Məhkəmə qərarları › İş №2(006)-4114/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4114/2021

20.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4114/2021 20.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlu, İddiaçı cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı «poliklinikanın özəlləşdirilməsinin qanunsuz hesab edilməsi» tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı «poliklinikanın özəlləşdirilməsinin qanunsuz hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd (rəsmi qəbz) məhkəməyə təqdim edilmədiyinə görə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən iddia ərziəsi verilərkən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə olunur. Həmin Məcəllənin 152.1.5-ci maddəsində qeyd olunur ki, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin, iddia ərizəsinin ilkin araşdırması zamanı müəyyən olundu ki, göstərilən tələbə mülki mühakimə icraatı qaydasında müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Belə ki, tərəflər arasında yaranmış hüquq münasibətlərin xarakterinə hüquqi qiymət verilərkən müəyyən edilir ki, mübahisə tərəflərin həyata keçirdikləri kommersiya fəaliyyətindən irəli gələn münasibətlərdən (özəlləşdirilmənin qanunsuz hesab edilməsi) yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18.09.2020-ci il tarixli 10 saylı Qərarının 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra qeyd olunan məsələ ilə əlaqədar olaraq müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Eyni Məcəllənin 152.3-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı «poliklinikanın özəlləşdirilməsinin qanunsuz hesab edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar