Məhkəmə qərarları › İş №2(006)-413/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-413/2023

10.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-413/2023 10.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, eyni zamanda iddiaçı X1 nümayəndəsi və İddiaçı2 qanuni nümayəndəsi İddiaçı1 iştirakı ilə İddiaçılar İddiaçı1, X3 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçılar İddiaçı1, X3 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışlar ki, iddiaçılar İddiaçı2 və X3 İddiaçı1 qızlarıdır. Rəqsanə yetkinlik yaşına çatdığı üçün İddiaçı1 onun etibarnamə üzrə nümayəndəsidir, Səbinə yetkinlik yaşına çatmadığı üçün onun qanun üzrə nümayəndəsidir. Onun həyat yoldaşı, qızlarının isə atası mərhum X4 2N7-ci ilin may ayının 11-də N saylı hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi X13 N saylı hərbi hissənin hal-hazırda istintaqla şəxsiyyətləri müəyyən edilməmiş hərbi qulluqçuları ilə birlikdə onun guya düşmənlə əməkdaşlıq etməsini etiraf etdirmək məqsədi ilə ona mütəmadi olaraq xüsusi amansızlıqla ağır iztirablar verməklə, zorakı hərəkətlərə məruz qoymuş, X9 aldığı çoxsaylı xəsarətlərdən xx.xx.2N7-ci il tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında ölmüşdür. Onlara xəbər verilmədən tanımadıqları şəxslər əri Səxavət Binnətovun meyitini gətirib guya vətən xaini olduğuna görə kənd qəbirstanlığında dəfn olunmağa layiq olmadığını bildirərək, qəbirstanlıqdan kənar yerdə ekskavatorla qazıb basdırmışlar. Ərinin meyitini müsəlman qaydası ilə dəfn etməmiş, bir quyu qazaraq içinə atıb üstünü traktorla dümdüz etmişlər. Traktorla həmin ərazini elə düzəltmişdirlər ki, onlar mərhum ərinin, eyni zamanda digər iddiaçıların atasının qəbrinin yerini belə tapa bilməmişlər, hətta Səxavətin meyitini belə onlara göstərməmişlər. Onlar Səxavətin vətən xaini olmasına heç cür inana bilməmişlər. Onun necə mərd, vətənini, dövlətini sevən bir azərbaycan vətəndaşı olduğunu bilmişlər. İddiaçı1 dəfələrlə əlaqədar təşkilatlara müraciət edəndən sonra istintaqı aparan müstəntiq Səxavətin heç bir günahının olmadığını, onun səhvən hərbi hissəyə gətirilib etmədiyi cinayəti boynuna qoymaq məqsədilə zorakılığa məruz qalmasını bildirmişdir. Ərinin basdırılmasından 11 ay keçəndən sonra müstəntiq tərəfindən meyit eksqumasiya olunaraq kənd qəbirstanlığında dəfn edilmişdir. Tərtər Hərbi Məhkəməsinin xx.xx.2N9-cu il tarixli hökmü ilə ərinin ölümündə təqsirli bilinən şəxslər müxtəlif müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilərək mənəvi zərərin əvəzi kimi 50.000 manat pulun dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən onun xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilməmiş saxlanılmışdır. Həmin vaxt vəkil iddia ərizəsi tərtib edərkən düzgün olmayaraq yalnız ona «mənəvi ziyanın ödənilməsi» tələbini qoymuşdur. Ona görə də iddiaçı hazırda həm özünün, həm də digər iddiaçıların pozulmuş hüquqlarının bərpası məqsədi ilə onlara maddi zərərin ödənilməsi, iddiaçılar X2 və İddiaçı2 mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşlar. Dövlət hakimiyyət orqanının vəzifəli şəxslərinin qanunsuz və hüquqa zidd cinayət xarakterli hərəkətləri nəticəsində təkcə ona deyil, həm də övladlarına, yəni iddiaçılar X2 və İddiaçı2 maddi və mənəvi ziyan dəymişdir. Göstərilən cinayət nəticəsində onun həyat yoldaşının, övladlarının isə atalarının öldürülməsi onların hər birlərinin mənəvi sarsıntı keçirdiklərinə səbəb olmuşdur. İddiaçının mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə əlaqədar Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri Tərtər rayon Məhkəməsinin xx.xx.2N9-cu il tarixli, 1(098)-7/2N9 saylı hökmündə öz əksini tapan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində ailə başçısının, yəni həyat yoldaşının və övladlarının atasının ölməsi faktı ilə yanaşı həmçinin həyat yoldaşının barəsində istər xidmət yoldaşları, istərsə də yaşadıqları rayonda (kəndə) əhali arasında yaranmış mənfi fikir və şübhələr də iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Beləliklə, ailə başçısının, yəni mərhum Binnətov Səxavətin günahsız yerə işgəncə verilərək öldürülməsi, iddiaçılara həm maddi, həm də mənəvi zərər vurulması məhkəmə hökmü və qətnaməsi ilə sübuta yetirilmişdir. İddiaçı1 müəyyən həyat təcrübəsi olan adam kimi baş verənlərlə əlaqədar bir qədər dözümlü olsa da, övladları yeniyetmə yaşlarında bu kimi qanunsuzluqlarla, biabırçıqlarla qarşılaşdıqda daha ağır sarsıntı keçirərək, bir qədər xəstə yatmışlar. Ona görə də onlara da mənəvi zərər ödənilməlidir. Bundan başqa, ailə başçısının ölümü onları maddi cəhətdən də ağır vəziyyətə salmışdır. Bununla əlaqədar onların hər üçünə vurulmuş maddi zərərə görə kompensasiya da ödənilməlidir. Bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı yaşanan streslər, iztirablar əzab və əziyyətlər ilə bağlı vurulmuş maddi və mənəvi zərərin ödənilməsini həm onun, həm də qızlarının tələb etmək hüququ vardır. Göstərilənlərə əsasən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən iddiaçılara vurulmuş maddi zərərə görə hər birinin xeyrinə ayrılıqda 50.000 manat olmaqla, cəmi 150.000 manat kompensasiyanın, İddiaçı2 və iddiaçı X2 vurulmuş mənəvi zərərə görə isə ayrılıqda hər birinin xeyrinə 50.000 manat, cəmi 100.000 manat məbləğində kompensasiyanın tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçı, eyni zamanda digər iddiaçıların nümayəndəsi İddiaçı1 Qias qızı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Odur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir.

5. Məhkəmə iddiaçının (digər iddiaçıların nümayəndəsi) izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İş materiallarında olan Tərtər rayon Dəmirçilər kənd İƏV üzrə nümayəndəliyi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş AZ-İİ № 236687 seriya nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X5 ilə İddiaçı1 nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il tarixdə N nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Haqverdiyeva soyadı verilmişdir.

7. İş materiallarında olan Tərtər rayon Dəmirçilər kənd İƏV tərəfindən verilmiş AZ-İ № 410543 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.2003-cü il tarixdə Tərtər rayonun Cəmilli kəndində anadan olmuş, ata qrafasında X5, anası İddiaçı1 göstərilmişdir.

8. İş materiallarında olan Tərtər rayon Cəmilli kənd İƏV tərəfindən verilmiş AZ-İ № 646878 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı2 xx.xx.2005-ci il tarixdə Tərtər rayonun Cəmilli kəndində anadan olmuş, ata qrafasında X5, anası İddiaçı1 göstərilmişdir.

9. İş materiallarında olan Tərtər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2N7-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2N7ci ildə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2N7-ci il tarixdə 117 № ilə qeyd edilmişdir. Ölümün səbəbi qarın boşluğu orqanlarının travmasıdır.

10. İş materiallarında olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2N8-ci il tarixli məktubun surətindən görünür ki, Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrinin hərbi qulluqçularının dövlətə xəyanət etmələri faktları ilə bağlı istintaq olunmuş cinayət işinin istintaqı zamanı nəinki S.İ.Binnətovun dövlətə xəyanət etməsi faktı müəyyən edilməmiş, ümumiyyətlə istintaqa belə bir məlumat daxil olmamış və araşdırılmamış, S.İ.Binnətov cinayət prosesinə hər hansı prosessual statusda cəlb edilməmiş, ona görə də barəsində hər hansı qərar qəbul edilməmişdir.

11. İş materiallarında olan Səbail rayon Məhkəməsinin 2(009)-513/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, mənəvi zərərin əvəzi olaraq dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı1 xeyrinə 50.000 manat məbləğində pul tutulmuşdur. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Tərtər Hərbi Məhkəməsinin xx.xx.2N9-cu il tarixli, 1(098)-7/2N9 saylı hökmü ilə Səxavət Binnətovun ölümündə təqsirli olan şəxslər - X13 Azərbaycan Respublikası CM-nin 125, 126.2.1, 126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 134, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə cinayətlərin məcmusu qaydasında 10 il müddətinə, X8 CM-nin 125,126.2.1,126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 341.2.1 və 3412.3-cü maddələri ilə cinayətlərin məcmusu qaydasında 6 il müddətinə, X6 CM-nin 125,126.2.1,126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 341.2.1 və 341.2.3-cü maddələri ilə cinayətlərin məcmusu qaydasında 6 il müddətinə məhrum etmə cəzasına məhkum edilmişlər. Həmin qətnamə ilə həmçinin müəyyən edilmişdir ki, Tərtər Hərbi Məhkəməsinin xx.xx.2N9-cu il tarixli hökmü X10 aid hissədə qüvvədədir, digər təqsirləndirilən şəxslərə aid hissədə məhkəmə baxışı davam etdirilir.

12. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1481/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-513/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu mərhum X5 xx.xx.2N4-cü il tarixdən xx.xx.2N7-ci il tarixə kimi hərbi hissədə baş sürücü vəzifəsində xidmət etmiş və həmin dövr ərzində ona 29.090,62 manat pul təminatı hesablanaraq ödənilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının həyat yoldaşının və digər iddiaçıların (uşaqların) atalarının dövlətə xəyanət etməkdə şübhəli bilinməklə, fiziki və psixi zor tətbiq edilməyə və işgəncələrə məruz qalaraq ölməsi ilə əlaqədar iddiaçıların mənəvi sarsıntı keçirmələrinə səbəb olmuşdur. Bu səbəbdən iddiaçılar onlara vurulmuş maddi və mənəvi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur».

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

19. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

20. Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

21. Tərtər Hərbi Məhkəməsinin xx.xx.2N9-cu il tarixli hökmü ilə müəyyən edilmişdir ki, X13 N nömrəli hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi vəzifəsində, ədliyyə mayoru rütbəsində hərbi xidmətdə olarkən xx.xx.2N7-ci il tarixdə günorta saatlarında dövlət xəyanət etməkdə şübhəli bildiyi, N nömrəli hərbi hissənin zenit-raket artilleriya batareyasının 1-ci tağımının 2-ci manqasında sürücü vəzifəsində, əsgər rütbəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu X4 N nömrəli hərbi hissənin köhnə qərargah binasına gətizdirərək, onun fiziki və psixi zor tətbiq edilməklə və işjəncə verilməklə sorğu-sual edilməsinə dair göstəriş vermişdir. Fuad Ağayev, habelə onun qanunsuz göstərişinə əsasən N nömrəli hərbi hissənin hal-hazırda istintaqla şəxsiyyətləri müəyyən edilməmiş hərbi qulluqçuları qabaqcadan əlbir olan bir qrup şəxs halında, Səxavət Binnətovdan onun düşmən tərəfindən kimin vasitəsilə, hansı şəraitdə, nə vaxtdan məxfi əməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri, onun özünün hansı hərbi qulluqçuların düşmən tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsini təşkil etməsi, düşmənlə əməkdaşlıq edən digər hərbi qulluqçular barədə məlumatlar verməsini tələb edərək, təkrarən qəsdən xüsusi amansızlıqla, o cümlədən ağır iztirablar verməklə aşkar surətdə köməksiz vəziyyətdə olan Səxavət Binnətova qarşı zorakı hərəkətlər etmiş, müxtəlif üsul və metodlarla fiziki zor tətbiq edərək işgəncə vermiş, ehtiyacı olduğu halda zəruri tibbi yardım göstərilməsini və ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilməsini təmin etmədən işgəncə verməyə davam edərək, Səxavət Binnətova xəsarətləri yetirərək, qəsdən onun sağlamlığına insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşlar. X9 xx.xx.2N7-ci il tarixdə saat 11 radələrində 056 nömrəli hərbi hospitala aparılmış, saat 13 radələrində isə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyə edilib, orada müalicə tədbirlərinin görülməsinə baxmayaraq, xx.xx.2N7-ci il tarixdə bədənin küt travması nəticəsində dalaq və qaraciyərin çırılmasından baş vermiş daxili qanitirmə səbəbindən hospitalda ölmüşdür.

22. Məhkəmə qeyd edir ki, Tərtər Hərbi Məhkəməsinin xx.xx.2N9-cu il tarixli hökmü X10 aid hissədə qüvvədədir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

24. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarunda vurğulanmışdır ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyətli olduğunu göstərmişdir ki,

25. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2N6-cı il 23 fevral tarixli Qərarı).

26. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli Qərarının 4-cü bəndində göstərilmişdir ki, Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qnüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə müvafiq olaraq, məhkəmənin qanuni qüvvəyə minmiş hökmün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni, məhkəmənin qanuni qüvvəyə mnmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın preyudisial əhəmiyyəti prosessual qanunvericiliklə müəyyən edilmiş subyektiv və obyektiv hədlərdə mümkündür. Preyudisiallığın subyektiv həddi şəxslərin dairəsi ilə, obyektiv həddi isə hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsi ilə müəyyən edilir».

27. Məhkəmə qeyd edir ki, iddiaçının həyat yoldaşının və digər iddiaçıların (uşaqların) atalarının Tərtər Hərbi Məhkəməsinin xx.xx.2N9-cu il tarixli hökmü ilə müəyyən edilmiş qaydada və şəraitdə, yəni dövlətə xəyanət etməkdə şübhəli bilinməklə, fiziki və psixi zor tətbiq edilməyə və işgəncələrə məruz qalaraq ölməsi faktı iddiaçıların mənəvi sarsıntı keçirmələrinə səbəb olmuşdur.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, «Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “...xüsusi ilə qeyd olunmalıdır ki, mülki qanunvericilikdə şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi həyat sirri və şəxsi tozunulmazlıqla bağlı pozuntuların nəticəsində dəymiş ziyanın ödənilməsi nəzərdə tutulsa da digər şəxsi qeyri-əmlak hüquqlarından və qeyri-maddi nemətlərdən istifadə etmək hüquqlarının pozulması nəticəsində vurulmuş ziyanın ödənilməsi müəyyən olunmamışdır”.

29. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenimunun 3 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ail əvə tibbi sirlərinin açıqlanması şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Konstitusiyanın 68-ci maddəsinin İİ hissəsi cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqlarının qanunla qorunmasını bəyan edir və zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququnu müəyyən edir. Həmin maddənin İV hissəsində qeyd edilir ki, dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Konstitusiyasının bu norması insan hüquq və azadlıqlarının pozulduğu təqdirdə zərərçəkmiş şəxsə dəymiş ziyana görə kompensasiyanın ödənilməsini ədalətli sayaraq bu öhdəliyin yerinə yetirilməsində dövlətin də məsuliyyətini müəyyən edir. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s.nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqhdarı) ədalətlilik vıə mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir… Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərər görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincdəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur».

31. Həmin Qərarda həmçinin göstərilmişdir ki, mülki qanunvericiliyin qeyd edilən normaları ilə hüquqa zidd hərəkət nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. Mulki Məcəllənin 21-ci maddəsi ilə isə hüquqa zidd əməl nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranırsa, həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq şəxs mənəvi zərərin ödənilməsini tələb edə bilər. Mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması ba barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilər və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. Mülki Məcəllənin 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Başqa şəxsə zərər vurulması həmin maddə ilə hüquq və vəzifə doğuran əsas kimi nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 14.2.6-cı maddəsi). Bu hüquq normasındakı «qanunvericilikdə nəzərdə tutulmasa da» ifadəsi isə bilavasitə Məcəllə ilə nəzərdə tutulmayan hallarda belə mənəvi zərərin ödənilməsi ilə bağlı tələbin irəli sürülməsi üçün əsas yaradır. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdar, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s.amillər nəzərə alınmalıdır».

32. İddiaçılara vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı X. Haqverdiyeva ona və digər iddiaçılara (uşaqlara) cəmi 150.000 manat maddi ziyanın vurulduğunu iddia etsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçılara cəmi 150.000 manat maddi ziyanın tutulması hissəsində iddia tələbi təmin edilməməlidir.

33. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi).

34. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

35. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

36. Məhkəmə mənəvi zərərin əvəzinin ödənilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslıdır və təmin edilməlidir.

37. Məhkəmə iddiaçılar Rəqsanə Binnətzadənin və yetkinlik yaşına çatmamış İddiaçı2 ataların hüquqa zidd əməlin ölümünə səbəb olmasını və bunun nəticəsində onların keçirdiyi mənəvi sarsıntıların və iztirabların dərəcəsini, ana ilə müqayisədə onların atalarının övladı olmaqla ata qayğısına dərin ehtiyacının olmasını, gənc olmalarını, habelə işin digər diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, İddiaçı2 xeyrinə 50.000 manat məbləğində pul tutularaq onun qanuni nümayəndəsi İddiaçı1 və digər iddiaçı X2 50.000 manat məbləğində pul ödənilməlidir.

38. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən dövlət büdcəsi hesabına vurulmuş mənəvi zərərə görə ayrı-ayrılıqda İddiaçı2 xeyrinə 50.000 (əlli min) manat məbləğində pul tutularaq onun qanuni nümayəndəsi İddiaçı1 və digər iddiaçı X2 50.000 (əlli min) manat məbləğində pul ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

40. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən dövlət büdcəsi hesabına vurulmuş mənəvi zərərə görə ayrı-ayrılıqda İddiaçı2 xeyrinə 50.000 (əlli min) manat məbləğində pul tutularaq onun qanuni nümayəndəsi İddiaçı1 və digər iddiaçı X2 50.000 (əlli min) manat məbləğində pul ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar