Məhkəmə qərarları › İş №2(006)-4062/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4062/2024

19.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4062/2024 19.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 oğlunun katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi ziyanın əvəzi kimi ödəniləcək zaman məzənnəyə uyğun olaraq 7224 ABŞ dolları məbləğində, mənəvi ziyanın əvəzi kimi 10.000 manat məbləğində pulun və ödənilmiş 157 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı uzun müddət hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışmış və hazırda təqaüdçüdür. Onun aldığı pensiya məbləği kifayət qədər qane edicidir. İddiaçı imkan olduqca istirahət etməyi və buna görə xarici ölkələrə səfər etməyi xoşlayır və bu səbəbdən pul xərcləmək zərurəti yaranır ki, ölkədən çıxarkən müəyyən edilmiş məbləğdən artıq pul götürməyə qanunvericilik izin vermir. Eyni zamanda, pulun daşınma və saxlanması bir çox hallarda müəyyən çətinliklər yaradır ki, iddiaçı bununla bağlı 2022-ci il tarixdə "xxxx" ASC-yə müraciət edərək “Tamkart” debet kartı sifariş etmişdir. Hansı ki, bu kartın iddiaçı üçün bir sıra istifadə üstünlükləri və o, ölkə xaricində səfərdə olarkən rahat istifadə etmək imkanı vardır. Bu minvalla, iddiaçı qeyd edilən kartdan 2 ilə yaxın müddətdə istifadə etmiş, kartın və bankın xidmətindən də narazılığı olmamışdır. Lakin 16 iyul 2024-cü il tarixdə günorta saatlarında iddiaçının mobil telefon nömrəsinə ona məxsus “**********026521” nömrəli kartdan pul çıxarılması ilə bağlı “SMS” daxil olmuşdur. Əvvəlcə iddiaçı bunun texniki səhvlik olduğunu düşünmüşdür. Lakin həmin vaxtdan 3 saat ərzində iddiaçıya məxsus kartdan 7224 ABŞ dollar məbləğində pul çəkilmişdir. Halbuki, bankın verdiyi limit üzrə gün ərzində iddiaçı kartdan cəmi 1000 manat məbləğində pul çıxarmaq hüququna malik olduğu halda, 3 saat ərzində qeyd edilən ABŞ dolları məbləğində pulun çıxarılması təsadüf və ya texniki səhvlik ola bilməz. İddiaçıya məxsus “**********026521” nömrəli kartda 11.384 ABŞ dollar məbləğində pul olmuşdur ki, həmin pul məbləğinin 7224 ABŞ dolları hissəsi iddiaçının iradəsi ziddinə kartdan götürülmüşdür. Baş vermiş hadisədə bank əməkdaşlarının əlinin olması istisna deyil. Çünki qeyd edilən tarixdə iddiaçı Şərur rayonu Çərçiboğan kəndi ərazisində yerləşən evində bankomat kartı özündə olmaqla, hər hansı bank əməliyyatını həyata keçirməmişdir. Bu hadisədən dərhal sonra iddiaçı "xxxx" ASC-nin Şərur rayonu ərazisində filialı olmadığından, həmin bankın Naxçıvan filialına getmiş və kartın bloklanmasını təmin edə bilmişdir. Bankın Naxçıvan filialı iddiaçının yaşadığı ünvandan 70 km məsafədə yerləşdiyindən və iddiaçı filiala çatmaq üçün sərf etdiyi bir saatdan artıq vaxt ərzində naməlum şəxslər tərəfindən onun kartından pulun çıxarılması davam etdirilmişdir. İddiaçı "xxxx" ASC-nin Naxçıvan filialına çatdıqda iradəsi ziddinə onun hesabından çıxarılmış pulun geri qaytarılmasını tələb etdikdə bank əməkdaşları tərəfindən Bankın baş idarəsinin yerləşdiyi yer üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İddiaçı hesab edir ki, ona vurulmuş maddi və mənəvi ziyana görə bankın da məsuliyyəti az deyil. İddiaçı banka güvənib öz əmanətini etibar etmiş, lakin bank tərəfindən əmanətin saxlanılmasında məsuliyyətsizliyə yol verilməklə iddiaçıya 7224 ABŞ dolları məbləğində maddi ziyan, eyni zamanda baş vermiş hadisə ilə əlaqədar iddiaçının keçirdiyi sarsıntı və narahatçılıq səbəbindən ona 10000 manat məbləğində mənəvi zərər vurulmuşdur. Bu səbəbdən iddiaçıya vurulmuş maddi və mənəvi ziyan cavabdeh bank tərəfindən ödənilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, teleqram vuraraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iddianı müdafiə etdiyini qeyd edərək, işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, cavabdehin teleqramını nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: “ABB” tərəfindən verilmiş tamkartın surətindən görünür ki, 4105 1104 1202 6521 nömrəli dollar valyutasında olan debit kart İddiaçı məxsusdur. “ABB” tərəfindən göndərilmiş SMS-lərdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 13:50-də və 15:45-də iddiaçıya “DİQQƏT! Təhlükəsizliyiniz üçün bu kodu digər şəxslərə bildirməyin. Mobil tətbiqə daxil olmaq üçün kodunuz: 521769, 784227” və saat 16:38-də “Diqqət! Kart məlumatları oğurlanıb. Kartınız bloklandı. ABB ilə əlaqə saxlayın. Kart: *6521” məzmununda xəbərdarlıqlar göndərilmişdir. “Azericard” tərəfindən göndərilmiş SMS-lərdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 13:53-15:47 aralığında 4105*6521 nömrəli kartdan dəfələrlə müxtəlif məbləğlərdə pul çıxması barədə xəbərdarlıqlar göndərilmişdir. SMS-lər barədə cədvəldən görünür ki, **********88 nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 13:50-də və 15:45-də, həmçinin, xx.xx.2024-cü il tarixdə saat 08:20-də mesajlar göndərilmişdir. “ABB – Mobile” tətbiqindən əldə edilmiş çıxarışlardan görünür ki, xx.xx.2024-cü il tarixdə 4105********6521 nömrəli kartdan bankdaxili, ölkədaxili kartlara və hesaba edilmiş köçürmələr uğurlu olmuşdur. "xxxx" ASC tərəfindən verilmiş İddiaçı məxsus (hesab nömrəsi: “********************”, İBAN: “AZ14İBAZ********************”) hesabdan xx.xx.2024-xx.xx.2024-cü il tarixləri əhatə edən çıxarışdan görünür ki, günün əvvəlinə hesabda 11,384.95 ABŞ dolları olmuş, günün sonuna 4.160,92 ABŞ dolları qalıq qalmışdır. Credit dövriyyə 58,18 ABŞ dolları, debit dövriyyə isə - 7.282,21 ABŞ dolları olmuşdur. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 157 (bir yüz əlli yeddi) manat rüsum ödənilmişdir. Beləliklə, iş materialları və tərəflərin izahatları əsasında məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə məxsus 4105 1104 1202 6521 nömrəli dollar valyutasında olan debit kart istifadəçisidir. xx.xx.2024-cü il tarixdə həmin kartın balansında iddiaçıya məxsus olan 11,384.95 ABŞ dolları məbləğində pul olmuş, gün ərzində dəfələrlə onlayn əməliyyatlar aparıldıqdan sonra xx.xx.2024-cü il tarixə kartın balansında qalan məbləğ 4.160,92 ABŞ dolları olmuşdur. İddiaçının cavabdehə verdiyi məlumat əsasında kart məlumatlarının oğurlanması səbəbilə cavabdeh tərəfindən kart bloklanmışdır. Hazırda iddiaçı kartda olan əmanətinin təhlükəsizliyini lazımi qaydada təşkil etmədiyinə görə ona vurulmuş maddi və mənəvi ziyanın cavabdehdən tutulmasını, cavabdeh isə iddiaçıya təhlükəsizliyin təmini məqsədilə göndərilmiş “OTP” kodların onun tərəfindən başqa şəxslərə verilməsi səbəbindən bu hadisənin baş verdiyini, cavabdehin bu məsələdə heç bir təqsirinin olmadığını bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər. Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iddiaçı cavabdehin sosial şəbəkədə olan kampaniyasına qoşulmaq məqsədilə FİN kodunu və tələb edilən digər məlumatları yazdığını bildirdiyindən və cavabdeh bank tərəfindən ona 3 dəfə “OTP” kod göndərildiyini mübahisələndirmədiyindən, ona ziyan vurulması ilə nəticələnən həmin hadisədə cavabdeh bank (və ya əməkdaşları) tərəfindən hər hansı mülki hüquq pozuntusunun törədilməsi və ziyan dəyməsinə səbəb olan hadisədə cavabdehin (işçilərinin) təqsirinin olması istisna edilir. Çünki cavabdeh bank iddiaçıya tətbiqə birdəfəlik giriş üçün təyin olunan həmin kodları göndərdiyi mesajın mətnində “Təhlükəsizliyiniz üçün bu kodu digər şəxslərə bildirməyin” məzmununda xəbərdarlıq da ünvanlamışdır. Bu xəbərdarlığa baxmayaraq, iddiaçı məxfiliyini qorumalı olduğu məlumatlara lazımi diqqət və ehtiyatlılıq göstərməmiş, ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını qabaqcadan görməli olduğu halda bunu etməmiş, həmin kodları kampaniya olduğunu zənn etdiyi bir internet saytına yazmaqla, kartının məlumatlarını üçüncü şəxslərə ötürmüş və maddi zərərə uğramışdır. İddiaçının ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməməklə şəxsi məlumatlarını üçüncü şəxslərə ötürməsi, bununla da maddi zərərə uğraması isə heç bir halda cavabdeh bankın (və ya işçilərinin) təhlükəsizlik tədbirlərinə əməl etməməsi kimi qiymətləndirilməməlidir. Çünki əks yanaşma, yəni kreditoru müdafiəsiz qoyan belə hüquqi qeyri-müəyyənlik ümumi mülki dövriyyənin davamlılığına, kredit münasibətlərinin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarar. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçı əvvəlcə izahatında ona göndərilmiş kodları daxil etdiyini etiraf etsə də, sonradan izahatını dəyişərək, dəqiq yadında olmadığını, bəlkə də, həmin kodları da verdiyini bildirmiş, bununla da ziddiyyətli izahatlar vermişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçıya maddi ziyan dəyməsi mübahisəsiz olsa da, bu ziyanın vurulmasında bankın heç bir hüquq pozuntusuna dəlalət edən hərəkət və ya hərəkətsizliyi, habelə təqsiri müəyyən edilmədiyindən, hazırkı iddia təmin edilməməlidir. Həmçinin, iddiaçı əvvəllər kartın gündəlik limitinin olduğunu, lakin hadisə baş verən gün yüksək məbləğin kartdan çıxıldığını, bunun bankın təqsiri olduğunu mübahisələndirsə də, məhkəmə hesab edir ki, onun kodu ötürdüyü internet saytı vasitəsilə mobil tətbiqini ələ keçirən şəxslərin həmin tətbiqdən limitləri dəyişməsi də istisna edilmir. Məhkəmə ilk olaraq, hazırkı mübahisənin hüquqi aspektləri ilə bağlı qeyd edir ki, delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün dörd şərtin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanunazidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqə hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı deyil. Belə ki, səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb yalnız işin hallarına uyğun olaraq müvafiq qiymətləndirmə nəticəsində bu şərtlər mövcud olduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar