Məhkəmə qərarları › İş №2(006)-414/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-414/2021

23.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-414/2021 23.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Sabinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qızına qarşı «dəymiş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qızına qarşı «dəymiş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsi, 5 saylı evin 2 nömrəli mənzilin mülkiyyətçisidir. Həmin evin cavabdehə məxsus 5 nömrəli mənzilindən (yuxarıdan) 1995-ci ildən başlayaraq, sistematik olaraq, axırıncı dəfə 03.06.2020-ci il tarixdə mənzilinə su axıntı olmuş və nəticədə mənzilində mətbəx, dəhliz, otaq və avadanlıqlar, geyim və digər əşyalar yararsız hala salınmışdır. 1995-ci ildən 2020-ci ilədək mənzilin istifadə üçün yararlı halda saxlanması üçün iddiaçı 1600 manata yaxın pul vəsaiti xərclənmişdir. Mənzilinin su ilə basması nəticəsində mənzilində olan bütün əşyalar xarab olmuşdur. Hazırda isə iddiaçıya yetirdiyi ziyanın mənzilinin əvvəlki vəziyyətin bərpasına 12000 manat pul vəsaiti zəruridir. Əşyalarının qiyməti isə 5.623 manat təşkil edir. O cümlədən:

1. Divan – 600 manat;

2. Kredmlo-çarpayı – 500 manat;

3. Şifonyer üçqapılı – 400 manat;

4. Çarpayı taxtadan – 300 manat;

5. Döşəklər 3 ədəd yundan 220x160 ölçüsü olan – 100x3=300 manat;

6. Yorğan yündan 2 ədəd 220x160 ölçüsü olan – 100x2=200 manat;

7. Yorğan dəvə yunundan 2 ədəd x 150 manat=300 manat;

8. Yataq örtülü 1 ədəd – 100 manat;

9. Əl-üz dəsmallar 40 ədəd təzə – 20 manatdan 40 ədəd = 800 manat;

10. Yataq dəsti satin pambığı 2 komplekt x 150 manat = 300 manat;

11. Brend geyim gödəkçələri: a) «Everlast» - 3 ədəd x 150 ABŞ dolları = 450 ABŞ dolları, b) «WED*ZF» - 1 ədəd 120 ABŞ dolları, c) «UNİ*QLO» 1 ədəd 120 ABŞ dolları, cəmi 450+240=690 ABŞ dolları x 1,7 manat= 1173 manat;

12. Xalça yundan 1,5 x 2,5 ölçüsü olan 1 ədəd – 500 manat;

13. Qantellər xromdan olan 150 manat Bir başa dəymiş maddi ziyanın 12000 mant mənzil üzrə və 5623 manat əşyalar üzrə cəmi 17623 manat təşkil edir. Mənəvi ziyanın maddi ziyanın ölçüsü miqdarın məbləğində iddiaçıya vurulmuşunu hesab edir. Cavabdeh könüllü olaraq ziyanı ödəməkdən imtina etmişdir. Göstərilənlərə əsasən Cavabdeh qızından iddiaçının xeyrinə bir başa dəymiş maddi ziyanın 12000 manat mənzil üzrə və 5623 manat əşyalar üzrə, cəmi 17623 manat və 17.623 manat mənəvi ziyan, cəmi 35246 manat, 30 manat dövlət rüsumu, cəmi iddia üzrə 35726 manatın birdəfəlik tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etmiş və iddiada göstərilənləri təsdiq edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, o həmin mənzildə 1998-ci il tarixdən köçüb, qonşunun evinə su sızması cuzi şəkildə olmuş, orada işləyən ustaların təqsirindən baş vermişdir. Odur ki, iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X4 iddia tələbini qəbul etməmiş və bununla bağlı etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfin cavabdehə məxsus mənzildən 1995-ci ildən başlayaraq sistematik olaraq, axırıncı dəfə 03.06.2020-ci il tarixdə onun mənzilinə su axıntısının olması barədə qeyd etdiyi fikirlər həqiqəti əks etdirmir. Belə ki, cavabdehə məxsus mənzildən iddiaçıya məxsus mənzilə sistematik olaraq su axıdılmamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi 03.06.2020-ci il tarixli akta mötəbər sübut kimi qiymət verilə bilməz. Belə ki, əvvəla MKİS-nin əməkdaşları akt tərtib edilərkən cavabdehin iştirakını təmin etməmişlər. İkincisi isə aktda baxış keçirildiyi qeyd edilsə də, hansı mənzilə baxış keçirildiyi göstərilməmişdir. Əgər doğrudan da cavabdehə məxsus mənzildən iddiaçıya məxsus mənzilə sistematik su axıdılmış olsaydı, onda iddiaçı sonuncunun mənzilinin akt mərtəbəsində yerləşən MKİS-nə bu barədə çoxsaylı şikayətlər edəedə rvər dəfə su axıntısının olması müvafiq qaydada rəsmiləşdirilərdi. Lakin iddiaçının məhkəməyə təqdim etdiyi sübutlardan da göründüyü kimi, iddiaçı yalnız 03.06.2020-ci il tarixdə MKİS-nə müraciət etmişdir. İstər tərəflərin yaşadıqları binanın hər mərtəbəsində, istərsə də 1-ci mərtəbədə hər mənzilə gedən suyun dayandırılması (bağlanılması) mümkündür ki, hər hansı bir texniki səbəbdən su axıntısı olması halında mənzilə gedən suyun dərhal bağlanılması da mümkündür. İddiaçı 1995-ci ildən onun mənzilinə su axıdıldığını qeyd etsə də, cavabdeh mənzili 1998-ci il tarixdə əldə etmişdir. Mənzili əldə edərkən də 1 otaqnlı mənzil 2 otaqlı mənzilə uyğunlaşdırılmışdır. Belə ki, mətbəxin yerində yataq otağı düzəldilmiş, mətbəx isə eyvana keçirilmişdir. Cavabdeh mənzili əldə etdikdən sonra mənzili təmin elətdirmişlər və 1998-ci ildən 2018-ci ilədək həmin mənzildə yaşamışlar. Bu müddət ərzində iddiaçı tərəfindən onun mənzilinə su axıdılması ilə bağlı cavabdeh tərəfə hər hansı bir iradı olmamışdır. 2020-ci ilin may ayından cavabdehin oğlu mənzili yenidən təmin etdirməyə başlamışdır. Təmir işləri qurtardıqdan sonra, yəni 2020-ci ilin sentyabrından cavabdehə məxsus mənzildə yalnız onun oğlu yaşayır. Mənzildə 25.09.2019-cu il tarixdə yeni sayğac quraşdırılmışdır. Ümumiyyətlə isə 2019-cu ilin əvvəlindən 2020-ci ilin sonunadək cavabdehin su sərfiyyaları olduqca az, cəmi 78 kub.m. olmuşdur. Sorğuya cavabdan da görünür ki, sayğac quraşdırıldığı vaxtdan 2020-ci ilin sonunadək su sərfiyyatı cəmi 33 kub. m.olmuşdur. İddiaçıya məxsus mənzildə uzun illərdir ki, kimsə yaşamır. İddiaçı cavabdehin bina ilə üzbəüz olan dtigər binadakı mənzildə yaşayır. İddiaçının ünvan 1 ünvandakı 2 saylı mənzildə uzun illər ərzində yaşamaması 22.01.2021-ci il tarixdə ekspert tərəfindən iddiaçının mənzilinə baxış keçirilərkən də bir daha təsdiqini tapdı. Belə ki, mənzildə uzun illər ərzində hər hansı bir təmir işlərinin aparılmadığı, mənzilin baxımsız vəziyyətdə olması açıq-aşkar görünürdü. Həmçinin mənzildə olan əşyalara baxış keçirildikdə də həmin əşyaların hər hansı birinin xarab olması, yaxud keyfiyyətini itirməsi də müəyyən olunmadı. Mənzildəki divan, kreslo-çarpayı, şifonyer üçqapılı və taxtadan çarpayının keyfiyyətində olduqca cüzi dəyişikliklər olsa da, həmin dəyişikliklər təbii aşınmanın, eləcə də uzun müddət istifadənin nəticəsində əmələ gəlmiş dəyişikliklər idi. İddia ərizəsində göstərilən digər əşyalarda da hər hansı bir xarab olma, yaxud keyfiyyətinin bu və ya digər şəkildə itirilməsi əlamətləri demək olar ki, aşkar edilmədi. Baxış zamanı 11-ci bənddə göstərilən brend geyim gödəkçələrindən yalnız bir ədəd «Everlast» gödəkçəsi aşkar edildi ki, həmin gödəkçə də təzə vəziyyətdə olmaqla, üzərində hər hansı bir dəyişiklik müəyyən edilmədi. Bu səbəbdən cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarındakı Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 08.11.2001-ci il tarixli, ÖM seriyalı 093150 №-li qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 2-ci Bulvar Məmmədyarov küçəsi, ev 5, mənzil 2 İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 543 saylı reyestr kitabının 81227 nömrəli səhifədə, 30/24565 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Müdafiə Nazirliyi Bakı Qarnizonu MİH-nin 5 №-li MİS-nin mühəndis vəzifəsində işləyən E.N.Əmiraslanov, texnik vəzifəsində işləyən S.Ə.Əzizov və elektrik qaz qaynaqçısı vəzifəsində işləyən İ.A.Ağayev tərəfindən tərtib edilmiş 03.06.2020-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsi, ev 5, mənzil 2-də yaşayan İddiaçı şikayət ərizəsi ilə müraciət etmiş və bildirmişdir ki, 5-ci mənzildə yaşayan Cavabdeh qızının mənzilindən dəfələrlə su axıdılmış, mənzil vçə avadanlıqlar yararsız hala salınmışdır. Vətəndaşın şikayətini nəzərə alaraq onlar tərəfdən baxış keçirilən zaman həqiqətən də mətbəx, dəhliz və otaqda su axıntısı aşkar olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 5 №-li Mənzil-İstismar Sahəsinin 09.06.2020-ci il tarixli, 19 saylı məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsi, 5-ci evin 5-ci mənzili 30/18529 saylı,08.08.1997-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh qızına məxsusdur. Cavabdeh qızı, oğlu – X5 ilə birlikdə göstərilən ünvanda qeydiyyatdadırlar. A.Əliyev küçəsi, ev 5 mənzil 2-də yaşayaş İddiaçı şikayət ərizəsi ilə müraciət etmiş və bildirmişdir ki, 5-ci mənzildə yaşayan Cavabdeh qızının mənzilindən dəfələrlə mənzilinə su axıdılmışdır. Xəbərdarlıq olunmasına baxmayaraq heç bir ölçü görülməmişdir və sonuncu dəfə 03.06.2020-ci il tarixdə mətbəx, dəhliz, otaq və avadanlıqların yararsız hala salınması barədə müraciət emişdir. İş üzrə «xxxx» ASC-nin Nəsimi rayonu Sukanal İdarəsinin 07.01.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 2 ünvana 25.09.2019-cu il tarixdə CSS-20 markalı ******* nömrəli suölçən cihaz quraşdırılmışdır. Həmin tarixdən 17.12.2020-ci il tarixinə (suölçən cihazın son göstərişisi qeyd olunan vaxt) suölçən cihazın 33 m3 olmuşdur. 2019-cu ilin yanvar ayından suölçən cihaz quraşdırılan tarixədək verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq hesablama yolu ilə müəyyənləşdirilmişdir. Həmin tarixdən suölçən cihaz quraşdırılan tarixədək ünvanda 1 nəfər qeydiyyatda olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş «Sudan istifadə qaydaları»na əsasən suölçən cihaz olmadıqda 1 nəfər üçün üç ay ərzində 5 m3 su sərfiyyatı nəzərdə tutulmuşdur. Belə ki, 2019-cu il yanvar ayından həmin ilin oktyabr ayınadək su sərfiyyatı 45 m3 olmuşdur. Beləliklə, 01.01.2019-cu il tarixdən 17.12.2020-ci il tarixədək ünvanda ümumi su sərfiyyatı 78 m 3 olmuşdur. Məhkəmə qərardadına əsasən təyin edilmiş «xxxx» MMC-nin LP-012/21 nömrəli, 03 fevral 2021-ci il tarixli daşınar əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə görə 1 ədəd divan – 30 manat, 1 ədəd kreslo-çarpayı – 15 manat, 1 ədəd şifonyer (üçqapılı) – 80 manat, 1 ədəd çarpayı – 20 manat, 3 ədəd döşək (yun) – 30 manat, 2 ədəd yorğan (yun) – 20 manat, 1 ədəd yorğan (dəvə yunu) – 15 manat, 1 ədəd yataq örtüyü – 5 manat, 40 ədəd əl-üz dəsmallar – 40 manat, 1 ədəd brend geyim gödəkçəsi – 50 manat, 1 ədəd xalça (1,5 x 2,5 ölçülü, yun) – 200 manat, 1 ədəd qantel (xrom) – 10 manat, ümumilikdə hazırki bazar dəyəri 515 manat təşkil etmişdir. Həmin ekspert tədqiqatının dəyəri 200 manat təşkil etmişdir. Məhkəmə qərardadına əsasən təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki obyektlərin tədqiqi və ərzaq və sənaye mallarının əmtəəşünaslıq ekspertizasının 10/3759, 9/5513 nömrəli, 19.04.2021ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsi, 5 saylı evin, 2 saylı mənzilinə yuxarı mərtəbədəki 5 saylı mənzildən su sızması faktı müəyyən olunmuş, lakin 5 saylı mənzilin qapısı bağlı olunduğu üçün, su sızmanın texniki səbəbini konkret olaraq müəyyən etmək mümkün olmamışdır. Yuxarıda göstərilənləri, o cümlədən mülki iş materiallarında olan 5 saylı MİS-nin əməkdaşları tərəfindən tərtib ediomiş 03.07.2020-ci il tarixli aktın məlumatlarını, eləcə də divarlardakı su sızma işlərini nəzərə alaraq, mübahisəli 2 saylı mənzildən su sızması baş verdiyi müəyyən olunmuşdur. Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsi, 5 saylı evin 2 nömrəli mənzilində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqiibi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 2605 manat məbləğində müəyyən olunmuşdur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, qərardadda qoyulmuş sualda göstərilən əşyaların ekspert tədqiqatına təqdim edilmədiyindən həmin əşyaların əmtəə dəyərinin müəyyən olunmasına dair tədqiqat aparılması mümkün olmamışdır. Həmin ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsi, ev 5, mənzil 2-ə Cavabdeh qızına məxsus Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsi, ev 5, mənzil 5-dən su axıtması baş vermiş və bunun nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə qeyd olunanlara qiymət verərək, habelə ekspert rəylərini əsas götürərək, belə nəticəyə gəlir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli və cavabdehdən su axıtma nəticəsində iddiaçıya vurulmuş zərərin əvəzi mənzilə görə 2605 manat, mənzildəki əşyalara vurulmuş zərərə görə 515 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçı tərəfindən ona vurulmuş maddi zərərin məhz mənzilə görə 12000 manat, mənzildəki əşyalara vurulmuş zərərə görə 5623 manat miqdarında olmasını təsdiq edən əlavə heç bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Mənəvi zərərlə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə iddiaya tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını əsaslandıra bilməmişdir. İş materiallarından göründüyü kimi, hazırda iddiaçı ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etsə də, mənəvi zərərin dəydiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia qismən təmin edilməli, Cavabdeh qızından su axıtma nəticəsində iddiaçıya vurulmuş zərərin əvəzi mənzilə görə 2605 (iki min altı yüz beş) manat, mənzildəki əşyalara vurulmuş zərərə görə 515 (beş yüz on beş) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3150 (üç min yüz əlli) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh qızından tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir. İş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsinin dəyəri 200 (iki yüz) manat Cavabdeh qızından tutulub «xxxx» MMC, VÖEN: **********, Bank: «xxxx» ASC-nin Yasamal filialı, VÖEN: ********** (bankın VÖENi), kod 512565, H/h: AZE30AZRT********************, M/h: AZE02NABZ********************, SWİFT: AZRTAZ22 hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh qızından su axıtma nəticəsində iddiaçıya vurulmuş zərərin əvəzi mənzilə görə 2605 (iki min altı yüz beş) manat, mənzildəki əşyalara vurulmuş zərərə görə 515 (beş yüz on beş) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3150 (üç min yüz əlli) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh qızından tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. İş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsinin dəyəri 200 (iki yüz) manat Cavabdeh qızından tutulub «xxxx» MMC, VÖEN: **********, Bank: «xxxx» ASC-nin Yasamal filialı, VÖEN: ********** (bankın VÖENi), kod 512565, H/h: AZE30AZRT********************, M/h: AZE02NABZ********************, SWİFT: AZRTAZ22 hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar