Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-441/2021 24.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş ziyanın və qiymətləndirmə rəyinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «dəymiş ziyanın və qiymətləndirmə rəyinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx xxxx 2020-ci il tarixdə saat 10 radələrində Beyləqan rayonu Eyvazalılar kəndi ərazisində idarə etdiyi “Fort- transit” markalı, ** MG *** qeydiyyat nişanlı maşınla hərəkətdə olarkən avtomobil yolunun hərəkət zolağına aid olmayan hissədə iddiaçıya məxsus 7 baş damazlıq ana qoyununu, 7 baş quzu və 2 baş 3 illik törədici qoçu vuraraq öldürmüşdür. Hava isti olduğundan və fikizi cəhətdən də qoyunları kəsib soymaq mümkün olmamışdır. Eyni zamanda sürücü sığortanın əməkdaşları gələnə kimi heyvanları əl vurmamağı bildirmişdir. Bu səbəbdən də heyvanlar hamısı tələf olmuşdur. İddiaçı hadisəni törətmiş cavabdehə ona dəymiş ziyanı ödəməsini bildirsə də, o, bu günə kimi iddiaçıya dəymiş ziyanı ödəməmişdir. İddiaçıya məxsus heyvanlar hərəkət zolağına aid olmayan hissədə olmuş, hadisə cavabdehin səhlənkarlığı səbəbindən baş vermişdir. Hadisə zamanı iddiaçıya 5010 manat maddi ziyan dəymişdir. Bununla bağlı iddiaçıda «xxxx» MMC-nin rəyi də vardır. Göstərilənlərə əsasən, cavabdehdən dəymiş 5010 manat ziyanın və 30 manat dövlət rüsumunun, qiymətləndirmə rəyi üçün ödənilmiş 120 manatın, cəmi 5160 manat pulun alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X2 iddianı müdafiə edərək, iddiada göstərilənləri təsdiq edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmənin vaxtı və yeri barədə rəsmi məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bu barədə hər hansı nəlumat verməmişdir. Odur ki, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmənin əvvəlki iclasında İddiaçı iddiaya uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarındakı TP ******* saylı “İnzibati tənbeh vermə haqqında" qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Cavabdeh polis orqanına verdiyi xx xxxx 2020-ci il tarixli izahatından müəyyən olunur ki, Beyləqan rayonu Eyvazalılar kəndi ərazisində idarə etdiyi “Fort-transit” markalı, ** MG *** qeydiyyat nişanlı maşınla hərəkətdə olarkən qəflətən qoyunların yola çıxması nəticəsində 16 baş qoyunu vurmuşdur. «xxxx» MMC-nin xx xxxx 2020-ci il tarixli 19 saylı qiymətləndirmə rəyindən görünür ki, iddiaçının mülkiyyətindəki (avtoqəza nəticəsində tələf olmuş) on altı baş qarabağ cinsli qoyunların (7 baş qoyun (damazlıq), 7 baş quzu və 2 baş törədici qoç) orta bazar qiyməti ilə dəyəri 5010 manat təşkil etmişdir. xx xxxx 2020-ci il tarixli müqavilədən görünür ki, «xxxx» MMC-nin iddiaçının mülkiyyətindəki (avtoqəza nəticəsində tələf olmuş) on altı baş qarabağ cinsli qoyunların analogiyasının bazar dəyəri ilə qiymətləndirilməsi xidmətinin dəyəri 120 manat təşkil etmişdir. Aqrar Xidmətlər Agentliyinin xx xxxxxx 2020-ci il tarixli AXA-25/xx-xx-3327 saylı məktubundan görünür ki, yerlərdə fəaliyyət göstərən diri heyvan satış bazarlarından verilən rəsmi məlumatlara əsasən çəkiləri nəzərə alınmamaqla ana qoyun 190-220 manat, quzu 130-160 manat və üç illik törədici qoç 270-320 manat arasında alınıb-satılmaqdadır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdeh Cəfərov X3 rayonu Eyvazalılar kəndi ərazisində idarə etdiyi “Fort-transit” markalı, ** MG *** qeydiyyat nişanlı maşınla hərəkətdə olarkən qəflətən qoyunların yola çıxması nəticəsində 16 baş qoyunu vurmuş, 7 baş qoyun (damazlıq), 7 baş quzu və 2 baş törədici qoç olmaqla 16 baş qoyun tələf olmuş və nəticədə iddiaçıya maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə iddiaçının cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, ona məxsus 16 baş qoyunların məhz cavabdehin təqsiri üzündən (avtoqəza nəticəsində) baş verməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə dəymiş ziyanın məbləğini müəyyən edərkən iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş «xxxx» MMC-nin xx xxxx 2020-ci il tarixli 19 saylı qiymətləndirmə rəyi ilə razılaşmayaraq qeyd edir ki, qiymətləndirmə rəyi iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğun olmamaqla kifayət qədər əsaslandırılmamışdır. Belə ki, qiymətləndirmə rəyində 1 baş damazlıq qoyunun 320 manat, 1 baş quzunun 210 manat və 1 baş törədici qoçun 650 manat dəyərində orta bazar qiyməti müəyyən edilmişdir. Lakin məhkəmə sorğusuna əsasən iş materiallarına əlavə olunmuş Aqrar Xidmətlər Agentliyinin xx xxxxxx 2020-ci il tarixli AXA-25/xx-xx-3327 saylı məktubundan göründüyü kimi ana qoyun 190-220 manat, quzu 130-160 manat və üç illik törədici qoç 270-320 manat arasında alınıb-satılmaqdadır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən qiymətləndirmə rəyi ilə gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməməli və düzgün nəticə kimi qiymətləndirilməməlidir. Məhkəmə qeyd olunanlara qiymət verərək, habelə xx xxxxxx 2020-ci il tarixli AXA-25/xx-xx- 3327 saylı məktubu əsas götürərək, belə nəticəyə gəlir ki, cavabdehdən dəymiş maddi ziyanın əvəzi tutularkən 1 baş damazlıq qoyun 190 manat (7x190 AZN= 1330 AZN), 1 baş quzu 150 manat ( 7x150 AZN=1050 AZN) və 1 baş törədici qoç 300 ( 2x300 AZN= 600 AZN) manat dəyərində qiymətləndirilməklə tutulması ağılabatan olmaqla ədalətlidir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehdən dəymiş maddi ziyanın əvəzi kimi 2980 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia qismən təmin edilməli, cavabdehdən dəymiş ziyanın əvəzi kimi 2980 manat və 30 manat dövlət rüsumu, cəmi 3010 manat pul alınıb iddiaçıya verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh dəymiş ziyanın əvəzi kimi 2980 ( iki min doqquz yüz səksən manat) manat və 30 (otuz) manat dövlət rüsumu, cəmi 3010 ( üç min on manat) manat pul alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-441/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-441/2021
24.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver