Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-435/2025 12.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş hadisə nəticəsində ona dəymiş 1100 manat məbləğində maddi ziyanın və mənəvi zərərin "xxxx" ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: xx.xx.2024-cü il tarixdə ** ES *** dövlət qeydiyyat nişanlı “Mersedes Benz” markalı avtonəqliyyat vasitəsi tərəfindən baş vermiş yol nəqliyyat hadisəsi zamanı iddiaçının idarə etdiyi ** EK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər dəymişdir. Mersedes Benz markalı avtonəqliyyat vasitəsi “Paşa Sığorta" ASC-də sığortalı olduğundan avtomobilinə dəyən zərər də onlar tərəfindən qarşılanmalı idi. xx.xx.2024-cü ii tarixdə "xxxx" ASC tərəfindən zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat tərtib edildi və həmin hesabata görə dəymiş zərər 1150 manat təşkil edirdi. Bu məbləğin 510 manatı material və ehtiyat hissələrinin, 640 manat isə görüləcək işlərə görə zəhmət haqqının payına düşürdü. İddiaçı tərtib edilmiş hesabatla razılaşmamışdır, çünki maşınına dəyən zərər daha çox edirdi. "xxxx"’ ASC ona məxsus avtomobili “GOLD SERVİS” təmir müəssisəsində təmir edərək dəymiş zərəri aradan qaldıracaqlarını bildirmişlər. Lakin təmir müəssisəsi üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirmədi və avtomobili bərbad bir şəkildə təmir etdilər. Və nəticədə tərtib edilmiş Təhvil-təslim aktında maşının 1835 manat zərər məbləği müqabilində təmir olduğu göstərilirdi. Halbuki ona verilən hesabatda 1150 manat vəsait zərər dəydiyi göstərilirdi. Bunu gördükdə müxtəlif orqanlara şikayət ünvanlamışdır. Şikayətlərindən biri də Mərkəzi Banka ünvanlamışdı. Paşa Sığorta ASC tərəfindən cavablandırılan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir ki, avtonəqliyyat vasitəsinə dəyən zərər “Gold Servis” təmir müəssisəsi tərəfindən aradan qaldırılmış və xx.xx.2024-cü il tarixdə ona təhvil verilmişdir. Lakin bu göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, avtomobil ona xx.xx.2024-cü ii tarixdə təhvil təslim aktı tərtib edilərək təhvil verilmişdir. Həmin aktda maşını qəbul edərkən təmirindən narazı qaldığını, tələb etməsinə baxmayaraq mövcud qüsurların aradan qaldırılmadığını yazılı olaraq qeyd etmişdir. Bunlardan əlavə qəza baş verərkən maşının evukuator vasitəsilə öz vəsaiti hesabına hadisə yerindən evinə, sonradan təmir yerinə aparmışdır, hər dəfə də evukuator xidmətinə 50 manat ödəməklə ümumilikdə 180 manat xərcləmişdir. Cavabdehin mülahizəsi: xx.xx.2024-cü il tarixində ** ES *** dövlət qeydiyyat nişanlı X8 1218 markalı və ** EK *** dövlət qeydiyyat nişanlı Opel Astra markalı avtonəqliyyat vasitələrinin iştirakı ilə yolnəqliyyat hadisəsi baş vermişdir. Binəqədi rayon DYPŞ tərəfindən tərtib və təqdim olunmuş “Forma 4”ə əsasən ** ES *** dövlət qeydiyyat nişanlı X8 1218 markalı avtonəqliyyat vasitəsinin sürücüsü təqsiri olan şəxs, ** EK *** dövlət qeydiyyat nişanlı Opel Astra markalı avtonəqliyyat vasitəsinin mülkiyyətçisi və sürücüsü isə zərərçəkən qismində tanınmışdır. ** ES *** dövlət qeydiyyat nişanlı X8 1218 markalı avtonəqliyyat vasitəsi icbari sığorta üzrə "xxxx" ASC-də, ** EK *** dövlət qeydiyyat nişanlı Opel Astra markalı avtonəqliyyat vasitəsi icbari sığorta üzrə "xxxx" ASC-də sığortalanmışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 52-1-ci maddəsinin davamı olaraq, Azərbaycan Respublikasının Mərkəzi X7 xx.xx.2022-ci il tarixli 25/2 Qərarı ilə təsdiq edilmiş “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” Qaydada nəzərdə tutulan tələblər nəzərə alınmaqla yolnəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərər həmin avtonəqliyyat vasitəsi ilə bağlı mülki məsuliyyəti icbari formada sığortalamış sığortaçı tərəfindən ödənilir. Bunu nəzərə alaraq, zərərçəkən – ** EK *** dövlət qeydiyyat nişanlı Opel Astra markalı avtonəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçı öz icbari sığortaçısına – "xxxx" ASC-yə müraciət etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli Zərər Aktı (1150 AZN) ilə razı olmadığına görə müştəri məmnuniyyəti üçün avtonəqliyyat vasitəsi təmirə yönləndirilmişdir. Avtonəqliyyat vasitəsi tam təmir olunmuş, yol-nəqliyyat hadisəsindən dərhal əvvəlki vəziyyətinə qaytarılmışdır. Təmir-bərpa xərcinin dəyəri 1835 AZN təşkil etmiş, sözügedən vəsait təmiri həyata keçirmiş X6 hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/9081-8/3092 nömrəli ekspertiza rəyinə əsasən ** EK *** dövlət qeydiyyat nişanlı Opel Astra markalı avtonəqliyyat vasitəsinin təmir-bərpa xərci 1090 AZN məbləğində müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən həyata keçirilmiş sığorta ödənişinin (1835 AZN) ekspert tərəfindən müəyyən edilmiş məbləğdən (1090 AZN) qat-qat yüksək olduğu göz önündədir. Nəticə etibarı ilə İddiaçı bu iddiası tamamilə əsassızdır. Odur ki, məhkəmədən iddianın rədd ediləsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi ərizə verərək göstərmişdir ki, sırf sığorta hadisəsi nəticəsində avtomobilə dəymiş zərər təmir müəssisəsində təmir olunmuş və sahibinə təhvil verilmişdir. Sığorta hadisəsi ilə bağlı olmayan hər hansı zərərlər isə sığortaçı tərəfindən qarşılanmır. X1 mütəxəssis rəyində sığorta hadisəsi ilə bağlı olmayan zərərlərdən bəhs olunduğuna görə sığorta qanunvericiliyinə əsasən sözügedən zərərlərin sığortaçı tərəfindən qarşılanması nəzərdə tutulmamışdır. Qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Elektron məhkəm informasiya sistemindən çıxarılmış əmlak məlumatlarına əsasən ** EK *** dövlət qeydiyyat nişanlı Opel Astra markalı avtonəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. İcbari sığorta müqaviləsinə dair məlumata əsasən, ** EK *** dövlət qeydiyyat nişanlı Opel Astra markalı avtomobil "xxxx" ASC-də xx.xx.2023-cü il tarixdən 1 il müddətinə icbari qaydada sığortalanmışdır. Sığorta məbləği əmlaka vurulan zərərə görə 5000 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair xx.xx.2024-cü il tarixli hesabatından görünür ki, ** EK *** dövlət qeydiyyat nişanlı Opel Astra markalı minik avtomobilinə 1835 manat ziyan dəydiyi müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X6 hesabına 1835 manat pul köçürülmüşdür. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Paşa Sığorta aktının surətinin Təhvil Təslim aktına əsasən ** EK *** dövlət qeydiyyat nişanlı Opel Astra markalı avtomobil təmir olunaraq İddiaçı təhvil verilmişdir. Aktın sonunda İddiaçı qeyd etmişdir ki, avtomobilinin servis tərəfindən aparılan təmirindən narazıdır. Rəngsaz, dəmirçi işləri çox keyfiyyətsiz görülüb. Etirazına baxmayaraq qüsur aradan qaldırılmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4232/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq və avtomobil-texniki ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/9081-8/3092 nömrəli xx.xx.2024-cü il tarixli rəyinə əsasən Yol-nəqliyyat hadisələrinin ekspertizası qarşısında qoyulan suallar yol-nəqliyyat hadisəsində iştirak edən nəqliyyat vasitələrinin sürücülərinin hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi, hadisənin baş verməsinə səbəb ola bilən (sükan, tormoz və s.) sistemlərində yaranmış nasazlıqların aşkar olunmasıvə bununla hadisənin baş verməsi arasında səbəbli əlaqənin olub-olmamasının müəyən edilməsi ilə bağldır. Nəzəri hesablama Cavabdeh ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli zərər aktına əsasən 2000-ci il buraxılışlı “Opel Astra” minik markalı, **-EK-*** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1090,0 müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 390,00 manat; Təmir bərpanın qiyməti - 700,00 manat tçşkil edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-435/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq və avtomobil-texniki ekspertizaları təyin edilmiş və ekspertizanın aparılması müvafiq sahə üzrə mütəxəssislər cəlb olunmaqla X2 həvalə edilmişdir. X1 xx.xx.2025-ci il tarixli 43 saylı rəyinə əsasən Rəyin tədqiqat hissəsində qeyd olunanları, “Akay Auto” servis tərəfindən tərtib edilmiş 21 aprel 2025-ci il tarixli qüsur aktına əsasən, İddiaçı oğluna məxsus “Opel Astra” markalı, **-EK-*** dövlət nömrə nişanlı (2000-ci il buraxılışlı, Ban: W0L0TGF**********, qara met. rəngli) avtomobilin "xxxx" ASC tərəfindən edilmiş təmirinin qənaətbəxş olmadığı, sözügedən avtomobilin zədələnmiş hissələrinin təmirində müxtəlif qüsurlara yol verildiyi və bu qüsurların aradan qaldırılması üçün 760,00 olunduğu müəyyən edilir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Maddə 927.2. Zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında bu Məcəllənin 927.4cü maddəsi nəzərə alınmaqla, aşağıdakı formalardan hər hansı birində həyata keçirilir (ödənilir): 927.2.1. zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi; 927.2.2. sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi; 927.2.3. sığorta predmeti olan, yaxud zərərçəkmiş üçüncü şəxsə məxsus əmlakın təmiri və ya bərpası; 927.2.4. sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti olan əmlakın dəyişdirilməsi. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu 15.1. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. 15.3. Əmlaka dəyən zərərin məbləği aşağıdakılardan ibarətdir: 15.3.1. zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri;... 20.3. Əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və X5 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 2-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X5 haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər»anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmənin mövqeyi: İşin məhkəmə tərəfindən müəyyən edilən mübahisəsiz halları ondan ibarətdir ki, ** EK *** dövlət qeydiyyat nişanlı Opel Astra markalı avtonəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. İddiaçı mülkiyyətində olan minik avtomobilini cavabdeh "xxxx" ASC-də sığorta etdirmişdir. Sığorta məbləği 5.000 manat təşkil etmişdir. Sığorta müqaviləsinin əhatə etdiyi dövr ərzində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sığorta edilmiş avtomobil yararsız hala düşmüş və bununla da, sığorta hadisəsi baş vermişdir. Avtomobil sığorta şirkəti tərəfindən təmirə yönləndirilmiş və görülən təmir işləri üçün 1835 manat ödənilmişdir. Nəqliyyat vasitəsi iddiaçıya təhvil verilərkən iddiaçı aparılan təmirdən narazılığını ifadə edərək, qüsurların aradan qaldırılmasını tələb etsə də, hər hansı bir müsbət nəticə əldə etmək mümkün olmamış və iddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda İddiaçı cavabdeh şirkət tərəfindən həyata keçirilmiş təmir-bərpa işlərinin qüsurlu aparıldığına istinad edərək, həmin qüsurun aradan qaldırılması üçün tələb olunan məbləğin ona ödənilməsini xahiş edir. Cavabdeh "xxxx" ASC isə sırf sığorta hadisəsi nəticəsində avtomobilə dəymiş zərərin təmir müəssisəsində təmir olunaraq, sahibinə təhvil verilməsinə, sığorta hadisəsi ilə bağlı olmayan hər hansı zərərlərin isə sığortaçı tərəfindən qarşılanmamasına əsaslanaraq, iddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəfindən məhkəmə-əmtəəşünaslıq və avtomobil-texniki ekspertizaları təyin edilmiş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 8/3092/2024 nömrəli ekspert rəyində, nəqliyyat vasitələrinin zədələnmiş hissələrinin təmirlə bərpa oluna bilməsinin və yaxud dəyişdirilməsinin zəruriliyini müəyyən etmək üçün metodika olmadığından qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizası tədqiqatının aparılmadığı göstərilmişdir. Məhkəmə "Opel Astra" markalı, **-EK-*** dövlət nömrə nişanlı avtomobilin, sığorta şirkəti tərəfindən edilmiş təmirinin qənaətbəxş olub-olmamasının müəyyənləşdirilməsi, qənaətbəxş deyildirsə, nöqsanların aradan qaldırılması üçün çəkilməli olan xərcin məbləğinin müəyyən edilməsindən ötrü müvafiq sahə üzrə mütəxəssislər cəlb olunmaqla, məhkəmə-əmtəəşünaslıq və avtomobil-texniki ekspertizalarını təyin etmişdir. X1 xx.xx.2025-ci il tarixli 43 saylı rəyinə əsasən sözügedən avtomobilin "xxxx" ASC tərəfindən edilmiş təmirinin qənaətbəxş olmadığı, sözügedən avtomobilin zədələnmiş hissələrinin təmirində müxtəlif qüsurlara yol verildiyi və bu qüsurların aradan qaldırılması üçün 760,00 olunduğu müəyyən edilmişdir. Göründüyü kimi sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi nəticəsində iddiaçının avtomobilinə dəymiş zərərin aradan qaldırılması üçün sığortaçı "xxxx" ASC-nin avtomobil təmiri xidməti tərəfindən görülmüş təmir işlərinin qüsurlu həyata keçirilməsi müəyyən edilmişdir. Cavabdehin “müəyyən edilən qüsurlarla bağlı yaranmış zərərin sığorta hadisəsi ilə bağlı olmadığı, buna görə həmin zərərin sığortaçı tərəfindən qarşılanmaması” barədə dəlilinə münasibətdə məhkəmə ilk növbədə qeyd edir ki, avtomobilin təmiri üçün iddiaçının tələb etdiyi məbləğ hər hansı digər zərərlə bağlı deyil, məhz sığorta hadisəsi kimi qiymətləndirilən qəzanın baş verməsi nəticəsində vurulmuş və cavabdehin 5000 manat həddində sığorta ödənişini ödəmək öhdəliyini daşıdığı zərəri tamamlamaqla bağlı olduğundan, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 20.3-cü maddəsinə əsasən əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. Göründüyü kimi qanunvericilikdə əmlakın təmir xərclərinin çəkilməsi və ya birbaşa ödənişin verilməsi sığortaçının dispozitiv hüququ kimi müəyyən edilmiş, "xxxx" ASC də bu hüququndan istifadə etməklə özünün seçdiyi təmir servisinə müraciət edərək, avtomobilin təmirinə nail olmuşdur. Belə olan halda cavabdehin sığorta müqaviləsində üzərinə götürdüyü öhdəliyi Mülki Məcəllənin 425-ci maddəsinin tələbi baxımından vicdanla yerinə yetirməli olmasından irəli gələrək göstərilmiş xidmətin keyfiyyətli olmasına cavabdehlik daşıması və sığorta hadisəsi nəticəsində zərər görmüş əmlakın əvvəlki vəziyyətinə qaytarılması ilə əlaqədar çəkilmiş xərclərlə bağlı sığorta müqaviləsində müəyyən edilmiş məbləğ həddində sığorta ödənişini vermək öhdəliyini daşıması nəzərə alındıqda, məhkəmə mütəxəssis rəyində qüsurların aradan qaldırılması üçün müəyyən edilən 760 manatın cavabdehdən tutulmasını məqsədəmüvafiq hesab edir. O da qeyd olunmalıdır ki, hazırkı halda qüsurlu təmirə görə tələb olunan məbləğ üzrə cavabdehin məsuliyyət daşımamasının müəyyən olunması, onun təmir-bərpa ilə bağlı üzərinə götürdüyü öhdəliyin keyfiyyətli icrasında maraqsız olması, gələcəkdə də bu kimi hallarda keyfiyyətli təmiri həyata keçirməyən müəsissələrə (şəxslərə) müraciət etməsi ehtimalının olmasına zəmin yaratmış olar. Başqa sözlə desək, təmirlə bağlı üzərinə öhdəlik götürdüyü halda təmirin keyfiyyəti ilə bağlı məsuliyyəti öz üzərindən atmasına əsas ola bilər. Hazırkı halda vətəndaşın təmirin sığorta şirkəti tərəfindən həyata keçirilməsinə razılıq verməsi həmin şirkətə olan etimadından irəli gəlmişdir. Məhkəmə iddianın mənəvi zərərin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, ilk növbədə qeyd edilən hissədə tələb qeyri-müəyyən olmaqla, iddiaçının mənəvi zərərə məruz qaldığını iddia etdiyi konkret məbləğ göstərilməmişdir. Bundan başqa məhkəmə bildirir ki, mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Hazırkı halda iddiaçının sarsıntı və iztirab keçirməsinin nədə ifadə olunması müəyyən edilmədiyindən iddianın mənəvi zərər hissəsinin təmin edilməməsini məhkəmə məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 760 manat cavabdeh "xxxx" ASC-dən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İşdən görünür ki, İddiaçı müharibə veteranıdır. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün hazırkı iddia üzrə 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulmaqla dövlət büdcəsinə ödənilməlidir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 50 manat, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə qeyd edir ki, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə ekpertin imtinası rəy formasında tərtib olunsa da, hər hansı tədqiqatın aparıldığı müəyyən edilmir. Belə olan halda nə tərəflər, nə də məhkəmə üçün hər hansı zəruri olan məlumatı və ya tədqiqat nəticəsini özündə əks etdirməyən imtina məlumatı üzrə müvafiq xərcin tələb edilməsinin səbəbi məlum deyildir. Bu baxımdan həmin hissədə ekspertiza xərcinin tərəflərə aid edilməməsini məhkəmə məqsədəmüvafiq hesab edir. Məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə tələb olunan xərcə münasibətdə isə məhkəmə qeyd edir ki, aparılmış tədqiqatın dəyəri 50 manat pul cavabdeh "xxxx" ASC-dən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Eyni zamanda, X4 tərəfindən aparılmış ekspertiza xidmətinin dəyəri olan 300 manat cavabdeh "xxxx" ASC-dən tutularaq, X1 hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 760.00 (yeddi yüz altmış) manat İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdeh "xxxx" ASC-dən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN **********, X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) hesabına köçürülsün. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 manat cavabdeh "xxxx" ASC-dən tutularaq, X1 (VÖEN **********, İBAN: AZ94BRES********************, Bank Respublika ASC-nin Nərimanov filialı, Kod 513489 AZ80NABZ******************** SWİFT BRESAZ22) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-435/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-435/2025
12.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver