Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4325/2025 14.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, Adgözəlova Nərgiz Elçin qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin iddiaçıya vurduğu ziyan, biletin pulu 17987 rus rublu = 415,32 manat, bükülmüş baqaj 23,32, baqaj pulu, servis pulu (çek təqdim edilməyib), util edilmiş ərzaqların pulunun qaytarılması, 04-08 dekabr 2024-cü il tarixdə Pulkovo aeroportunda qaldığı və ləyaqəti alçaldığı üçün 10.000 manat əlavə kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ali təhsilli Azərbaycan vətəndaşıdır və təqaüdçüdür. "xxxx" QSC iddiaçının məktublarına cavab vermir və problemini həll etmir. 04 dekabr 2024-cü ildə Sankt-Peterburq şəhərinin Pulkovo aeroportunda "xxxx" QSC-nin nümayəndəsinin kobud rəftarı nəticəsində iddiaçı uçuşdan 3,5 saat əvvəl imtahan etmişdir. Bilet № **********472 - ödədiyi məbləği 17.987 rus rublu = 415,31983 manat (21 iyul 2025-ci il kursu ilə) pulunu qaytarmır. Dəfələrlə "xxxx" QSC-nin elektron poçtuna, Moskva nümayəndəliyinə elektron məktub göndərmişdir. Pulkovo aeroportuna məktub yazmışdır. Nə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti, nə də nümayəndəliklər heç nə olmamış kimi tədbir görmür və pulu qaytarmır. İddiaçı Pulkovo aeroportunda 04 dekabr 2024-cü il tarixdən 08 dekabr 2024-cü il saat 08:30-a qədər qalmışdır. Bileti aldığı yerə yaxınlaşmış, lakin pulunu qaytarmamışlar. Aldığı biletin, xidmət və servis pulunu da ödəmişdir, lakin çeki təqdim etməmişlər. Onu aldadaraq biletdə əl yükünü 10 kq əvəzinə 8 kq qeyd etmişlər və iddiaçı aeroportda nə qədər paltar tullamışdır. Baqajı bağlamağa 1.000 rus rublu = 23,31983 manat (21 iyul 2025-ci il kursu ilə) ödəmişdir. Sankt-Peterburq şəhərinin Belorusiya mağazasında və Zenta supermarketdə aldığı şit yağlar, smetan, pendir, mayonez xarab olub, gömrükdə mayonezi utilə vermişlər. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Sankt-Peterburq nümayəndəsinin Azərbaycan Respublikası dövlət qulluqçusunun işçisinin etika qaydaları kodeksinə zidd hərəkəti nəticəsində iddiaçıya həm maddi, həm də mənəvi ziyan dəymişdir. İddiaçı qaldığı oteldə yaşayış yerini itirmişdir. İddiaçı daha iki gün orada qalmalı olmuşdur. İddiaçı Sankt- Peterburqdan Bakıya Aeroflotla xx.xx.2024-cü il tarixdə uçmuş və biletə 535,625 manat ödəmişdir. Tərəflərin iştirakı və izahatları: Əvvəlki məhkəmə iclasında İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı sonrakı məhkəmə iclaslarında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etmədi və iddia tələbinin rədd edilməsini xahiş etdi. O, məhkəməyə təqdim etdiyi ərizədə qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində də qeyd etdiyi kimi, Sankt-Peterburq-Bakı marşrutu üzrə 05 dekabr 2024-cü il tarixli J2 20 saylı reys üzrə uçuşdan istifadə etmək üçün xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin Pulkovo hava limanına gəlmişdir. Bu zaman iddiaçı qeydiyyat masasına ümumi çəkisi 23 kq təşkil edən 2 yer baqaj və 5 ədəd əl yükü ilə yaxınlaşmışdır. Bu səbəbdən, yerüstü xidmət göstərən əməkdaşlar "xxxx" QSC-nin "Sərnişinlərin, baqajın və yükün daşınması qaydaları"na uyğun olaraq iddiaçıya baqajlarına görə əlavə ödənişin tələb olunacağını bildirmişlər. Lakin iddiaçı bununla razılaşmayaraq uçuşdan imtina etmişdir. İddiaçının əldə etdiyi aviabilet "Klassik" tarifə aiddir və "xxxx" QSC-nin Tarif Qaydalarına əsasən, pulsuz baqajın daşınma norması 23 kq-dan artıq olmamaq şərtilə 1 yer təşkil etməli, əl yükünün çəkisi isə 10 kiloqramdan və üç ölçünün cəmi (55x40x23sm) 118 santimetrdən artıq olmamalıdır. Daşınma Qaydalarının 20.2.4-cü bəndinə əsasən sərnişin könüllü olaraq uçuşdan imtina etdiyi (könüllü olaraq bileti qaytardığı) halda, məbləğin qaytarılması biletin alındığı yerdə həyata keçirilir və tariflərin tətbiqi qaydaları ilə tənzimlənir. Tarif Qaydalarına əsasən iddiaçıya uçuşdan sonra 6.512 Rusiya rublu (RUB) məbləğində istifadə olunmayan rüsumlar xx.xx.2024-cü il tarixində qaytarılmışdır. Bu barədə iddiaçının müraciətinə cavab olaraq "xxxx" QSC tərəfindən ona xx.xx.2025 tarixli 13-2/2-F-224/1-28/2025/2853 nömrəli məktub ünvanlanmışdır. Göründüyü kimi iddiaçı (sərnişin) cavabdehlə (daşıyıcı ilə) müqavilə bağlayarkən (bilet alarkən) Daşınma Qaydaları ilə tanış olmuşdur, bilet almışdır. Bu isə öz növbəsində sərnişinin həmin Daşınma Qaydaları ilə razılaşdığını göstərir. İddiaçı iddia ərizəsində məhkəmədən 415,32 manat bilet pulunun, 23,32 manat baqajın bükülməsi pulunun, servis pulunun, korlanmış ərzaqların pulunun və 10.000 manat məbləğində əlavə kompensasiyanın cavabdeh "xxxx" QSC-dən tutularaq ona ödəniməsinə dair qətnamənin qəbul edilməsini xahiş edir. Mülki Məcəlləsinin 21.3-cü maddəsinə görə, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Belə ki, iddia ərizəsindən də göründüyü kimi, iddiaçı biletdə nəzərdə tutulan saydan və çəkidən artıq olan əl yükü və baqaja görə əlavə ödəniş etməmiş, bununla yanaşı uçuşdan imtina etmişdir. İddiaçının iddia etdiyi zərərin yaranmasına səbəb onun uçuşdan imtina etməsi olmuşdur. İş materialları: "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, aparılmış xidməti araşdırma nəticəsində müəyyən edilmişdir ki, İddiaçı 4 dekabr 2024-cü il tarixində qeydiyyat masasına ümumi çəkisi 23 kq təşkil edən 2 yer baqaj və 5 ədəd əl yükü ilə yaxınlaşmışdır. Bu səbəbdən, yerüstü xidmət göstərən əməkdaşlar "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Sərnişinlərin, baqajın və yükün daşınması qaydaları”na uyğun olaraq İddiaçı baqajlara görə əlavə ödənişin tələb olunacağını bildirmişlər. Lakin İddiaçı bununla razılaşmayaraq uçuşdan imtina etmişdir. İddiaçı əldə etdiyi aviabilet “Klassik” tarifə aiddir və AZALın Tarif Qaydalarına əsasən, pulsuz baqajın daşınma norması 23 kq-dan artıq olmamaq şərtilə 1 yer təşkil etməli, əl yükünün çəkisi isə 10 kiloqramdan və üç ölçünün cəmi (55x40x23sm) 118 santimetrdən artıq olmamalıdır. Daşınma Qaydalarının 20.2.4-cü bəndinə əsasən Sərnişin könüllü olaraq uçuşdan imtina etdiyi (könüllü olaraq bileti qaytardığı) halda, məbləğin qaytarılması biletin alındığı yerdə həyata keçirilir və tariflərin tətbiqi qaydaları ilə tənzimlənir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Tarif Qaydalarına əsasən İddiaçı uçuşdan sonra 6.512 Rusiya rublu (RUB) məbləğində istifadə olunmayan rüsumlar xx.xx.2024-cü il tarixində qaytarılmışdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin rəsmi səhifəsində yerləşdirilmiş xx.xx.2024-cü il tarixinədək və xx.xx.2025-ci il tarixdən etibarən qüvvədə olan tariflərin qaydalarından görünür ki, “Klassik” xidmət sinifi üzrə uçuşdan öncə 75 Avro cərimə ilə biletin dəyərinin qaytarılmasına icazə verilir, uçuşdan sonra biletin dəyərinin qaytarılmasına icazə verilmir. Tarif Qaydalarına əsasən, pulsuz baqajın daşınma norması 23 kq-dan artıq olmamaq şərtilə 1 yer təşkil etməli, əl yükünün çəkisi isə 10 kiloqramdan və üç ölçünün cəmi (55x40x23sm) 118 santimetrdən artıq olmamalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 842.1-ci maddəsinə sərnişin daşınması müqaviləsinə görə daşıyıcı müəyyən nəqliyyat növü ilə sərnişini, habelə onun əl yükünü yola düşmə yerindən təyinat yerinə çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 842.2-ci maddəsinə əsasən sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı, yaxud gediş haqqı ödəniş alətindən istifadə etməklə ödənildiyi andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılır. 405.1.-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2.-ci maddəsi müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 407.1-ci maddəsinə əsasən, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. 408.1-ci maddəsinə əsasən müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. 408.2-ci maddəsinə əsasən şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış təklifdə (o cümlədən reklamda) bilavasitə ayrı qayda göstərilməyibsə, bu təklif ofertaya dəvət sayılır. 408.7-ci maddəsinə əsasən əgər müqavilənin bütün mühüm şərtlərini əks etdirən təklifdən onu irəli sürmüş şəxsin təklifdə göstərilmiş şərtlər ilə müqaviləni cavab verən istənilən şəxslə bağlamaq iradəsi aydın görünürsə, belə təklif ümumi oferta sayılır. 409.1-ci maddəsinə ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırkı iddia tələbinin əsasını cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi təşkil edir. Məhkəmə iddia tələbinin maddi ziyanın əvəzinin cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia bu hissədə əsaslı deyildir. Belə ki, iddiaçı, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus təyyarə ilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindən Bakıya uçuş bileti almış, bununla da daşıma şirkəti ilə sərnişin daşıma müqaviləsi üzrə yaranan münasibətlərə girmişdir. Daşıma xidməti göstərən daşıyıcının fəaliyyətindən irəli gələn məsələlər müvafiq qaydada təsdiq edilmiş və sərnişinlər üçün əlçatan mənbələrdə əks olunmuş qaydalarla tənzimlənir. Bu tənzimlənməyə əsasən sərnişinin əldə etdiyi daşıma biletinin tətbiq edildiyi xidmətə münasibətdə fərqli tənzimlənmələr mövcuddur. Belə ki, iddiaçının əldə etdiyi bilet klassik tənzimetmə tarifinə aiddir. Həmin tarifə əsasən sərnişin uçuşdan 60 dəqiqə əvvəl xidmətdən imtina etdikdə, müvafiq tariflər, cərimə, rüsum və vergilər tətbiq edilməklə biletinin dəyərinin qalıq məbləği sərnişinə qaytarılır. Sərnişin qismində hazırki iş üzrə iddiaçı əl yükünün tarif qaydalarına uyğunsuzluğu səbəbindən uçuşdan imtina etmiş və bununla da uçuşdan əvvəl bileti qaytarmaq niyyətini ifadə etmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti isə uçuş qaydalarını əsas götürərək uçuşdan əvvəl biletdən imtina etmiş sərnişinə - İddiaçı imtina edilmiş müddətdən asılı olaraq müvafiq tarif qaydaları tətbiq edilməklə biletin dəyəri olaraq müəyyən məbləği qaytarmışdır. Bu hal "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı ünvanlandığı məktubda öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə iş materiallarını tərəflərin izahatları ilə müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, cavabdehin hərəkətlərində iddiaçıya zərər vurulması ilə nəticələnən hal yoxdur. Tarif Qaydalarına əsasən sərnişinin imtina etməsi halında ona qaytarılmalı olan məbləğ cavabdeh tərəfindən iddiaçıya ödənilmiş, bununla da cavabdeh tərəfindən iddiaçının hər hansı hüquqları pozulmamış, hər hansı qanunazidd hərəkət və ya hərəkətsizliyə yol verilməmişdir. Sərnişin təyyarəyə daxil edilməsinə icazə verən əl yükünü mövcud qaydaların tələblərinə uyğunlaşdırmaqla (çəkisi 10 kq olan yük həcm tələblərinə cavab verməlidir) və ya həmin yükün daşınma xərcini ödəyib yükü baqaja təhvil verməklə sərnişin daşımanı başa çatdırmağa imkanı olduğu halda bunu etməmişdir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Nə qədər ki, iddiaçıya maddi ziyan dəyməsi öz təsdiqini tapmır və məhkəmə həmin hissədə iddianı əsaslı hesab etmir, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin tutulması hissəsində də əsassızdır və rədd edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-4325/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4325/2025
14.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver