Məhkəmə qərarları › İş №2(006)-4305/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4305/2022

08.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4305/2022 08.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı iştirakları ilə İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-yə qarşı "borcun restrukturizasiya olunması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.229,36 manat məbləğində ödəyəcəyi kredit borcu məbləğinin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının təsir dairəsinə düşməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(056)- 3739/2016 saylı məhkəmə əmrinə əsasən borclu Sabirabad rayonu, Məmişlər kəndində yaşayan İddiaçı və Sabirabad rayonu, Məmişlər kəndində yaşayan X1 1.475,73 USD əsas borc, 624,32 USD faiz borcu, 544,25 USD cərimə borcu olmaqla cəmi 2.644,3 USD borcun və ödənilmiş dövlət rüsumuna görə 20 manat pul məbləğinin müştərək qaydada tululub tələbkar Cavabdeh1 ASC-nin (AZ 1008 Bakı şəhəri, Qarabağ küçəsi, 31) hesabına keçirilməsi əmr edilmişdir. Həmin borcdan manat ekvavilenti ilə 1.279,38 manat ödəniş etmişdir. Bundan sonra «Azərbaycan Respublikasında fiziki şəxlərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanına əsasən şəxsən poçt vasitəsi ilə müraciət etmişdir. Bu barədə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin Sabirabad rayon filialı tərəfindən verilmiş xx.xx.2022cİ il tarixli, 1/106 nömrəli arayışın surətindən görünür ki, xx.xx.2019-cu il tarixlərdə Müştəri Xidmətləri Şöbəsindən onun Bakı şəhəri Əmanətlərin Sığortalanması Fonduna sifarişli məktubu qeydiyyata alınaraq göndərilmişdir. Lakin, qalıq qalan ödənilməmiş 1229,36 manat məbləğ isə Azərbaycan Respublikası Prezidentnin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanının təsir dairəsinə düşməmişdir. Əlavə olaraq qeyd edilir ki, Sabirabad rayon məhkəməsinə borc məbləğinin 28 fevral 2019-cu İl tarixli, 551 nömrəli Fərmanının təsir dairəsinə düşməsinə dair iddia ərizəsi ilə müraciət etsə də, Sabirabad rayon məhkəməsi xx.xx.2022-ci il tarixli, 2(056)-931/2022 saylı qərardadı ilə iddia ərizəsi ona görə geri qaytarılmışdır ki, iş üzrə cavabdeh LPO Cavabdeh1 ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Bakı şəhəri, Xətai rayonu Babək pr. 16 ünvanında qeydiyyatda olduğundan, həmin iddia ərizəsinin Bakı şəhəri Xətai rayon məhkəməsinə verilməsi zərurəti yaranmışdır. İddia ərizəsi Bakı şəhəri Xətai rayon məhkəməsinə təqdim edilmiş lakin həmin məhkəmə xx.xx.2022-ci il tarixli, 2(011)-4355/2022 saylı qərardad qəbul edərək sənədləri geri qaytarmış və əsas kimi qərardadda göstərilmiş ki, LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu Bülbül pr-ti 40 olduğundan, hazırki iddia tələbi Nəsimi rayon məhkəməsinə verilməlidir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə cavabdeh qismində cəlb edilmiş LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun əsl cavabdeh LPO Cavabdeh1 ASC ilə əvəz edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh1 ASC arasında bağlanılmış kredit müqaviləsinə əsasən yaranmış borcun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı əsasında restrukturizasiya edilməsi vəzifəsinin cavabdeh LPO Cavabdeh1 ASC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(056)-3739/2016 saylı məhkəmə əmrinə əsasən ərizənin təmin edilməsi, borclu Sabirabad rayonu, Məmişlər kəndində yaşayan İddiaçı və Sabirabad rayonu, Məmişlər kəndində yaşayan X1 1.475,73 USD əsas borc, 624,32 USD faiz borcu, 544,25 USD cərimə borcu olmaqla, cəmi 2.644,3 USD borcun və ödənilmiş dövlət rüsumuna görə 20 manat pul məbləğinin müştərək qaydada tutulub tələbkar Cavabdeh1 ASC-nin hesabına keçirilməsi əmr edilmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin Sabirabad poçt filialının xx.xx.2022-ci il tarixli, 1/106 nömrəli arayışından görünür ki, xx.xx.2019-cu il tarixində Müştəri Xidmətləri Şöbəsindən İddiaçı Bakı şəhəri Əmanətlərin Sığortalənma Fonduna sifarişli məktubu qeydiyyata alınaraq göndərilmişdir. İddiaçı tərəfindən LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış “Borc məbləğinin restrukturizasiya olunmasına dair” xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, həmin ərizə LPO Cavabdeh1 ASC-yə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Problemli kreditlərin kompensasiya edilməsinə dair xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı restrukturizasiya olunması təklif olunan kredit məbləği 1229,36 manat kimi müəyyən edilmişdir. Araşdırılmış iş materiallarından göründüyü kimi, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(056)-3739/2016 saylı məhkəmə əmrinə əsasən cavabdeh İddiaçı və X1 əsas borc üzrə 1.475,73 USD, faiz borcu üzrə 624,32 USD, cərimə borcu üzrə 544,25 USD olmaqla, cəmi 2.644,3 USD borcun və ödənilmiş dövlət rüsumuna görə 20 manat pul məbləğinin müştərək qaydada tutulub tələbkar Cavabdeh1 ASC-nin hesabına keçirilməsi əmr edilmişdir. Hazırda iddiaçıya aid bu borcun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşməsi işin mübahisələndirilməyən halıdır. Belə ki, problemli kreditlərin kompensasiya edilməsinə dair xx.xx.2022-ci il tarixli çıxarışdan göründüyü kimi İddiaçı restrukturizasiya olunması təklif olunan kredit məbləği 1.229,36 manat kimi müəyyən edilmişdir. Hazırda cavabdeh güzəştli şərtlərlə kredit müqaviləsinin bağlanmadığını iddiaçının vaxtında LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etməməsi ilə əlaqələndirsə də işdə olan sübutlara əsasən İddiaçı LPO Cavabdeh1 ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək vaxtı keçmiş əsas borcunun restrukturizasiya olunması, güzəştli şərtlər ilə kredit müqaviləsinin bağlanmasını xahiş etdiyi, bu barədə sifarişli məktubun Müştəri Xidmətləri Şöbəsi vasitəsilə xx.xx.2019-cu il tarixində qeydiyyata alınaraq Əmanətlərin Sığortalanması Fonduna göndərildiyi halı müəyyən edilmişdir. Beləliklə hazırkı iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həlli tələbinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ********** saylı, 27 mart 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 2.1.7-ci bəndinə əsasən restrukturizasiya – kredit təşkilatı tərəfindən əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsidir. Restrukturizasiya proseslərinin təşkili üçün kredit təşkilatı tərəfindən müvafiq məlumatları özündə əks etdirən bildirişlərin (SMS, elektron poçt və alınmasını təsdiq edən digər formada) fiziki şəxsə göndərilməsi (təqdim olunması, çatdırılması) və Fərmandan və bu Qaydadan irəli gələn digər tədbirlərin görülməsi təmin olunur (7.10-cu bənd). Qaydaların 6.16-cı bəndinə əsasən, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Beləliklə iş materiallarından göründüyü kimi, iddiaçı Fərmanın təsiri dairəsinə düşən kredit borcunun restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müvafiq qaydada 2019-cu ilin dekabrın 31-ə qədər bankın ləğvedicisi və nümayəndəsi olan Əmanətlərin Sığortalanması Fonduna müraciət etmiş, bununla da yuxarıda qeyd edilən Qaydalar ilə üzərinə düşən vəzifəni lazımi qaydada icra etmiş, müəyyən edilmiş müddəti də ötürməmişdir. Cavabdeh isə güzəştli şərtlər ilə kredit müqaviləsinin bağlanmasına iddiaçının razı olduğu və bununla əlaqədar vaxtında müraciət etdiyi təqdirdə müqavilənin bağlanması istiqamətində edilməli olan tədbiri görməmişdir. LPO Cavabdeh1 ASC-nin bu hərəkətləri məhkəmə Mülki Məcəllənin 385.2 və 425.2-ci maddələrində təsbit edilən, icra ilə bağlı olmayan və bütün müqavilə tərəfləri üçün nəzərdə tutulan müqavilə münasibətləri zamanı və belə münasibətlərdən sonra qarşı tərəfin hüquqlarına xüsusi qayğı göstərmək və öhdəliklərin icrasını pozacaq hərəkətlərə yol verməmək vəzifəsinə əməl etməməsi kimi qiymətləndirərək hesab edir ki, cavabdehin bu hərəkətləri iddiaçının müvafiq maliyyə itkilərinə məruz qalmasına səbəb olmaqla hüquqlarını pozmuşdur. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.2-ci maddəsinə əsasən dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına aiddir. Həmin Məcəllənin 385.2-ci maddəsinin tələblərinə görə öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsinə əsasən yaranmış borcun (kredit məbləği 1.229,36 manat) “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı əsasında restrukturizasiya edilməsi vəzifəsi cavabdeh LPO Cavabdeh1 ASC-yə həvalə edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPMnin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsinə əsasən yaranmış borcun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı əsasında restrukturizasiya edilməsi vəzifəsi cavabdeh LPO Cavabdeh1 ASC-yə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar