Məhkəmə qərarları › İş №2(006)-4115/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4115/2023

23.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4115/2023 23.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı Sadiq qızının iştirakı ilə, İddiaçı Sadiq qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təsviri hissə:

1. İddiaçı Sadiq qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ÖM seriyalı, 183513 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 34 saylı evin 24,23 yaşayış sahəsindən ibarət iki otaqlı, 13 saylı mənzili xx.xx.2004-cü ildə alqı-satqı müqavilə əsasında almışdır. Müvafiq mənzil reyestr kitabında 30/3966 nömrəli xx.xx.2004cü il tarixdə adına qeydiyyata alınmışdır. Hazırda sözügedən mənzil onun xüsusi mülkiyyətindədir. Cavabdehlərin ona məxsus mənzildə olmaları mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və onun mülkiyyətində olan ev üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Bu səbəbdən hesab edir ki, cavabdehlərin mülkiyətində olan mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Cavabdehlərin bu müddət ərzində pasport qeydiyyatında formal olaraq qalması nəticəsində o mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəmək məcburiyyətində qalmışdır.

3. Göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən 34 saylı evin 13 nömrəli mənzilin\ olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, cavabdehlər heç bir səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

7. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçı ilə Cavabdeh1 arasında alqı-satqı müqaviləsi bağlanmış, Bakı şəhəri, Pişəvari küçəsi, (indiki Cavadxan küçəsi) 34 saylı evin 24,23 kv.m yaşayış sahəsindən ibarət iki otaqlı, 13 saylı mənzili Cavabdeh1 tərəfindən İddiaçı Sadiq qızına 550.000 manata satılmışdır.

b) Mülki işin materialları:

8. Belə ki, iş materiallarında olan Bakı şəhəri 22 saylı dövlət notariat ofisində xx.xx.2003-cü il tarixdə 4Ə-3/476 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinin ksreosurətindən görünür ki, İddiaçı Sadiq qızı ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2003-cü il tarixli, 207880 saylı alğı-satqı müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən satıcı Bakı şəhəri, Pişəvari küçəsi, (keçmiş Cavadxan küçəsi) 34 saylı evin 24,23 kv.m yaşayış sahəsindən ibarət iki otaqlı, 13 saylı mənzili alıcının mülkiyyətinə veriri, alıcı isə mənzilin dəyərini 550.000 manatı satıcıya ödəyir.

9. İş materiallarında olan ÖM seriyalı, 83513 nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, İddiaçı Sadiq qızı Bakı şəhəri, Cavadxan küçəsi, 34 saylı evin 24,23 kv.m yaşayış sahəsindən ibarət iki otaqlı, 13 saylı mənzilinə xüsusi mülkikiyyət hüququ xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmışdır.

10. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında qeydiyyatdadırlar.

11. İş materiallarında olan Azərbaycan RespublikasınİN İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Resyestrı publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, ünvan 3ycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq, yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, 176, M5, m1 ünvan rekviziti təyin edilmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

14. Maddənin məzmunundan göründüyü kimi mülkiyyət hüququ özündə 3 elementi – sahiblik, istifadə və sərəncam hüquqlarını birləşdirir.

15. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.

16. Həmin Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir.

17. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir.

18. Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.

20. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.

21. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.

22. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mənzil iddiaçının mülkiyyətində olduğundan, cavabdehlər mənzil satıldıqdan sonra faktiki olaraq könüllü şəkildə mübahisəli mənzildən çıxaraq başqa ünvanda yaşamaqla və mənzilin satılması zamanı bununla bağlı iradə ifadəsinin mövcud olması və nəticədə formal olaraq qeydiyyatda qalmaları iddiaçının həmin mənzil üzərində həm sərəncam vermək, həm də əmlakdan maneəsiz istifadə etmək hüququnu məhdudlaşdırır və bu səbəbdən cavabdehlərin mübahisəli mənzildə istifadə hüququ qala bilməz.

23. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, cvabdehlər sözügedən mənzili satarkən qeydiyatda qalmaqları barədə yeni mülkiyyətçi qarşısında hər hansı şərt göstərməmişdir. Bu isə ona deməyə əsas verir ki, cavabdehlər əmlak satılarkən bütünlükdə buna razılıq vermişlər (hüquqların itirilməsi). Həmçinin Cavabdeh3 əmlak satılarkən yetkinlik yaşına çatmayan şəxs olduğundan onun razılığının alınması da tələb edilmirdi.

24. Bundan başqa “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdar.Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

29. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızının Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, 176, M5, 1 saylı mənzilə (köhnə qaydalarla) Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 34 saylı evin 13 saylı mənzilə) istifadə hüquqları itirilmiş hesab edilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir.

30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ :

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, 176, M5, 1 saylı mənzilə (köhnə qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 34, 13 saylı mənzilə) istifadə hüquqları itirilmiş hesab edilsin. Bu qətnamə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar