Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4242/2021 17.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə yaxından tanışdır. Belə ki, cavabdeh 2 il öncə ailə qurmaq məqsədi ilə onunla tanış olmuş və ciddi olmasını sübut etmək üçün özü və ailə üzvlərini ailəsi ilə tanış etmişdir. Cavabdeh ona yaxın dostunun pulu hissələrlə ödəmək şərti ilə qeyri-yaşayış sahəsini satdığını bildirmiş, dostunun xaricdə yaşadığını iddiaçının icarəyə salon götürüb işlədənə kimi 5 min ABŞ dolları ilkin ödəniş edərsə qalan ödəcəyi məbləği icarəyə ödədiyi qədər ödəyərsə ödənən əsas məbləğdən çıxmış sayıldığını bildirdi. Şərtin ona çox uyğun olmasını görüb və gələcəkdə ailə olacağı şəxs kimi cavabdehə inandı və həmin obyektə baxmağı cavabdehdən xahiş etdi. Cavabdeh Bakı şəhəri Nəsimi rayonu Sübhi Salayev 37A ünvanında obyektin olmasını ona bildirdi. Lakin onunla birgə getməkdən imtina etdi. Buna səbəb kimi isə orada əmisinin yaşamasını və həmin satdıq obyekti əmisinin də almaq niyyətinin olmasını hətta oranın sahibinin Cavidan yaxın dostu olduğuna görə Cavidandan ona almasını xahiş etməsi olmuşdur. İddiaçı obyektə qıraqdan baxmağını istəmiş, cavabdeh adına alındığından sonra üzə çıxarmağını söyləmişdir. Bakı şəhəri, S.Salayev 37A ünvanına gedib həqiqətən də boş obyektlərin olmasını görmüşdür. Valideynləri ilə məsələhətləşdikdən sonra 5.000 ABŞ dollarını Cavidana ilkin ödəniş kimi vermişdir və sənədləşməni adına rəsmiləşdirməsini Cavabdeh öz üzərinə götürdü. Bundan sonra cavabdeh müxtəlif bəhanələrlə işin uzandığını bildirdi və bir müddət sonra ümumiyyətlə iddiaçıdan qaçmağa, telefonunu söndürməyə başladı. Yalnız cavabdehin bu hərəkətlərindən sonra ona məlum oldu ki, cavabdeh onun və ailəsinin etibarından sui-istifadə edərək göstərdiyi bina onun keçmiş həyat yoldaşı, qayınatası, yaşayan hətta eşitdiyinə görə sözügedən binanın tikilməsində şərik olan Cavabdeh keçmiş qayınatası olmuşdur. Cavabdeh bu günə kimi illərdir yığdığı 5 min ABŞ dollarını qaytarmaqdan imtina edir. Müxtəlif bəhanələrlə qaytarmır və o isə itirmiş olduğu məbləğdən heç cür faydalana bilmir, əksinə borca düşür. Cavabdeh isə əsassız aldatma yolu ilə varlanmaqdadır. Bu barədə polisə müraciətləri belə cavabsız qalmışdır. Etibarından sui-istifadə etmə və aldatma yolu ilə külli miqdarda ziyan vuran və əlavə mənfəətlərdən məhrum edən cavabdeh hər dəfə xəstə olması, ailə üzvlərinin ondan imtina etməsi və heç bir yerdə tapa bilməməsi onu ailə üzvlərinin yanında pis duruma salmışdır. Cavabdehin onu və ailə üzvlərinin etibarından sui-istifadə edərək əldə etdiyi faktiki 5.000 ABŞ dollarının mənimsəməsi həmin məbləğdən istifadə edərək hər ay üçün əldən çıxmış mənfəətin azından 300 AZN olmuşdur ki, bu da sözü gedən məbləğin 3,5%-dir. Qeyd olunanlara əsasən, məhkəmədən, etibarından sui-istifadə edərək aldatma yolu ilə ondan alınmış 5.000 ABŞ dolları və 1 il 6 ay ərzində mülki dövriyyə üzrə 3,5 % hesablayaraq 5400 AZN, ümumilikdə 13500 AZN dərhal qaytarılaraq ona verməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbini müdafiə etmiş və təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, cavabdehə verdiyi 5000 ABŞ dollarının dərhal ona qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh qanunamüvafiq qaydada məhkəmə iclasları barədə məlumat göndərilsə də, iş materiallarında göstərilən ünvanda yaşamaması səbəbindən məhkəmə iclasında onun iştirakını təmin etmək mümkün olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə dindirilmiş şahid X2 ifadəsində göstərmişdir ki, iddiaçını iş yoldaşı kimi tanıyır, təxminən 2020-ci ilin mart ayında cavabdeh işlədikləri salona gəlmiş, Səbinənin anası pul gətirmiş, Səbinə də onun yanında Cavabdeh 5000 ABŞ dolları pul vermişdir. Məhkəmə iclasında dindirilmiş şahid X3 ifadəsində göstərmişdir ki, iddiaçı onun iş yoldaşıdır, 2020-ci ilin 8 mart tarixində Səbinə onlara yeni yerə köçəcəklərini demişdir. Həmçinin Səbinənin anasının işlədikləri salona pul gətirdiyini, həmin pulu birlikdə sayıb Cavabdeh verdiklərinin şahidi olduğunu bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X1 da digər şahidlərlə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, 5000 ABŞ dollarının cavabdehə verilməsinin şahidi olmuş, lakin sonradan onlar arasında baş vermiş məsələlər barəsində xəbəri olmamışdır. Bununla belə, işin hallarından məlum olur ki, iddiaçı cavabdehə 5000 ABŞ dollarının verilməsini iddia edir, lakin bunu təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası MM-in 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası MM-in 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Göründüyü kimi, qanunverici borc institutu üzrə yaranmış mülki hüquq münasibətlərinin iştirakçıları üçün verilən pulun məbləğindən asılı olaraq müqavilənin rəsmiləşdirilməsinin imperativ qaydasını müəyyən edir. Hazırki iş üzrə tərəflər arasında borc müqaviləsinin bağlanması üçün nəzərdə tutulmuş məcburi qaydaya əməl edilməsini təsdiq edən heç bir müqavilənin olmaması iddia tələbinin yalnız tələbkarın mülahizələrinə əsaslandığını göstərir, həqiqətən də tərəflər arasında hər hansı bir müqavilənin mövcudluğunu şübhə altına alır. Həmçinin məhkəmə iddiaçının vəsatəti ilə dindirilmiş şahidlərlə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, çağrılmış şahidlərin iddiaçının iş yoldaşı olmaları və ifadələrində işin konkret hallarına toxunmadan sadəcə tələbkarın bildirdiyi məzmunda “5000 ABŞ dollarının cavabdehə verilməsi” barədə ümumi ifadələri işlətmələri, həmin şəxslərin mübahisənin halları barəsində həqiqi məlumatlara malik olub-olmadıqlarını şübhə altında qoyur. Məhkəmə isə mahiyyəti üzrə yekun qərarını qəbul edərkən şübhəli və ziddiyyətli hallara əsaslana bilməz. Belə ki, «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehin ona hər-hansı məbləğdə borcun olmasını təsdiq edə biləcək mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-4242/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4242/2021
17.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver