Məhkəmə qərarları › İş №2(006)-4244/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-4244/2024

24.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4244/2024 24.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borc olaraq verilmiş 47000 (qırx yeddi min) manat pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 231 (iki yüz otuz bir) manat dövlət rüsumunun, cəmi 47231 (qırx yeddi min iki yüz otuz bir) manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh oğlu doğma qardaşdırlar. 2022-ci ilin sentyabr ayında cavabdeh Bakı şəhərinin Xəzər rayonu ərazisində özünə fərdi yaşayış evi tikməyə başlamış, lakin maddi vəziyyəti ağır olduğundan lazım olan materialları almaqda çətinlik çəkdiyinə görə iddiaçıdan 47000 (qırx yeddi min) manat borc pul verməyi xahiş edərək onu inandırmışdır ki, “əgər mən ona borc verərəmsə, o, bu borcu 2024-cü ilin iyun ayına qədər qaytaracaqdır”. İddiaçı da bir qardaş kimi cavabdehin səmimiliyinə inanaraq ona 47000 (qırx yeddi min) manat məbləğində borc pul vermiş və cavabdeh iddiaçıdan aldığı həmin məbləğdə borc barədə öz əli ilə qəbz yazmışdır. Cavabdeh iddiaçıdan aldığı pulu 2024-cü ilin iyun ayına qədər qaytaracağına dair söz verməsinə baxmayaraq, həmin tarixə qədər heç bir ödəniş etmədiyindən, həmçinin, başqa digər şəxslərdən aldığı pulu mənasız şəkildə xərcləyib çətin vəziyyətə düşdüyündən, iddiaçı cavabdehdən borcun qaytarılmasını tələb etmişdir. Lakin cavabdeh maddi vəziyyəti ağır olması səbəbindən iddiaçıya olan borcunu qaytara bilməyəcəyini və ona möhlət verilməsini xahiş edərək, 2024-cü ilin sonunadək aldığı borcu tam şəkildə qaytaracağını iddiaçıya bildirmişdir. İddia ərizəsi verilən günədək cavabdeh borclu olduğu 47000 (qırx yeddi min) manat pul vəsaitini 2024-cü ilin iyun ayına qədər qaytaracağına dair söz verməsinə baxmayaraq, iddiaçıya heç bir məbləğ ödəməmiş, iddiaçı cavabdehdən dəfələrlə borcun qaytarılmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina edir. Cavabdehin qeyd edilən hərəkəti səbəbindən iddiaçı ağır vəziyyətə düşmüşdür.

3. Cavabdeh ərizə göndərərək, iddiaçının ərizəsinin təmin olunmasına etiraz etmədiyini bildirmişdir.

4. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının işə qiyabi icraat qaydasında baxılıb qiyabi qətnamə qəbul edilməsi barədə ərizəsinə əsasən, işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.

a) Məhkəmə prosesi:

5. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasında iştirak etməmiş, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddianı müdafiə etdiyini bildirib, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini; həmçinin, cavabdeh – Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasında saxlanılan Cavabdeh ərizə göndərərək, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirib, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə tərəflərin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır.

Əsaslandırıcı hissə: a) İş materialları:

7. Sadə yazılı formada tərtib edilərək İddiaçı və Cavabdeh tərəfindən imzalanmış qəbzdən görünür ki, Cavabdeh oğlu Bakı şəhəri Xəzər rayonunda özünə məxsus torpaq sahəsində fərdi yaşayış evi tikmək üçün 2022-ci ilin sentyabr ayında İddiaçı 47000 (qırx yeddi min) manat borc pul almış və borcu 2024-cü ilin iyun ayınadək qaytaracağına dair söz vermişdir.

8. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 231 (iki yüz otuz bir) manat dövlət rüsumu ödənilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, 2022-ci ilin sentyabr ayında İddiaçı Cavabdeh oğluna 2024-cü ilin iyun ayınadək geri qaytarması şərtilə 47.000 manat məbləğində pul borc vermişdir. Tərəflər sadə yazılı qəbz tərtib edərək imzalamış və borc məsələsinə dair münasibətlərini belə rəsmiləşdirmişlər.

10. Lakin cavabdeh aldığı borcu şərtləşdirilmiş vaxtadək geri qaytarmamış, buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

11. Hazırda iddiaçı 47.000 manat məbləğində pulun və dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir, cavabdeh iddia tələbinin təmin edilməsinə etiraz etməməsi barədə ərizəni məhkəməyə təqdim etmişdir.

c) Məhkəmənin mövqeyi:

12. Məhkəmə hesab edir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı cavabdehə borc verərək, öz öhdəliyini yerinə yetirmişdir.

13. Lakin cavabdeh şərtləşdirilmiş tarixədək pulu iddiaçıya qaytarmamışdır. Mülki qanunvericiliyin normaları baxımından məhkəmə cavabdehin hərəkətlərini öhdəliyin pozulması kimi qiymətləndirir.

14. İddiaçının tələbinin əsaslı olmasını və cavabdehin etirafını nəzərə alan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

15. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa, rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; Maddə 740.1-740.2. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2, 52.5. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.3-106.4. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

18. Yuxarıda qeyd olunduğu kimi cavabdeh iddia tələbini etiraf etmişdir. Məhkəmə hesab edir ki, onun iddia tələbini etiraf etməsi qanunazidd deyildir, hər hansı şəxsin hüquq və mənafelərini pozmur. Buna görə də cavabdehin iddia tələbini etiraf etməsi məhkəmə tərəfindən qəbul olunur.

19. Beləliklə, məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 47.000 (qırx yeddi min) manat məbləğində pul və iddia təmin edildiyindən, 231 (iki yüz otuz bir) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməlidir.

Nəticə:

20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 47.000 (qırx yeddi min) manat məbləğində pul və 231 (iki yüz otuz bir) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnamə ona rəsmən təqdim edildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Nəsimi Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmən verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar