Məhkəmə qərarları › İş №2(006)-4237/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4237/2024

06.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4237/2024 06.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (LPO "xxxx" ASC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı çıxarışların ləğv edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair mülki işə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdehlər "xxxx" ASC və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələri haqında Y-136 nömrəli xx.xx.2019-cu il tarixli və Y- 140 nömrəli xx.xx.2019-cu il tarixli protokolları və hərracın yekunları üzrə əmlakların alğısatqısı barədə 2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələr etibarsız hesab edildiyindən yeni çıxarışın ləğv edilməsi və əvvəlki mülkiyyətçi - İddiaçı adına adına çıxarış verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiada qeyd olunanlardan əlavə qeydiyyat nömrəsi **********, xx.xx.2019-cu il tarixli və qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixli çıxarışlarn ləğv edilməsi və mülkiyyətçi İddiaçı çıxarışlarda qeyd olunan mənzillərə münasibətdə mülkiyyət hüququnun bərpa edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, LPO "xxxx" ASC-nin cavabdehlər siyahısından çıxarılaraq üçüncü şəxs qismində cəlb olunmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı hərracın nəticələri haqqında Protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələri haqında Y-136 nömrəli xx.xx.2019-cu il tarixli və Y-140 nömrəli xx.xx.2019-cu il tarixli protokolları və hərracın yekunları üzrə əmlakların alğısatqısı barədə 2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Onun müraciəti qanuni və əsaslı olduğu üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9279/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuşdur. Lakin Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsinin icrası ilə bağlı müraciətə cavab olaraq bildirilmişdir ki, icra sənədində Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə hər hansı öhdəliyin qoyulması qeyd olunmadığı üçün icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti isə mülki iş üzrə tərəf olmamış, ona qarşı hər hansı tələb irəli sürülməmişdir. Bu səbəbdən də DƏDRX icra sənədində borclu kimi göstərilməmişdir. Bu səbəbdən qətnaməyə izahın verilməsi də mümkün deyildir. Ləğv prosesində olan "xxxx" ASC tərəfindən də 2 saylı Sumqayıt ərazi İdarəsinə məktubla müraciət olunmaqla ipoteka müqaviləsi üzrə yüklülüyün dövlət qeydiyyatının ləğv edilməsi haqqında məktubu da ünvanlanmışdır. Lakin ƏMDK yanında DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmadığından mübahisəli mənzilin girovda saxlanılmaqla hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ilkin vəziyyətinə qaytarılması həyata keçirilməmişdir. Sübutların kifayət qədər əsaslılığını qeyd edərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs LPO "xxxx" ASC-nin nümayəndəsi X2 izahatında bildirmişdir ki, İddiaçı hazırda banka aktiv kredit borcu yoxdur, odur ki, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)- 9279/2021 nömrəli qətnaməsinə əsasən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 753/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarlması iddia tələbinin təmin edilməsi və "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələri haqında Y-136 nömrəli xx.xx.2019-cu il tarixli və Y-140 nömrəli xx.xx.2019-cu il tarixli protokolları və hərracın yekunları üzrə əmlakların alqı-satqısı barədə 2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrin etibarsız hesab edilməsi qət edilmişdir. (LPO) "xxxx" ASC-nin Azərbaycan Respublikasının İqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin notariat kontoruna ünvanladığıxx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, "xxxx" ASC ilə borclu X1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 120.LN.2105.230714 00001 nömrəli Kredit müqaviləsinin təminatı kimi İddiaçı məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə) istifadədə olan 0.1612 ha torpaq sahəsində yerləşən 23A/8 nömrəli, 5 mərtəbəli binanın 5-cı girişində, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 69.64 kv.m, yaşayış sahəsi 47.31 kv.m olan 3 otaqlı 51 nömrəli mənzil xx.xx.2014-cü ii tarixli 120.CL.230714.00001/e nömrəli ipoteka müqaviləsinə əsasən "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. "xxxx" ASC ilə X1 arasında bağlanmış 23 07 2014-cü İİ tarixil 120.LN.2105.230714.00001 nömrəli Kredit müqaviləsi üzrə öhdəliklər ləğv prosesində olan "xxxx" ASC qarşısında tam icra olunmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq, “İpoteka haqqında’ Azərbaycan Respublikası Qanununun 15-ci və 48.1.2-ci maddələrinin tələblərim rəhbər tutaraq sözügedən əmlaka dair (Çıxarış: Seriya MH №0004461, reyestr nömrəsi: **********28-05101-093003, qeydiyyat nömrəsi: 140604393, qeydiyyat tarixi: 17.10 2006-cı il) xx.xx.2014-cü il tarixli 120.CL.230714.00001/e nömrəli İpoteka müqaviləsi uzrə tutmanın yönəldilməsi haqqında bildirişin, xx.xx.2014-cü il tarixli 120.CL.230714.00001/e nömrəli ipoteka müqaviləsi üzrə yüklülüyün dövlət qeydiyyatının ləğv edilməsi xahiş olunur. Azərbaycan Respublikasının İqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)- 9279/2021 saylı qətnaməsi ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik götürülməmişdir. Odur ki, “AGBank" ASC-nin adına qeydiyyata alınmış çıxarışın ləğv olunması və vətəndaş İddiaçı hüquqlarının bərpa olunması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı idarəyə daxil olduqdan sonra bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılacaqdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli xx.xx.2006-cı il qeydiyyat tarixli çıxarışına əsasən, ünvan 3 ünvanında yerləşən 51 nömrəli mənzilin mülkiyyətçisi İddiaçı olmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli xx.xx.2014-cü il qeydiyyat tarixli çıxarışına əsasən ünvan 3 ünvanında yerləşən 51 nömrəli mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışına əsasən ünvan 3 ünvanında yerləşən 51 nömrəli mənzil "xxxx" ASC-nin mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli xx.xx.2008-ci il qeydiyyat tarixli çıxarışına əsasən, ünvan 4nında yerləşən 34 nömrəli mənzilin mülkiyyətçisi İddiaçı olmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli xx.xx.2014-cü il qeydiyyat tarixli çıxarışına əsasən ünvan 4nında yerləşən 34 nömrəli mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışına əsasən ünvan 4nında yerləşən 34 nömrəli mənzil "xxxx" ASC-nin mülkiyyətindədir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 17-ci bəndinə məhkəmələrə izah olunmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Konstitusiya Məhkəməsinin Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən, ünvan 3 ünvanında yerləşən 51 nömrəli və ünvan 4nında yerləşən 34 nömrəli mənzillərin mülkiyyətçisi İddiaçı olmuş, öhdəliklərinin icrasının təminatı kimi həmin mənzillər "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(005)-936/2018 nömrəli qətnaməsinin icrası ilə əlaqədar Sumqayıt şəhəri üzrə İcra idarəsinin 04/31 saylı xx.xx.2019-cu il tarixli sifariş məktubunun icrasına əsasən, İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən 51 nömrəli mənzil təkrar hərracda "xxxx" ASC-yə təklif olunmuş və mənzil bank tərəfindən alınmışdır. Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli sifariş məktubunun icrasına əsasən isə iddiaçıya məxsus ünvan 4nında yerləşən 34 nömrəli mənzil təkrar hərracda "xxxx" ASC-yə təklif olunmuş və və mənzil bank tərəfindən satın alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən sözügedən mənzillər "xxxx" ASC-nin xüsusi mülkiyyətinə keçmişdir. İddiaçı tərəfindən hərracın nəticələri mübahisələndirilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-9279/2021 nömrəli qətnaməsinə əsasən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-753/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarlması iddia tələbinin təmin edilməsi və "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələri haqında Y- 136 nömrəli xx.xx.2019-cu il tarixli və Y-140 nömrəli xx.xx.2019-cu il tarixli protokolları və hərracın yekunları üzrə əmlakların alqı-satqısı barədə 2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrin etibarsız hesab edilməsi qət edilmişdir. Hazırda iddiaçı "xxxx" ASC-nin adına verilmiş çıxarışların ləğv edilməsini və mülkiyyətçi kimi özünün çıxarışlarda qeyd olunan mənzillərə münasibətdə mülkiyyət hüququnun bərpa edilməsini xahiş edir. Mülkiyyətçi olan üçüncü şəxs LPO "xxxx" ASC-nin nümayəndəsi də İddiaçı hazırda banka aktiv kredit borcunun olmadığını, bu səbəbdən çıxarışların ləğv edilməsinə etiraz etmədiyini bildirir. Məhkəmə Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbi baxımından qeyd edir ki, hərracın nəticələrinə dair yekun protokollar və alqı-satqı müqavilələri etibarsız hesab edildiyindən, həmin əqdlər üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsi də həll edilməlidir. Ona görə də "xxxx" ASC-nin adına olan ********** qeydiyyat nömrəli, xx.xx.2019cu il tarixli və ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarışların ləğv edilməsi hissəsində iddianın təmin edilməsini məhkəmə məqsədəmüvafiq hesab edir. İddianın “mülkiyyətçi kimi İddiaçı çıxarışlarda qeyd olunan mənzillərə münasibətdə mülkiyyət hüququnun bərpa edilməsi” hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, sözügedən çıxarışlar ləğv edildiyindən, bunun nəticəsi olaraq əvvəlki mülkiyyətçinin adına olan çıxarışlar öz qüvvəsini geri alacağından ayrıca həmin tələb üzrə qətnamənin çıxarılması lüzumsuzdur. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, daşınmaz əmlakın dövlət reyestrində "xxxx" ASC-nin adına olan ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli və ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarışlar ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş "xxxx" ASC-nin adına olan ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli və ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarışlar ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar