Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-436/2023 03.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçılar İddiaçı1 nümayəndəsi (vəkili) və İddiaçı2 vəkili - Vəkil, Cavabdehin nümayəndələri - X3 və X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" QSC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" QSC-yə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı1 vurulmuş maddi ziyana görə 10000, mənəvi ziyana görə 50000 manat olmaqla, ümumilikdə 60000 manat, İddiaçı2 vurulmuş maddi ziyana görə 10000 manat, mənəvi ziyana görə 50000 manat olmaqla, ümumilikdə 60000 manat pulun tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışlar ki, onlar xx.xx.2022-ci il tarixində cavabdehə məxsus təyyarə ilə İstanbuldan Bakıya uçurmuşlar. Bu uçuşun gedişi zamanı acdıqları üçün yemək sifariş etmişlər. Bu yeməklərin içində tərəvəz salatı da var idi. Lakin tərəvəz salatından istifadə etdikdə gözləmədiyləri halda onun içərisində qurd aşkar olunmuşdur. Təbii ki, belə bir vəziyyətdə onların hansı hala düşməylərini demək artıq məsələdir. Hər ikisində həm mənəvi cəhətdən, həm də sağlamlıq baxımından ciddi problemlər yaranmışdır. Bu faktla əlaqədar həm təyyarə bələdçiləri Albina Əliməzova, Sevinc Yadigarova, böyük tibb bacısı İlahə Rzayeva və onların iştirakları ilə xx.xx.2022-ci il tarixdə akt tərtib edilmişdir. Həmin akt həm onlar tərəfindən, həm də adları göstərilən şəxslər tərəfindən imzalanmışdır. Bu hadisədən sonra sağlamlıqlarında ciddi problemlər yarandığı üçün dəfələrlə həm dövlət xəstəxanasına, həm də özəl xəstəxanalara müraciət etmişlər. Belə ki, yeməylərindən qurdun çıxması ilə əlaqədar bədənlərində səpkilər və qaşınmalar yaranmış və böyük fəsadlar vermişdir. Cavabdeh onların vəziyyəti ilə maraqlanmamış və onlara heç bir köməklik göstərməmişdir. Onlara maddi ziyandan başqa mənəvi ziyan da dəymişdir. Bütün bu hallar cavabdehin təqsiri səbəbindən olmuşdur. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, sərnişinlər İddiaçı1 və Chalimiev Romal "Azərbaycan Hava Yolları” QSC ilə hava daşıması barədə müqavilə bağlamış və 07 iyul 2022-ci il tarixli İstanbul-Bakı marşrutu üzrə J2 076 nömrəli reysə **********166, **********165 nömrəli aviabiletləri əldə etmişdirlər. Sərnişin İddiaçı1, reysin sərnişinlərinə qapalı və qablaşdırılmış şəkildə təqdim edilən təyyarə qidasını aldıqdan bir neçə dəqiqə sonra təyyarə bələdçisini çağıraraq ona təqdim olunan salat porsiyasında meyvə qurdunun sürfəsini aşkar etdiyini bildirmiş və bu fakt üzrə aktın tərtib edilməsini tələb etmişdir. Sərnişin İddiaçı1 bütün hərəkətləri açıq şəkildə qalmaqala səbəb olacaq və uçuş təhlükəsizliyinə təhdid yaradacaq pravokasiya və fitnəkar xarakter daşıyırdı. Xidmət göstərən təyyarə bələdçiləri briqadasının şəxsi heyəti mövcud təlimatlara əsasən sərnişinləri sakitləşdirmiş, faktla bağlı akt tərtib etmiş, həmin sərnişinlərdən şirkət adından üzr istəmiş, yeməklərini dəyişdirərək əlavə porsiyalar təqdim etmişdir. Qanunvericilikdə təyyarə qidasının təqdim edilməsi daşıma müqaviləsi üzrə xidmətlərin göstərilməsi zamanı zəruri şərt kimi nəzərdə tutulmayıb və ödənişsiz xidmət hesab edilir ki, bu da daşıma müqaviləsi üzrə qanun pozuntusuna səbəb ola bilməz. Xüsusən də sərnişinlərin porsiyaları deyişdirilmiş və əlavə yemək porsiyaları təqdim edilmişdir ki, onlar da iddiaçılar tərəfindən narazılıq bildirilmədən qəbul edilmişdir. İddiaçılar maddi ziyanın ödənilməsi ilə bağlı göstərilən xərcləri təsdiq edən sənədləri, habelə hava daşıması faktı ilə çəkilən xərclərin səbəb-nəticə əlaqələrini təsdiq edən sübutları təqdim etməmişlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 nümayəndəsi (vəkili) və İddiaçı2 vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddia ərizəsinə etirazın məzmununa uyğun olaraq izahat verərək, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia ərizəsinə etirazın məzmununa uyğun olaraq izahat verərək, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X9 ifadəsində bildirdi ki, 1992-ci ilin sentyabr ayından cavabdehdə böyük təyyarə bələdçisi vəzifəsində işləyir. Hadisə zamanı ilk öncə sərnişinləri sakitləşdirmək əsas vəzifəsidir və bu barədə “CC-H Part A” və “Operation Manual” adlı təyyarə bələdçisinin kitabçalarında vəzifələr qeyd edilmişdir. Hadisə zamanı “VİP” salonda idi, lakin digər işçilər isə “Comfort” salonda xidmət göstərirdilər. “Comfort” salonda xidmət göstərən işçilər salatı gətirmişlər və hadisə ilə bağlı ona məlumat vermişlər. salatın içərisində qurd var idi. Sərnişin onu çağırmış və hadisə ilə bağlı hansı tədbirlərin həyata keçiriləcəyi ilə bağlı ondan məlumat almışdır. Akt tərtib etmiş, akta imza çəkmiş və bunu sərnişinə bildirmişdir. Onu İddiaçı2 yanına çağırmış və digər iddiaçının yeməyindən qurd çıxdığını bildirmişdir. İddiaçılara yeməklər ayrı-ayrı qablarda verilmişdir və sərnişinlər üçün menyuda nəzərdə tutulmuş yeməklər hər sərnişin üçün şəxsən verilir. Hadisə aktlaşdırılandan sonra iddiaçıların halında heç bir pisləşmə olmamış və digər yeməklərini yeməyə davam etmişlər. Təyyarədə xaos baş verməsin deyə qeyd edilən hadisə aktlaşdırıldı. Məhkəmə iclasında şahid X5 ifadəsində bildirdi ki, 2007-ci ildən cavabdehdə böyük təyyarə bələdçisi vəzifəsində işləyir. Hadisə 2022-ci ildə İstanbul reysində baş vermişdir. İddiaçı1 salatından qurd çıxmışdır. Digər təyyarə bələdçiləri onu hadisə barədə məlumatlandırmışlar. Səs-küy yox idi, sadəcə ona bildirmişlər ki, sərnişin baş verən hadisədən dolayı salatı yeməkdən imtina edir. Daha sonra digər təyyarə bələdçisi X8 çağırmışlar və baş verən hadisə ilə bağlı hansı tədbirlərin həyata keçiriləcəyi barədə məlumat almışlar. Bundan sonra hadisə ilə bağlı akt tərtib edilmişdir. İddiaçılar digər yeməklərini yeməyə davam etmişlər. İddiaçılar ayrı-ayrı qablarda yemək yeyirdilər. Hər bir iddiaçıya ayrı-ayrılıqda menyuda olan yeməklər təqdim edilmişdir. Məhkəmə iddiaçıların nümayəndəsi və vəkillərinin və cavabdehin nümayəndələrinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2022-ci il tarixli aktdan görünür ki, uçuş zamanı komfort sinif sərnişini xanım İddiaçı1 qida qəbulu zamanı tərəvəz salatında qurd aşkar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında qeyd etmişdir ki, “Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.” Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, 07 iyul 2022-ci il tarixli İstanbul-Bakı marşrutu üzrə J2 076 nömrəli reyslə uçuş zamanı İddiaçı1 qapalı və qablaşdırılmış şəkildə ona təqdim edilmiş təyyarə qidası olan salat porsiyasında onun qablaşdırılmasını açdıqdan sonra meyvə qurdunun sürfəsini aşkar etmiş, sakit formada bu barədə təyyarə bələdçilərinə məlumat vermiş və onların iştirakı ilə hadisə barədə akt tərtib edilmişdir. Bundan sonra təyyarə bələdçiləri İddiaçı1 yenidən yeni salat porsiyası təqdim etmiş, İddiaçı1 ona təqdim edilmiş yeni salat porsiyasını və digər təyyarə qidalarını yeməyə davam etmişdir. Eyni zamanda məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı2 təqdim edilmiş qidalarda hər hansı nöqsan aşkar edilməmiş və o, yeməyini davam etdirmişdir. Göründüyü kimi iddiaçılara təqdim edilmiş qidalar qapalı və qablaşdırılmış formada olmuş və İddiaçı1 tərəfindən qidada meyvə qurdunun sürfəsi məhz həmin qablaşdırma açıldıqdan sonra müəyyən edilmişdir. Belə olan halda İddiaçı1 təqdim edilmiş həmin qidada meyvə qurdunun sürfəsinin olmasında cavabdeh tərəfindən əməlin təqsirli olaraq törədilməsi istisna edilir. Bundan başqa, şahid ifadələrindən müəyyən olunur ki, qidada qurd çıxdıqdan sonra İddiaçı1 təyyarə bələdçilərinə bu barədə sakit formada müraciət etmiş və hadisə ilə bağlı müvafiq akt tərtib edildikdən sonra İddiaçı1, ona təqdim edilmiş yeni salat porsiyasını və digər qidaları qəbul etməyə davam etmişdir ki, bu hal onun sağlamlığının və psixoloji vəziyyətinin normal vəziyyətdə olmasına dəlalət edir. Eyni zamanda İddiaçı1 zərərə dair resept və xəbərdarlıq vərəqələri təqdim etsə də, həmin sənədlərdə alınan müalicənin, o cümlədən dərmanların məhz uçuş zamanı qidada qurdun çıxması ilə bağlı olub-olmaması müəyyən olunmur. Yəni İddiaçı1 tələb etdiyi zərərlə qidada qurdun çıxması halı arasında səbəbli əlaqənin olması, yəni zərərin məhz İddiaçı1 təqdim edilmiş qidada qurdun çıxması nəticəsində əmələ gəlmiş olması müəyyən olunmur və İddiaçı1 bu barədə hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə İddiaçı2 tələbinə münasibətdə isə qeyd edir ki, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi meyvə qurdunun sürfəsi yalnız İddiaçı1 təqdim edilmiş qidada aşkar olunmuş, İddiaçı2 təqdim edilmiş qidalarda hər hansı nöqsan aşkar edilməmiş və o, yeməyini davam etdirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün tələb olunan şərtlər hazırki mübahisə üzrə mövcud olmadığından iddia maddi ziyanın tutulması hissələrində təmin oluna bilməz. İddia tələbinin mənəvi ziyanın ödənilməsi hissələrinə hüquqi qiymət verərək, məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri bilir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Belə ki, Ali Məhkəmənin Plenumu qeyd olunan Qərarda göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar onlara vurulmuş mənəvi zərərin nədən ibarət olmasını da əsaslandıra bilməmişlər. İş materiallarından göründüyü kimi, hazırda iddiaçıla onlara vurulmuş mənəvi zərərin ödənilməsini tələb etsələr də, mənəvi zərərin dəydiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Buna görə də məhkəmə hesab edir ki, iddia mənəvi zərərə aid hissələrdə də təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-436/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-436/2023
03.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver