Məhkəmə qərarları › İş №2(006)-4183/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4183/2023

12.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4183/2023 12.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Qaralov İlqar Zahid oğlu, iddiaçı A.S.A. qızının cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «artıq tutulmuş verginin qaytarılması» tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı A.S.A. qızı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «artıq tutulmuş verginin qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən A.S.A. qızının 1992-2012-ci illər ərzində ödədiyi vergilərə münasibətdə artıq ödənilmiş vergilərin qaytarılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı A.S.A. qızı 1992-ci ilin iyul ayından 1994-cü ilin noyabr ayına qədər Geofizika və geologiya idarəsində, 1994-cü ildən 2012-ci ilə qədər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəzaxilasetmə Xidmətində aşpaz vəzifəsində çalışmışdır. İşlədiyi həmin illərdə əmək haqqından qanunvericiliyin tələblərinə əsasən vergilər tutulmuşdur. İddiaçı pensiyaya çıxarkən heç bir vergi borcu olmamışdır. İddiaçının atası Nəcəf X2 Vətən Müharibəsinin iştirakçısı olmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. İddiaçının atası 1992-ci ildə vəfat etdiyinə görə, həmin hüquq normasının müddəaları indiki halda da tətbiq edilməlidir. İddiaçı dəfələrlə cavabdeh quruma bu barədə mürcariət etsə də, həmin qurum onun müraciətini önəmsəməmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsinin ilkin araşdırması zamanı müəyyən olundu ki, göstərilən tələbə mülki mühakimə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Çünki iddia ərizəsindən görünür ki, tərəflər arasında yaranmış mübahisə inzibati xarakterli mübahisədir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair (öhdəliyin icrası haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarında göstərmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi iddianın predmetinə aid olan artıq ödənilmiş vergi ödənişlərinin qaytarılması ilə bağlı münasibətlər ümumi (publik) hüququn nizamasalma predmetinə daxildir. Həmin münasibətlərdən yaranan mübahisələr inzibati mübahisələr sayılmaqla, onlara inzibati məhkəmə icraatı çərçivəsində baxılmalıdır. Bununla yanaşı iş materiallarında olan, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)-658/2023 saylı qərarı ilə iddiaçı A.S.A. qızınnın cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinə qarşı “əmək haqqından tutulan məbləğin geri qaytarılması” ilə bağlı iddia tələbi mümkün sayılmamış və iddiaçıya izah olunmuşdur ki, işəgötürənə qarşı əmək haqqı tələbi ilə bağlı mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı isə hazırda mülki məhkəmə icraatı qaydasında işəgötürənə qarşı əmək haqqından tutulmaların qaytarılması tələbini irəli sürməmiş və əvvəllər inzibati məhkəmə qaydasında baxılmış inzibati hüquq münasibətlərinin predmetinə daxil olan təkrar məzmunlu iddia ilə ümumi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan iddia ərizəsinin qəbulundan imtina edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, hazırkı mübahisə ilə bağlı inzibati qaydada müvafiq inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 153.2.1, 153.3 və 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı A.S.A. qızının cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «artıq tutulmuş verginin qaytarılması» tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Qaralov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar