Məhkəmə qərarları › İş №2(006)-426/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-426/2022

02.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-426/2022 02.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “təmir haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “təmir haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin təqsiri üzündən ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 76 nömrəli evə korroziya uğraması nəticəsində təmir haqqına görə 9000 (doqquz min) manatın Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddətdir ki, ünvan 1 ünvanında yaşayır. Cavabdeh evinin divarları onun evi ilə bitişik olduğundan, həmin evdə cavabdeh qeyri-qanuni avtoyuma işlədirdi. Avtoyuma fəaliyyətinin nəticəsində onun birotaqlı mənzili korroziyaya və dağıntıya uğramışdır. Onun yaşadığı ev cavabdeh tərəfindən vurulan zərərə görə təmir olunmalıdır. Bununla bağlı olaraq, 13 fevral 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Tikinti Təhlükəsizliyə Nəzarət X1 Layihə İnstitunun 2 nömrəli memar-inşaat şöbəsinin konstruksiya sektorunun mühəndisləri Anar Vahid, Seymur Məmmədov və 3 nömrəli memar-inşaat şöbəsinin konstruksiya sektorunun mühəndisi Emin Cəfərov onun evində vizual baxış keçirmiş və baxış zamanı qeyd olunmuşdur ki, ona məxsus ünvan 1 ünvanında divarlarda 2-3 mm olan çatlar müşahidə edilmişdir. Həmçinin, avtoyuma fəaliyyətinin nəticəsində onun evinin giriş hissəsində Fövqəladə Hallar Nazirliyinin mühəndisləri divarlarında suvaq qatları və hörgü məhlulları aşınmış metal borular üzərində olan dəmir-beton döşəmə hissəsinin mühafizə qatları aşınmış borular və armaturlar ciddi şəkildə korroziyanın uğramasını aşkar etmişlər. Evin təmir haqqını cavabdeh ödəmək istəmir. Buna görə də məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, öz izahatında bildirmişdir ki, iddiaçı ona qarşı 9000 manat təmir haqqının ödənilməsini tələb edir. O hesab edir ki, iddia qanuna ziddir və əsassızdır. Belə ki İddiaçı ona qarşı bir necə dəfə iddia qaldırmış, lakin bütün iddialar rədd olunmuşdur. İddiaçı ona şər və böhtan atır, həqiqitə uyğun olmayan faktlara istinad edir, ona qarşı qərəzlidir. Göstərilənlərə əsasən cavabdeh iddia ərizəsinin rədd olunması barədə qətnamə çıxarılmasın məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 12 mart 2020-ci il tarixli Fövqəladə Hallar Nazirliyinin Tikinti Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Nəsimi Rayon İcra Hakimiyyətinə ünvanlanan məktubdan görünür ki, ünvan 1 ünvanında yaşayan İddiaçı məxsus mənzilin qəzalı vəziyyətinə düşməsi ilə əlaqədar ərizəyə baxılmış, bununla bağlı Agentliyin “Azərdövlətsənayelayihə” DLİ-nun mütəxəssisləri qeyd olunan ünvanda yerləşən mənzilə vizual texniki baxış keçirərək 20 fevral 2020-ci il tarixli akt tərtib etmişlər. İş materiallarında olan mənzilin texniki vəziyyəti haqqında 20 fevral 2020-ci il tarixli Aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi texniki cəhətdən məhdud işlək vəziyyətdədir. İddiaçı məxsus mənzildə bərpa təmir işlərinin aparılması məqsədəuyğun hesab edilmiş və əlavə olaraq qeyd edilmişdir ki, həmin yaşayış evində yaranmış vəziyyətin təbii fəlakətlə əlaqəsi yoxdur, yaşayış evi avtoyuma məntəqəsinin təsirindən ciddi şəkildə korroziyaya uğramış, rütubətin təsirindən evin ağac materialından olan döşəmə və tavan hissələrinin bəzi sahələri çürüyərək deformasiyaya uğramışdır. İş materiallarında olan Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyinin İddiaçı ünvanlanan 31 yanvar 2017-ci il tarixli məktubundan görünür ki, həqiqətən Cavabdeh həmin sahədən avtoyuma məntəqəsi kimi istifadə edir və nəticədə mənzildə nəmişlik əmələ gəlmiş və mənzilə müəyyən ziyan dəymiş, divar kağızlarında və suvaq qatlarında qabarmalar yaranmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 avqust 2017-ci il tarixli qətnaməsilə İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan yaşayış sahəsində rəsmi icazə olmadan fəaliyyət göstərən avtoyuma hissəsinin fəaliyyətinin dayandırılması və mənzilə vurulmuş ziyanın əvəzi kimi 3000 manat məbləğində pulun tutulması barədə iddia tələbi rədd edilmiş, həmin qətnamədən İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 18 avqust 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmış, daha sonra İddiaçı kassasiya şikayəti vermiş və AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 may 2018-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş və yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli qətnaməsilə Cavabdeh məxsus avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması qət olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25.09.2019-cu il tarixli, 2(006)-5453/2019 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsilə bağlı mülki işin maddi zərərin ödənilməsi tələbinə dair hissəsində icraatına dair xitam verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25.09.2019-cu il tarixli, 2(006)-5453/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10.11.2021-ci il tarixli, 2(006)-6537/2021 saylı qərardadı ilə, məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, iş üzrə ekspert rəyi təqdim edilənədək icraat dayandırılmışdır. İş materiallarından görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinin 04 mart 2022-ci il tarixli, 10/7266 №-li ekspert rəyi məhkəməyə daxil olmuş, həmin ekspert rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən yaşayış evinin tikilinin divarları və tavanı üzərində sarımtıl ləkələrinin və boyanın qabarması kimi halların olduğu və döşəməyə vurulmuş diktlərin deformasiyaya uğradığını nəzərə alaraq yaşayış evində nəmişliyin olması səbəbindən baş verdiyi ehtimal olunmuşdur. ünvan 1 ünvanında yerləşən yaşayış evinə dəymiş ziyanın aradan qaldırılması üçün tikililərdə aparılmalı müxtəlif növ tikinti-təmir və yenidən quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1,0 kv.m sahəyə təqribən 300,0 manat dəyərində vəsaitin sərf olacağını nəzərə alaraq, fərdi yaşayış evində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 6150,0 manat (20,5 x 300) məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, iddiaçı ilə cavabdeh ünvan 1 ünvanında qonşuluqda yaşayırlar. Onların arasında daha əvvəl Cavabdeh qeyd olunan ünvanda rəsmi icazə olmadan fəaliyyət göstərən avtoyuma hissəsinin fəaliyyətinin dayandırılması və mənzilə vurulmuş ziyanın əvəzi kimi 3000 manat məbləğində pulun ödənilməsi barədə mübahisə olmuşdur. Bu mübahisə ilə bağlı qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 sentyabr 2018-ci il tarixli, 2(103)-8121/2018 saylı qətnaməsi mövcuddur ki, bu qətnamədə avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması barədə göstəriş öz əksini tapmış, lakin İddiaçı Cavabdeh qarşı 3000 manat məbləğində maddi zərərin ödənilməsi hissəsində iddia tələbi təmin edilməmişdir. Hazırda iddiaçının tələbi Cavabdeh avtoyuma məntəqəsinin fəaliyyəti nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 76 nömrəli evə korroziya uğraması nəticəsində təmir haqqına görə 9000 manat ödənilməsini tələb edir. İddianın hüquqi əsasları ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında göstərilir ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 sentyabr 2018-ci il tarixli, 2(103)-8121/2018 saylı qətnaməsində təsdiqlənmiş fakt budur ki, iddiaçının dediyi halların (mənzilinin divarlarında nəmişlik, çat və s.) avtoyuma məntəqəsinin fəaliyyəti ilə əlaqədar yarandığı öz təsdiqini tapmamışdır. Hazırda məhkəmə, iddiaçının tələbi eyni fakta, yəni cavabdehə məxsus avtoyuma məntəqəsinin fəaliyyəti ilə əlaqədar onun evində korroziya, nəmişlik, divarların tökülməsi kimi halların baş verməsinə əsaslandığından və bu fakt məhkəmə qaydasında öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, iddia əsassız hesab olunmaqla təmin edilməməlidir. Eyni zamanda, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı onun evinə korroziya uğraması nəticəsində təmir haqqına görə 9000 manat cavabdehdən tutulması tələb etsə də, həmin tələbin təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, mülki iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının 100 (yüz) manat məbləğində dəyəri iddia tələbi təmin edilmədiyi üçün iddiaçıya aid edilməklə ondan tutularaq dövlət nəfinə ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia İddiaçı Cavabdeh qarşı “təmir haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməli, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində ekspertiza xərci iddiaçıdan tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “təmir haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində ekspertiza xərci iddiaçıdan tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar