Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-437/2024 17.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı xeyrinə 1450 manat vurulmu, maddi zərərin, 800 manat hüquqi xidmət xərcinin, 3000 manat mənəvi zərərin, 72,90 manat dövlət rüsumunun əvəzi olaraq, cəmi 5322.90 (beş min üç yüz iyirmi iki manat doxsan qəpik) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, ** ZT *** dövlət qeydiyyat nişanlı, tünd göy metalik rəngli, 2020-ci il buraxılışlı X5 markalı avtomobil onun mülkiyyətindədir. Həmin avtomobil Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən (Azərsığorta) sığorta edilmişdir. 26 iyun 2023-cü il tarixdə Bakı-Şamaxı yolunda, Şamaxı şəhəri ərazisində başqa bir avtomobil onun avtomobilini vurmuş, baş vermiş qəza nəticəsində avtomobilin qabaq sağ qanadı, qabaq sağ qapısı, sağ arxa qapısı və arxa qanad əzilmiş, sağ arxa təkərin qolu sınmışdır. Bunun nəticəsində ona 1450 manat məbləğində zərər dəymişdir. Nəticədə qarşı tərəf barədə protokol tərtib edilmiş, cavabdehin nümayəndəsi Şamaxı Rayon Polis Şöbəsinə gələrək avtomobilin şəkillərini çəkmiş və pulun ödəniləcəyini bildirmişdir. Şamaxı Rayon Polis Şöbəsinin DYP inspektoru forma 4-3 tərtib edərək cavabdehə versə də, cavabdeh müxtəlif bəhanələrlə pulu verməkdən yayınmış. İddiaçı cavadehin qaynar xətti ilə əlaqə saxlamış və ona 050 241 08 84 saylı mobil nömrə ilə əlaqə saxlamağını bildirmişlər və o həmin şəxsə bütün lazımi sənədləri gönərmişdir. Belə ki, cavabdeh 1450 manat dəymiş zərərin əvəzinə 570 manat təklif etmiş, o isə işləri çox olduğundan və pulun tez ödənilməsi üçün həmin məbləğin ödənilməsinə razılıq versə də cavabdeh pulu ödəməkdən müxtəlif formada yayınmışdır. O, dəfələrlə cavabdehin qaynar xəttinə zəng etsə də, vurulmuş zərərin ödənilməsi üçün lazım olan bütün sənədləri cavabdehə göndərsə də cavabdeh pulu ödəməkdən yayınmışdır. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən vurulmuş maddi ziyanın əvəzi 1450 manat, vəkil üçün xərcləmiş 800 manatın, mənəvi zərərin əvəzi olaraq 3000 manat və ödənilmiş 72,90 manat dövlət rüsumunun əvəzinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X2 "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddıaçı İddiaçı tərəfindən dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətininə müraciət olunmuşdur. Şirkətin əməkdaşları tərəfindən “X5” markalı, ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi 570 manat müəyyən edilmiş, onunla telefon vasitəsilə əlaqə saxlanılaraq qiymət barədə məlumat verilmişdir. İddiaçı qeyd edillən qiymətlə razı olduğunu bildirmiş və şirkətin əməkdaşı tərəfindən göndərilən razılıq aktına qol çəkərək əməkdaşa təqdim etmişdir. İddıaçı İddiaçı qeyd edilən məbləğlə bağlı hər hansı bir narazılıq bildirmədiyindən “X5” markalı, ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı müəyyənləşdirilən 570 manat məbləğində zərərlə bağlı qiymətləndirmə aktı üzrə ödəniş həyata keçirilmişdir. Həmçinin iddiaçı tərəfindən 3000 manat məbləğində mənəvi zərərin tutulması barədə tələbi də tamamilə əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılıb, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi etirazı müdafiə edərək etirazın məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin iclaslardaki izahatlarını nəzərə alaraq, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan ki, nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X5” markalı, ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. İş materiallarında olan İcbari Sığorta Bürosunun İcbari Sığorta Müqavilələrinin mövcudluğunun yoxlanılması barədə kompüter çıxarışından görünür ki, “X5” markalı, ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalanmışdır. İş materiallarında olan 5NMS53AA7LH295752 ban nömrəli “Hyundai” markalı “Santa Fe” universal tipli minik maşınının 05 iyul 2023-cü il tarixli qiymətləndirmə aktından görünür ki, “X4” markalı, ** ZT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1450 (min dörd yüz əlli) AZN manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan sığorta ödənişi ilə bağlı ərizənin surətindən görünür ki, İddiaçı “X5” markalı, ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobil üzrə xx.xx.2023-cü il tarixdə baş vermiş sığorta hadisəsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən müəyyən edilmiş zərərin əvəzi olaraq 570 manat məbləğində sığorta ödənişinin ödənilməsinə razı olduğunu bildirmişdir. İş materiallarında olan yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli ödəniş aktı və xx.xx.2023-cü il tarixli 67824 nömrəli ödəniş tapşırığından görünür ki, 570 manat məbləğində sığorta ödənişi "PAŞASİĞORTA" Açıq Səhmdar Cəmı̇ yyətı̇ tərəfindən İddiaçı hesabına köçürülmüşdür. Mülki Məcəllənin 927.1-ci və 927.2-ci maddələrinə əsasən əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında aşağıdakı formalardan hər hansı birində həyata keçirilir: - zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi; - sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi; - sığorta predmeti olan, yaxud zərərçəkmiş üçüncü şəxsə məxsus əmlakın təmiri və ya bərpası; - sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti olan əmlakın dəyişdirilməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari sığortalar haqqında” AR Qanununun 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. “İcbari sığortalar haqqında” AR Qanununun 16.3-cü maddəsinə əsasən sığortalı və ya sığorta olunan zərər məbləğinin sığortaçı tərəfindən və ya onun razılığı ilə bu Qanunun 16.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə qiymətləndirilməsinin başladığı anadək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətində saxlamadıqda və ya dəymiş zərərin qiymətləndirilməsi üçün şərait yaratmadıqda, zərərin sığortaçı tərəfindən müvafiq şəkildə qiymətləndirilməsinin nəticələrini qəbul etməlidir. “İcbari sığortalar haqqında” AR Qanununun 16.4-cü maddəsinə əsasən sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. Bu maddədə müəyyən edilmiş zərərin qiymətləndirilməsinə çəkilən xərclər sığortaçı tərəfindən ödənilir. “İcbari sığortalar haqqında” AR Qanununun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli ödəniş aktı və xx.xx.2023-cü il tarixli 67824 nömrəli ödəniş tapşırığından göründüyü kimi, avtomobilə dəymiş zərərin əvəzi kimi 570 manat müəyyən edilmiş, İddiaçı ödəniş aktına əlavə olunmuş ərizəni imzalamaqla cavabdeh tərəfindən sığorta ödənişi qismində ödənilmiş zərərin məbləği ilə razılaşmışdır. Beləliklə, iddiaçıya vurulmuş real zərər ödənilmiş, iddiaçı tərəfindən edilmiş sığorta ödənişinin məbləği ilə bağlı heç bir irad bildirilməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qeyd edilən qanunvericilik normalarına və işin faktiki hallarına əsaslanaraq məhkəmə qeyd edir ki, razılaşdırılmış sığorta məbləği cavadeh tərəfindən ödənildiyindən iddiaçının pul tələbi üzrə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən haqlı olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddiası əsassız olduğundan rədd edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, maddi zərərlə bağlı tələb rədd olunduğundan, bundan irəli gələn mənəvi zərərlə əlaqədar iddia tələbinə hüquqi qiymət verilməsinə “prosessual qənaət” prinsipi baxımından zərurət yoxdur, iddia bu hissədə də rədd olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, iddiaçının tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyi və onun tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən “maddi və mənəvi zərərin ödənilməsi” tələblərinə dair iddiasının rədd edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-437/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-437/2024
17.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver