Məhkəmə qərarları › İş №2(006)-4184/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4184/2024

12.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4184/2024 12.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı X2 Xidmətinin nümayəndəsi X1, Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə3 iştirakları ilə İddiaçı X2 Xidmətinin cavabdehlər Bakı şəhəri 32 saylı Notariat Ofisinə (xüsusi notarius Nümayəndə1) və Cavabdeh2 MMC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X2 Xidməti cavabdehlər Bakı şəhəri 32 saylı Notariat Ofisinə (xüsusi notarius Nümayəndə1) və Cavabdeh2 MMC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 32 saylı Notariat Ofisinin xüsusi notariusu Nümayəndə1 xx.xx.2024-cü il tarixli, 8İ-1082 nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 32 saylı Notariat Ofisinin xüsusi notariusu Nümayəndə1 xx.xx.2024-cü il tarixli icra qeydi ilə X2 Xidmətindən tələbkar Cavabdeh2 MMC-nin xeyrinə müxtəlif nömrəli müqavilələrə əsasən, vaxtında ödənilməmiş 60,28 manat, habelə tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 85,28 manat pulun tutulmasını təklif etmişdir. İcra qeydi Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərilmiş və İcra şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarına əsasən X2 Xidmətindən tələbkar Cavabdeh2 MMC-nin xeyrinə 85,28 manat pulun tutulması qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı əsasında sözügedən icra qeydi X2 Xidmətinə məlum olmuşdur. İcra qeydi əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, icra qeydinin verilməsinə əsas olmuş müxtəlif nömrəli müqavilələr üzrə hansı tarixdə və ya hansı qaydada borcun yarandığı və ümumiyyətlə istifadə edilib-edilmədiyi Xidmət tərəfindən müəyyən edilə bilməmişdir. Cavabdeh2 MMC-nin iddiaçıya məlum olmayan sənədləri əsasında notariusun icra qeydi ilə dövlət qurumundan hər hansı məbləğin tutulmasını təklif etməsi qanuni və əsaslı hesab edilə bilməz. Hazırkı vəziyyətdə Xidmətə məlum deyildir ki, notariat ofisi tərəfindən hansı sənədlərə əsasən icra qeydi verilmişdir. X2 Xidməti dövlət büdcəsindən maliyyələşən dövlət qurumudur və həmin büdcədən çıxılacaq hər bir məlbəğin əsası ətraflı müəyyən edilməlidir. Məhkəmə hazırlıq iclasında iddiaçı X2 Xidmətinin nümayəndəsi X3 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İşin məhkəmə aidiyyəti üzrə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə təqdim etdi. Məhkəmə hazırlıq iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə3 iddiaya etiraz edib, əsassız olduğunu bildirdi. Analoji bir çox işə ümumi məhkəmədə baxıldığından, hazırkı mülki işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə etiraz etdi. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh Bakı şəhəri 32 saylı Notariat Ofisinin (xüsusi notarius Nümayəndə1) nümayəndəsi məhkəmə hazırlıq iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki işin kommersiya mübahisəsindən irəli gəlməsi müəyyən edildiyindən, iş aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, mübahisənin subyekt tərkibi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı X2 Xidməti dövlət orqanı, Cavabdeh2 MMC isə vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə (VÖEN: **********) malik kommersiya hüquqi şəxsidir. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin tələbinə müvafiq olaraq kommersiya hüquqi şəxslərinin fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarətdir (Mülki Məcəllə, maddə 43.5). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarındakı mövqeyinə görə isə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri, o cümlədən hüquqi şəxslər və dövlət orqanları iştirak edə bilərlər. Bu baxımdan tərəflər arasında olan hüquq münasibətlərinin xarakteri və mübahisənin predmeti araşdırılmalı olduğundan, həmin qərardakı göstərişlərə müvafiq olaraq aparılmış araşdırma ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh2 MMC tərəfindən məhkəməyə təqdim edilmiş müqavilələrdən görünür ki, iddiaçı dövlət orqanı ilə cavabdeh MMC arasında xidmət müqavilələrindən irəli gələn hüquq münasibətləri olmuş, cavabdeh MMC iddiaçının həmin müqavilələr üzrə ona borcu yarandığını iddia edərək, bu barədə icra qeydi aparılması üçün notariat ofisinə müraciət etmiş və hazırda iddiaçı tərəfindən mübahisələndirilən icra qeydləri aparılmışdır. Beləliklə, hazırkı mübahisə iddiaçı dövlət orqanı ilə cavabdeh MMC-nin mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində imzaladıqları mülki hüquqi əqdlər əsasında aparılmış icra qeydinin mübahisələndirilməsindən irəli gəldiyindən məhkəmə hesab edir ki, hazırkı mülki işə Nəsimi Rayon Məhkəməsində deyil, aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26-cı maddəyə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə (Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat), habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 №-li Qərarının: 11-ci bəndində göstərilmişdir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir; 12-ci bəndində göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13-cü bəndində göstərilir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. 15-ci bəndinə görə, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. 20-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. 23-cü bəndinə görə, mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilmişdir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 26.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının (Vergilər Nazirliyinin) vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizələrinə kommersiya işi kimi kommersiya məhkəmələrində baxılmasının mümkünlüyü nəzərdə tutulmaqla dövlət orqanının kommersiya mübahisəsində tərəf olması istisna edilməmişdir. Beləliklə, hazırki iş üzrə mübahisənin kommersiya mahiyyətli olması müəyyən edildiyindən məhkəmə belə qənaətə gəlir ki, hazırki mübahisəyə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin: 31.1-ci maddəsinin tələbinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-32.4, 32.7-ci maddələrinin tələblərinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Məhkəmə qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddiaçı X2 Xidmətinin cavabdehlər Bakı şəhəri 32 saylı Notariat Ofisinə (xüsusi notarius Nümayəndə1) və Cavabdeh2 MMC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31-32 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X2 Xidmətinin cavabdehlər Bakı şəhəri 32 saylı Notariat Ofisinə (xüsusi notarius Nümayəndə1) və Cavabdeh2 MMC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar