Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4374/2024 31.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin vəzifəli şəxsləri tərəfindən əsassız olaraq 20 saatdan çox saxlanılmaqla azadlığının qəsdən məhdudlaşdırılması, barəsində qanunsuz olaraq inzibati protokol tərtib edilməsi və bu qanunsuzluğun davamı olaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 mart 2024-cü il tarixli, 3(004)-1629/2024 nömrəli qərarı ilə qanunsuz olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 150 manat inzibati cərimə olunması nəticəsində ona dəymiş maddi ziyanın əvəzi olaraq 1147 (bir min yüz qırx yeddi) manat, mənəvi zərərin əvəzi olaraq 1500 (bir min beş yüz) manat məbləğində təzminat olmaqla, ümumilikdə 2647 (iki min altı yüz qırx yeddi) manat pulun cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin 29cu Polis Bölməsinin təhqiqatçısı Elnur Məmmədov 20 mart 2024-cü il tarixdə saat 14:41-də ***-***- **-** saylı mobil telefon nömrəsindən İddiaçı zəng edərək onu həmin polis bölməsinə dəvət etmişdir. Polis bölməsində olan zaman təhqiqatçı Məmmədov Elnur İddiaçı sözləri ilə yazılmayan, öz rəhbərliyinin tapşırığı ilə hazırladığı izahatı onun qarşısına qoyaraq imza etməsini tələb etmişdir. Lakin bu tələblə razılaşmadığı üçün 29-cu Polis Bölməsinin rəis müavini Rasim Əmirovun otağına aparılmış və o, İddiaçı gördükdə Elnur Məmmədova bildirmişdir ki, “bu adam məndən 19 yanvar 2024-cü il tarixdə 102-yə şikayət edib, sahə rəisi Rövşən Məmmədovu çağırın, raport yazaraq, bunu basaq içəri, sabah da məhkəməyə çıxardaq 30 sutka verdirək. Sən də get tez bir raport yaz bu adam haqqında”. Daha sonra təhqiqatçı Elnur Məmmədov İddiaçı 29-cu Polis Bölməsinin birinci mərtəbəsində yerləşən – içərisində 1 ədəd oturacaq, ümumi sahəsi 2 kv.m olan saxlama otağına gətirmiş, onunla bərabər 4 nəfər başqa şəxsi də həmin otağa salmış, dövlət tərəfindən heç bir qida rasionu ilə təmin olunmadan səhərə qədər saxlamışlar (Məhkəmə saxlama yerinin kamerasını tələb etsə, bunu aydın sübut etmək olar). Daha sonra gecə radələrində təhqiqatçı Elnur Məmmədov tərəfindən saxlama kamerasına daha əvvəllər İddiaçı görmədiyi bir qadını gətirərək sonuncunun üzünə durmasını tələb etmiş, həmin xanım da daha əvvəllər iddiaçını görmədiyini və tanımadığını bildirmişdir. Bölmədə saxlanılma zamanı İddiaçı dəfələrlə vəkilinə və ya ailə üzvlərinə məlumat vermələrini xahiş etsə də, növbətçi hissə əməkdaşı bildirdi ki, “rəis müavini Əmirov Rasim sənin bütün hüquqlarını məhdudlaşdırıb, sənə nə telefon, nə də hər hansı qida məhsulu verdiyimizi görsə bizi danlayacaq” (Məhkəmə tərəfindən həmin gecənin video qeydiyyatına nəzər salınsa, bu aydın sübut olunar). 21 mart 2024-cü il tarixdə İddiaçı yaşadığı ərazinin polis sahə rəisi Rövşən Məmmədov saxlama yerinə gələrək növbətçi hissənin otağında təhqiqatçı Elnur Məmmədovun yazdığı əsassız və qanunsuz raportu əsasında İddiaçı guya polisin qanuni tələblərinə tabe olmamağı barədə MN seriyalı ******* nömrəli “inzibati xəta haqqında” protokol tərtib etmiş və onun şəxsi avtomobili ilə polis nəzarəti altında Yasamal rayon Məhkəməsinə gətirilən İddiaçı həmin məhkəmənin 21 mart 2024-cü il tarixli, 3(004)-1629/2024 nömrəli qərarı ilə 150 manat məbləğində cərimə edilmişdir. Yasamal Rayon Məhkəməsinin sözügedən qanunsuz qərarında göstərilənlərə əsasən guya İddiaçı 20 mart 2024-cü il tarixdə 29-cu polis bölməsində səs-küy salmaqla bölmənin iş rejimini pozmaq və polisin qanuni tələblərinə tabe olmamağı, bununla da onun Azərbaycan Respublikasının İXM 510-cu maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətməyi məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Yasamal Rayon Məhkəməsinin 21 mart 2024-cü ıl tarixli 3(004)-1629/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş şikayət Bakı Apellasiya Məhkəməsi tərəfindən təmin olunaraq Yasamal Rayon Məhkəməsinin 21 mart 2024-cü il tarixli 3(004)-1629/2024 nömrəli qərarı ləğv edilmiş, sahə rəisi Rövşən Məmmədovun tərtib etdiyi MN seriyalı ******* saylı protokol əsassız hesab edilmiş və icraata xitam verilmişdir. 29-cu Polis Bölməsinin təhqiqatçısı Elnur Məmmədov və rəis müavini Əmirov Rasim tərəfindən əsassız yazılmış raport əsasında sahə rəisi Rövşən Məmmədovun tərtib etdiyi protokolun əsassız olması Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(103)-943/2024 saylı yekun qərarı ilə tam sübuta yetirilmişdir. 29-cu Polis Bölməsinin vəzifəli şəxsləri tərəfindən İddiaçı əsassız saxlanılmaqla azadlığının qanunsuz olaraq 20 saatdan çox məhdudlaşdırılması və ədalət mühakiməsini həyata keçirmək əvəzinə qanunsuz olaraq 150 manat inzibati cərimə tətbiq edən Yasamal rayon Məhkəməsinin hakimi Orxan Məmmədlinin qanunsuz hərəkətləri onu həm maddi, həm də mənəvi cəhətdən sarsıtmış, o, polisə olan inamını itirmişdir. İddiaçı "xxxx" MMC adlı şirkətin rəhbəri və təsisçisi olmaqla, dövlətə vaxtlı-vaxtında vergi ödəyən, 10-a yaxın şəxsə əmək haqqı verən rəhbərdir. İddiaçı əsassız saxlanıldığı gün işçiləri ilə Novruz bayramını qeyd etməyi və həmin gün onlara bayram pullarını verməyi planlaşdırmışdır. Lakin 29-cu Polis Bölməsinin əsassız və qanunsuz saxlaması nəticəsində o, işçiləri ilə birgə bayram şənliyini keçirə bilməmiş və bu da onun üçün mənəvi cəhətdən sarsıntı idi. İddiaçı 10 ildən artıqdır ki, “Yeni Azərbaycan Partiyası”nın üzvü olmaqla, ziyalı ailənin övladıdır. Belə ki, onun anası ali təhsilli həkim, atası isə uzun müddət prokurorluq orqanlarında çalışmışdır. İddiaçı şəxsiyyətinə və gördüyü tərbiyəyə qarşı polis tərəfindən belə əsassız və qanunsuzluq edilməsi onu sarsıtmış, cəmiyyət içində nüfuzunu zədələmişdir. Bakı Apellasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-943/2024 saylı yekun qərarından da aydın olur ki, 29-cu Polis Bölməsinin vəzifəli şəxsləri İddiaçı barəsində qanunsuz olaraq inzibati protokol tərtib etmiş, şəxsi qərəzçilik zəminində onu bayram günü bölmədə saxlamış, ailəsi və vəkili ilə ünsiyyət hüququnu pozmuşlar. Polisin bu əsassız və qanunsuz hərəkəti həm vəzifə səlahiyyətindən sui istifadə etmək, həm də vəzifə səlahiyyətini aşmadır. Elementar insani hüquqların bu dərəcədə məhdudlaşdırılması və ən əsası da bunu hüququn mühafizəsi ilə məşğul olan polis əməkdaşlarının etməsi İddiaçı polisə olan inamını itirmiş və zədələmişdir. Bundan başqa, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Zeyni Hüseynov tərəfindən sosial şəbəkələrdə də onun barəsində guya polis bölməsində səs küy salıb, ictimai qaydanı pozmağı və sair hərəkətlər etməyi barədə mənfi fikirlər bildirilmişdi. Bütün bu qarayaxma, onun barəsində mənfi fikirlərin yazılması, əsassız saxlanılmağı nəticəsində bayram gününü qeyd edə bilməməsi, işçilərin premyalarını verə bilməmək, vəkili və ailə üzvlərinə saxlanmağı barəsində məlumatı verə bilməmək, bayram axşamını evində ailəsi ilə qeyd edə bilməmək, ən əsası isə əsassız olaraq 20 saatdan çox azadlıqdan məhrum olmaq İddiaçı mənəvi cəhətdən dərindən sarsıtmışdır. Odur ki, İddiaçı mənəvi ziyanın əvəzi olaraq 1500 (bir min beş yüz) manat məbləğində pulun ona ödənilməsini məqsədə uyğun hesab edir. Nəzərə alınsa ki, hüququn mühafizəsini özlərinə peşə seçmiş polis əməkdaşlarının azadlığı məhdudlaşdıran əsassız hüquq pozması üçün 1500 (bir min beş yüz) manat məbləğində mənəvi ziyan təzminatının ödənilməsi kompensasiyası ədalətli olardı. İddiaçı mənəvi cəhətdən daha da sarsıdan amillərdən biri də Yasamal Rayon Məhkəməsi hakimi Orxan Məmmədlinin 29-cu Polis Bölməsi əməkdaşlarının qanunsuz hərəkətlərinə göz yumması, ədalət mühakiməsi həyata keçirmək əvəzinə onların qanunsuz hərəkətlərinə qanuni don geyindirmək istəməsi, qanunsuz qərarı Azərbaycan Respublikasının adından qəbul və elan etməsidir. Belə biabırçı ədalət mühakiməsi olarmı? Bunlar yadına düşəndə o, mənəvi sarsıntı keçirir və əsəbləşir. 29-cu Polis Bölməsinin vəzifəli şəxsləri tərəfindən əsassız saxlanılmağı mənəvi ziyanla bərabər İddiaçı maddi ziyan da vurmuşdur. Belə ki, apellasiya şikayətinin hazırlanması və vəsatətlərin yazılması üçün ağlabatan 250 (iki yüz əlli) manat, polis əməkdaşlarının qanunsuz hərəkətlərinə hüquqi qiymətin verilməsi üçün Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və digər dövlət orqanlarına şikayət ərizələrinin yazılması üçün 160 (bir yüz altmış) manat, məhkəmələrdə iştirak etmək, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və digər orqanlara qəbula getməyi onun 10 iş günü vaxtını almış, hər gün üçün 50 (əlli) manat olmaqla, işini-gücünü bir kənara qoyub vaxtını sərf etdiyi üçün 500 (beş yüz) manat, hazırkı iddia ərizəsinin hazırlanması üçün ağlabatan 190 (bir yüz doxsan) manat və onun məhkəməyə verilməsi üçün ödədiyi 47 (qırx yeddi) manat olmaqla, İddiaçı ümumilikdə 1147 (bir min yüz qırx yeddi) manat maddi ziyana düşdüyündən həmin məbləğ ona ödənilməlidir. Çünki həmin zərər 29-cu Polis Bölməsinin vəzifəli şəxslərinin təqsiri, yəni İddiaçı əsassız saxlama və cərimə edilməsinin qanunsuz hərəkət olduğunu sübuta yetirmək üçün çəkdiyi xərclərdir və qeyd olunan şəxslərin hərəkətləri (hərəkətsizliyi) arasında səbəbli əlaqənin mövcudluğudur. İddia tələbindən də görünür ki, İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi tərəfindən əsassız olaraq saxlanılmağı nəticəsində ona dəymiş maddi və mənəvi ziyanı tələb edir. Belə olan halda onun hazırkı iddia tələbi üzrə cavabdeh qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb edilməlidir. Hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddia tələbi üzrə dəymiş maddi və mənəvi ziyanı kompensasiya qismində pul vəsaiti dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən ödənilməlidir. Yəni, hazırki halda Maliyyə Nazirliyi iddiaçıya bilavasitə zərərvuran şəxs olaraq deyil, dövlətin adından dövlət vəsaitini idarə edən orqan qismində mülki cavabdehlik daşıyır. Bu səbəbdən Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunması və iddianın ona münasibətdə təmin olunması hüquq normalarının pozulmasına səbəb olmur.
3. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi etiraz təqdim edərək, iddia tələbinin tam həcmdə rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia etdiyi kimi dəymiş maddi ziyanın əvəzi olaraq 1.147 (bir min yüz qırx yeddi) manat, mənəvi zərərin əvəzi olaraq 1.500 (bir min beş yüz) manat məbləğində təzminat olmaqla, ümumilikdə 2647 (iki min altı yüz qırx yeddi) manat pulun hər hansı bir əsası sübut olaraq işin materiallarında göstərilməmişdir. Belə ki, tələblə əlaqədar olaraq birbaşa səbəbli göstərilməyə çalışılmış hallardan biri də məhz vətəndaşın əldən çıxan fayda ilə bağlı göstərilmiş məbləğlərlə bağlıdır. İstinad edildiyi kimi, hadisə nəticəsində dəymiş zərər birbaşa göstərilən məbləğlərin itirilməsi faktı ilə əlaqədardırsa, sözügedən hallar ilə bağlı sübutlar ya mövcud deyildir, ya da ümumiyyətlə məhkəməyə təqdim edilmiş müraciətlə paylaşılmamışdır. İddiaçının iddia edərək təzminat qismində tələb etdiyi məbləğlərin reallığı isbat olunmadığı təqdirdə şübhəli və ağlabatan olmayan kimi qəbul edilə bilər. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçının iddia etdiyi maddi və mənəvi zərərlərin ona tətbiq edilmiş inzibati tənbeh tədbiri ilə birbaşa əlaqəsi yoxdur. İşin materiallarından göründüyü kimi, İddiaçı Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin əməkdaşı tərəfindən qəbul edilmiş inzibati protokol haqqında qərarını əsas göstərərək maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edib, Azərbaycan Respublikası Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi Maliyyə Nazirliyinə münasibətdə 3-cü şəxs qismində deyil, hüquq pozuntusunu törədən qurum qismində cavabdeh olaraq yönəltmişdir. Lakin dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Sözügedən iddia tələbləri üzrə Maliyyə Nazirliyinin cavabdeh kimi tanınmasına əsas yoxdur. Belə ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin sərəncamçısı olmadığından, bununla bağlı müstəqil çıxış etmək hüququna malik deyildir. Nazirlik öz əsasnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatların, o cümlədən təhqiqat və ibtidai istintaq orqanlarının sifarişinə əsasən yalnız onların maliyyələşdirilməsini həyata keçirir. Təsadüfi deyildir ki, analoji olaraq sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı fiziki şəxslərə vurulmuş ziyanın da dövlət büdcəsindən ödənildiyini nəzərə alaraq, bu tipli işlərə də eyni praktika tətbiq edilməlidir. Həmçinin, sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Eyni zamanda, Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb olunması və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, işgüzar nüfuzuna xələl gətirməkdədir. Fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konktet hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə proseslərinin obyektiv tədqiq edilməsi, qanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması və qanunvericiliyin müddəalarının düzgün tətbiq edilməsi üçün bu tipli məhkəmə işlərinə cavabdeh qismində müvafiq cinayət işləri üzrə təhqiqat və ibtidai istintaqı aparmış orqanların cəlb olunması zəruridir. Hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. “Azərbaycan Respublikası” dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zəzərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı məhkəməyə heç bir sübut göstərməmişdir.
a) Məhkəmə prosesi:
5. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən nümayəndələrinin məhkəmə iclasında iştirakları təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və etirazı nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
8. Kommersiya qurumunun dövlət reyestrindən çıxarışından görünür ki, İddiaçı xx.xx.2018ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) qanuni təmsilçisidir.
9. Yasamal RPİ-nin 29-cu PŞ-nin polis sahə rəisi, polis baş l-tı Həsən Abdullayev tərəfindən 20 mart 2024-cü il tarixdə tərtib edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, İddiaçı 20 mart 2024-cü il tarixdə, saat 16:45-də inzibati qaydada tutulmuşdur.
10. Yasamal RPİ-nin 29-cu PŞ-nin polis sahə rəisi, polis mayoru Rövşən Məmmədov tərəfindən 21 mart 2024-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli protokoldan görünür ki, İddiaçı “polisin qanuni tələbinə tabe olmamış, iş rejimi qaydasını pozmuş”, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-1629/2024 nömrəli qərarından görünür ki, İddiaçı Fəxrəddin oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrincə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır.
12. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-943/2024 nömrəli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İddiaçı Fəxrəddin oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-1629/2024 nömrəli qərarının ləğv edilməsi, İddiaçı Fəxrəddin oğlu barəsində 21 mart 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
13. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 46,40 (qırx altı manat qırx qəpik) manat dövlət rüsumu ödənilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
14. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən 20 mart 2024-cü il tarixdə, saat 16:45-də inzibati qaydada tutulmuş, onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrincə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 21 mart 2024-cü il tarixdə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir.
15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının istinad olunan maddələrdə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 manat məbləğində inzibati cərimə edilməsi qərara alınsa da, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və onun barəsində 21 mart 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
16. Hazırda iddiaçı müvafiq polis əməkdaşları tərəfindən əsassız olaraq azadlığının qəsdən məhdudlaşdırılması, barəsində qanunsuz olaraq inzibati protokol tərtib edilməsi və məhkəmə qərarı ilə qanunsuz olaraq təqsirli bilinib cərimə olunması nəticəsində ona dəymiş maddi ziyanın əvəzi olaraq 1.147 manat, mənəvi zərərin əvəzi olaraq 1.500 manat olmaqla, cəmi 2647 manat pulun cavabdeh vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsini; cavabdeh isə özünü əsl cavabdeh hesab etməyərək, iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər.
c) Məhkəmənin mövqeyi:
17. Məhkəmə qeyd edir ki, göründüyü kimi, İddiaçı əsassız olaraq inzibati qaydada tutulduqdan sonra barəsində qanunsuz olaraq inzibati xəta haqqında iş üzrə icraat aparılmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır.
18. Məhkəmə İddiaçı qanunsuz olaraq cinayət təqibinə məruz qaldığına görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsindən iddiaçının ona dəymiş mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyrimümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər.
19. İddia tələbinin “1.147 manat məbləğində maddi ziyanın əvəzinin ödənilməsi” hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı inzibati xəta haqqında iş üzrə aparılan məhkəmə icraatı zamanı müvafiq orqanlara müraciət etmək üçün yazdırdığı ərizələrə görə hüquqşünaslara 160 manat, apellyasiya şikayətini yazdırmağa görə 250 manat, hazırkı iddia ərizəsini yazdırmağa görə 190 manat ödədiyini, bu proseslər zamanı gedib-gəldiyinə və iş vaxtını itirdiyinə görə hər iş gününə 50 manat olmaqla, cəmi 500 manat itirdiyini və hazırkı iddianın verilməsinə görə 47 manat məbləğində dövlət rüsumu ödədiyini bildirib, barəsində qanunsuz olaraq inzibati xəta haqqında iş üzrə icraat aparılması nəticəsində ona 1.147 manat məbləğində maddi ziyan dəydiyini iddia etsə də, bu dəlilinin ərizələri yazdırdığına və iş vaxtını itirdiyinə görə olan hissələrini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən iddiaçı tərəfə xx.xx.2024cü və xx.xx.2024-cü il tarixli hazırlıq iclaslarında müvafiq sübutların təqdim olunması təklif edilsə də, iddiaçı hüquqşünaslara verdiyi pullara dair qəbzlərin olmadığını, həmçinin, bu məbləğlərin ağlabatanlıq prinsipi ilə tutulmadığı olduğunu bildirmiş, iş vaxtını itirməyini isə şirkət rəhbəri kimi fəaliyyət göstərməsi ilə əlaqələndirmişdir.
20. Xüsusilə qeyd edilməlidir ki, məhkəmə tərəfindən maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Maddi zərər tələbi üzrə araşdırma aparılarkən şəxsin ehtimal edilən deyil, məhz real zərər və əldən çıxmış fayda qismində zərərə məruz qalması halı müəyyənləşdirilməli, habelə həmin zərərin məbləği mülahizə əsasında və ya ağlabatan həddə deyil, yalnız buna dair təsdiqedici sübutlar əsasında tutulmalıdır. Əldən çıxmış fayda qismində zərər tələbində də şəxsin onu əldə etmək üçün əvvəlcədən gördüyü tədbirlər, bu məqsədlə hazırlıq işlərinin mövcud olub-olmaması, işlədiyi dövrdə real gəlirləri və s. nəzərə alınmalıdır.
21. Qeyd olunan sübutların iddiaçı tərəfindən təqdim edilməməsi isə məhkəmənin maddi zərərlə bağlı iddianı rədd etməsi üçün əsas hesab olunur. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
22. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçıya real maddi ziyan dəyməsi faktı öz təsdiqini tapmadığından, iddia tələbinin “1.100 manat məbləğində maddi ziyanın əvəzinin ödənilməsi” hissəsi təmin edilməməlidir.
23. Maddi ziyan kimi tələb edilən 47 manat dövlət rüsumu ilə bağlı isə qeyd edilməlidir ki, iddiaçı 47 manat dövlət rüsumu ödədiyini bildirsə də, iş materiallarında olan qəbzdən onun 46,40 manat dövlət rüsumu ödədiyi müəyyən edilir. Bu məbləğ isə hazırkı iş üzrə maddi ziyan kimi deyil, məhkəmə xərci kimi qiymətləndirildiyindən, iddiaçı qanunla dövlət rüsumunu ödəməkdən azad edilmiş tələblə məhkəməyə müraciət etdiyinə görə məhkəmə hesab edir ki, həmin məbləğ ona geri qaytarılmalıdır.
24. İddia tələbinin “1.500 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsi ilə əlaqədar isə qeyd edilməlidir ki, işin mübahisəsiz halıdır ki, iddiaçı barəsində qanunsuz olaraq inzibati xəta haqqında iş üzrə icraat aparılması onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Lakin məhkəmə hesab edir ki, ona vurulmuş mənəvi zərərin əvəzinin 1.500 manat məbləğində qiymətləndirilməsi mümkün deyil.
25. Belə ki, məhkəmə mənəvi zərərin ödənilməsinin məqsədinin şəxsi zənginləşdirmək deyil, onu mənəvi cəhətdən rahatlaşdırmaq olmasını vurğulayaraq və iş üzrə bütün digər diqqətəlayiq halları (aparılmış icraatın xarakterini və s.) nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 500 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 500 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir.
26. Məhkəmə qeyd edir ki, insan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir.
d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:
27. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 68, İİİ hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
28. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»: Maddə 3. Hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Maddə 9. Heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz.
29. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunu: Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1-21.2. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096, 1097.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
31. Göstərilənlərlə yanaşı, məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyrimaddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür.
32. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsinin ziyanın təminindən ibarət olması kimi göstərilmişdir.
33. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası: Maddə 41. Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.
34. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
35. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı: Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.
36. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir.
37. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»: 13-cü bənd. Mənəvi zərərə aid məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.
38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 114.1.1. Qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1.13. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında mübahisələr üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.
40. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi mənəvi zərərin əvəzi kimi 500 (beş yüz) manat məbləğində pul İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
41. Qanunla bu qəbildən olan işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunduğundan, iddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 46,40 (qırx altı manat qırx qəpik) manat məbləğində pul ona geri qaytarılmalıdır.
Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 500 (beş yüz) manat məbləğində pul İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 46,40 (qırx altı manat qırx qəpik) manat məbləğində pul İddiaçı qaytarılsın (qəbz №: **********). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova