Məhkəmə qərarları › İş №2(006)-422/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-422/2022

07.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-422/2022 07.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Səfərov Şahı̇ n Vaqı̇ f oğlunun cavabdeh Nəsı̇ mi Rayonu İcra Şöbəsinə qarşı “zərərin əvəzinin ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Səfərov Şahı̇ n Vaqı̇ f oğlu cavabdeh Nəsı̇ mi Rayonu İcra Şöbəsinə qarşı “zərərin əvəzinin ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14.10.2019-cu il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29.03.2015-ci il tarixli icra vərəqəsinin və Nəsimi Rayon İcra Şöbəsinin 29.08.2019cu il tarixli sifarişinə əsasən "xxxx" MMC-nin təşkil etdiyi hərracda elektron qaydada iştirak edərək ən yüksək qiyməti (3305 manat) təklif etməklə 117,8 qram qızıl-zinyət əşyalarını (2 sep, 2 klon, 2 komplekt, kolye, qolbağ) almış, hərracın qalibi kimi iddiaçı ilə hərracın təşkilatçısı arasında hərracın yekunları barədə N 67/02 saylı protokol tərtib edilmişdir. Qızıl-zinət əşyalarının dəyərini "İpoteka Haqqında" Qanunun 42.7-ci maddəsinə əsasən 7 gün ərzində Nəsimi rayon İcra Şöbəsinin depozit hesabına ödəmişdir. Protokolda hərracın keçirilməsinə dair sifarişi verən Nəsimi rayon icra Şöbəsinin icra məmurunun və tələbkar bankın nümayəndəsinin imzası tələb olunsa da, protokol onlar tərəfindən imzalanmamış, sonradan iddiaçıya məlum olmuşdur ki, icra məmuru hərrac günü heç hərracın keçirilməsində iştirak da etməmişdir. Belə olduğu təqdirdə iddiaçı, tərtib olunan protokolu və Nəsimi rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına ödədiyi 3.162 AZN pul məbləğinin qəbzini götürərək Nəsimi Rayon İcra Şöbəsinə getdi, lakin orada icra məmuru Rövşən Əhmədov müxtəlif bəhanələr gətirərək protokolu imzalamaqdan imtina etdi. Sonra isə onun tərəfindən bildirildi ki, iddiaçı onların yanına gəlməli deyil, hərrac təşkilatçısı özü protokolu onlara göndərməlidir. Sonda iddiaçının hərracların keçirilməsinə dair https//birjanews.az/saytında qızılzinət əşyalarının hərracında qalib olduğu göstərilsə də, udduğu qızıl-zinyət əşyalarını ona verməkdən imtina etdilər. İddiaçı hüquqlarının müdafiəsi üçün "xxxx" MMC -ni cavabdeh qismində göstərərək Nərimanov Rayon Məhkəməsinə müraciət etdi. "xxxx" MMC-yə qarşı iddia tələbini Nərimanov Rayon Məhkəməsi maddi zərərin dəyməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyimi əsas gətirərək təmin etməsə də (halbuki məhkəmənin özündə şifahi olaraq xeyrinə qiyabi qətnamə qəbul olunması təklif olunmuşdur), apellyasiya şikayəti üzrə Apellyasiya Məhkəməsinin 2(103)4945/2020 saylı qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edərək "xxxx" MMC-yə qarşı "zərərin əvəzinin ödənilməsinə dair" tələb yenə təmin edilməmişdir. Apellyasiya Məhkəməsi qətnamənin nəticə hissəsində iddiaçının iddia tələbini ona cavab verməli olan şəxsə qarşı yönəltmədiyindən hazırki icraat çərçivəsində iddianı təmin olunmasını qeyri-mümkün hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən edilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17.11.2020-ci il tarixli, 2(102)-5264/2020 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin qərarına əsasən iddiaçının qalibi olduğu hərracın təşkilatçısı olan "xxxx" MMC- nin direktoru müvafiq protokolu imzalamış, beləliklə də onun iddiaçı qarşısında hər hansı öhdəliyi qalmamışdır. Nəzərə alınmalıdır ki, hərrac təşkilatçısının vəzifəsi sifarişçinin sifarişi əsasında hərracın keçirilməsindən ibarətdir və sifarişçinin, yaxud tələbkarın hərrac protokolunu imzalamamış olmalarının məsuliyyətini təşkilatçı daşıya bilməz. Belə ki, irəli sürdüyü iddia tələbinə münasibətdə iddiaçı məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən hazırkı icraat çərçivəsində iddianın təmin (tam və ya qismən) olunması mümkün deyildir; iddianın əsaslılığı məsələsinə isə, iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə müvafiq məhkəmə qərar verə bilər. Həmçinin qeyd etmişdir ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 5264/2020 qərarına əsasən cavabdeh qismində Nəsimi Rayon İcra və Probasiya qeyd olunmalıdır. Belə də hal-hazırkı durumda iddiaçıya dəymiş zərərin Nəsimi Rayon İcra və Probasiya Şöbəsi tərəfindən ödənilməsinə dair məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhz bu qurumun icra məmuru həmin protokolu —imzalamaqdan imtina etmişdir. İddiaçının müraciəti əsasında "xxxx" MMC tərəfindən 1 qram 750 əyar qızılın və ümumilikdə 117,8 qram qızıl-zinət əşyalarının qiymətləndirilməsi həyata keçirilmişdir. "xxxx" MMC-nin 28 dekabr 2019-cu il tarixli cavab məktubundan məlum olduğu kimi iddiaçının hərracda qalibi olduğu boyunbağı (2 ədəd), klon (2 ədəd), 2 dəst qızıl dəst, kolye, qolbaq-ümumi çəkisi 117,8 qram 750 əyar zərgərlik məmulatlarının ümumi qiyməti 9188,40 manat məbləğində müəyyən olunmuşdur. 2019-cu ilin oktyabr ayına 750 əyar qızıl məmulatının 1 qramının bazar dəyəri 78 manat müəyyən olunmuşdur. İddiaçı ödənilmiş behi (144 AZN) ikiqat məbləğdə (288 AZN), hərracda iştirak etmək nəticəsində ona vurulan zərərin dəyərini 9183,40 manat (ekspertiza qiymətləndirilməsi) - 3305 manat (qızıl-zinət əşyalarının qalibi olmağı üçün ödənilmiş məbləğ) = 5.883,40 manat, ekspertiza xərci kimi "xxxx" MMC-yə xidmət haqqı olaraq ödənilmiş 100 manat, ümumilikdə 6.271,40 manat miqdarında qiymətləndirir. Göstərilənlərə əsasən 6271,40 manat pul məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh Nəsimi Rayon İcra şöbəsi tərəfindən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı Səfərov Şahı̇ n Vaqı̇ f oğlu məhkəməyə teleqram göndərərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Nəsı̇ mi Rayonu İcra Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin materiallarında olan «Hərracın yekunları barədə» 14 oktyabr 2019-cu il tarixli, 67/02 №li protokolun surətindən görünür ki, hərracın təşkilatçısı – "xxxx" MMC-nin direktoru G.N.Mustafayeva ilə alıcı İddiaçı 117,8 qram olan qızıl-zinət əşyalarının 3305 manata alınması barədə razılığa gələrək həmin protokolu imzalamışlar. Həmin protokoldan görünür ki, protokol Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən imzalanmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(102)-5264/2020 saylı qərarının surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli, 2(005)- 483/2020 saylı qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı 6271,40 manat məbləğində vəsaitin onun xeyrinə cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4945/2020 saylı, 18 iyun 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-483/2020 saylı iş üzrə 11 fevral 2020-ci il tarixli tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması və İddiaçı "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmaması, Bakı Apellyasiya Mülki Kollegiyasının 2(103)- 4945/2020 saylı, 18 iyun 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan görünür ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29.03.2015-ci ii tarixli icra sənədinin icrası ilə bağlı X2 məxsus ümumi çəkisi 117,8 qram olan qızıl-zinət əşyaları Nəsimi rayon İcra və Probasiya Şöbəsinin sifarişi əsasında hərraca çıxarılmış, "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-nin keçirdiyi hərracda iştirak edən iddiaçı ilkin satış qiyməti 2.875 manat müəyyənləşdirilən həmin əmlakı 3.305 manat təklif edərək satın almış, bununla əlaqədar 14.10.2019-cu il tarixdə "Hərracın yekunları barədə protokol" tərtib olunaraq protokol iddiaçı və hərrac təşkilatçısının direktoru tərəfindən imzalanmış, iddiaçı əmlakın dəyərini, yəni 3.162 manatı (ödədiyi beh məbləği çıxılmaqla) Nəsimi rayon İcra və Probasiya Şöbəsinin hesabına ödəmiş, lakin protokol sifarişçinin (Nəsimi rayon icra və probasiya şöbəsinin) və tələbkarın ("xxxx" ASC) nümayəndələri tərəfindən imzalanmadığından əmlak ona verilməmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 42.6-cı maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Həmin Qanunun 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. İşdən də göründüyü kimi əvvəllər eyni tərəflər arasında hərracla bağlı məhkəmə mübahisəsi olmuş və həmin tələblə əlaqədar qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Qeyd olunan qərardan müəyyən olunmuşdur ki, iddiaçı əmlakın dəyərini, yəni 3.162 manatı (ödədiyi beh məbləği çıxılmaqla) Nəsimi rayon İcra və Probasiya Şöbəsinin hesabına ödəmiş, lakin protokol sifarişçinin (Nəsimi rayon icra və probasiya şöbəsinin) və tələbkarın ("xxxx" ASC) nümayəndələri tərəfindən imzalanmadığından əmlak ona verilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 3162 manat məbləğində pul tutulmalıdır. Məhkəmə iddiaçı tərəfindən tələb olunan 6271,40 manat pulun qalan hissəsinin, yəni 3109,4 manat pulun tutulması ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tələbinin həmin hissəsinin əsaslı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə iddia tələblərinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Nəsimi rayon İcra şöbəsindən 3162 (üç min yüz altmış iki) manat məbləğində pul, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun 15 (on beş) manat hissəsinin əvəzi alınaraq iddiaçı Səfərov Şahı̇ n Vaqı̇ f oğluna ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun qalan 15 (on beş) manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Nəsimi rayon İcra şöbəsindən 3162 (üç min yüz altmış iki) manat məbləğində pul, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun 15 (on beş) manat hissəsinin əvəzi alınaraq iddiaçı Səfərov Şahı̇ n Vaqı̇ f oğluna ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun qalan 15 (on beş) manatı isə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar