Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-425/2025 10.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh cəmi 6.100 manat borc pul və dövlət rüsumu olaraq 82 manat, cəmi 6.182 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı 2018-ci il tarixdən Xırdalan şəhərində yerləşən Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar kollecində şöbə müdiri işləyir. Cavabdeh kollecdə tutor işləyirdi. 2021-ci ilin iyun ayında kollecdə müəllimələr arasında lotereya oynayırdılar. Həmin vaxtı səhəti və ailə vəziyyətilə əlaqədar bir neçə gün işdə olmamışdır. Lotereya pulunun ona çatacaq növbəsində Aynur müəllimələrdən ona çatacaq cəmi 6.100 manat pulu yığmışdır. Aynur müəllimələrə bildirmişdir ki, guya iddiaçıya çataçaq lotereya pulunu yağmağı İddiaçı ona tapşırmışdır. Müəllimələr ona inanmış və cəmi 6.100 manat pulu Aynuryə vermişlər. Bir neçə gündən sonra bu barədə bilmiş və pulu ondan istəmişdir. Aynur problemi olduğunu demiş və tezliklə pulu ona qaytaracağını bildirmişdir. Aynur bundan sonra işə çıxmamışdır. Sonradan məlum olmuşdur ki, Aynur Türkiyəyə qaçmışdır. Aynuru tapa bilməmiş və kollecdə müəllimə işləyən anası Nümayəndə müəllimədən pulunu istəmişdir. Mehriban müəllimə qızı Aynurun Türkiyəyə getdiyini bildirmiş və pulu ona qaytarmışdır. X7 gizlənir. Onu aldadıb taladığı pulu qaytarmaq istəmir. Bununla alaqədar Abşeron rayon polis şöbəsinə müraciət etmişdir. Polisdə araşdırma aparılmış və müraciətinin mülki xarakterli mübahisə olduğu bildirilib cinayət işi başlanmamışdır. Cavabdehin etirazı: Cavabdeh və onun nümayəndəsi X1 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı öz ərizəsində əsassız olaraq kollec müəllimləri arasında oynanılan 6100 manatı Aynurun götürüb, mənimsədiyini sonradan ölkə xaricinə qaçıb gizləndiyini qeyd etmişdir. İddiaçının qeyd etdiyi hallar tamamilə yalan və əsassızdır. Həqiqətə uyğun deyildir. Aynur İddiaçı ilə qeyd edilən kollecdə bir otaqda işləyirdilər. Mütəmadi oynanılan lotereya pullarını otaqda kimin olmasından olaraq ya Afaq yaxud da Aynur götürürdü. 10 nəfər arasında oynanılan lotoreyanın ümümi məbləği iddiaçının qeyd etdiyi kimi 6100 (altı min yüz) manat yox, 3000 (üç min) manat olmuşdur. Lotereya pulları Aynurda olarkən qəpiyinə qədər sahiblərinə qaytarılmışdır. Sual yaranır ki, iddiaçının qeyd etdiyi məbləğ əgər Aynur tərəfindən mənimsənilibsə, niyə digər 10 nəfər Aynur barəsində şikayətçi deyillər?! Aynurla Afaq arasında olan pul məsələsinin lotoreya puluna heç bir aidiyyəti yoxdur. Belə ki, Afaq özü heç bir hüquqi əsası olmadan insanlara sələmlə (faizlə) qaytarılmaq şərtilə borca pul verir. Sələm (faiz) məbləğini yüksək qoyaraq insanları öz qarşısında yüksək məbləğdə borclandırır. O cümlədən Aynura həmin qaydada pul vermişdir. Həmin borc da Aynur tərəfindən tam şəkildə Afaqa qaytarılmışdır. Aynur tam qanuni şəkildə 4 ildir Türkiyədə yaşayır. Bu günə qədər heç bir qanunazidd hərəkətlərə yol verməmiş, hüquq mühafizə orqanları ilə heç bir problemi olmamışdır. 11 il işlədiyi kollecdə müəllim həmkarları ilə heç bir insident, fikir ayrılığı, pul-borc mübahisəsi yaşamamışdır. İddiaçının öz iddia tələbində bildirdiyi pul tələbi iddiası tamamilə əsassız, heç bir dəlil və sübuta olmadan, böhtan-iftira xarakterli olduğundan rədd edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştiarak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, lotereyanın təşkilatçıları Cavabdeh və özü idi. Lotereya pulunu hər ay Cavabdeh toplayırdı. Cavabdeh müəllimlərdən ona çatası pulu yığıb, sonra mənimsəmişdir. Bu hadisədən sonra Cavabdehla bir neçə dəfə danışmış, “pulu bu gün atacam, sabah atacam” deyib qaytarmamışdır. Sonra anası pulu qaytaracağını bildirmişdir. Həmin puldan cəmi 40 manat pul göndərilmişdir. Cavabdehin bildirdiyi faizlə pul vermə məsələsi onun deyil, yaxın qonşusu olan şəxs tərəfindən Aynura verilmişdir, o sadəcə vasitəçi kimi çıxış etmişdir. Aynura pulun verilməsində vasitəçi olduğuna görə Aynurdan da qonşusuna çatası pulu o tələb etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək etiraza uyğun izahat verib, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı ona zaman-zaman Aynura əl tutduğunu bildirmiş, ona görə də iddiaçının kartına qızına görə 150 manat və 40 manat pul atmışdır. Aynur Türkiyəyə gedəndən sonra iddiaçıya pul vermişdir. Cavabdeh Türkiyə Respublikasında olduğundan onun məhkəmə iclasında iştirakı videokonfrans əlaqə sistemindən istifadə edilməklə təmin olunmuş, məhkəmə iclasında verdiyi izahatında iddia ərizəsini qəbul etməyərək bildirmişdir ki, iddia ərizəsi ilə tanış olmuşdur, orada yazılıb ki, guya 6100 manatı alıb ölkədən qaçmışdır. İddiaçı ərizədə göstərilən böhtana görə ilk öncə dəlilləri təqdim etməlidir. 11 il kollecdə işləmiş, onun işlədiyi dövr ərzində iki rəhbərlik dəyişmişdir. İddiaçı ora 2018-2019-cu illərdə gəlmişdir. İddiaçı kollecə gəlməmişdən əvvəl də orada lotereya oynanılırdı. O da lotereyada iştirak etmişdir. Orada heç kimlə heç bir problemi yox idi. 6100 manatı o götürməmişdir. İddiaçı 2020-ci ildə ona faizlə pul vermiş, onu da artıqlaması ilə qaytarmışdır. 2021-ci ilin iyul ayında Türkiyəyə getmişdir. İddiaçıya borcu yoxdur, hamısını qaytarmışdır. İddiaçı ondan başqa bir neçə adama da faizlə pul vermişdir. Odur ki, iddianı əsasız hesab edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş: X6 ifadəsində bildirmişdir ki, o, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar kollecində işləməklə iddiaçının iş yoldaşı olmuş, həm də eltisidir. 2020-ci ilin sentyabr ayından kollecdə işə başlamışdır. 2021-ci ildə müqaviləsinin müddəti bitmişdir. Cavabdehi də tanıyır. Hətta Afaqın evində Aynurla bir yerdə çay-çörək də yemişdir. 2021-ci ilin iyun ayında Aynur ondan lotereya pulunu ödəməyini istəmişdir. O da pulu Aynura vermişdir. Sonra eşitmişlər ki, Aynur işə gəlmir. Afaq lotereya pulunu karta göndərilməsini bildirdikdə, ödənilməli olan pulun Aynurun kartına göndərdiyini bildirmişdir. Öz növbəsi fevral ayında idi. Fevral ayında Aynur pulu yığıb ona vermişdir. Aylıq 600 manat verirdi. Aynurun öz növbəsi əvvəllərdə idi. X2 ifadəsində bildirmişdir ki, o, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar kollecində işləməklə iddiaçının iş yoldaşı olmuşdur, lakin hazırda orada işləmir. Aynuru da kollecdən tanıyır. Aynurun Türkiyəyə getməyə hazırlaşdığından məlumatlı idi. Lotereya iştirakçısı kimi aylıq 100 manat verirdi, öz növbəsi çatanda 1.000 manat götürmüşdür. Həmin pulu Aynurdan almışdır, amma bir az gecikdirmişdir. Hər ay pulu Aynura verirdi. O, iddiaçının növbəsi üçün yığılan lotereya pulunu götürməmişdir. Afaq lotereya üçün aylıq 600 manat verirdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Abşeron Rayon Polis İdarəsinin Təhqiqət Şöbəsinin 10 may 2024-cü il tarixli qərarının surətindən görünür ki, Cavabdeh və onun nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, hal-hazırda BDU-nin nəzdində İqtisadiyat və Humanitar kollecində müəllimə işləyir. Qızı Cavabdeh əvəllər onun işlədiyi kollecdə işləmişdir. Həmin vaxt İddiaçı Etibar qızı ilə bir yerdə işləmişdir. Qızı Cavabdeh ilə İddiaçı arasında olan pul məsələsindən məlumıtı olmamışdır. Qızı Cavabdeh iddia edir ki, onun İddiaçı borcu yoxdur. O bildirmişdir ki, İddiaçı şikayəti əsassızdır. Həmin qərara əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllə Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Mülki Prosessual Məcəllə Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, hazırda iddiaçı cavabdehdən 6100 manat məbləğində pul vəsaitinin alınıb ona ödənilməsini məhkəmədən xahiş edir və iddiasını onunla əsaslandırır ki, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar kollecində müəllimlər və orada işləyən digər şəxslərin iştirakı ilə lotereya təşkil olunmuş, tərəflər həmin lotereyanın iştirakçısı olmuş, Cavabdeh lotereyanın təşkilatçısı (pulları toplayan şəxs) kimi iddiaçının öz növbəsində ona çatası pulu mənimsəyərək ona verməmişdir. Cavabdeh isə iddiaya etiraz edərək göstərir ki, mütəmadi oynanılan lotereya pullarını otaqda kimin olmasından asılı olaraq ya İddiaçı yaxud da özü götürürdü. 10 nəfər arasında oynanılan lotoreyanın ümümi məbləği iddiaçının qeyd etdiyi kimi 6100 (altı min yüz) manat yox, 3000 (üç min) manat olmuş və həmin məbləğ iddiaçıya qaytarılmışdır. Eyni zamanda iddiaçı iddia ərizəsinin 2021-ci ildə oynanılan lotereya üzrə yaranmış pul tələbi ilə bağlı olduğunu, iddiaçının isə 3 il keçdikdən sonra - 2024-cü ildə məhkəməyə müraciət etməsini əsas gətirərək, hazırkı tələbə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1091-ci maddəsinin dispozitiv şərtlərinin ödənilməsi üçün bu cür varlanmaya haqq verən hər hansı qanuni əsas və ya müqavilə əsası olmamalıdır. Başqa sözlə, bu zaman zərərçəkənlə əldə edən arasında varlanma obyektinə dair hər hansı qanuni razılaşma baş vermir, əldə edən qanunla və ya müqavilə (razılaşma) əsasında əmlak əldə etmir. Bu, o halda baş verir ki, zərərçəkən, əldə edənlə qanuni razılaşmadan (razılaşma çərçivəsindən) kənar ödəniş edir, ödənişlərdə yanılmış olur, əldə edən bilərəkdən və ya bilməyərəkdən razılaşmadan kənar artıq ödəniş əldə edir, əldə edənə məxsus borc zərəçəkəndən tutulur və i.a. Əsassız varlanma zərəçəkmişin hərəkətləri (başqasına məxsus borc məbləğini ödəmək, ödənilmiş malın təkrar və ya artıq ödənilməsi, artıq malın verilməsi və s.), əldə edənin hərəkətləri (başqasına çatası göndərişi səhvən əldə etmək), üçüncü şəxslərin hərəkətləri, göndərilən yükü səhvən başqasına vermək, bankın ödənişi səhv verməsi və s.) yollarla baş verə bilər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Məhkəmə qeyd edir ki, İddiaçı ona çatmalı olan lotereya məbləğinin Cavabdeh tərəfindən götürülərək ona qaytarılmalı olduğunu iddia edir. Hazırkı halda iddiaçının növbəsi üzrə lotereya məbləğinin cavabdeh tərəfindən götürülməsini sübuta yetirmək yükü iddiaçının üzərindədir. İddiaçı tərəfin vəsatəti ilə, təşkil olunmuş lotereyada iştirak edən şəxslərdən ikisi şahid qismində dindirilmiş, şahid ifadələri ilə lotereyanın hər ay cavabdeh tərəfindən toplanılaraq əvvəlcədən müəyyən olunmuş növbələr üzrə aidiyyəti iştirakçılara verilməsi, habelə sonuncu növbə üzrə yığılan məbləğin cavabdehə verilməsi öz təsdiqini tapmışdır. Eyni zamanda cavabdeh etirazında (mütəmadi oynanılan lotereya pullarını otaqda kimin olmasından olaraq ya Afaq yaxud da Aynur götürürdü), habelə məhkəmə iclasında verdiyi izahatında da lotereya pulunun yığılmasında özünün iştirak etdiyini etiraf etmiş, lakin ziddiyyətli ifadələr verərək bir yandan iddiaçı üçün yığılmış məbləğin otaqda kimin olmasından olaraq ya Afaq yaxud da özü tərəfindən, digər tərəfdən isə şahid qismində dindirilmiş Günel Abdullayeva tərəfindən yığıldığını bildirmişdir. Lakin lotereya məbləğinin onun yox, başqası tərəfindən yığılması barədə heç bir sübut təqdim edə bilməmişdir. Bununla belə təşkil olunan lotereya oyunlarında müvafiq məbləğlərin toplanılmasının konkret olaraq bir nəfərə həvalə olunması hamıya bəlli olan haldır. Bu baxımdan həm şahid ifadələri, həm də cavabdehin etirazında göstərilənlərlə məbləğlərin cavabdeh tərəfindən toplanılması öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə sübutetmə vəzifəsinin bölgüsü baxımından hesab edir ki, yığılmış pul vəsaitinin lotereya üzrə sonuncu növbənin sahibi olan İddiaçı verildiyini sübut etmək yükünün bu halı iddia edən tərəf kimi Cavabdeh ötürülməsinə baxmayaraq, cavabdeh bunu təsdiq edə bilməmişdir. Tələb olunan pulun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, yığılan məbləğin 6100 manat olmasına dair İddiaçı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda həm tərəflərin izahatları, həm də şahid ifadələri ilə lotereya üçün yığılan məbləğin konkret olmadığı, hər iştirakçının fərqli məbləğlərlə lotereyaya qoşulması müəyyən edilmişdir. Ona görə də cavabdehin toplanılan yekun məbləğin 3000 manat olması barədə izahatını nəzərə alaraq, məhkəmə iddianın qismən - 3000 manat həddində əsaslı sayılmasını məqsədəmüvafiq hesab edir. İddianın qalan 3100 manat hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı məhkəməyə cavabdehlə aralarında olan danışıqları əks etdirən səs yazılarını təqdim etməsinə baxmayaraq, məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilən səs yazılarının iddiaçının tələb etdiyi məbləğə aidiyyətini müəyyən etmək mümkün olmamışdır. Belə ki, tərəflər arasında bundan əvvəl də pul vəsaitinin verilməsi ilə bağlı münasibətlər olmuşdur (cavabdehin bildirdiyinə görə iddiaçı ona faizlə pul vermiş, iddiaçı isə özünün deyil, qonşusu tərəfindən onun vasitəsilə cavabdehə faizlə pul verildiyini və həmin pulları qonşusunun adından tələb etdiyini bildirmişdir). Odur ki, mövcud səs yazılarının məhz mübahisələndirilən məbləğin geri qaytarılması ilə bağlı olması bəlli deyil. Sübutların təkzibolunmazlıq prinsipinə cavab verməli olması nəzərə alındıqda hazırkı halda səs yazısının hansı pul münasibətlərindən bəhs etməsini müəyyənləşdirmək mümkün olmur. Bundan başqa iddiaçı CD diskdə təqdim olunan səs yazılarının whatsapp platforması üzərindən aparıldığını bildirsə də, həmin yazıların hansı tarixə aid olması da müəyyən edilmir. İddiaçı bunun səbəbini, cavabdehlə yazışmalarının mobil telefonundan silinməsi səbəbindən tarixi aşkar görünməklə müvafiq səsləri təqdim edə bilmədiyini, yalnız xüsusi proqramla bəzi səs yazılarının bərpa edə bilməsinin mümkün olduğunu, belə olan halda isə təqdim olunan daşıyıcıda tarixin öz əksini tapmaması ilə əsaslandırmışdır. Bundan başqa lotereyada iştirak edən şahidlərin ifadələri də iddia tələbində göstərilən pulun iddiaçıya verilib-verilməməsi ilə bağlı hər hansı faktı sübuta yetirməməkdədir. Sonuncu növbə üzrə lotereya pulunun Cavabdeh tərəfindən iddiaçıya verilməməsi ilə bağlı bildirdikləri iddiaçıdan eşitdikləri məlumatlara əsaslanmaqdadır. Bundan başqa məhkəmə onu da qeyd edir ki, şahidlərin ifadələri məbləğin cavabdeh tərəfindən toplandığını təsdiq etsə də, iddianın sonuncuya münasibətdə tam şəkildə təmin olunması üçün yetərli deyildir. Qanunvericiliyin tələbinə görə isə şahid ifadələri digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Belə bir sübutu isə iddiaçı məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi 3000 manat hissəsində (cavabdehin həmin məbləğdə etirafı nəzərə alınmaqla) əsaslı sayılsa da, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyinindən və belə ərizənin verilməsi iddiadan imtina üçün əsas olduğundan məhkəmə hesab edir ki, iddia müddəti tətbiq olunaraq iddia tələbi rədd edilməlidir. Belə ki, işin araşdırılmış hallarından görünür ki, iddiaçı 2021-ci ilin iyun ayında lotereya məbləğini götürməli olduğunu bilirdi, yəni, iddiaçının əsassız varlanma obyektini qaytarmaq hüququnun olması 2021-ci ilin iyun ayında ona məlum olmuşdur. Belə olan halda həmin vaxtdan hesablanmaqla Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulan 2 illik iddia müddətini ötürməklə İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Mübahisəli məbləği 3 il sonra tələb etməsinin səbəbi barədə məhkəmənin sualına cavab olaraq iddiaçı bildirmişdir ki, yığılmış məbləğin Cavabdeh olduğunu bilirdi və Aynurun ehtiyacı olduğundan və Cavabdeh pulu qaytaracağına söz verdiyindən onun xahişi əsasında həmin pul vəsaitinin onun tərəfindən istifadə olunmasına etiraz etməmişdir. Eyni zamanda dəfələrlə cavabdehdən pulu məhkəmədən kənar tələb etməsinə baxmayaraq, cavabdeh “bu gün ödəyərəm, sabah ödəyərəm” deyə-deyə onu yubatmışdır. Belə olan halda, məhkəmə qeyd edir ki, əsassız varlanma obyektini qaytarmaq hüququ, iddiaçıya öz hüququnun məlum olduğu vaxtdan iki il keçdiyinə görə qüvvədən düşmüşdür. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-425/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-425/2025
10.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver