Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-421/2021 29.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı SŞ ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı «subroqasiya tələbinin təmin edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı SŞ ASC cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı «subroqasiya tələbinin təmin edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı SŞ ASC-də sığortalanmış «xxxx» MMC-yə məxsus «Mitsubishi Lancer» markalı H019989 dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 1.105 manat sığorta ödənişi məbləği, ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət (bank xidməti) haqqı olmaqla, cəmi 1.135 manat 40 qəpik məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı SŞ ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı SŞ ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixdə idarə etdiyi «Scahman» markalı ** CO *** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri Ü.Hacıbəyov küçəsində manevretmə qaydasını pozaraq «xxxx» MMC-yə məxsus və İddiaçı SŞ ASC-də sığortalanmış «Mitsubishi Lancer» markalı H019989 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, «Scahman» markalı ** CO *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə tarixinə icbari sığorta şəhadətnaməsi olmamışdır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən Cavabdeh3 mülkiyyətində olan «Scahman» markalı ** CO *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta şəhadətnaməsi olmadığı üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Belə ki, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olması DYPİ-nin KYP seriyalı 174028 saylı X3 Protokolunda öz əksini tapmışdır. «xxxx» MMC-nin təqdim etdiyi xx.xx.2016-cı il tarixli 0035 saylı Qiymətlərin razılaşdırma protokoluna uyğun olaraq, «Mitsubishi Lancer» markalı H019989 dövlət qeydiyyat nişanlı avtomobilə 1.205 manat zərər təyin edilmişdir. **********8 sığorta müqaviləsinin 024430 saylı sığorta aktına əsasən İddiaçı SŞ ASC sığortalıya 100 manat azadolma məbləği çıxılmaqla 1.105 manat sığorta ödənişi həyata keçirmişdir. Hesab edirlər ki, qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı SŞ ASC-yə qalan 1.205 manat zərər məbləği qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hüquqi şəxsin nümayəndəsi və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 MMC-nin nümayəndəsinin, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2015-ci il tarixdə bağlanmış **********8 nömrəli sığorta müqaviləsinə əsasən «xxxx» MMC-yə məxsus olan «Mitsubishi Lancer» markalı H019989 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi avtonəqliyyat vasitələrinin sığortası növü üzrə sığortalanmışdır. Sığorta məbləği 9.000 manat təşkil etmiş, sığorta xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövrü əhatə etmişdir. Cavabdeh2 xx xxxxxx 2015-ci il tarixdə «Scahman» markalı ** CO *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, saat 14.00 radələrində, Sumqayıt şəhəri Ü.Hacıbəyov küçəsində manevretmə qaydasını pozaraq, yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə «xxxx» MMC-yə məxsus «Mitsubishi Lancer» markalı H019989 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, sonuncu avtomobili zədələmişdir. xx.xx.2015-ci il tarixli KYP seriyalı 174028 saylı X3 protokoldan görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İXM-in 151.1 və 253-1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində cərimə edilmişdir. xx.xx.2016-cı il tarixli 0035 saylı qiymətlərin razılaşdırma protokoluna əsasən «Mitsubishi Lancer» markalı H019989 dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün (dəymiş ziyanın aradan qaldırılması üçün) 1.205 manat vəsait tələb olunur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli 9/5359 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, «Babək servis mərkəzi»nin xx.xx.2016-cı il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2009-cu il buraxılışlı «Mitsubishi Lancer» markalı H019989 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1.205 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. xx.xx.2016-cı il tarixli 024430 saylı sığorta aktına əsasən İddiaçı SŞ ASC tərəfindən 100 manat məbləğində sığorta ödənişinin «xxxx» MMC-yə ödənilməsi qərara alınmış və 1.105 manat məbləğində sığorta ödənişi «xxxx» MMC-nin hesabına köçürülmüşdür. Göründüyü kimi, Cavabdeh2 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir və iddiaçının subroqasiya qaydasında tələb hüququ yaranmışdır. Bundan başqa, işin faktiki hallarından görünür ki, Cavabdeh2 idarə etdiyi «Scahman» markalı ** CO *** dövlət qeydiyyat nişanlı yük avtomobilini yol vərəqəsi olmadan idarə etmiş, həmçinin avtomobilin mülkiyyətçisi Cavabdeh3 avtomobili icbari qaydada sığorta etdirməmişdir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmlak vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında təsdiq olundu ki, cavabdehlər tərəfindən mülki hüquq pozuntusu törədilmişdir və onlar, törətdikləri hüquq pozuntusu ilə vurduqları zərəri ödəməyə borcludurlar. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 1.105 manat sığorta ödənişi, ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı SŞ ASC-nin xeyrinə tutulmalıdır. 100 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1.105 manat sığorta ödənişi, ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı SŞ ASC-nin xeyrinə tutulsun. 100 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-421/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-421/2021
29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver