Məhkəmə qərarları › İş №2(006)-4138/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4138/2020

21.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4138/2020 21.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2.642 manat pul vəsaiti, hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.972 manat pulun cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Naxçıvan MR Şərur rayonu Məmmədsabir kəndində qeydiyyatda olsa da, uzun müddətdir ki, Bakı şəhərində yaşayır. O, 2019-cu ilin sentyabr ayında «BMW 328İ» markalı ** KC *** dövlət qeydiyyat nişanlı, 2007-ci il buraxılışlı avtomobili almaq istəmişdir. Lakin qeydiyyatı Bakı şəhərinə olmadığı üçün, qeydiyyatı ünvan 1 ünvana olan tanışı Cavabdeh3 xahiş etmişdir ki, avtomobil onun adına rəsmiləşdirilsin. Elnur razılaşmış və bundan sonra həmin avtomobil xx.xx.2019-cu il tarixdə Cavabdeh3 adına rəsmiləşmişdir. Elnur isə onun adına həm avtomobili idarə etməsi, həm də avtomobillə bağlı digər hərəkətlər etməsi üçün etibarnamə vermişdir. Bir müddət sonra avtomobilin rəngini dəyişmişdir və bu barədə müvafiq qeydin avtomobilinə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində göstərilməsi üçün Azərbaycan Respublikası DİN BDYPİ-yə müraciət etmişdir. Lakin həmin idarədə ona idarə etdiyi avtomobilin üzərinə Nəsimi rayon İcra və Probasiya şöbəsi tərəfindən məhdudiyyət qoyulduğunu, buna görə də, həmin avtomobili idarə etməsinin mümkün olmadığı bildirilmişdir. Məsələnin nə yerdə olduğunu aydınlaşdırmaq üçün qeyd edilən şöbəyə yaxınlaşmışdır. Orada ona bildirilmişdir ki, X1 Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-4628/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş və cavabdehlərdən müştərək qaydada aldıqları borca görə 1.420 ABŞ dolları məbləğində pul ödəniş anında Mərkəzi Bank tərəfindən müəyyən edilmiş məzənnə üzrə manatla və vəkillik qurumu tərəfindən göstərilən hüquqi yardıma görə ödənilmiş 200 manat məbləğində pulun tutularaq X2 ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmiş, icra mərhələsində isə icra məmuru borclulara məxsus olan mövcud əmlaklar üzərinə məhdudiyyət qoymuş və nəticədə formal olaraq mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan, lakin ona «BMW 328İ» markalı ** KC *** dövlət qeydiyyat nişanlı avtomobilin də üzərinə məhdudiyyət qoyulmuşdur. Həmin vaxtdan sonra o, öz avtomobilindən istifadə edə bilməmişdir. O, uzun müddət borclulara müraciət edərək həmin pulu ödəmələrini və avtomobilin üzərindən məhdudiyyətin götürülməsini xahiş etmişdir. Lakin onun bu müraciətləri nəticəsiz qalmışdır. O, bundan sonra məcbur olub yenidən Nəsimi rayon İcra və Probasiya şöbəsinə yaxınlaşmış və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-4628/2019 saylı qətnaməsi üzrə verilmiş icra sənədi üzrə borcluların borclu olduqları ümumilikdə 2.642 manat pulu həmin iş üzrə iddiaçıya ödəmiş, yekunda isə iddiaçının ərizəsinə əsasən icra sənədinin icrasına xitam verilmişdir. İcra sənədinin icrasına xitam verildikdən sonra «BMW 328İ» markalı ** KC *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən məhdudiyyət götürülmüş və o, həmin avtomobili Cavabdeh3 mülkiyyətindən çıxarıb öz adına keçirərək, satmışdır. Bundan sonra da yenə də uzun müddət borclulara müraciət edərək, həmin pulu onların əvəzinə X2 ödədiyi üçün həmin pulu cavabdehlərin ona geri ödəmələrini xahiş etmişdir. Lakin onun bu müraciətləri də nəticəsiz qalmışdır. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2.642 manat məbləğində pul tutularaq ona ödənilməlidir. Bundan başqa, cavabdehə qarşı yönəlmiş tələb üzrə iddia ərizəsinin hazırlanması, tərtib edilməsi, sənədlərin toplanması və sair hərəkətlərin həyata keçirilməsi üçün iddiaçı ilə vəkil arasında 300 manat məbləğində müqavilə bağlanmış, iddianın məhkəməyə təqdim edilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, hesab edir ki, qeyd edilən məbləğlər nəzərə alınmaqla, cəmi 2.972 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmalıdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini etiraf edərək, məhkəməyə bununla bağlı ərizə təqdim etdi və izahatında bildirdi ki, 2.642 manat məbləğində borcu qəbul edir. Digər cavabdehlərin iddiaçıya borcu yoxdur. 2.642 manat borcu iddiaçıya özü ödəyəcək. Cavabdeh3 hazırda qismən səfərbərliyə görə səfərbər edilib və məhkəmədə iştirak edə bilmir. Bu səbəbdən, qeyd olunanların nəzərə alınaraq, borcun yalnız ondan iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan, həmçinin Cavabdeh1 iddianı etiraf etməsinə dair ərizəsindən görünür ki, İddiaçı tanışı, Cavabdeh3 adına «BMW 328İ» markalı ** KC *** dövlət qeydiyyat nişanlı avtomobil almış, Cavabdeh3 Bakı şəhəri 5 saylı notariat ofisində həmin avtomobilə dair İddiaçı adına xx.xx.2019-cu il tarixli etibarnamə vermiş, avtomobil həmin etibarnaməyə əsasən İddiaçı tərəfindən idarə edilmişdir. Hazırkı iş üzrə cavabdehlərin vətəndaş X4 1420 ABŞ dolları məbləğində borcları olduğundan, həmin şəxs cavabdehlərə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx xxxxxx 2019-cu il tarixli 2(006)-4628/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən vətəndaş X3 xeyrinə 1.420 ABŞ dolları məbləğində borcun, hüquqi yardıma görə səfr edilmiş 200 manatın və ödənilmiş 28 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin həmin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra, icraya yönəldilmiş və icra mərhələsində hazırkı iş üzrə iddiaçının Cavabdeh3 adına aldığı «BMW 328İ» markalı ** KC *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmuşdur. İddiaçı qeyd olunan məhdudiyyətə görə avtomobili uzun müddət idarə edə bilməmiş, əlacsız qalaraq yuxarıda qeyd olunan qətnamə üzrə cavabdehlərdən tutulmalı olan məbləği vətəndaş X4 ödəmişdir. Bundan sonra avtomobil üzərinə qoyulmuş məhdudiyyət götürülmüşdür. İşin faktiki hallarından göründüyü kimi, cavabhehlərdən 2.642 manat pul vəsaitinin tutulması üçün tələb hüququ hazırkı iş üzrə İddiaçı keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu, hüquqi yardım alınması üçün vəkil qurumuna xx.xx.2020-ci il tarixli 01 saylı ödəniş qəbzinə əsasən 300 manat pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 2.642 manat pul vəsaiti, hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.972 manat pul vəsaiti cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 2.642 manat pul vəsaiti, hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.972 manat pul vəsaiti cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar