Məhkəmə qərarları › İş №2(006)-4358/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4358/2020

30.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4358/2020 30.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı "X7" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh1 İmpirat qızının, onun nümayəndəsi və vəkili X3 iştirakları ilə İddiaçı "X7" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 İmpirat qızına, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "X7" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 İmpirat qızına, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 nömrəli qərarına və Bakı şəhərinin baş planına əsasən paytaxtın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə Bakı şəhəri Nəsimi rayonunda ötən əsrin 20- 50-ci illərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, qəzalı, yararsız binaların sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Həmin qərarın 1.1.-ci bəndində göstərilmişdir ki, mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nəsimi rayonu üzrə XİX əsrin və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 266 yaşayış binasının, habelə rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanması Nəsimi rayon İcra Hakimiyyəti həyata keçirsin. Buna görə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx/xx-1755 saylı, xx.xx.2017-ci il tarixdə razılaşdırılmış tikinti planlaşdırma eskizi təsdiq edilmişdir. Bundan əlavə, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2018-ci il tarixli, 36 nömrəli, “Nəsimi rayonu, Azadlıq prospekti, Mirəli Qaşqay, Mikayıl Rəfili və Sahib Zeynalov küçələrini əhatə etdiyi ərazi planlaşdırma sənədlərinin təsdiq edilməsi haqqında” Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx/xx-1755 saylı, xx.xx.2017-ci il tarixli məktubu razılaşdırılmış, Nəsimi rayonu, Azadlıq prospekti, Mirəli Qaşqay, Mikayıl Rəfili və Sahib Zeynalov küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən, qəzalı vəziyyətdə olan yaşayış və qeyri-yaşayış binalarının sökülərək yerində “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yeni yaşayış binalarının tikintisi nəzərə alınmaqla həmin ərazinin ərazi- planlaşdırma sənədləri təsdiq olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2018-ci il tarixli, 37 nömrəli, “Yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” Sərəncamı ilə Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti, Mirəli Qaşqay, Mikayıl Rəfili və Sahib Zeynalov küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən ərazidəki mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layıhələşdirilməsi üçün torpaq sahəsi icarə əsasında “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmişdir. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxxxx 2018-ci il tarixli, 291 nömrəli, “Nəsimi rayonu, Azadlıq prospekti, Mirəli Qaşqay, Mikayıl Rəfili və Sahib Zeynalov küçələrinin əhatə etdiyi ərazidə şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış evlərin sökülərək, yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilməsi haqqında” Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Mirəli Qaşqay, Mikayıl Rəfili və Sahib Zeynalov küçələrinin əhatə etdiyi ərazidə qanunvericiliklə nəzərdə tutulmuş qaydada şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış mövcud yaşayış evlərinin və qeyri-yaşayış obyektlərinin sökülərək, yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının “X7” MMC tərəfindən tikintisinə icazə verilmişdir. ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binası XİX əsrin sonlarında inşa edilmiş, yaşayış evləri və yaşayış evləri but daşlardan, mişarlanmış əhəng daşından, dam örtükləri taxta konstruksiyadan inşa edilmiş, yaşayış evlərin but daşından olan divarlarında müxtəlif istiqamətli çatlar, taxta konstruksiyalarında çürümələr, beton konstruksiyalarında mühafizə qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq korroziyaya uğraması müşahidə olmuş, yaşayış evləri uzun müddət ərzində təmirsiz istismar olunmuş, köhnəlmiş, fiziki və mənəvi aşınmaya məruz qalmış, kommunikasiya xətləri və sistemələri yararsız vəziyyətdədir, həmin evlərdə, binada təmir bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir, mövcüd tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcüd şəhərsalma tələblərinə cavab vermir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövləttikintilayihə” DLİ xx xxxx 2017-ci il tarixli, "ünvan 2 13, 15, 17, 19 saylı ünvanlarda yerləşən, istismar müddəti keçmiş yaşayış evlərinin və yaşayış binasının texniki vəziyyəti haqqında” aktdan da görünür ki, yaşayış binası ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti ilə iddiaçı “X7” MMC arasında xx xxxxxx 2018-ci il tarixdə müqavilə bağlanmışdır. Müqavilə öhdəliyinə əsasən şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərindəki mənzillərdə yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 350-550 manat miqdarında kirayə haqlarının verilməsi “X7” MMC-yə həvalə edilmişdir. Sözügedən ərazidəki sakinlərin böyük əksəriyyəti aylıq kirayə haqqı verilməklə müvəqqəti yaşayış yerlərinə köçürülmüşlər. Buna və binanın qəzalı vəziyyətdə olması səbəbindən həmin binada yaşayan əksər mənzilin sakinləri öz əşyalarını çıxarmış və mənzillərini boşaltmışlar. Lakin ünvan 3 ünvandakı ümumi sahəsi 24,8 kvadrat metr olan mənzilin mülkiyyətçisi və istifadəçisi Cavabdeh1 kirayə haqlarını “X7” MMC-dən almaqla müvəqqəti başqa yaşayış yerinə köçməmiş, yeni inşa ediləcək yaşayış binadan mövcüd mənzil sahəsindən 20% artıq təmirli mənzilləri qəbul etməkdən imtina etmişdir. Bunun nəticəsində Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti ilə “X7” MMC arasında bağlanmış müqavilənin 2.3. və 2.4.-cü bəndləri axırıncı təşkilatdan asılı olmayan səbəblərdən icra edilməmişdir. ünvan 4 ünvanında yerləşən yaşayış binasının əksər mənzil sahibləri, mülkiyyətçiləri ilə “X7” MMC arasında müqavilə bağalanaraq xüsusi mülkiyyətində olan mənzilin əvəzinə yeni inşa edilən yaşayış binasında mənzil verilməsi şərti ilə boşaldılaraq sökülməsi və müvafiq dövlət qeydiyyatının ləğv edilməsi barədə razılığa gəlinmiş və onlar ailə üzvləri ilə birlikdə mənzillərindən köçmüşlər. Hazırda sözügedən binada cavabdehlər yaşayır. Bu səbəbdən tikinti işləri dayanmış, vətəndaşlara müəyyən olunmuş tarixdə binanı təhvil vermək öhdəliyi iddiaçı “X7” MMC-nin vəzifəli şəxslərinin iradəsindən asılı olmayaraq pozulmaqdadır. Eyni zamanda, “X7” MMC köçürülmüş sakinlərə kirayə haqlarını ödəməyə başlamış, itirilmiş vaxta görə də binanın təhvil tarixi məcburi şəkildə uzanır. Bu da mənzillərindən köçən sakinlərin mənafeyinə ciddi xələl gətirir və hüquqları məhdudlaşır. Daha sonra, tikinti işinin dayandırılması şəhərin mərkəzində böyük bir ərazinin yarısökülmüş, görkəmi pozan şəkildə qalması qaçılmaz olacaq. Bu da haqlı narazılıqlar yaradacaqdır. ünvan 5 ünvandakı ümumi sahəsi 24,8 kvadrat metr olan mənzilin əvəzinə mülkiyyətçi Cavabdeh1 “X7” MMC həmin ünvanda inşa edəcək binada 24 ay müddətində 30 kvadrat metr sahəsi olan təmirli yeni mənzil verir, mənzilindən köçən cavabdehlərə digər yaşayış yeri ilə təmin etmək üçün iddiaçı hər ay 400 manat kirayə haqqı ödəyəcəkdir. Həmin mənzildə mülkiyyətçi Cavabdeh1, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 yaşayırlar. Cavabdeh mülkiyyətində olan mənzildən müvəqqəti çıxarılmalı, yeni yaşayış binasının inşa edilməsi üçün cavabdehin mənzili sökülməlidir. Göstərilənlərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Rəfili küçəsi, ev 13, mənzil 7-nin sökülməsi, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, ev 13, mənzil 7 əvəzinə Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, 13 ünvanda yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasında 30 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 xüsusi mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək “X7” MMC tərəfindən Cavabdeh1 hər ay 400 manat kirayə haqqının ödənilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4. Cavabdeh5 Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, ev 13, mənzil 7-dən çıxarılmaları barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə əlavə barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nəsimi rayonu, M.Rəfili küçəsi, ev 13, mənzil 7-nin sökülməsi, Cavabdeh1 İmpirat qızının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, ev 13, mənzil 7 əvəzinə ünvan 7 ünvanda yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasında 70 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 İmpirat qızının xüsusi mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək “X7” MMC tərəfindən Cavabdeh1 İmpirat qızına hər ay 400 (dörd yüz) manat kirayə haqqının ödənilməsi, cavabdehlər Cavabdeh1 İmpirat qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, ev 13, mənzil 7-dən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "X7" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh1 İmpirat qızı, onun nümayəndəsi və vəkili X5 iddia tələbinə etiraz edərək, bildirmişdilər ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının Aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx xxxx 2002-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, ev 13, mənzil 7 ünvanında yerləşən mənzil Cavabdeh1 İmpirat qızının mülkiyyətindədir. Cavabdeh1 İmpirat qızı 1-ci qrup əlildir və hal-hazırda başqa yerə köçüb orada yaşamağa sağlamlığı imkan vermir. Ona görə də uzun müddətdir yaşadığı mənzilin sökülməsi və başqa yerə köçürülməsi ilə razılaşmamışdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, ev 13, mənzil 7 ünvanında yerləşən mənzilin sahəsi 24,8 kvadrat metr təşkil edir və 2 otaqdan ibarətdir. Lakin Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının Aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx xxx 2002-ci il tarixli Texniki Pasporta əsasən Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, ev 13, mənzil 7 ünvanında yerləşən mənzilin sahəsi 59,1 kvadrat metr təşkil edir və 3 otaqdan ibarətdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişlər. İş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarındakı Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, ÖM seriyalı, 148971 №-li qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Rəfili küçəsi, ev 13, mənzil 7 (34,5 kv.m) Cavabdeh1 İmpirat qızının adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1223 saylı reyestr kitabının 183688 nömrəli vərəqində, 30/381 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 195 saylı sərəncamından görünür ki, Nəsimi Rayon İcra Hakimiyyəti nəzdində Daimi Fəaliyyət Göstərən İdarələrarası komissiyanın xx.xx.2007-ci il tarixli, 24 saylı texniki rəyi təsdiq edilmiş, M.Rəfili küçəsi, 13 saylı evin 7 saylı mənzilində yaşayan Cavabdeh1 İmpirat qızına məxsus mənzil 2 otaqdan ibarət olub, yaşayış sahəsi 24,8 kv.m, ümumi sahəsi 57,6 kv.m hesab edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, EL-496/2018 saylı lisenziyanın surətindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən "X7" MMC-yə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərini həyat keçirməyə icazə verir. İş materiallarındakı Bakı şəhər İH Nəsimi rayon MKTB-nin 16 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 31 №-li, xx.xx.2020-ci il tarixli arayışa əsasən cavabdehlər Cavabdeh1 İmpirat qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X4 və X2 Bakı şəhəri, Nəsimi rayonu, M.Rəfili küçəsi, ev 13, mənzil 7-də qeydiyyatdadırlar. İş üzrə Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 37 saylı sərəncamına əsasən Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 №-li qərarını rəhbər tutaraq və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx/xx-1753 saylı, xx.xx.2017-ci il tarixli tikinti-planlaşdırma eskizini nəzərə alaraq, Nəsimi rayonu, Azadlıq prospekti, Mirəli Qaşqay, Mikayıl Rəfili və Sahib Zeynalov küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında “"X7" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmişdir. İş üzrə Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Q.S.İsmayılov ilə "X7" MMC-nin direktoru N.X.Umudov arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Şirkət tərəfindən Nəsimi rayonu, Azadlıq prospekti, Mirəli Qaşqay, Mikayıl Rəfili və Sahib Zeynalov küçələrinin kəsişmələrində yeni çoxmənzilli binaların tikintisi üçün Nazirlər Kabinetinin qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi razılaşdırılmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən "X7" MMC sakinlərin köçürülməsinə onlarla müəyyən edilmiş həddə nəqliyyat və əşyalarının daşınması üçün hər mənzil üçün birdəfəlik 300 manat pul vəsaiti ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.4-cü bəndinə əsasən Şirkət binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin (qeyri-yaşayış) sahəsindən 20%-dən artıq sahəsi olan, təmirli mənzil (qeyri-yaşayış) sahəsi ilə təmin etməyi, bu zaman həmin mənzilləri (qeyri-yaşayış) su, qaz və elektrik enerjisi sayğacları ilə təmin etməyi öhdəsinə götürmüşdür. İş üzrə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin «Azərdövləttikintilayihə» Dövlət Layihə İnstitutunun Baş X1, Texnoloji sektorun mühəndisi Vüqar Bağırov, 2 №-li Memar-inşaat şöbəsinin konstruksiya sektorunun mühəndisi Vahid Anarın iştirakı ilə tərtib edilmiş xx.xx.2017-ci il tarixli, ünvan 213,15,17,19 saylı ünvanlarda yerləşən, istismar müddəti keçmiş yaşayış evlərinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, baxış keçirilən ərazidə 3 ədəd 2 mərtəbəli yaşayış binası (Mikayıl Rəfili 11,13,19) və 17 ədəd 1 mərtəbəli yaşayış evindən (Mikayıl Rəfili 15,17 ünvanlarda) ibarətdir. Yaşayış binaları və yaşayış evləri XİX əsrin sonlarında inşa edilmişdir. Yaşayış evləri və mənzillər əsasən but daşından, mişarlanmış əhəng daşından, dam örtükləri taxta konstruksiyasından inşa edilmişdir. Sakinlər tərəfindən tikinti norma və qaydalarına uyğun olmadan yaşayış binasında çoxsaylı artırmalar inşa edilmişdir. Binada inşa edilmiş bu artırmalar binanın əlavə yüklənməsinə səbəb olaraq dayanıqlılığına mənfi təsir göstərir. Yaşayış evlərinin but daşından olan divarlarında müxtəlif istiqamətli çatlar, taxta konstruksiyalarında çürümələr, beton konstruksiyalarında mühafizə qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq korroziyaya uğraması müşahidə olundu. Yaşayış evlərinə və mənzillərə keçirilən vizual texniki baxış zamanı onların uzun müddət ərzində təmirsiz istismar olunduğu, köhnəlməsi, fiziki və mənəvi aşınmaya məruz qalması müəyyən olundu. Kommunikasiya xətləri və sistemləri yararsız vəziyyətdədir. Yaşayış evləri və yaşayış binası məhdud işlək vəziyyətdədir. Yaşayış evlərində və yaşayış binasında təmir bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir. Yaşayış evləri və yaşayış binası ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarının icrası ilə əlaqədar Nəsimi rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə xx.xx.2018-ci il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısının müavini ilə "X7" MMC-nin direktoru arasında müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən "X7" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Mirəli Qaşqay, Mikayıl Rəfili və Sahib Zeynalov küçələrinin kəsişmələrində qəzalı vəziyyətdə olan evlərdən sakinlərin köçürülməsi işlərinə başlanılmışdır. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin «Azərdövləttikintilayihə» Dövlət Layihə İnstitutunun əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Mirəli Qaşqay, Mikayıl Rəfili və Sahib Zeynalov küçələrinin kəsişmələrində yerləşən yaşayış evləri mövcud şəhərsalma tələblərinə cavab vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 №-li qərarına əsasən (mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş) Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, habelə bu rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyriyaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini təmin etməsi, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binaları tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binaları tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binalarında müvafiq mənzillərin ayrılması tapşırılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, ev 13, mənzil 7-nin faktiki ölçüsü 57,6 kv.m təşkil edir. Məhkəmə Cavabdeh1 mülkiyyətində olan mənzilə dair "X7" MMC-nin vəsaiti hesabına aylıq müavinət (kirayə haqqı 400 manat) verilməklə və gələcəkdə mənzilin dövlət reyestrində qeydə alınmış qanuni sahələrinə 20% əlavə edilərək "X7" MMC-nin vəsaiti hesabına mənzil sahəsi ilə təmin edilməsi şərti ilə cavabdehlərin çıxarılması tələbi üzrə qeyd edir ki, həmin tələb əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Məhkəmə hesab edir ki, cavabdehlərin mülkiyyətində olan mənzillərin sökülməsi dövlət əhəmiyyətli layihə çərçivəsində həyata keçirildiyinə görə cavabdehlərin həmin mənzillərdən çıxarılması ilə bağlı tələb əsaslıdır. Məhkəmə qeyd edir ki, qanunvericilikdə uçmaq təhlükəsi olan, istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan yaşayış evlərinin sakinlərinin köçürülməsi yerli icra hakimiyyətinin hesabına həyata keçirilməli olmasına baxmayaraq, mübahisəli mənzilin yerləşdiyi ərazi Nəsimi rayon İcra Hakimiyyətinin sərəncamı ilə tikinti məqsədləri üçün "X7"xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx"X7" MMC arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən yuxarıda göstərilən işlərin həyata keçirilməsini "X7" MMC öz üzərinə götürdüyündən, iddia tələbi mənzilin dövlət reyestrində qeydə alınmış qanuni sahəsinə 20% əlavə edilərək, cavabdehlərin 70 kv.m ümumi sahəsi olan mənzil sahəsi ilə təmin edilməsi hissəsində təmin edilməlidir. Məhkəmə həmçinin cavabdehlərin mənafeyini nəzərə alaraq hesab edir ki, onlar yeni mənzil sahəsi ilə təmin olunanadək "X7" MMC tərəfindən Cavabdeh1 İmpirat qızına aylıq 400 (dörd yüz) manat kirayə haqqı ödənilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107- 2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bu məsələyə dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Məhkəmə mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (“Kuşoğlu Bolqarıstana qarşı” iş üzrə 2007-ci il 10 may tarixli Qərar). Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (“Broniovski Polşaya qarşı” iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; “Skordino İtaliyaya qarşı” iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93). Göstərilən hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Avropa Məhkəməsinin “L.Y.Siqunova və M.Y.Siqunovanın Rusiyaya qarşı” xx.xx.2019-cu il tarixli qərarında (şikayət № 18836/11) ifadə etdiyi hüquqi mövqeyə görə “müdaxilənin uyğunluğu cəmiyyətin ümumi mənafeyi ilə bağlı tələblərlə şəxslərin fundamental hüquqlarının qorunması imperativləri arasında düzgün balansın olması deməkdir ... heç bir məqamda aidiyyəti şəxslər yeni mənzilin köhnə mənzillə müqayisədə aşağı dəyərə malik olmasını təsdiq etməyiblər və işdə yer alan xüsusatlar buna əsas vermir ... ərizəçilər həcm etibarı ilə köhnədən bir az da böyük olan, nəzərə çarpacaq dərəcədə daha yüksək dəyərə malik yeni mənzil almışlar və bu mənzil onların köhnə mənzilinin qonşuluğunda yerləşir». Həmin işdə Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, tədbir mütənasib və uyğundur, şikayət açıq-aşkar əsaslandırılmayıb və Konvensiyanın 35-ci maddəsinin 3(a) bəndinə uyğun olaraq rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «”Fortis-Bayıl” Mənzil- Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Bununla əlaqədar məhkəmə şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edən Şəhərsalma və Tikinti Məcəlləsinin bir sıra maddələrinin nəzərdən keçirilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilən Məcəllənin 3.0.20-ci maddəsinə görə, tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir. Həmin Məcəllənin 4.1 və 4.2-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır (Şəhərsalma və Tikinti Məcəlləsinin 17ci maddəsi). Beləliklə yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, M.Rəfili küçəsi, ev 13, mənzil 7 sökülməli, Cavabdeh1 İmpirat qızının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, ev 13, mənzil 7 əvəzinə ünvan 7 ünvanda yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasında 70 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzil Cavabdeh1 İmpirat qızının xüsusi mülkiyyətinə verilməli, yeni mənzil ilə təmin edilənədək “X7” MMC tərəfindən Cavabdeh1 İmpirat qızına hər ay 400 (dörd yüz) manat kirayə haqqı ödənilməli, cavabdehlər Cavabdeh1 İmpirat qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, ev 13, mənzil 7-dən çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, M.Rəfili küçəsi, ev 13, mənzil 7 sökülsün. Cavabdeh1 İmpirat qızının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, ev 13, mənzil 7 əvəzinə ünvan 7 ünvanda yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasında 70 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzil Cavabdeh1 İmpirat qızının xüsusi mülkiyyətinə verilsin. Yeni mənzil ilə təmin edilənədək “X7” MMC tərəfindən Cavabdeh1 İmpirat qızına hər ay 400 (dörd yüz) manat kirayə haqqı ödənilsin. Cavabdehlər Cavabdeh1 İmpirat qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, ev 13, mənzil 7-dən çıxarılsınlar. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar