Məhkəmə qərarları › İş №2(006)-4385/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4385/2021

17.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4385/2021 17.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı «vurulmuş maddi və mənəvi zərərə görə kompensasiya ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «vurulmuş maddi və mənəvi zərərə görə kompensasiya ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" İKB ASC tərəfindən (hal-hazırda Cavabdeh ASC) ona vurulmuş 37.128 manat maddi zərərin və 50.000 manat mənəvi zərərin cavabdeh "xxxx" İKB ASC-dən (hal-hazırda "xxxx" ASC) alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" İKB ASC (hal-hazırda Cavabdeh ASC) vətəndaş X3 ilə 07.04.2014-cü il tarixdə kredit müqaviləsi bağlayaraq ona 24 ay müddətinə 12.700 ABŞ dolları kredit vermişdir. X3 götürdüyü kreditə müvafiq özünə məxsus müxtəlif qızıl-zinət əşyalarını bank qarşısında girov qoymuşdur. Bundan əlavə o, vətəndaş X1 07.04.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin olmuşdur. 07.04.2014-cü il tarixli 10-M- 4-0-408-14 nömrəli Bank hesab, kredit və zaminlik müqaviləsinə 11.11.2015-ci il tarixli əlavə edilmişdir. Həmin əlavədən onun xəbəri olmamış və zamin kimi o, həmin əlavəyə imza etməmişdir. Onunla bağlanmış zaminlik müqaviləsinin müddəti 07.08.2016-cı il tarixdə başa çatmışdır. "xxxx" İKB ASC kredit məbləğinin ödənilməsi tələbi ilə X1 və ona qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. O, məhkəmədə kredit və zaminlik müqaviləsinin müddətinin uzadılması barədə əlavədən xəbər tutmuş və həmin əlavə ona məlumat verilmədən tərtib edildiyi və o, həmin əlavəyə imza etmədiyindən zaminlik müqavilələri üzrə zaminliyə bütövlükdə xitam verilməsi üçün məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişdir. Şəmkir rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli 2(076)-988/2019 saylı qətnaməsi ilə "xxxx" İKB ASC-nin iddiası ona münasibətdə təmin edilməmiş, onun qarşılıqlı iddiası təmin edilmiş, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) ilə ilkin iddiaçı "xxxx" İKB ASC arasında bağlanmış 07.04.2014-cü il tarixli 10-M-4-0-408-14 nömrəli zaminlik, həmçinin 26.08.2015-ci il və 11.11.2015-ci il tarixli əlavə zaminlik müqavilələri üzrə zaminliyə bütövlükdə xitam verilmişdir. Qətnamədə göstərilir ki, o, öz ehtiyacı üçün kreditlə bağlı banka müraciət etmiş və borclu olduğuna görə ona kredit verilməsindən imtina edilmişdir. Bu hal isə müqavilənin müddəti ilə bağlı cavabdeh İddiaçı zamin kimi məsuliyyətinin artmasına və onun üçün əlverişsiz nəticələrin yaranmasına səbəb olmuşdur. Bildirir ki, o, onlayn formada satışa çıxarılmış sosial evlərdən bir otaqlı mənzil udmuşdur. Mənzilin qiyməti 31.702 manat olmuşdur. Ona mənzilin dəyərindən 10 % güzəşt edilmiş və mənzilin qiyməti 28.532 manat olmuşdur. Onun illik 4 %-lə ipoteka krediti almaq hüququ var idi. Lakin, yuxarıda göstərdiyi zaminlik müqaviləsinin saxtalaşdırılması nəticəsində ona ipoteka krediti verilməsindən imtina edilmişdir. Mənzilin dəyərini ödəmək üçün o, məcbur olub illik 27,34 % olmaqla 8 il müddətinə «Kapital bank»dan özünün və həyat yoldaşının adına kredit götürməyə və müxtəlif şəxslərdən faizlə borc pul almağa məcbur olmuşdur. 8 il - 96 ay edir. Mənzilin qiyməti 28.532 manat məbləğə görə o, ipoteka ilə 4%-lə 8 ilə cəmi 4.855 manat faiz ödəməli olurdu (28.532 x 4 % x 96 = 33.387, 33.387 - 28.532 = 4855). Lakin, «Kapital bank»dan götürdüyü kreditə görə o, 8 il müddətinə 41.983 manat faiz ödəməlidir (28.532 x 27,34 % x 96 = 70.515, 70.515 - 28.532 = 41.983). O, 8 il ərzində əlavə olaraq 37.128 manat artıq faiz ödəməlidir (41.983 – 4.855 = 37.128). Beləliklə, cavabdehin saxtakarlığı nəticəsində onun üçün əlverişsiz vəziyyət yaranmış və cavabdeh ona 37.128 manat zərər vurmuşdur. Qanunvericiliyin tələblərindən də görünür ki, cavabdeh tərəfindən ona zərər vurulmuşdur. Belə ki, o, ipoteka krediti ala bilsəydi, sadəcə olaraq 96 ay ərzində 4.855 manat faiz ödəməli olardı. Lakin, cavabdehin ona vurduğu zərər nəticəsində o, əlavə olaraq 37.128 manat faiz ödəməlidir. Deməli, o, cavabdehdən 37.128 manat məbləği ödəməyi tələb edə bilər. Cavabdehin ona vurduğu zərərlə bağlı ona, mənəvi zərər də vurulmuşdur. Belə ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində ona, ipoteka krediti verilməsindən imtina edildikdə, bu hal udduğu sosial mənzili itirəcəyilə bağlı onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuş, o, qorxu, sarsıntı və iztirab keçirmiş, bu isə onun sağlamlığına pis təsir etmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, ipoteka krediti almaq hüququndan məhrum olmuş, mənəvi sarsıntı və iztirab keçirmişdir. Yuxarıda göstərilənlərə əsasən, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi zərəri 50.000 manat qiymətləndirir. Zərərin cavabdeh tərəfindən ödənilməyəcəyi halda məhkəməyə müraciət edəcəyi barədə cavabdehə 01 fevral 2021-ci il tarixdə 10 gün vaxt verilməklə pretenziya göndərmişdir. Keçən müddət ərzində pretenziyaya cavabdeh cavab vermədiyindən və zərəri ödəmədiyindən o, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bildirir ki, cavabdeh tərəfindən mülki hüquq pozuntusu (delikt) törədilmişdir. Yuxarıda göstərilənlərə əsasən və şərh olunan maddi hüquq normalarının mahiyyəti baxmımdan cavabdehin hərəkəti, yəni, zaminlik müqaviləsinin saxtalaşdırılması nəticəsində ona vurduğu zərəri ödəməməsi cavabdehə qarşı iddia tələbinin əsaslı olduğunu göstərir. Hesab edir ki, məhkəmə ona vurulmuş 37.128 manat maddi zərərin və 50.000 manat mənəvi zərərin cavabdeh "xxxx" İKB ASC-dən (halhazırda Cavabdeh ASC) alınaraq ona ödənilməsi barədə qətnamə qəbul etməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, yetəri qədər aidiyyəti qurumlara sorğular verilib. Cavablara əsasən də görünür ki, Cavabdeh ASC-yə heç bir aidiyyəti yoxdur. İddiaçı öhdəliklərini yerinə yetirmədiyinə görə bank qarşısında borclu qalıb. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin 25 yanvar 2019-cu il tarixli bildirişindən görünür ki, iddiaçı tərəfindən Güzəştli Mənzil sistemi vasitəsi ilə «X6» layihəsinin 6 saylı binanın 9-cu mərtəbəsində yerləşən 31 saylı 1 otaqlı mənzil seçilmişdir və həmin mənzilin digər şəxslər tərəfindən seçiminə məhdudiyyət qoyulmuşdur. Ərizəsinə baxılmasının nəticəsinə dair 5 iş günü ərzində iddiaçıya məlumat veriləcəyi bildirilmişdir. Sonrakı tarixlərdə göndərilmiş bildirişlərlə iddiaçıya informativ xarakterli məlumatlar verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Mənzil X4 10 avqust 2021-ci il tarixli 03-04/12/160 saylı məktubundan görünür ki, İddiaçı «ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs» kateqoriyası üzrə güzəştli şərtlərlə mənzil almaq (o cümlədən güzəştli ipoteka vəsaiti hesabına) hüququna malik olduğu nəzərə alınaraq 28.08.2018-ci il tarixdə həmin vətəndaşa Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Mənzil X2 sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası»na əsasən «Güzəştli mənzil» sistemində elektron kabinet verilmişdir. Bildirilmişdir ki, İddiaçı əldə etmək niyyətində olduğu mənzilin dəyərinin ödənilməsi üsulunun seçimi zamanı ilk olaraq güzəştli ipoteka krediti vəsaiti hesabına ödənilməsi üsulunu qeyd etmişdir, lakin sonradan mənzil onun tərəfindən öz vəsaiti hesabına ödəniş üsulu ilə əldə olunmuşdur. Belə ki, 15.02.2019cu il tarixdə bu şəxslə Agentliyin tabeliyində olan "xxxx" MMC arasında daşınmaz əmlakın alğısatqısına dair müvafiq müqavilə bağlanmış və İddiaçı Bakı şəhəri Yasamal rayonu Xarici dairəvi yolu 8 ünvanda yerləşən 6 saylı binanın 1-ci girişinin 31-ci mənzilini əldə etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 09 avqust 2021-ci il tarixli İX/2123094 saylı məktubundan görünür ki, İddiaçı barədə Fondun elektron informasiya sistemlərində məlumat mövcud deyildir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin 24 avqust 2021-ci il tarixli və 29 sentyabr 2021-ci il tarixli İH-2021/5906 saylı məktublarından görünür ki, İddiaçı güzəştli ipoteka kreditinin verilməsinə dair "xxxx" ASC tərəfindən sənədlər tam təqdim olunmadığı üçün 11 fevral 2019-cu il tarixdə imtina olunmuşdur. İş materiallarına əlavə olunmuş Şəmkir rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli 2(076)-988/2019 saylı qətnaməsindən görünür ki, "xxxx" İKB ASC-nin X1 və İddiaçı qarşı «borcun tutulması və tələbin girovda olan əmlaka yönəldilməsi» tələbinə dair ilk iddiası rədd; İddiaçı "xxxx" İKB ASC-yə qarşı «zaminliyə xitam verilməsi» tələbinə dair qarşılıqlı iddiası təmin edilmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara (cavabdeh tərəfindən ona maddi və mənəvi ziyan vurulmasına) dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda iş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin 24 avqust 2021-ci il tarixli və 29 sentyabr 2021-ci il tarixli İH-2021/5906 saylı məktublarından görünür ki, İddiaçı güzəştli ipoteka kreditinin verilməsinə dair "xxxx" ASC tərəfindən sənədlər tam təqdim olunmadığı üçün 11 fevral 2019-cu il tarixdə imtina olunmuşdur. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı «vurulmuş maddi və mənəvi zərərə görə kompensasiya ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «vurulmuş maddi və mənəvi zərərə görə kompensasiya ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar