Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4224/2023 30.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı «pul» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus daş qarajın zəbt olunması ilə əlaqədar olaraq Binəqədi rayon məhkəməsinin məlun qətnaməsində təyin edilmiş ayliq kirayə haqqinin ödənilməmiş 4800 (48 aylıq) manatın cavabdehdən ödənilməsi, cavabdeh məhkəmə qətnaməsini icra etmədiyi halda qarajın icarə haqqının ödənilməsinin qətnamə icra olunana qədər hər ay davam etdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Binəqədi və Baki Apellyasiya məhkəmələrinin 12.02 2021 ci il tarixli, 2(001)-147 2021 sayli qətnaməsi ilə ona məxsus sənədli qarajın cavabdeh tərəfindən zəbt edilməsi sübut olunmuş və qarajı əvvəlki vəziyyətinə qaytarmaqla ona təhvil verilməsi və qarajdan istifadəyə görə ayda 100 manat kirayə haqqi ödənilməsi haqqında qətnamə qəbul etmişdir. xx.xx.2016-xx.xx.2019-cu il tarixə qədər 34 aylıq qarajdan istifadəsinə görə 3400 manat cavabdeh tərəfındən ödənilmişdir. xx.xx.2020-xx.xx.2023-cü il tarixə qədər yəni 48 aylıq qarajın kirayə haqqı 4800 manatin isə ödənilməsi haqda qətnamə çıxarılmasına ehtiyac vardır. Qətnamə bu günə kimi icra olunmaməşdır. Binəqədi rayon icra İdarəsi Binəqədi rayon məhkəməsi vasitəsilə iki dəfə 2000 və 5000 manat cavabdehi çərimə etmiş, onun rəhbətliyi haqqında cinayət işi açılması üçün xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Baş istintaq idarəsinə muraçiət etmişdir. Cavabdeh xx.xx.2016-cı il tarixdə ərazidə çoxmərtəbəli bina tikmək ücün aidiyyəti təşkilatlardan sənədlər toplayaraq ərazini hasara almış və inşaat işlərinə başlamışdır. Həmin gündən ona məxsus Əmlak Komitəsində qeydiyyatdan keçmiş qarajı zəbt etmiş və ondan yeməkxana kimi istifadə etmiş, onu əraziyə buraxmamışdır. Binəqədi rayon məhkəməsinin məlum qətnaməsində cavabdeh məhkəmə qətnaməsini vaxtında icra etmədiyi halda qarajın icarə haqqının ödənilməsinin davam etdirilməsi şərti göstərilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-147/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Azadlıq prospekti, 158 saylı evin qarşısında yerləşən daş qarajın cavabdeh "Mahal” MTK tərəfindən əvvəlki vəziyyətinə qaytarılaraq İddiaçı təhvil verilməsi, 3400 (üç min dörd yüz) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh "Mahal” MTK-dan tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-4236/2021 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-147/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-147/2021 saylı qətnaməsindən müəyyən olunur ki, qaraj iddiaçıya məxsus olmaqla 2018-ci ilin aprel ayından "xxxx" MTK-nın istifadəsində olmuş, "Uniprice” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən həmin qarajın aylıq icarə haqqı 100 manat təşkil etmiş, məhkəmə cavabdeh tərəfindən qarajın 2018-ci ilin aprel ayından "Mahal” MTK-nın istifadəsində olmasını qəbul etməsini nəzərə alaraq 34 ay üçün 3400 manat məbləğində pulu əldən çıxmış fayda olaraq cavabdehdən tutmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə iddia tələbinin 4800 (48 aylıq) manat məbləğində tələbini qismən əsaslı hesab edir və qeyd etməyi zəruri hesab edir ki, həmin tələb "icarə haqqı” tələbi kimi yox, "əldən çıxmış fayda” kimi müəyyən hissədə təmin edilməlidir. Belə ki, yuxarıda qeyd olunan məhkəmə qətnaməsi ilə tərəflər arasında icarə müqaviləsinin bağlanmaması işin mübahisəsiz halıdır və cavabdeh qarajdan hər hansı hüquqi əsas olmadan istifadə etməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-147/2021 saylı qətnaməsindən müəyyən olunur ki, cavabdehdən iddiaçının xeyrinə 2018-ci ilin aprel ayından hesablanmaqla 34 ay üçün, yəni 2021-ci ilin fevral ayınadək olan dövr üzrə əldən çıxmış fayda olaraq pul vəsaiti tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən 2021-ci ilin fevral ayından hesablanmaqla 31 ay üçün 3100 manat məbləğində pul əldən çıxmış fayda olaraq iddiaçının xeyrinə tutulmaqla iddia göstərilən hissədə qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin cavabdeh məhkəmə qətnaməsini icra etmədiyi halda qarajın icarə haqqının ödənilməsinin qətnamə icra olunana qədər hər ay davam etdirilməsi hissəsinə münasibətdə hesab edir ki, göstərilən hissədə iddia tələbi qeyri-müəyyən olduğundan, eyni zamanda mübahisəli əmlak sökülüb bərpa olunmadığına görə iddia göstərilən hissədə təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı məxsus olan Bakı şəhəri, Azadlıq prospekti, 158 saylı evin qarşısında yerləşən daş qarajdan istifadəyə görə 3100 (üç min bir yüz) manat məbləğində pul əldən çıxmış fayda olaraq cavabdeh "Mahal” MTKdan tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus olan Bakı şəhəri, Azadlıq prospekti, 158 saylı evin qarşısında yerləşən daş qarajdan istifadəyə görə 3100 (üç min yüz) manat məbləğində pul əldən çıxmış fayda olaraq cavabdeh "Mahal” MTK-dan tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-4224/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4224/2023
30.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver