Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-425/2022 04.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Şəmsəddin oğlunun, Cavabdeh sədri X1 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı «qeyri-yaşayış sahəsinin daxilindən keçən havalandırma borusunun həmin sahədən çıxarılmaqla başqa sahəyə köçürülməsi və bununla bağlı dəymiş ziyanın ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «qeyri-yaşayış sahəsinin daxilindən keçən havalandırma borusunun həmin sahədən çıxarılmaqla başqa sahəyə köçürülməsi və bununla bağlı dəymiş ziyanın ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Mənzil Tikinti Kooperativi 11 iyun 2008-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi, 1024 məhəllə ünvanında yeni inşa edilmiş çoxmənzilli yaşayış binasında yerləşən 18 kv.m qeyriyaşayış sahəsini 20.000 ABŞ dolları məbləğində pul müqabilində İddiaçı verməyi öhdəsinə götürmüşdür. 27 noyabr 2008-ci il tarixli müqavilədən aydın olur ki, qeyd edilən məbləğ İddiaçı tərəfindən tam həcmdə ödənilib və qalıq borcu yoxdur. Göstərilən qeyri-yaşayış sahəsi üzərindəki mülkiyyət hüquqlarına əsaslanaraq 1 avqust 2019-cu il tarixli X8 ilə bağlanmış ilkin müqaviləyə görə bu sahənin gələcəkdə alıcının sahibliyinə keçirilməsi nəzərdə tutulmuşdur. Alqı-satqı müqaviləsinə əsasən alıcı satıcıya 30.000 (otuz min) manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin həmin qeyri-yaşayış sahəsinin istismar qaydalarının tələblərinə uyğun olmaması nəticəsində satış həyata keçirilməmişdir. Bundan sonra, iddiaçı və X8 arasında 01 noyabr 2019-cu il tarixli icarə müqaviləsi bağlanmışdır. İcarə haqqı tərəflər arasındakı qarşılıqlı razılığa uyğun olaraq aylıq 200 (iki yüz) manat olaraq müəyyənləşdirilmişdir. Lakin, Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi, 1024 məhəllə ünvanında yeni inşa edilmiş çoxmənzilli yaşayış binasında yerləşən 18 kv.m qeyriyaşayış sahəsinin daxilindən keçən havalandırma borusu sahənin istifadə edilməsi üçün çətinliklər yaradır. Bunun nəticəsində qeyd edilən qeyri-yaşayış sahəsində hər-hansı fəaliyyətin həyata keçirilməsi mümkün deyil. O cümlədən, həmin sahədən havalandırma borularının keçməsi otağın quruluşuna (strukturuna) təsir edir. Belə ki, qeyd edilən qeyriyaşayış sahəsi daxilindən keçən havalandırma borularının həmin ərazidən çıxarılaraq başqa əraziyə keçirilməsi zərurəti yaranmışdır. Bununla bağlı cavabdeh "Nəsimi-25” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən müəyyən tədbirlər həyata keçirilməlidir. Həmçinin, qeyd olunmalıdır ki, qeyri-yaşayış sahəsinin istifadəsinə yaradılan çətinlik nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Belə ki, iddiaçı bağlanmış icarə müqaviləsinə əsasən 01 avqust 2019-cu ildən bəri hər ay üçün 200 (iki yüz) manat məbləğində icarə haqqının qazanılmasından məhrum olmuşdur. Əgər belə bir çətinliklə üzləşməsəydi və icarə müqaviləsi vaxtında icra oluna bilsəydi iddiaçı bu vaxta qədər azı 4600 (dörd min altı yüz) manat qazanc əldə etmiş olardı. Ümumilikdə, qeyri-yaşayış sahəsinin istifadəsinin mümkünsüzlüyü nəticəsində iddiaçıya 24600 (iyirmi dörd min altı yüz) manat ziyan dəymişdir. Qeyd edilən məsələ ilə bağlı İddiaçı müraciəti əsasında ekspertiza təşkil olunmuşdur. X4 tərəfindən 31 mart 2021-ci il tarixli 156 nömrəli ekspert rəyində havalandırma borularının qeyri-yaşayış sahəsinin struktur quruluşuna və istismar qaydalarına təsiri barədə ekspert qarşısında qoyulmuş sualları cavablandırılmışdır. Ekspert rəyində əks olunmuşdur ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi, 1024 məhəllə ünvanında yeni inşa edilmiş çoxmənzilli yaşayış binasında yerləşən 18.0 kv.m qeyri-yaşayış sahəsinin daxilindən keçən sinkləşdirilmiş borulardan hazırlanmış vitelyasiya boruları AzDTN2.12-2, SNiP 2.08.01. SNiP 31-02, SNİP 31-01 2003 və SNiP 2.08.01-89 tələblərinə uyğun deyildir. Həmin sahənin qeyri-yaşayış sahəsi kimi istifadəsi tikinti norma və qaydalarının tələblərinə ziddir. Sözügedən zirzəmi mərtəbəsində İddiaçı məxsus qeyri-yaşayış sahəsi “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun deyildir. O cümlədən, həmin sahədən havalandırma borularının keçməsi otağın quruluşuna (strukturuna) texniki cəhətdən təsir edir. Gələcəkdə tədqiq olunan zirzəmi sahəsində yanğın təhlükəsizlik qaydalarına bu kimi hadisələrin baş verməməsi və ya qarşısının alınması üçün maneəçilik yaradır. Həmçinin ekspert rəyində göstərilmişdir ki, qeyri-yaşayış sahəsindən keçən havalandırma borusunun həmin sahədən çıxarılmaqla işlənib hazırlanmış və müvafiq icra orqanı tərəfindən təsdiq edilmiş layihə əsasında binanın digər sahəsinə keçirilməsi mümkündür. Həmin borunun istismarı və istifadəsi tikinti norma və qaydalarının tələblərinə uyğun olaraq binanın ümumi istifadədə və giriş-çıxışı maneəsiz olan sahələrdən aparılmalıdır. Habelə, İddiaçı məxsus 18.0 kv.m qeyri-yaşayış sahəsi kimi istifadəsi mümkün olduğu halda (yəni havalandırma borusu çıxarıldığı) halda həmin sahənin orta bazar qiyməti təxminən 20.000 (iyirmi min) manat və bir aylıq kirayə haqqı 100 manat məbləğində müəyyənləşdirilməsi qeyd edilmişdir. Ekspert rəyindən aydın olur ki, qeyriyaşayış sahəsindən keçən havalandırma borusunun həmin sahədən çıxarılmaqla başqa əraziyə yerləşdirilməsi mümkün olduğu və iddiaçının mülkiyyətində olan ərazidən istifadənin mümkünləşdirilə biləcəyi halda bu barədə cavabdeh tərəfindən heç bir həll yolu həyata keçirilmir. Göstərilənlərə əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi, 1024 məhəllə ünvanında yeni inşa edilmiş çoxmənzilli yaşayış binasında yerləşən 18.0 kv.m qeyri-yaşayış sahəsinin daxilindən keçən havalandırma borularının cavabdehin hesabına həmin ərazidən çıxarılaraq başqa əraziyə keçirilməsini və həmin boruların yaratdığı maneə nəticəsində 24600 (iyirmi dörd min altı yüz) manat zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil Şəmsəddin oğlu iddia tələbini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh sədri X3 iddianı qəbul etməyərək, iddiaya qarşı etiraz ərizəsini məhkəməyə təqdim edərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı əsasında 11.09.2019-ci il tarixdə Cavabdeh (MMMC) Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. İddiaçı Cavabdeh MMMC-yə qarşı qaldırdığı iddia əsassız və qərəzlidir. İşə əlavə olunmuş 11 iyun 2008-ci il tarixli "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış müqavilədən göründüyü kimi, ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli binada yerləşən 18.0 kv.m qeyri-yaşayış sahəsi qarajdır. Bu ərizəyə əlavə olunmuş çertyoj-plan sxemdə göstərildiyi kimi bu qeyri-yaşayış sahəsi avtodayanacaq\qarajdır və bu sahəsinin qaraj kimi istifadə olunmasında heç bir maneələr yoxdur, istənilən ölçüdə minik maşını bu qaraja daxil ola bilər. Əfsuslar olsun ki, İddiaçı xələfi X2 gedən qeyri-yaşayış sahəsinin-qarajın təyinatını dəyişdirərək, binanın çöl divarını sökərək həyətə çıxış açmaq, bu qeyri-yaşayış sahəsini ofisə çevirmək istəyirlər. Əlbətdə ki, Cavabdeh MMMC buna qarşıdır. İlk olaraq ona görə ki, bu qeyri-yaşayış sahəsi-qarajın çöl divarının böyük bir qismi torpaq səthindən aşağıdadır və binanın yanğın təhlükəsizliyi zonasına düşür. Burada hər-hansı torpaq işlərini apararaq divarın sökülməsi gələcəkdə yanğınsöndürmə maşınlarının binaya yaxınlaşmasına çətinlik yaradacaq. Həmçinin, bu torpaq işləri gələcəkdə yağış sularının binanın təməlinə sızması və daha böyük fəsadlar yaratmasına zəmin olur. Nəzərinizə çatdırmaq istəyirəm ki, sözügedən havalandırma boruları yanğından mühafizə sisteminin bir hissəsi olaraq yalnız yanğın zamanı avtomatik qoşulur. İddiaçının qeyri-yaşayış sahəsi-qarajı yerləşdiyi zirzəmi mərtəbəsində, eləcə də alt zirzəmi mərtəbəsində yerləşən bütün sahələrdə avtomatik yanğınsöndürmə sistemləri - sprinkler, tüstü sensorları ilə quraşdırılaraq tam yanğından mühafizə sistemləri ilə təchiz olunub. İddia predmetinə gəldikdə isə, iddia ekspert rəyi üzərində qurulub və ekspertlər üç suala cavab tapmağa çalışıblar. Birinci sualı cavablandıran zaman ekspertlər bir neçə standartlara istinad edirlər. Mətndən də göründüyü kimi bu standartlar - SNİP 2.08.01, SNİP31-02, SNİP 2.08.01-89 texniki mərtəbələrin tikintisi, dizaynı barəsindədir. Qeyd olunmalıdır ki, ünvan 2 ünvanında yerləşən bina 21.02.2020 tarixli 339 qərar ilə dövlət qəbulundan keçib. Əfsuslar olsun “ekspertlər” bu sualı cavablandırmağa çalışan zaman binanın istismara qəbulu ilə əlaqədar 11 dövlət orqanın təsdiq imzasını şübhə altına qoyurlar. SNİP 31-01-2003 standartına gəldikdə isə, çoxmərtəbəli yaşayış binalarında bu normartiv sənədin 7.4.3 “Yanğınsöndürmə və X6 Edilməsi” alt bəndində göstərildiyi kimi - texniki yeraltı kommunikasiya xətlərinə qədər hündürlük 1.8 metrdən az olmamalıdır. Ekspert rəyinin ikinci səhifəsində göstərildiyi kimi bu hündürlük 2.37 metrdir. AzDTN 2.12-2 “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması. Layihələndirmə normaları” həmçinin “Səs-küy təhlükəsizliyi tələbləri” haqqında normativ tələbləri bu qeyri-yaşayış sahəsi-qaraja tətbiqi əsassızdır. Ekspertlər rəydə nədənsə bu zirzəmidə yerləşən bu qeyri-yaşayış sahəsi-qarajı işçi zonaya bərabər tuturlar. İkinci sualı cavablandırılan zaman ekspertlər kənarlaşmalara yol veriblər. Bəlkə də bu yanğından mühafizə sistemin bir hissəsi olan havalandırma borularını müvafiq layihə əsasında binaya aid olan başqa yerə köçürmək olar. Həmin qeyri-yaşayış ərazisindən - qarajdan diametri 200mm olan kanalizasiya borusu da keçir. Bəlkə də küllü miqdarda vəsait xərcləyərək onu da binaya aid olan başqa sahəyə köçürmək olar. Amma niyə məhdud maliyyə resurslarına malik olan MMMC bu xərcləri qarşılamalıdır? Axı bu qeyri-yaşayış sahəsi-qaraj kimi layihələndirilib və bu sahənin içərisindən keçən binaya aid olan hər hansı bir texniki qurğular həmin sahənin qaraj kimi istifadəsinə heç bir əngəl yaratmır. Üçüncü sualı cavablandırılan zaman da ekspertlər kənarlaşmalara yol veriblər. Binada həmin zirzəmidə yerləşən qeyri-yaşayış sahələri 100 manat, daha aşağı mərtəbədə isə 60-100 manat civarında dəyişir. Yəni həmin qeyri-yaşayış sahəsiniqarajı kirayə verilməsində heç bir məhdudiyyət yoxdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123.0.2, 123.0.3. 123.0.5.-ci maddələrinə görə MMMC-nin üzvləri olmayan çoxmənzilli binanın sahə mülkiyyətçiləri ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri haqqında müqavilələr bağlamalı və qanunvericiliklə nəzərdə tutulmuş qaydada müqavilə üzrə öhdəlikləri yerinə yetirməlidir. Cavabdeh MMMC Azər Əliyev küçəsi ev 9B ünvanında yerləşən binanın idarə olunmasına seçildiyi gündən bəri iddiaçı MMMC ilə xidmət müqaviləsi bağlamaqdan imtina edib və oktyabr 2019-ci il tarixdən kommunal ödənişləri etməkdən imtina edir. 1 yanvar 2022-ci il tarixinə iddiaçının Cavabdeh MMMC-yə kommunal xərclərə görə 837.6 manat borcu var. Göstərilənləri nəzərə alaraq İddiaçı Cavabdehnə qarşı qaldırdığı iddia ərizəsini əsassız sayaraq təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, İddiaçı ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında bağlanmış 11.06.2008-ci il tarixli müqaviləyə əsasən iddiaçının əldə etdiyi qeyri-yaşayış sahəsi öz təyinatına görə qarajdır. Bu yuxarıda qeyd olunan müqavilənin məzmunundan da görünür. Həmin qeyri-yaşayış sahəsinin daxilində quraşdırılmış havalandırma borusu isə qeyd olunan sahənin qaraj (avtodayanacaq) kimi istifadəsinə maneçilik yaratmır. Həmin hal məhkəmə tərəfindən göstərilən sahəyə yerində baxış keçirilərkən də öz təsdiqini tapmışdır. Bundan əlavə, məhkəmə xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi bina dövlət komissiyası tərəfindən qəbul edilmiş, bununla bağlı müvafiq akt da tərtib olunmuşdur və iddiaçının sübut kimi istinad etdiyi “X4”nin rəyində göstərildiyi kimi mübahisəli qeyri-yaşayış sahəsinin daxilindən keçən havalandırma borusunun quraşdırılması zamanı tikinti norma və qaydalarının pozulmasına yol verildiyi halda, bununla bağlı yuxarıda qeyd olunan aktda hər-hansı qeyd-şərt öz əksini tapmamışdır. Bununla bağlı məhkəmə hesab edir ki, göstərilən ekspert rəyi həmin halları təsdiq edə biləcək mötəbər sübut kimi qiymətləndirilə bilməz. İddiaçı S.X5 adlı şəxslə mübahisəli qeyri-yaşayış (qaraj) sahəsinə dair bağladığı əvvəl alqı-satqı, sonradan isə icarə müqaviləsi əsasında iddiaçının əldə edə bilmədiyi gəlirə görə zərərin əvəzinin ödənilməsi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istənilən əqd bağlandığı zaman (alqı-satqı, icarə və s.) əqdi bağlayan şəxsin (hazırki halda A.Hüseynovun) həmin əqdin predmeti olan sahəyə baxış keçirib əqdin icrasına maneçilik törədə biləcək nüansları görməməsi (fikir verməməsi) ağlabatan və inandırıcı hesab oluna bilməz. Həmçinin, iddiaçıya vurulmuş ziyanın məbləğinin məhz 24600 manat təşkil etməsini təsdiq edən hər-hansı bir mötəbər sübut sonuncu tərəfindən məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bundan əlavə, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbləri yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizələrindən ibarət olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı «qeyri-yaşayış sahəsinin daxilindən keçən havalandırma borusunun həmin sahədən çıxarılmaqla başqa sahəyə köçürülməsi və bununla bağlı dəymiş ziyanın ödənilməsi tələbi»nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-425/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-425/2022
04.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver