Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4169/2022 13.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən maddi ziyana görə 10.000 (on min) manat, mənəvi zərərə görə isə 150.000 (yüz əlli min) manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 18 yanvar 2021-ci il tarixdən 19 yanvar 2021-ci il tarixə keçən gecə saat 12:00 radələrində yaşadığı Sumqayıt şəhəri, Novxanı bağları massivində yerləşən 398 saylı bağ evində yatarkən küçə qapısının möhkəm döyüldüyünü eşitdi. Bir neçə dəqiqə ərzində əynini geyinib həyət darvazasının yanına gələrək qapını açdı. Bu zaman 4 nəfər tanımadığı şəxsi gördü və həmin şəxslər polis əməkdaşı olduqlarını deməklə icazəsiz onun həyətinə daxil oldular. Bundan sonra həmin şəxslər onun evinə daxil olaraq axtarış aparmağa başladılar və onun mobil telefonlarını əlindən aldılar. O, polis əməkdaşlarından nə axtardıqlarını soruşduqda polis əməkdaşları onun İran İslam Respublikasının vətəndaşı ilə telefon vasitəsilə danışığı olduğunu bildirdilər və İran ilə telefon danışığının səbəbini soruşdular. O da şəxsi işləri ilə əlaqədar danışdığı bildirdi. Buna baxmayaraq həmin şəxslər ona evində qanunsuz narkotik vasitə varsa təqdim etməsini təklif etmiş, əks halda özləri onun evinə 3-4 kiloqram narkotik vasitə qoyub onu tutduracaqlarını bildirdilər. O isə ümumiyyətlə narkotik vasitələrdən istifadə etmədiyini, lakin vəfat etmiş atasından istifadəyə yararsız, suvener kimi saxladığı tapança olduğunu etiraf etdi və həmin tapançanı döşəklərin arasından çıxararaq onlara təqdim etdi. Buna baxmayaraq 4 nəfər mülki geyimli polis əməkdaşları onun evini alt-üst edərək yenə axtarış aparmağa davam etdilər. Polis əməkdaşlarından biri az öncə onlara təqdim olunan tapançanı evdən götürdüyü qara rəngli torbaya qoyaraq bayıra çıxdı. Həmin vaxt polis əməkdaşlarından digər biri isə onun evində olan tanışı Zenfira Əliyevanın ona saxlamaq üçün verdiyi 1500 (min beş yüz) avronu 5800 (beş min səkkiz yüz) ABŞ dollarını evindən götürərək bayıra çıxdı. Təxmin saat yarım evdə axtarış aparıldıqdan sonra əllərinə qandal vurularaq polis əməkdaşları ilə birlikdə evdən bayıra çıxdılar. Küçəyə çıxararkən qapıda “Mercedes” markalı avtomobil olduğunu gördü, Polis əməkdaşları küçədə bir-iki dəqiqə söhbət etdikdən sonra onu avtomobilə əyləşdirərək Bakı şəhərində yerləşən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xidməti binasına apardılar. Orada xidməti otaqların birində bir saatdan çox saxlanıldı və həmin vaxt polis təhqiqatçısı Nizami Omarov ona bildirdi ki, “təkrar sənin evinə gedib baxış keçirəcəyik və sənin evindən tapança nəzərdə tutulmuş sandıqçalar və patronlar aşkar edildiyini video çəkiliş edəcəyik. 5 çəkiliş edərkən həmin şeylərin özünə məxsus olduğunu etiraf edərsən”. O isə buna etiraz etdikdə mülki geyimdə olan polis əməkdaşları ona hədə qorxu gələrək, əks halda onun evindən külli miqdarda narkotik vasitələr çıxmasını rəsmiləşdiriləcəyini və bunun da gələcəkdə ona daha ağır maddə ilə cəzalandırılmasına səbəb olacağını bildirdilər. Bu səbəbdən polis təhqiqatçısı ona bildirmişdir ki, “sənin evindən silah çıxıbsa artıq sən Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məhkum olunacaqsan. Bu patronl sandıqçalar da əlavə olunarsa sənin məhkum olunacağın maddə dəyişmir və səni qədər həbs gözləyir. Yox əgər etiraz etsən səni külli miqdarda narkotik vasitlərin saı rəsmiləşdirəcəyik və səni 12 ilə qədər həbs gözləyir”. Bundan sonra o, qorxaraq polislərin təklifi ilə razılaşdı. Bu zaman təhqiqatçı Nizami Omarov ona bildirmişdir ki, “bir neçə dəqiqədən sonra dövlət hesabına müdafiəçi dəvət olunacaq və onun üzərinə video çəkiliş vasitəsiylə baxış keçiriləcək və onun üzərində qanunsuz hər nə varsa təqdim edin deyəcək. Bundan sonra o, cibindən 3 ədəd tapança üçün nəzərdə tutulmuş patronları çıxarıb masanın üzərinə qoyacaq. O, yenə də təhqiqatçının dediklərindən imtina etmək istəsə də Vasif Bədəlov ona hədə qorxu gələrək və üzərinə gələrkən Surxay Əliyev araya girmiş və ona fiziki güc gəlməyə imkan verməmişdir. Bundan sonra polis əməkdaşları həmin 3 ədəd patronu, həmçinin evdən çıxarkən polis əməkdaşlarının ondan aldığı 2 ədəd mobil telefonu və şəxsiyyət vəsiqəsini onun gödəkçəsinin müxtəlif ciblərinə yerləşdirdilər. Bu olanlardan bir neçə dəqiqə son bir orta yaşlı kişi içəri daxil olmuş və həmin şəxsin müdafiəçi olduğunu bildirmişlər. Nəhayət həmin otaqda bir nəfər şəxs çəkiliş etməyə başlamış və o, təhqiqatçının ssenarisi üzrə hərəkət edərək qabaqcadan onun cibinə qoyulmuş 3 ədəd patronu çıxararaq masa üzərinə qoydu. Daha sonra təhqiqatçı onun üzərinə baxış keçirmiş və ciblərindən onun şəxsiyyət vəsiqəsi, mobil telefonları və evin açarlarını çıxararaq masaya düzmüşdür. Sonra təhqiqatçı ona əvvəlcədən bildirdiyi suallara cavab verdi və video çəkilişlə qeydə alınmışdır. Bundan sonra təhqiqatçı, mülki geyimli əməkdaşları və müdafiəçinin iştirakı ilə onun evinə qayıtdır. Yaşadığı evə qayıdarkən mülki geyimdə olan polis əməkdaşları özləri ilə əllərində gətirdikləri içərisində tapança, patron və sandıqçalar olan qara torbanı pilləkənlərin altında yerləşdirdilər. Daha sonra polis təhqiqatçısı Nizami Omarov çəkilişə başlanılacağı ona həmin qara torbanı pilləkənlərin altından götürərək onlara təqdim etməsini etdi. Çəkiliş başlayan kimi o, təhqiqatçının qurduğu ssenari üzrə hərəkət edərək həmin qara torbanı pilləkənlərin altından götürərək təhqiqatçıya təqdim etdi və təhqiqatçı Nizami Omarov həmin qara torbanı mətbəxdə olan stolun üstündə açaraq içərisi tapançanı, tapança üçün nəzərdə tutulmuş sandıqçalar və patronları çıxararaq masa üzərinə düzdü, daha sonra yenidən torbaya yığaraq qablaşdırdılar. Yenə də təhqiqatçı ona əvvəlcədən bildirdiyi sualları cavablandırdı və bütün bu olanları mülki geyimli bir polis əməkdaşı video görüntüyə aldı. Lakin, bu çəkiliş yalnız onun evinin daxilində aparıldığından, həmin qara torbanı evə necə gətirilməsi qeydə alınmadı. Halbuki, üzərində “Adidas” yazılmış həmin qara torbanı birinci dəfə gecə onun evindən götürərkən içərisində bircə təqdim etdiyi tapança olmuşdur. Həmin torbanın olmasını da müdafiəçisi Nümayəndə tərəfindən məhkəməyə təqdim olunmuş video görüntülərin 01:11 dəqiqəsində öz əksini tapmışdır. Lakin, təhqiqatçı Nizami Omarov mətbəxdə həmin qara torbanı açarkən həmin torbanın ağzına qədər dolu olduğu görsənir. Çəkiliş bitdikdən sonra yenidən onu DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə apardılar. Orada bir neçə sənədə imza etdirdikdən sonra onu, 20 yanvar 2021 -ci il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinə gətirdilər. Polis İdarəsində olarkən müstəntiq tərəfindən ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və yenə də bir neçə sənədə qol çəkdirərək məhkəməyə gətirdilər və məhkəmə tərəfindən onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçildi. Onun evimdə yalnız yalnız suvenir kimi atamdan qalmış tapança olmasına baxmayaraq, qanunsuz olaraq evimə daxil oldular, patrolar və sandıqçaları evimə yerləşdirərək, evindən 1500 (min beş yüz) avro və 5800 (beş min səkkiz yüz) ABŞ dolları pulunu apardılar, qanunsuz olaraq onun barəsində Sumqayıt şəhər Məhkəməsinin 4(060)- 19/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilməsinə nail oldular. 26 mart 2021-ci il tarixli ittiham aktına görə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli hökmü ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə bəraət verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 1(160)-303/2021 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 oktyabr 2021-ci il tarixli, 1(105)-580/2021 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməsinə dair Sumqayıt şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, l(160)-303/2021 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 oktyabr 2021 -ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)- 571/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 oktyabr 2021-ci il tarixli, l(105)-580/2021 nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Belə ki, onun 60 yaşı var və xəstəlikdən əziyyət çəkir. Heç bir əsas olmadan Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən onun evində olan tanışı Zenfıra Əliyevanın ona saxlamaq üçün verdiyi pul vəsaitini götürmək məqsədi ilə qanunsuz olaraq tutulmuş və 18 yanvar 2021-ci il tarixdən, 25 iyun 2021-ci il tarixinə kimi (5 ay 7 gün) heç bir əsas olmadan istintaq təcridxanasında saxlanılmışdır. Bununla kifayətlənməyən dövlət itihamçısı baraət hökmü çıxdıqdan sonra apellyasiya və kassasiya protesti verdiyi üçün barəsində məhkəmə istintaqı davam etmişdir. Bütün bu müddət ərzində ailəsi sarsılmış, səhhətində ciddi problemlər yaranmış, müflis olmuşdur. Cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində ona vurulmuş mənəvi ziyanın pul ilə kompensasiyası mümkün deyildir. Belə ki, cinayə prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində şəxsi həyat və işgüzar nüfuzuma xələl gəlmiş, fiziki və mənəvi ziyana məruz qalmışdır. Cinayət təqibi zamanı şəxsiyyəti alçaldılmış və uzun müddət qapalı şəraitdə saxlanıldığı üçün səhhətində ciddi problemlər yaranmış, qanunsuz saxlanıldığı 5 ay gün müddətində mənəvi sarsıntı keçirmişdir və ona vurulmuş mənəvi ziyana görə 150.000 manat pul tələb edir. Mülki iş üzrə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X2 iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, qeyd olunan tələb əsaslı olmadığından rədd edilməlidir. İddia ərizəsində İddiaçı maddi ziyana görə 10.000 manat, mənəvi ziyana görə 150.000 manat məbləğində vəsaitin ona ödənilməsini tələb etmişdir. İlk növbədə bildirilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətiimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası (konkret dövlət büdcəsi nəzərdə tutulmamışdır) qanunla məyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Digər tərəfdən Mülki Məcəllənin 1114.3-cü maddəsinə əsasən isə təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi da, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Bu baxımdan, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən ediİməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosesinə cəlb olunması məqsədəmüvafiqdir. Mənəvi ziyanın vurulması ilə bağlı bildirilir ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşın və mənəvi iztirabları, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, cəmiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər digər əməl və hərəkətlər başa düşülməlidir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Hesab edilir ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli 8 nömrəli Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıdan qeyd olunan Qərarına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və ntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bundan başqa, maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə -üç yüz otuz manat, ona ağır cinayət törədildikdə -yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə -on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. İndiki halda isə iddiaçı tələb etdiyi mənəvi zərərin miqdarını heç bir meyara söykənmədən öz istəyi ilə müəyyən etmişdir və ağlabatan deyildir. Bu baxımdan onların faktlara və sübutlara deyil şəxsi mülahizələrinə söykənən bu iddiaları təmin edilə bilməz. Bununla yanaşı qeyd edilir ki, iddiaçının maddi zərərə görə kompensasiya tələb etməsi əsassız hesab edilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə onun işləməsi, aylıq gəlir qazancını sübut edəcək faktlar təqdim etməmişdir. Bu baxımdan iddiaçının maddi zərərə görə kompensasiya tələb etməsi ağlabatan deyildir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağrılmış, lakin qabaqcadan heç bir məlumat vermədən məhkəmə baxış iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının və nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işin materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-580/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli Qərarına əsasən, İddiaçı Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə bəraət verilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 1(060)-303/2021 saylı hökmündən birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş prokuror-dövlət ittihamçısı X4 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməsinə dair Sumqayıt şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 1(060)-303/2021 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-571/2022 saylı, 31 mart 2022-ci il tarixli Qərarına əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 1(105)-580/2021 nömrəli qərarından dövlət ittihamçısı Səyavuş Sadıqov tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, bəraət almış şəxs İddiaçı barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 oktyabr 2021-ci il tarixli, 1(105)-580/2021 nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Mülki işin materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 1(060)-303/2021 saylı, 25 iyun 2021-ci il tarixli Xüsusi qərarına əsasən, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin əməliyyat axtarış fəaliyyəti həyata keçirilməsi, təhqiqat və cinayət işinin ibtidai araşdırılması zamanı Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin və “Əməliyyat axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması barədə tədbir görülməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirinə məlumat verilməsi, İddiaçı 19 yanvar 2021-ci il tarixdə yaşadığı Sumqayır şəhəri, Novxanı bağlar massivi, 398 nömrəli bağ evində saxlanılarkən evinə daxil olan 4 nəfər polis əməkdaşları tərəfindən onun evindən 5800 ABŞ dolları və 1500 Avronun götürülməsi barədə müraciəti araşdırılması üçün Azərbaycan Respublikasının Baş prokurorluğuna göndərilməsi qərara alınmışdır. Mülki işin materiallarında olan 28 avqust 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Qərardan görünür ki, İddiaçı müraciəti ilə bağlı toplanmış 462c-21 saylı yoxlama materialı üzrə hər hansı bir şəxsin əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Mülki işin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 6(060)-46/2022 saylı, 12 may 2022-ci tarixli Qərarına əsasən, Sumqayıt şəhər prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X1 “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2021-ci il tarixli qərarından şikayətçi İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmuş, İddiaçı tərəfindən Sumqayıt şəhər prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X1 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarından verilmiş şikayət təmin olunmuş, İddiaçı tərəfindən Sumqayıt şəhər prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X1 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarı qanunsuz hesab edilməklə ləğv olunmuşdur. Mülki işin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 6(060)-62/2022 saylı, 25 iyul 2022-ci tarixli Qərarına əsasən, Sumqayıt şəhər prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X1 “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2022-ci il tarixli qərarından şikayətçi İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmuş, Sumqayıt şəhər prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X1 “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2022-ci il tarixli qərarı ləğv olunmuşdur. Mülki işin materiallarında olan 19 avqust 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Qərardan görünür ki, İddiaçı müraciəti ilə bağlı toplanmış 462c-21 saylı yoxlama materialı üzrə hər hansı bir şəxsin əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Beləliklə, mülki işin araşdırılmış hallarından müəyyən olundu ki, polis əməkdaşları 18 yanvar 2021-ci il tarixdən 19 yanvar 2021-ci il tarixə keçən gecə saat 12:00 radələrində İddiaçı yaşadığı Sumqayıt şəhəri, Novxanı bağları massivində yerləşən 398 saylı bağ evinə qanunsuz daxil olaraq, onu Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xidməti binasına aparmış, oradan isə 20 yanvar 2021-ci il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinə gətirmiş, Polis İdarəsində olarkən müstəntiq tərəfindən ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və bir neçə sənədə qol çəkdirərək məhkəməyə gətirmişlər. Məhkəmə tərəfindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Lakin, Sumqayıt Şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 1(060)-303/2021 saylı Hökmünə əsasən, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə dərhal məhkəmə iclas zalından həbsdən azad edilmiş, sonradan həmin bəraət hökmündən şikayət və protestlər verilməsinə baxmayaraq heç biri təmin edilməmişdir. Hazırda İddiaçı cavabdehdən qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində tətbiq olunmuş prosessual məcburiyyət tədbiri nəticəsində ona vurulmuş maddi ziyana görə 10.000 manat və mənəvi ziyana görə 150.000 manat məbləğində pulun tutularaq ona ödənilməsini tələb edir. Məhkəmə iddia tələbinin vurulmuş maddi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı ona vurulmuş maddi zərərlə bağlı (əmək haqqı, pensiya, başqa gəlirlərin itirilməsi, xərclər və sair) hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır və təmin edilməlidir. Belə ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, İddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi və ona prosessual məcburiyyət tədbirinin tətbiqi nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, İddiaçı xeyrinə ədalətli həddə, yəni vurulmuş mənəvi ziyana görə 6.000 (altı min) manat məbləğində pul vəsaiti tutulmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 18 yanvar 2021-ci il tarixdən 25 iyun 2021-ci il tarixə qədər (Sumqayıt Şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 1(060)-303/2021 saylı Bəraət hökmü çıxdığı vaxta qədər) 5 ay 7 gün müddətində qanunsuz və əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilərək, barəsində həbs qətimkan tədbiri növündə prosessual məcburiyyət tədbiri müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə ijlasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi və onun barəsində tətbiq olunmuş prosessual məcburiyyəti tədbiri nəticəsində ona vurulmuş mənəvi ziyana görə 6000 (altı min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən mənəvi ziyana görə 6.000 (altı min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-4169/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4169/2022
13.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver