. Həmçinin Təranəyə kredit müqaviləsini təqdim etmişdir, ondan ötrü ki, hər ay 1600 ABŞ dolları, 36 ay olmaqla vaxtıvaxtında ödəsin. Lakin Cavabdeh krediti ödəməkdən boyun qaçırmışdır. Hətta o özü Təranənin əvəzinə girovda olan mənzilə problem olmaması üçün 3.200 ABŞ dolları ödəmişdir. X6 ASC onu məhkəməyə verərək onun adında olan mülkü hərraca çıxarmışdır və ondan kredit pulunu ödəməsini tələb etmişdir. Buna baxmayaraq, o, verdiyi 40.000 ABŞ dolları pulu indiyə qədər cavabdehdən ala bilməmişdir. Bununla bağlı hüquqlarının qorunması və bərqərar olması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Cavabdeh məhkəmə iclasında mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb etdi. Məhkəmə cavabdehin tələbini nəzərə alaraq mülki işə İddiaçı iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi, iddianın əsassız olduğunu bildirdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 avqust 2017-ci il tarixli 1(101)-139/2017 saylı hökmündən görünür ki, İddiaçı X2 Azərbaycan Respublikası CM-in 178.3.2-ci və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərər çəkmiş şəxs və mülki iddiaçı qismində tanınmış, hazırkı mülki iş üzrə iddia ərizəsində qeyd etdikləri ilə bağlı məqamlar cinayət mühakimə icraatı qaydasında araşdırılaraq, müvafiq hüquqi qiymət verilmiş, onun mülki iddiası qismən təmin edilərək, cəmi 25.653 manat 50 qəpik məbləğində maddi ziyanın təqsirləndirilən şəxs X1 tutularaq zərər çəkmiş şəxs İddiaçı ödənilməsi barədə icrası məcburi göstəriş verilmişdir. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdikləri ilə bağlı məsələlərə cinayət təqibi üzrə mülki iddiaya baxılarkən hüquqi qiymət verilmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar