Məhkəmə qərarları › İş №2(006)-4133/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4133/2022

11.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4133/2022 11.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilmək və barəsində tətbiq olunmuş prosessual məcburiyyət tədbiri nəticəsində ona vurulmuş maddi ziyana görə 30.000 (otuz min) manat və mənəvi ziyana görə 100.000 (yüz min) manat məbləğində, cəmi 130.000 (yüz otuz min) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Beyləqan Rayon Polis Şöbəsinin istintaq bölməsinin baş müstəntiqi polis baş leytenantı X7 11 noyabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatına bəraətverici əsasla əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsi ilə xitam verilmişdir. 23 iyun 2021-ci il tarixdə Ağcabədi Rayon Polis Şöbəsinin istintaq bölməsinin baş müstəntiqi polis kapitanı X1 Elyaz Yaqub oğlu barəsində CM-nin 228.1-ci maddəsi ilə cinayət işi başlamış, 23 iyun 2021-ci ildə onu həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutmuş, 23 iyun 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb etmiş və həmin tarixdə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorunun 10 avqust 2021-ci il tarixli qərarı ilə cinayət işinin istintaqı Beyləqan Rayon Polis Şöbəsinin istintaq bölməsinə tapşırılmış, cinayət işi 14 avqust 2021-ci ildə Beyləqan Rayon Polis Şöbəsinin baş müstəntiqi Elton Ağayev tərəfindən icraata qəbul edilərək hərtərəfli və obyektiv istintaq aparılmış, 11 noyabr 2021-ci il tarixdə cinayət işinin icraatına əməlində cinayət tərkibi olmaması bəraətverici əsasla CPM-nin 39.1.2-ci maddəsi ilə xitam vermişdir. Beləliklə, qanunsuz və əsassız olaraq 23 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Ağcabədi rayon X3 saxlanılmışdır. Qanunsuz və əsassız olaraq məruz qaldığı cinayət təqibi üzrə 23 iyun 2021-ci il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barəsində həmin tarixdə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, 11 noyabr 2021-ci il tarixə, yəni cinayət işinin icraatına xitam verilənə kimi başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri qalmışdır. Qanunsuz və əsassız olaraq şübhəli şəxs qismində tutulması və prosessual məcburiyyət tədbiri altında qalması nəticəsində o, psixi sarsıntı keçirmiş, müəllim kollektivinin, qohumları, azyaşlı nəvələri, dostları və tanışları arasında nüfuzdan düşmüşdür, həmin şəxslərin əvvəllər dərs dediyi insanların, müəllim kollektivinin münasibətləri ona qarşı pisləşmişdir, çünki onlar onu cinayətkar hesab etmişlər, onların ona qarşı mənfi fikirlər formalaşmışdır. Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, ona qarşı edilən qanunsuzluqlar nəticəsində onun Azərbaycan Respublikası konstitusiyası və digər qanunvericilik normaları ilə nəzərdə tutulan hüquq və azadlığının qanunsuz olaraq pozulması nəticəsində ona maddi və mənəvi zərər dəymişdir. Ona vurulmuş maddi ziyanın 30.000 manat, mənəvi ziyanın məbləğini isə 100.000 manat məbləğində qiymətləndirir. Belə ki, o, uzun müddət müəllim işləmişdir, hazırda təqaüddədir, açıq ürək əməliyyatına məruz qalmışdır, şəkər xəstəsidir. Hüquq və azadlığının qanunsuz və əsassız olaraq pozulması nəticəsində ona 30.000 manat maddi zərər dəymişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X2 məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən aydın olur ki, İddiaçı Ağcabədi Rayon Polis Şöbəsinin hərəkətlərini qanunsuz hesab edərək ona həm maddi, həm də mənəvi ziyan vurulduğunu hesab edir və bu əsasda ona vurulmuş ziyana görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən öz xeyrinə, maddi ziyana görə 30.000 (otuz min) manat, mənəvi ziyana görə isə 100.000 (yüz min) manat, ümumilikdə 130.000 (yüz otuz min) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edilir ki, həmin iddia tələbi rədd edilməlidir. İlk növbədə bildirlir ki, Mülki Prosessual Məcəlləsinin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmçinin, həmin Məcəllənin 35-ci maddəsinə əsasən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hazırki iş üzrə iddia ərizəsində Maliyyə Nazirliyi cavabdeh qismində göstərildiyi üçün işə Ağcabədi Rayon Məhkəməsində deyil, Nəsimi Rayon Məhkəməsinə baxılmalıdır. İş materiallarından göründüyü kimi iddiaçı cinayət prosesini həyata keçirən orqanların hərəkətləri ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini Maliyyə Nazirliyinə yönəltmişdir. Lakin, iş materiallarından da aydın olur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçının hüquqlarını pozacaq hər hansı bir hərəkət (hərəkətsizliyə) yol verilməmişdir. Həmçinin bildirilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin zanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası (konkret dövlət büdcəsi nəzərdə tutulmamışdır) qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Digər tərəfdən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.3-cü maddəsində qeyd olunur: “Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər.” Bu isə o deməkdir ki, Azərbaycan Respublikası adından çıxış edən orqan təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyildir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövləl büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların sifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyələşdirir. Maliyyə Nazirliyinin polis orqanlarının əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Bildirilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi Qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bundan başqa, maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə 5jən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır, indiki halda isə iddiaçı tələb etdiyi mənəvi zərərin miqdarını heç bir meyara söykənmədən şəxsi istəyi ilə müəyyən etmişdir və ağlabatan deyildir. Bu baxımdan onun faktlara və sübutlara deyil şəxsi mülahizələrinə söykənən bu iddiası təmin edilə bilməz. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin mövcudluğu ilə əlaqədar heç bir sübut göstərə bilməmişdir, sübut kimi sadəcə olaraq sadaladığı faktlar əsassızdır. Həmçinin, qeyd etdiyi məbləğ heç bir real fakta əsaslanmır, əsassızdır. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağrılmış, lakin qabaqcadan heç bir məlumat vermədən məhkəmə baxış iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 11 noyabr 2021-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında Qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraata X6 və İddiaçı əməlində cinayət tərkibi olmadığından cinayət işi üzrə icraata xitam verilmişdir. Mülki işin materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2(017)-784/2022 saylı “mülki işin ərazi aidiyyəti üzrə göndərilməsinə dair” Qərardadına əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi və qanunsuz prosessual məcburiyyət tədbirinin seçilməsi nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, mülki işin araşdırılmış hallarından müəyyən olundu ki, 23 iyun 2021-ci il tarixdə Ağcabədi rayon polis şöbəsinin istintaq bölməsinin baş müstəntiqi, polis kapitanı X4 tərəfindən hazırki iş üzrə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, 23 iyun 2021-ci il tarixdə o, Ağcabədi rayon polis şöbəsinin istintaq bölməsinin baş müstəntiqi, polis kapitanı X4 tərəfindən Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham edlan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 11 noyabr 2021-ci il tarixdə isə İddiaçı əməlində cinayət tərkibi olmadığından cinayət işi üzrə icraata xitam verilmişdir. Hazırda İddiaçı cavabdehdən qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində tətbiq olunmuş prosessual məcburiyyət tədbiri nəticəsində ona vurulmuş maddi ziyana görə 30.000 manat və mənəvi ziyana görə 100.000 manat məbləğində pulun tutularaq ona ödənilməsini tələb edir. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır və təmin edilməlidir. Belə ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, İddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi və ona prosessual məcburiyyət tədbirinin tətbiqi nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, İddiaçı xeyrinə ədalətli həddə, yəni vurulmuş mənəvi ziyana görə 500 (beş yüz) manat məbləğində pul vəsaiti tutulmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 23 iyun 2021-ci il tarixdən 11 noyabr 2021-ci il tarixə qədər (5 ay) qanunsuz və əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilərək, barəsində iltizam növündə prosessual məcburiyyət tədbiri müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Beyləqan Rayon Polis Şöbəsinin istintaq bölməsinin baş müstəntiqi polis baş leytenantı X7 11 noyabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatına bəraətverici əsasla əməlində cinayət tərkibi olmadığına görə İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsi ilə xitam verilmişdir. 23 iyun 2021-ci il tarixdə Ağcabədi Rayon Polis Şöbəsinin istintaq bölməsinin baş müstəntiqi polis kapitanı X1 Novruz Yaqub oğlu barəsində CM-nin 228.1-ci maddəsi ilə cinayət işi başlamış, 23 iyun 2021-ci ildə onu həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutmuş, 23 iyun 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb etmiş və həmin tarixdə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. 11 noyabr 2021-ci il tarixdə cinayət işinin icraatına əməlində cinayət tərkibi olmaması bəraətverici əsasla CPM-nin 39.1.2-ci maddəsi ilə xitam vermişdir. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 500 manat məbləğində təmin olunmasını məhkəmə ağlabatan hesab edir. Məhkəmə iddia tələbinin vurulmuş maddi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı ona vurulmuş maddi zərərlə bağlı (əmək haqqı, pensiya, başqa gəlirlərin itirilməsi, xərclər və sair) hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə ijlasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi və onun barəsində tətbiq olunmuş prosessual məcburiyyəti tədbiri nəticəsində ona vurulmuş mənəvi ziyana görə 500 (beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində tətbiq olunmuş prosessual məcburiyyəti tədbiri nəticəsində ona vurulmuş mənəvi ziyana görə 500 (beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar