Məhkəmə qərarları › İş №2(006)-4183/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4183/2024

05.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4183/2024 05.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin cavabdehlər Bakı şəhəri 32 saylı Notariat Ofisinə və Cavabdeh2 MMC-yə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti cavabdehlər Bakı şəhəri 32 saylı Notariat Ofisinə və Cavabdeh2 MMC-yə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu Elgün İmanlı tərəfindən verilmiş 25 yanvar 2024-cü il tarixli 8İ-614 nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu X5 25 yanvar 2024-cü il tarixli icra qeydi ilə X4 Xidmətindən tələbkar Cavabdeh2 MMC-nin xeyrinə 502557843, 502356519, 502356523, 502356572, 502557851, 502356518, 502557930, 502356531, 502557861, 502557822, 502557993, 502557801, 502557943, ********* və ********* nömrəli müqavilələrə əsasən vaxtında ödənilməmiş 90 manat 80 qəpik, habelə tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 115 manat 80 qəpik pulun tutulmasını təklif etmişdir. Daha sonra icra qeydi Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərilmiş və İcra şöbəsinin xx.xx.2024-cü il tarixli «İcraata başlama haqqında» qərarına əsasən X4 Xidmətindən tələbkar Cavabdeh2 MMC-nin xeyrinə 115 manat 80 qəpik məbləğində pul vəsaitinin tutulması qərara alınmışdır. Nəzərə çatdırırlar ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin 26 yanvar 2024-cü il tarixli qərarı əsasında sözügedən icra qeydi X4 Xidmətinə məlum olmuş və Bakı şəhəri 32 saylı notariat ofisi tərəfindən icra qeydi onlara göndərilmişdir. Hesab edirlər ki, Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş 25 yanvar 2024-cü il tarixli icra qeydi əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, icra qeydinin verilməsinə əsas olmuş 502557843, 502356519, 502356523, 502356572, 502557851, 502356518, 502557930, 502356531, 502557861, 502557822, 502557993, 502557801, 502557943, ********* və ********* nömrəli müqavilələr üzrə hansı tarixdə və ya hansı qaydada borcun yarandığı və ümumiyyətlə istifadə edilibedilmədiyi iddiaçı tərəfindən müəyyən edilə bilməmişdir. Cavabdeh2 MMC-nin onlara məlum olmayan sənədləri əsasında Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu Elgün İmanlının icra qeydi ilə dövlət qurumundan hər hansı məbləğin tutulmasını təklif etməsi qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2000-ci il tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş «Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı»nın 40-cı hissəsinə əsasən lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinə görə müvafiq təşkilatın borcunun müəyyən edən sənədlər ilə bağlı icra qeydi almaq üçün borclunun ödəməli olduğu məbləğə dair hesabın surəti təqdim edilir. Hazırki vəziyyətdə X4 Xidməti olaraq Bakı şəhəri 32 saylı notariat ofisi tərəfindən hansı sənədlərə əsasən icra qeydinin verildiyi məlum deyildir. X4 Xidməti dövlət büdcəsindən maliyyələşən dövlət qurumudur və həmin büdcədən çıxılacaq hər bir məbləğin əsası ətraflı müəyyən edilməlidir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: 23 dekabr 2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh2 MMC Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə rəsmi şəkildə müraciət edərək, telekommunikasiya xidmətlərinin göstərilməsinə görə yaranmış 90 manat 80 qəpik borcun ödənilməsini xahiş etmiş, əks təqdirdə müvafiq sənədlər təqdim edilməklə icra qeydinin aparılacağı barədə xəbərdar etmişdir. Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu Elgün İmanlı tərəfindən verilmiş 25 yanvar 2024-cü il tarixli 8İ-614 nömrəli icra qeydindən görünür ki, notarius tərəfindən təqdim olunmuş müqavilələr və borc məbləğlərinə dair sənədlər nəzərdən keçirilərək, X4 Xidmətindən tələbkar Cavabdeh2 MMC-nin xeyrinə 502557843, 502356519, 502356523, 502356572, 502557851, 502356518, 502557930, 502356531, 502557861, 502557822, 502557993, 502557801, 502557943, ********* və ********* nömrəli müqavilələrə əsasən vaxtında ödənilməmiş 90 manat 80 qəpik, habelə tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 115 manat 80 qəpik pulun tutulması barədə icra qeydi verilmişdir. 26 yanvar 2024-cü il tarixli qərardan və həmin tarixli bildirişdən görünür ki, icra qeydi Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X2 tərəfindən icraata götürülmüş, icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icrası haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə müvafiq bildiriş ünvanlamışdır. Məhkəməyə təqdim olunmuş 502557843, 502356519, 502356523, 502356572, 502557851, 502356518, 502557930, 502356531, 502557861, 502557822, 502557993, 502557801, 502557943, ********* və ********* mobil nömrələrinə dair GSM müqavilələrindən (0191518, 0191519, 0191523, 0191531, 0191569, 0191572, 0166997, 0166985, 0166935, 0166942, 0166913, 0192631, 0192644, 0192665, 0166965) göründüyü kimi, mobil nömrələr üzrə abonent Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti göstərilmişdir. Tətbiq edilən hüquq: “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun: 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın: 161-ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. 162-ci bəndinə əsasən icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İddiaçı iddia tələbini icra qeydinin verilməsi üçün qanuni əsas olmadığı, Xidmətə həmin icra qeydində göstərilən borcu təsdiq edən sənədlərin təqdim edilmədiyi ilə əlaqələndirmişdir. Lakin məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq olundu ki, korporativ müştəri kimi X4 Xidməti tərəfindən GSM müqavilələri (0191518, 0191519, 0191523, 0191531, 0191569, 0191572, 0166997, 0166985, 0166935, 0166942, 0166913, 0192631, 0192644, 0192665, ******* saylı) bağlanmaqla, telekommunikasiya xidməti göstərən şirkətdən 502557843, 502356519, 502356523, 502356572, 502557851, 502356518, 502557930, 502356531, 502557861, 502557822, 502557993, 502557801, 502557943, ********* və ********* mobil nömrələri əldə olunmuşdur. Həmin nömrələrin istifadəsi ilə əlaqədar borc məbləği yaranmış, mobil operator tərəfindən müştəriyə müvafiq bildiriş və borca dair sənədlər təqdim edilmiş, könüllü şəkildə ödəniş icra edilmədiyindən, icra qeydinin verilməsi üçün Bakı şəhəri 32 saylı notariat ofisinə müraciət olunmuşdur. Bakı şəhəri 32 saylı notariat ofisi tərəfindən 25 yanvar 2024-cü il tarixli 8İ-614 nömrəli icra qeydi verilərkən qanunun tələblərinə riayət edilmiş, icra qeydi real mövcud olan borcla bağlı təqdim olunmuş, borc məbləğlərini təsdiq edən cədvəl və mobil nömrələrə dair müqavilələr notarius tərəfindən lazımi şəkildə nəzərdən keçirilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi notariat orqanı tərəfindən xx.xx.2024-cü il tarixli 8İ-614 nömrəli icra qeydi verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Belə olduğu təqdirdə, icra qeydinin ləğv edilməsi üçün hər hansı qanuni əsas mövcud deyil. Bu səbəbdən, iddia əsaslı hesab oluna və təmin edilə bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin cavabdehlər Bakı şəhəri 32 saylı Notariat Ofisinə və Cavabdeh2 MMC-yə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin cavabdehlər Bakı şəhəri 32 saylı Notariat Ofisinə və Cavabdeh2 MMC-yə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar