Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4059/2024 25.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Daxili İşlər Nazirliyinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən maddi zərərin əvəzi qismində 54000 (əlli dörd min) manat miqdarında, mənəvi zərərin əvəzi qismində 200000 (iki yüz min) manat miqdarında, cəmi isə kompensasiya olaraq 254000 (iki yüz əlli dörd min) manat məbləğində pul vəsaitin müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı 09 aprel 2024-cü il tarixdə AR Daxili İşlər Nazirliyinin Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən qanunsuz şəkildə saxlanılaraq və zor tətbiqə məruz qalaraq həmin idarəyə aparılmış, daha sonra isə ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə əsassız ittiham nəticəsində təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-102/2020 nömrəli, 13 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək və cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzaya məhkum edilmişdir, eyni zamanda barəsində narkomaniyadan məcburi müalicə təyin edilmişdir. Cəzaçəkmənin əvvəli isə 09 aprel 2019ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-872/2020 nömrəli, 03 dekabr 2020-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2020-ci il tarixli hökmü ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının l(103)-872/2020 nömrəli, 03 dekabr 2020-ci il tarixli hökmü ilə tutulmağı, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququnun həyata keçirilməsi İddiaçı izah edilmişdir. Apellyasiya kollegiyasının hökmü elan olunduğu andan dərhal qanuni qüvvəyə minmişdir. Bununla da müəyyən olunur ki, ona qarşı irəli sürülmüş ittiham tamamilə əsassız olmuş, cinayət təqibi kobud prosessual pozuntularla, o cümlədən ona qarşı yol verilmiş qanunsuzluqlarla aparılmış və ona qarşı zorakılıq qanuni qüvvəsini almış məhkəmə aktı ilə öz əksini tapmışdır. Ömründən iki il müddətinin puç olması, təqsiri olmadan azadlıqdan məhrum edilməyə məruz qalmağı ona və ailə üzvlərinə həm maddi, həm də mənəvi cəhətdən əhəmiyyətli sarsıntılara səbəb olmuşdur. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və yekun nəticə olaraq o, narkoman kimi ictimaiyyət qarşısında qələmə verilmişdir. Həbsdə olduğum müddətdə şəkər xəstəsi olan anası X2 baxımsız vəziyyətdə qalmış, vaxtlı-vaxtında müalicə müayinəsi olunmadığı üçün ayaqlarının hər ikisi pəncədən amputasiya olmuşdur. Həbsdə olduğu üçün anasına xəstəliyi ilə bağlı ondan başqa köməklik göstərən şəxs olmamışdır. Anasının ona ehtiyacı olduğu müddətdə o, qanunsuz olaraq həbsdə saxlanılmışdr. Həbsdən çıxdıqdan sonra anası yataq xəstəsi olmuş və həkim müayinəsinə apardıqda anasında artıq mədə xərçəngi xəstəliyi aşkar olunmuşdur. O, qanunsuz olaraq həbsə alınmasaydı anası müalicəsi ilə yaxından maraqlanardı və anası həyatdan belə tez şəkildə köçməzdi. O, həbs olunana qədər təsərrüfatla məşğul olub gündə 90-100 manat arası, orta hesabla isə 90 manat qazanc əldə edirdi. Həftənin bir günü istirahət günü idi. Bu isə, orta aylıq gəliri 2000-2200 manat arası təşkil edirdi. Azadlıqdan məhrum edildiyi bir il yeddi ay 26 gün müddət ərzində isə o həmin gəlirdən məhrum edilməklə yanaşı, ailəsi əlavə maddi itikilərə də məruz qalmışdır. Həmçinin ona mənəvi zərər də yetirilmiş və həmin zərəri 200.000 manat miqdarında qiymətləndirir. Çünki qanunsuz həbsə alınmaqla həm fiziki zorakılığa məruz qalmış, həm də narkomaniya xəstəliyinə düçar olmuş şəxs kimi qələmə verilməklə nüfuzu ləkələnmişdir. Halbuki o, heç tütün məmulatlardan belə istifadə etmirdi. Ona qarşı qanunsuz hərəkətlərə yol verən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşları olmuşdurlar. Həmin nazirlik isə dövlət qurumudur və dövlət hesabına maliyyələşir. Ona yetirilmiş maddi və mənəvi zərərlərin əvəzi cavabdeh nazirliklərdən müştərək qaydada tutulub ona ödənilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi xahiş olunur. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndəsi X4 izahat verərək, iddianın rədd edilməsini xahiş etsə də, yekun məhkəmə iclasına gəlməmişdir. Digər cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin etirazı: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi iddiaçının tələbinə qarşı yazılı etiraz verərək bildirmişdir ki, iddia ərizəsindən aydın olur ki, İddiaçı hüquq-mühafizə orqanları tərəfindən AR Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işinin başlanmasını və həbsdə saxlanlımasını qanunsuz hesab edərək bu əsasda ona vurulmuş maddi ziyanın əvəzi olaraq 54.000 manat, mənəvi ziyanın əvəzi olaraq isə 200.000 manat pulun cavabdeh Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi İddiaçı hüquq- mühafizə orqanlarının hərəkətləri və çıxarılan hökm ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən ibtidai istintaq orqanına deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirlər ki, həmin iddia tələbi rədd edilməlidir. İlk növbədə bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Mülki mühakimə icraatı qaydasında qaldırılan bu cür iddiaların hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunur. Halbuki sözügedən qanunda “müvafiq icra hakimiyyəti”, yəni Maliyyə Nazirliyi qeyd olunmamışdır, bu isə o deməkdir ki, ziyanın ödənilməsi buna cavabdeh olan, yəni hüquq pozunutusunu törətmiş aidiyyəti dövlət orqanı və ya müvafiq bələdiyyə orqanı tərəfindən ödənilməlidir. Eyni zamanda Azərbaycan Respublikasında ali hüquqi qüvvəyə malik olan AR Konstitusiyasının 68-ci və 146-cı maddəsinin tələblərinə müvafiq olaraq dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar. Burdan da bir daha aydın olur ki, dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» AR Qanunun 6-cı maddəsində fiziki şəxslərə vurulmuş ziyanının ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulsa da, bu hal sözügedən iddia tələbləri üzrə Maliyyə Nazirliyinin cavadeh kimi tanınmasına əsas yarada bilməz. Belə ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin sərəncamçısı olmadığından, bununla bağlı müstəqil çıxış etmək hüququna malik deyildir. Nazirlik öz əsasnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatların, o cümlədən təhqiqat və ibtidai istintaq orqanlarının sifarişinə əsasən yalnız onların maliyyələşdirilməsini həyata keçirir. Təsadüfi deyildir ki, analoji olaraq sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı fiziki şəxslərə vurulmuş ziyanın da dövlət büdcəsindən ödənildiyini nəzərə alaraq, bu tipli işlərə də eyni praktika tətbiq edilməlidir. Həmçinin sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Eyni zamanda Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konkret hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə proseslərinin obyektiv tədqiq edilməsi, qanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması və qanunvericilin müddəalarının düzgün tətbiq edilməsi üçün bu tipli məhkəmə işlərinə cavabdeh qismində müvafiq cinayət işləri üzrə təhqiqat və ibtidai istintaq aparmış orqanların cəlb olunması zəruridir. Odur ki, məhkəmədən İddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” iddia tələbinin tam həcmdə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-102/2020 nömrəli xx.xx.2020-ci il tarixli hökmünə əsasən, İddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-872/2020 saylı xx.xx.2020-ci il tarixli hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ləğv edilmiş və İddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirini sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli 1(102)-853/2021 saylı qərarı ilə İddiaçı barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 68-cı maddəsinin İİ hissəsinə görə hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması halında vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Maddə 4. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda; cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; inzibati xəta haqqında işə xitam verildikdə yaranır. Maddə 5.5.Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (səhvi və ya sui-istifadəsi nəticəsində) nəticəsində hər bir şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Maddə 6.1. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarı “…Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığazərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi Maddə 56 və 56.01. bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbi, əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərərin ödənilməsindən ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Mülki Məcəllənin 1097 və 1101-ci maddələri təşkil edir. İddiaçının tələbi müvafiq maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğundur. Belə ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2020-cü il tarixədək (01 il 07 ay 24 gün) müddətində qanunsuz azadlıqdan məhrum edilməsi işin mübahisəsiz halıdır. Bununla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-102/2020 nömrəli xx.xx.2020-ci il tarixli hökmünün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-872/2020 saylı xx.xx.2020-ci il tarixli hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ləğv edilmiş və İddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirini sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli 1(102)-853/2021 saylı qərarı ilə İddiaçı barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Deməli, hazırkı işdə İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunması ilə mənəvi zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilmişdir. Azadlıqdan məhrum edilmə cəzasına məruz qalmasının iddiaçı üçün mənəvi məhrumiyyətlərlə nəticələnməsi labüddür. Çünki işdə belə zərərin vurulmasını istisna edən halları məhkəmə müəyyən etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi mənəvi sarsıntı və iztiraba məruz qalmış və iddiaçının hazırki iddia tələbi ilə məhkəmə müraciət etməsinə subyektiv hüququ yaranmışdır. Hazırda iddiaçı qanunsuz olaraq azadlıqdan məhrum edilmə cəzasına məruz qalmasını, habelə cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması – narkomaniya xəstəliyinə düçar olmuş şəxs kimi qələmə verilməsi formasında ləkələməklə ona mənəvi ziyan vurulduğunu bildirərək 200.000 (iki yüz min) manat və azadlıqdan məhrum edildiyi müddət ərzində gəlirlərindən məhrum edildiyinə əsaslanmaqla ona maddi ziyan vurulduğunu bildirərək 54000 manat məbləğində kompensasiyanın ödənilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyrimaddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə hesab edir ki, İddiaçı 20 aya yaxın müddət ərzində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərin məbləğinin ağlabatan və ədalətli sayılması üçün hər ayı üçün 1.000 manat hesablanmaqla 20.000 manat məbləğində müəyyən olunmalıdır. İddiaçının azadlıqda olduğu zaman təsərrüfatla məşğul olmaqla dolanması, qanunsuz həbs olunması nəticəsində 20 aya yaxın müddət ərzində saxlanılmaqla gəlirlərindən məhrum olunması dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddiasının əsası kimi istinad etdiyi bu hala dair mötəbər sübutlar təqdim edilmədiyindən iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş iddiaya etirazda göstərilmiş məqamlarla bağlı qeyd edir ki, Maliyyə Nazirliyi özünün cavabdeh qismində göstərilməsini düzgün hesab etməmişdir, lakin nəzərə alınmalıdır ki, Maliyyə Nazirliyinin cavabdehliyi gələcəkdə qətnamənin icrası baxımından müəyyən edilən haldır. Belə ki, Maliyyə Nazirliyindən ümumən dövlət büdcəsinin icrasına nəzarət edən orqan kimi pul şəklində kompensasiya məbləğlərinin tutulması barədə mübahisələr üzrə qəbul edilmiş məhkəmə qərarları Maliyyə Nazirliyinin hüquqlarına toxunmur. Məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Beləliklə, hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Məhkəmə cavabdeh qismində göstərilmiş AR Daxili İşlər Nazirliyinə münasibətdə iddianın rədd olunmasını məqsədəmüvafiq hesab edir. Belə ki, yuxarıda göstərilənlərə əsasən hazırkı iş üzrə iddiaya cavab verməli olan şəxs kimi DİN deyil, Maliyyə Nazirliyi çıxış etdiyindən ona münasibətdə iddia tələbi təmin edilməməlidir. Zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi bir sıra beynəlxalq hüquqi sənədlərdə də ifadəsini tapmışdır. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs onun konstitusiya və ya qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsi müəyyən edir ki, bu maddənin müddəalarının pozulması ilə tutulmadan və həbsə almadan zərər çəkmiş hər kəsin iddia tələbi ilə təmin olunan kompensasiya hüququ var. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsində deyilir: «Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 20.000 (iyirmi min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 20.000 (iyirmi min) manat məbləğində pul İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-4059/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4059/2024
25.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver