Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4082/2022 02.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanda yerləşən "xxxx" MTK-ya məxsus binada komendant köməkçisi işləyir. xx.xx.2021-ci il tarixdə saat 09:40 radələrində komendant otağında X5 ilə söhbət edən zaman Cavabdeh oraya gəldi. Cavabdeh iddiaçıya bildirdi ki, binanın müşahidə kameralarının görüntülərinə baxmaq istəyir. İddiaçı cavabdehə bildirdi ki, həmin görüntülərə baxmağa icazə yoxdur. Bu zaman Cavabdeh kobud şəkildə iddiaçıdan tələb etdi ki, otaqdan çıxsın. İddiaçı cavabdehin tələbinə əməl etməyəndə, cavabdeh iddiaçının üzərinə gələrək, onu müxtəlif təhqiredici söyüşlərlə söyüb, yaxasından tutub sağ əli ilə ağız nahiyəsinə və bədənin müxtəlif nahiyələrinə zərbələr endirməyə başladı. X5 onları ayırmağa çalışsa da, Cavabdeh iddiaçını vurmağa davam etmişdir. İddiaçı qaçıb həyətə çıxsa da, Cavabdeh onun ardı ilə həyətə çıxıb, söyərək, orada da onu döyməyə davam etmişdir. Sonra iddiaçı Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vurub baş verən hadisə barədə məlumat vermişdir. Əraziyə gələn polis əməkdaşları Cavabdeh Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə apardılar. Cavabdehin barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlandı, ibtidai istintaq tamamlanaraq iş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərildi. Cavabdeh iddiaçını döyməsi nəticəsində o, sol gicgah-çənə oynağında hərəkət məhdudluğu və çeynəmə aktının pozulması ilə müşayiət olunan sol qulaq altı çeynəmə nahiyəsinin sol yanaq və üst dodaq nahiyəsini əhatə edən qançır-şişkinlik halında əzilməsi, üst dodağının və ağız boşluğunun selikli qişasının iri ölçülü əzilmiş yaraları, sol əlin 5-ci barmağının qançırı-şişkinliyindən ibarət xəsarətlər almışdır. Bunu təsdiq edən məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 1003 nömrəli rəyi də vardır. İddiaçı sağlamlığına vurulmuş ziyanın aradan qaldırılması üçün ambulator müalicə almışdır. Həkimlərə, müayinələrə və dərmanlara ümumilikdə 514 manat pul xərcləmişdir. Həmçinin, iddiaçı aldığı xəsarətlər səbəbindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi işə çıxa bilməmişdir. İddiaçının səhhəti işləməyə imkan verməyib. Buna görə də 1 ay əmək haqqı ala bilməmişdir. Bu səbəbdən də iddiaçının 01 aylıq qazancı əldən çıxıb və ona 600 manat ziyan dəyib. İddiaçı "xxxx" MTK- ya məxsus binada komendant köməkçisi işləyir və aylıq əmək haqqı məbləği 600 manatdır. Belə olan halda Cavabdeh iddiaçının səhhətinə vurduğu ziyan nəticəsində həmçinin, iddiaçıya 600 manat da maddi zərər vurmuşdur. Göstərilənlərə əsasən xx.xx.2021-ci il tarixdə baş vermiş cinayət hadisəsi nəticəsində iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq 1114 manat və mənəvi ziyanın əvəzi olaraq 2000 manat, cəmi 3114 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 52 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddiada göstərilənləri təsdiq edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh istintaq təcridxanasında olduğuna görə iddia ərizəsinin surəti saxlanıldığı müəssisəyə göndərilməklə, iddia ərizəsi ilə bağlı ona yazılı izahatın göndərilməsi təklif olunmuş, lakin o, öz yazılı izahatını məhkəməyə göndərməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(006)-144/2022 saylı hökmdən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, həmin Məcəllənin 182.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Cavabdeh təyin edilmiş cəzaların qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan mehrum etmə cəzasının təyin edilməsi, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 13 noyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs" qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, zərər çəkmiş şəxs və mülki İddiaçı mülki iddiasının baxılmamış saxlanılması, iş üzrə maddi sübut kim tanınmış zərərçəkmiş şəxs X4 məxsus üzərində zədələri olan evin giriş qapısının X1 nəzərə alınması, iş üzrə maddi sübut kimi tanınmış Nəsimi RPİ-nin Növbətçi Hissəsinin saxlanc yerində saxlanılan bır ədəd qapı dəstəyinin hökm qanuni qüvvəyə mindikdən sonra X4 təhvil verilməsi, iş üzrə maddi sübut kimi tanınmış 03 ədəd videogörüntülərin yazıldığı DVD disk və 01 ədəd üzləşdirmə istintaq hərəkətinin qeyd olunduğu DVD disk cinayət işinin materiallarında saxlanılması, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 114 (yüz on dörd) manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi hökm edilmişdir. Həmin hökmdən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X8 xx.xx.2021-ci il tarixli, 1003 №-li rəyindən görünür ki, zərərçəkmiş şəxs İddiaçı bədən səthində aşkar olunmuş xəsarətlər-sol gicgah-çənə oynağında hərəkət məhdudluğu və çeynəmə aktının pozulması ilə müşayiət olunan sol qulaq altı çeynəmə nahiyəsini, sol yanaq və üst dodaq nahiyəsini əhatə edən qançır-şişkinlik halında əzilməsi, üst dodağının və ağız boşluğunun selikli qişasının iri ölçülü əzilmiş yaraları, sol əlin V barmağının qançır-şişkinliyi küt əşyanın təsirindən müayinədən bir neçə saat əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə əmələ gəlmişdirlər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Əsaslandırıcı hissə: Məhkəmə iddia tələbinin “maddi ziyanın əvəzi olaraq 1114 manat pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən maddi ziyanın əvəzi olaraq 1114 manat pulun iddiaçıya ödənilməli olması qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilmir. Məhkəmə iddia tələbinin “mənəvi ziyanın əvəzi olaraq 2000 manat pulun tutulması” hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, cavabdehin təqsiri nəticəsində iddiaçıya xəsarət yetirilmişdir. Bu hal iddiaçıda mənəvi sarsıntı və iztiraba səbəb olmuşdur. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarında izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qərarın 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Qərarın 10-cu maddəsinə əsasən Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı ünvan 1 ünvanda yerləşən "xxxx" MTK-nın həyətində təhqir etmiş, nalayiq ifadələr işlətmiş, habelə İddiaçı sol gicgah-çənə oynağında hərəkət məhdudluğu və çeynəmə aktının pozulması ilə müşayiət olunan sol qulaq altı çeynəmə nahiyəsinin sol yanaq və üst dodaq nahiyəsini əhatə edən qançır-şişkinlik halında əzilməsi, üst dodağının və ağız boşluğunun selikli qişasının iri ölçülü əzilmiş yaraları, sol əlin 5-ci barmağının qançırı-şişkinliyindən ibarət xəsarətlər yetirmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində iddiaçının döyülməsi və təhqir edilməsi ilə əlaqədar mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stress, əzab və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməyə haqlıdır. Məhkəmə sonda hesab edir ki, məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsini, bunun nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsirini (qəsd və yaxud ehtiyatsızlıq), habelə işin sair diqqətəlayiq hallarını nəzərə almaqla ağlabatan məbləğ olaraq 1000 (bir min) manat pul vəsaiti vurulmuş mənəvi ziyanın əvəzi kimi Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, vurulmuş mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat, habelə ödənilmiş 52 (əlli iki) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manatı olmaqla, cəmi 1020 (bir min iyirmi) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli, ödənilmiş 52 (əlli iki) manat məbləğində dövlət rüsumunun qalan 32 (otuz iki) manatı isə iddiaçıya aid edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Vurulmuş mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat, habelə ödənilmiş 52 (əlli iki) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manatı olmaqla, cəmi 1020 (bir min iyirmi) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 52 (əlli iki) manat məbləğində dövlət rüsumunun qalan 32 (otuz iki) manatı isə iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-4082/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4082/2022
02.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver