Məhkəmə qərarları › İş №2(006)-406/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-406/2020

07.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-406/2020 07.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların ümumi birgə mülkiyyətlərində ümumi sahəsi 359,4 kv/m. ibarət olan, ünvan 1 ünvanında yerləşən 7 saylı paltarların fərdi tikilişi və təmiri atelyesindən cavabdehlərin çıxarılması və adı çəkilən əmlakın boş vəziyyətdə iddiaçıları təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə iddiaçıların xüsusi mülkiyyətlərində olan, ümumi sahəsi 359,4 kv.m. ibarət olan, ünvan 1 ünvanında yerləşən 7 saylı paltarların fərdi tikilişi və təmiri atelyesi olan qeyri-yaşayış sahəsi, Hərracların Təşkili və Auksion Mərkəzi tərəfindən keçirilən xx.xx.2019-cu il tarixli hərrac nəticəsində əmlakın dəyəri İddiaçı1 və İddiaçı2 tərəfindən tam ödənilərək, adı çəkilən əmlak onlar tərəfindən satın alınmışdır. Belə ki, Azərbaycan Respublikası ƏMDK-i ilə iddiaçılar arasında bağlanmış xx.xx.2019-cu il tarixli 4264 №-li alqı-satqı müqaviləsinə və ödəniş tapşırıqlarına əsasən iddiaçılar tərəfindən əmlakın dəyərini təşkil edən 300.000 manat məbləğində pul vəsaiti ödənilərək satın alınmışdır. Bundan sonra əmlakla bağlı mülkiyyət hüquqlarının qeydə alınmasına dair DƏDRX-nin BƏİ-i tərəfindən İddiaçı1 və İddiaçı2 adına əmlakın ümumi birgə mülkiyyətlərində olmalarına dair ******* №-li xx.xx.2019-cu il tarixli çıxarışlar verilmişdir. Qeyd etmək istəyirlər ki, cavabdehlər iddiaçıların xüsusi mülkiyyətində olan daşınmaz əmlakdan qanunsuz olaraq istifadə etməklə oradan gəlir əldə edir, adı çəkilən daşınmaz əmlakı müxtəlif şəxslərə icarəyə verir və faktiki olaraq qanunsuz sahibkarlıqla məşğul olaraq adı çəkilən əmlakı boşaltmaqdan imtina edirlər. Bu əmlakın cavabdehlər tərəfindən istismar edilməsi, iddiaçıların hüquqlarının pozulması ilə yanaşı, adı çəkilən əmlakın yararsız vəziyyətə düşməsinə, zədələnməsinə və nəhayət məhv edilməsinə gətirib çıxara bilər. Halbuki, adı çəkilən əmlak hərraca çıxarılarkən iddiaçılar tərəfindən hərracda iştirak etmələri ilə bağlı əmlakın ümümi dəyərini təşkil edən vəsaitin 10 % miqdarında ödəniş edilməklə, hərracda iştirak etmək hüququnu əldə etmiş və nəticədə hərracın qalibi olmaqla, alqısatqı müqaviləsi bağlamaqla, əmlakın qalan dəyərini təşkil edən vəsaiti ödəməklə, bu əmlakı satın almışlar ki, gələcəkdə bu əmlakda sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilsinlər. Göründüyü kimi, iddiaçılar ümumi birgə mülkiyyətlərində olan əmlakı boşaltmamaqla, adı çəkilən əmlakda qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, İddiaçı1 və İddiaçı2 mülkiyyət hüquqlarını pozurlar. Yuxarıda qeyd olunan qanunların tələblərindən də göründüyü kimi, İddiaçı1 və İddiaçı2 bir mülkiyyətçi olaraq öz hüquqlarından istifadə edə bilmədikdə, onların bu hüquqları dövlət tərəfindən qorunaraq, hüquqlarının bərpa edilməsi məhkəmə tərəfindən təmin olunmalıdır. Göstərilənlərə əsasən iddiaçıların ümumi birgə mülkiyyətlərində ümumi sahəsi 359,4 kv/m. ibarət olan, ünvan 1 ünvanında yerləşən 7 saylı paltarların fərdi tikilişi və təmiri atelyesindən cavabdehlərin çıxarılması və adı çəkilən əmlakın boş vəziyyətdə iddiaçıları təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia ərizəsinə etiraz edərək, iddiaçıların məhkəmə iclasında iştirak etməmələrinə baxmayaraq işin mahiyyəti üzrə baxılmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılara və digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Satıcı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı2 və İddiaçı1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4264 saylı müəssisənin (obyektin) alqı-satqı müqaviləsindən görünür ki, müqavilənin predmetini "Alıcı”nın Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixdə keçirilən hərracda 04/01 №li protokola əsasən satın aldığı 7 saylı atelye (ümumi faydalı sahəsi-359,4 kv.m) təşkil edir. "Satıcı” satır, "Alıcı” isə bu müqavilədə göstərilən şərtlərlə Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 27 A ünvanında yerləşən 7 saylı atelyeni hərracdan satış qiyməti ilə 300000,00 (üç yüz min) manata satın alır. Hərracda satılmış müəssisənin (obyektin) satış qiyməti tam ödənildikdən və hüquqlar müvafiq qaydada qeydiyyata alındıqdan sonra onun üzərində alıcının mülkiyyət hüququ yaranır. 04/01 saylı, xx.xx.2019-cu il tarixli hərrac protokolundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 27 A ünvanında yerləşən “İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 7 saylı atelyesi” Hərracların Təşkili üzrə X1 Xalid Ağamalı oğlu və İddiaçı1 tərəfindən satıcı Əmlak Məsələləri Dövlət Komitəsindən 300.000 manata əldə edilmişdir. xx.xx.2019 və xx.xx.2019-cu il tarixli ödəniş tapşırıqlarından görünür ki, İddiaçı2 tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına ümumilikdə 300.000 manat məbləğində pul köçürülmüşdür. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 27 A ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı2 və İddiaçı1 məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 27 A ünvanında yerləşən qeyri-yaşayış sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı2 və İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 231 saylı reyestr kitabının 21751 nömrəli vərəqində, ********** nömrə ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-11427/2019 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apeliyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5141/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi, ünvan 3 A ünvanında (köhnə ünvanı Tağızadə 27 A) yerləşən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 7 saylı atelyesinə dair keçirilmiş hərrac üzrə xx xxxxxx 2019-cu il tarixli, 04/01 saylı hərrac protokolunun və onun əsasında İddiaçı1 Həci qızı ilə bağlanılmış əqdin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən İddiaçı1 Həci qızının adına xx.xx.2019-cu il tarixdə qeydə alınmış ******* seriyalı çıxarışın ləğv edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-11427/2019 saylı qərardadından görünür ki, Bakı Apellyasiyə Məhkəməsinin 2(103)-1427/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinə düzəliş edilməsi, qətnamənin nəticə hısəsinin birinci abzasında "İddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiyə şikayəti təmin edilməsin" sözlərinin “İddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiyə şikayəti təmin edilsin” sözləri kimi oxunması qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Bakı şəhəri Xətai rayon icra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********84 saylı məktubdan görünür ki, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 11427/2019 saylı qətnaməsinin icrası ilə bağlı ƏMDK tərəfindən xx.xx.2020-ci il tarixli, 07 nömrəli sərəncam verilərək müvafiq ünvan 5 A ünvanında yerləşən 7 saylı atelyenin özəlləşdirilməsinə dair sənədlər ləğv edilmiş, adı çəkilən icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı2 və İddiaçı1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 4264 saylı müəssisənin (obyektin) alqı-satqı müqaviləsinə əsasən dövlət mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 27 A ünvanında yerləşən 7 saylı atelye 300000,00 (üç yüz min) manata Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixdə keçirilmiş hərracı udmuş İddiaçı1 və İddiaçı2 satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 27 A ünvanında yerləşən qeyri-yaşayış sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı2 və İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-11427/2019 saylı qətnaməsinə ünvan 3 A ünvanında (köhnə ünvanı Tağızadə 27 A) yerləşən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 7 saylı atelyesinə dair keçirilmiş hərrac üzrə xx xxxxxx 2019-cu il tarixli, 04/01 saylı hərrac protokolu və onun əsasında İddiaçı1 Həci qızı ilə bağlanılmış əqd etibarsız hesab edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən İddiaçı1 Həci qızının adına xx.xx.2019-cu il tarixdə qeydə alınmış ******* seriyalı çıxarışın ləğv edilməsi qərara alınmışdır. Hazırda iddiaçılar onların ümumi birgə mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən 7 saylı paltarların fərdi tikilişi və təmiri atelyesindən cavabdehlərin çıxarılması və adı çəkilən əmlakın boş vəziyyətdə iddiaçılara təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edirlər. İşin göstərilən halları ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülkiyyət hüququnun müdafiəsinin əşya-hüquqi vasitələri onunla xarakterizə olunur ki, bu vasitələr mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib və hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. Mülki Məcəllənin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün aşağıdakı şərtlər eyni zamanda olmalıdır.

1. iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır;

2. mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır;

3. mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır;

4. vindikasiya iddiası qaydasında yalnız fərdi-müəyyən əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir;

5. cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır;

6. vindikasiya iddiası müqavilədənkənar xarakter daşıyır və mülkiyyət hüququnu mütləq subyektiv hüquq kimi qoruyur. Əgər mülkiyyətçi və faktiki sahib mübahisəli əşya üzrə birbiri ilə müqavilə və ya digər öhdəlik hüquq münasibətləri ilə bağlıdırlarsa, əşya yalnız müvafiq müqavilə iddiası üzrə tələb oluna bilər. İddiaçılar mülkiyyətlərində olması iddia edilən ünvan 5 A ünvanında yerləşən “İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 7 saylı atelyesi”nin cavabdehlər tərəfindən boşaldılmasını və onlara təhvil verilməsini, yəni özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edərək, məhkəmədə vindikasiya iddiası irəli sürmüşlər. Belə ki, yuxarıda qeyd edilənlərdən göründüyü kimi iddia edənin əmlakın mülkiyyətçisi olması vindikasiya iddiasının irəli sürülməsi üçün ilkin şərtdir. İddiaçının əmlakın mülkiyyətçisi (və ya titul sahibi) olması halı sübuta yetirildiyi təqdirdə məhkəmə vindikasiya iddiasının irəli sürülməsi üçün nəzərdə tutulan digər şərtlərin mövcud olub-olmamasının yoxlanmasına keçməlidir. Beləliklə işin baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçıların məhkəməyə müraciət edərkən mülkiyyət hüquqlarını təsdiq edən sənəd kimi istinad etdikləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarış qanuni qüvvəsini almış məhkəmə aktına əsasən ləğv edilmiş, mübahisəli əmlak əvvəlki mülkiyyətçisinə, yəni dövlət mülkiyyətinə qaytarılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar müvafiq iddia tələbini məhkəmədə irəli sürmək üzrə subyektiv hüquqa malik deyillər. Halbuki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyinə əsasən “.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılması və s.” tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ :

İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılması və s.” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar