Məhkəmə qərarları › İş №2(006)-4275/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4275/2025

28.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4275/2025 28.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı «kartdan vəsaitin oğurlanması və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh ASC-yə qarşı «kartdan vəsaitin oğurlanması və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kartdan oğurlanmış 743 manat pul vəsaitinin Cavabdeh ASC tərəfindən ona geri ödənilməsi; xx.xx.2023-cü ildən bu günə qədər həmin vəsait üzrə orta aylıq kredit faizlərinin (illik 20 %) hesablanaraq ona ödənilməsi; mənəvi zərərin əvəzi olaraq 500 manatın ona ödənilməsi, məhkəmə xərclərinin Cavabdeh ASCdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2023-cü ilin noyabr ayında «Odnoklassniki» sosial şəbəkəsində tanımadığı bir şəxsin ona yazdığı mesaja aldanaraq kart məlumatlarını paylaşmışdır. Həmin şəxs ona bildirmişdir ki, özü bank kartı əldə edib, lakin işlədə bilmir, guya ona nümunə kimi kart məlumatları lazımdır. O da, əvvəlcə üzərində pul olmayan kart göndərmək istəsə də, səhvən Cavabdeh ASC-yə məxsus vəsait olan Birbank kredit kartının məlumatlarını göndərmişdir. Nəticədə, 2023-cü il 27 və 28 noyabr tarixlərində kartından ümumilikdə 743 manat vəsait oğurlanaraq mənimsənilmişdir. Hadisənin ertəsi günü 28 noyabr 2023-cü il tarixdə Cavabdeh ASC-yə dərhal zəng etmiş, məlumat vermiş və kartlarını bloklatdırmışdır. Bu məsələ ilə bağlı Cavabdeh ASC-yə rəsmi müraciət etmişdir, lakin cavab onu qane etməmişdir. Azərbaycan Respublikası DİN və Baş Prokurorluğa yazılı şəkildə şikayət etmişdir. Mərkəzi Banka da müraciət etmişdir. Bütün dövlət qurumlarının cavablarını iddia ərizəsinə əlavə edir. Bu cavablarda məsuliyyətin bankda olmadığı bildirilsə də, o, hesab edir ki, bank öz vəzifə borcunu tam yerinə yetirməyərək, bu əməliyyatların qarşısını ala bilməmişdir və vəsaitin təhlükəsizliyinə zəmanət verməmişdir. Bundan başqa, oğurlanmış 743 manatdan əlavə, bu dövrdə o, həmin kredit üzrə banka aylıq faizlər ödəyir. Bu da maddi zərərini artırır. Həmçinin hadisə nəticəsində ona ciddi psixoloji və mənəvi zərbə dəymişdir. Buna görə də, 500 manat məbləğində mənəvi zərərin ödənilməsini tələb edir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 xx.xx.2025-ci il tarixdə məhkəməyə «Elektron Məhkəmə» İnformasiya Sistemi vasitəsi ilə yazılı izahat, eləcə də, əlavə ərizə göndərərək qeyd etmişdir ki, cari iş üzrə iddiaçı iddia ərizəsində Bank tərəfindən təhlükəsizliyə təmin verilmədiyi üçün qeyd edilən əməliyyatların icrasının mümkünlüyü bildirilmişdir. Qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərdən də göründüyü kimi, iş hüquq-mühafizə orqanları müstəvisində araşdırılmışdır. İşin faktiki hallarından (SMS-lər barədə çıxarış və cihazlar barədə məlumat) görünür ki, cihaz dəyişikliyi barədə Bank tərəfindən məxfi kodların qeyd edildiyi SMS göndərilsə də, həmin məxfi kod təsdiq edilmədiyindən cihaz dəyişikliyi baş verməmişdir. Yalnız həmin məxfi kod təsdiqləndikdə, cihaz dəyişikliyi baş verə bilərdi. Hadisə baş verdiyi tarixdə GMA qaydaları (Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydası) mövcud olmadığından, əməliyyatlar müasir mənada GMA qaydaları tətbiq edilmədiyindən, yalnız cihaz dəyişikliyi üçün SMS göndərilmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edilən izahat və ərizəni nəzərə alaraq, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Laçın RPŞ Təhqiqat qrupunun təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən qəbul olunmuş 16 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış HK-1/102 nömrəli material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Laçın rayonu Danbulaq kənd sakini İddiaçı xx.xx.2023-cü il tarixdə «Odnoklassniki» sosial şəbəkəsində Cavabdeha məxsıs 4169 7388 6876 6241 nömrəli kart hesabı ilə hər hansı bir oyuna abunə olmuş, abunə olduqdan sonra isə Cavabdeha məxsus 4169 7388 6876 6241 nömrəli kart hesabından xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə 0,17, 0,19, 0,26, 0,51, 0,84, 0,94, 1,44, 2,86 manatdan çox olmamaqla silsilə ardıcıllıqla kartında olan 743 manat pul vəsaiti oyuna çıxılmışdır. İddiaçı məxsus Cavabdeha aid 4169 7388 6876 6241 nömrəli kart hesabından qanunsuz olaraq kiminsə tərəfindən pul çıxarılması faktı öz təsdiqini tapmamışdır. İddiaçı 416973******7920 hesab kartından xx.xx.2023-xx.xx.2023-cü il tarixlərini əhatə edən çxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdən 0,17, 0,19, 0,26, 0,51, 0,84, 0,94, 1,44, 2,86 manatdan çox olmamaqla silsilə ardıcıllıqla kartında olan 743 manat pul vəsaiti (odnoklassniki.g.co) müvafiq internet saytı hesabına çıxılmışdır. Cavabdeh ASC-nin 13 fevral 2025-ci il tarixli 2025/167/3640 saylı məktubdan görünür ki, İddiaçı məxsus 416973******6241 nömrəli kartdan icra edilmiş əməliyyatlardan 120 gündən çox vaxt keçdiyi üçün X1ydalarına uyğun olaraq sorğu göndərilməsi mümkün hesab edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, məsələ ilə bağlı hüquq mühafizə orqanlarından sorğu daxil olmamışdır. Azərbaycan Respublikası Baş Prokurorluğunun 27 may 2025-ci il tarixli 2-2-050/3- 072908/2025 saylı məktubdan görünür ki, İddiaçı 5 mart 2024-cü il tarixdə Laçın RPŞ-yə ərizə ilə müraciət edərək, naməlum şəxs tərəfindən "xxxx" ASC tərəfindən verilmiş və istifadəsində olan kart hesabından 743 manat pul vəsaitinin çıxarılması barədə şikayəti əsasında Laçın rayon polis şöbəsinin təhqiqat qrupunda araşdırma aparılmışıdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ASC tərəfindən verilmiş bank kart hesabından “odnoklassniki.ru” sosial şəbəkəsində 27-28 noyabr 2023-cü il tarixlərində istifadə edərək “talış” adlı səhifə istifadəçisinə müxtəlif dəyərli elektron hədiyyələr alıb göndərmiş, nəticədə həmin kart hesabından ümumilikdə 743 manat məbləğində pul vəsaiti hesabından çıxılmışdır. Araşdırma zamanı toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən 16 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 212.3-cü maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qəbul edilmiş qərardan məhkəməyə şikayət vermək hüququnun olması iddiaçıya izah edilmişdir. Məhkəmənin sübutların cəlb edilməsi barədə qərardadının icrası ilə əlaqədar elektron daşıyıcıda təqdim edilmiş İddiaçı Qəzənfər xx.xx.2025-ci il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx.xx.2002-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, «Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.» Hazırkı mübahisənin hüquqi aspektləri ilə bağlı qeyd edilməlidir ki, delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və sair xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün dörd şərtin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanunazidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqə hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olubolmamasından asılı deyil. Belə ki, səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb yalnız işin hallarına uyğun olaraq müvafiq qiymətləndirmə nəticəsində bu şərtlər mövcud olduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının onun kartından oğurlanmış 743 manat pulun iş üzrə cavabdeh bankdan tutulması hissəsi ilə bağlı bildirir ki, iddiaçının özünün də bildirməsinə görə sərbəst şəkildə paylaşdığı kart məlumatları əsasında kartından hissə-hissə olmaqla müəyyən məbləğdə pul vəsaiti silinmişdir. Üstəlik məhkəməyəqədər də hüquq-mühafizə orqanlarında da araşdırılma aparılmış və bankın hər hansı təqsirli hərəkətləri müəyyən edilməmişdir. Odur ki, iddiaçının kartından özünün paylaşdığı kart məlumatlarının üçüncü şəxslər tərəfindən pul vəsaitlərinin bu və ya digər formada istifadəsinə bank cavabdehlik daşımır və bankdan həmin pulun tələb edilməsi əsassızdır. Məhkəmə tərəfindən toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, cavabdeh tərəfindən iddia ərizəsində qeyd edilən məsələ ilə əlaqədar müvafiq araşdırma aparılmış, iddiaçının kart hesabından çıxılmış pul vəsaiti iddiaçının özünün kart hesabı barədə məlumatdan istifadə etməklə, sosial şəbəkə üzərindən sərf edildiyi, cavabdeh bankın hər hansı təqsirli hərəkət və hərəkətsizliyə yol vermədiyi, cavabdeh tərəfindən iddiaçıya hər hansı zərər vurulmadığı müəyyən edilmişdir. Bu səbəbən, iddia tələbi təmin edilə bilməz. Habelə iddia tələbinin xx.xx.2023-cü il tarixdə bu günə qədər həmin vəsait üzrə orta aylıq kredit faizlərinin (illik 20%) hesablanaraq ödənilməsi və mənəvi zərər kimi 500 manatın ödənilməsi hissəsləri də öz növbələrində ilkin olaraq bankın hər hansı təqsirli hərəkəti müəyyən edilmədiyindən rədd edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh ASCyə qarşı «kartdan vəsaitin oğurlanması və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «kartdan vəsaitin oğurlanması və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar