Məhkəmə qərarları › İş №2(006)-441/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-441/2025

15.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-441/2025 15.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı (yekun məhkəmə iclasına gəlməmişdir), cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Kapital Bank ASC -dən 283 (iki yüz səksən üç) ABŞ dollarının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iyul 2021-ci il tarixində vimeo.com platormasının təqdim etdiyi xidmətinin müştəri tərəfindən yoxlanılması (demo) ilə əlaqədar illik (PRO) paketin alınması üçün (mənfi) -240 (iki yüz qırx) ABŞ dolları və əlavə olaraq 18% ƏDV (43 USD) cəmi - 283 (iki yüz səksən üç) ABŞ dolları vəsait Kapital Bankın ASC ona təqdim etdiyi 416973xxxxxx4279 nömrəli virtual kartından silinib. Kart aktiv olduğu gündən 0 (sıfır) ABŞ dolları balans olub. 416973xxxxxx4279 kart təqdim edilən zaman heç bir müqavilə təqdim edilməyib. Həmin virtual kartın müddəti 2022-ci ildə bitmişdir və birbank mobil tədbiqindən çıxarılmışdır. Avgust 2023-cü il üzrə Cavabdeh ASC-dən yeni əldə etdiyi 416973xxxxxx9300 nömrəli fiziki kartdan 283 (iki yüz səksən üç) ABŞ dolları vəsait balansdan, 416973xxxxxx4279 nömrəli karta Cavabdeh ASC tərfindən mədaxil edilmiş və beləliklə 3 (üç) il ərzində bank ona məlumat bildirmədən bu əməliyyatı icra etmişdir. 24 avqust 2023-cü il tarixində Türkiyə Respublikasında olan zaman Cavabdeh ASC nəticəsində 416973xxxxxx9300 nömrəli kartdan 283 (iki yüz səksən üç) ABŞ dolları vəsaitinin silinməsi ilə əlaqədar böyük maddi sıxıntı keçirmişdir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddianın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etsə də,. yekun məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı proqramdan istifadə etmiş və həmin proqramdan qeydiyyatdan keçərkən digital kartla qeydiyyatdan keçmişdir. Platformada qeydiyyatdan keçərkən paltforma özü məlumatlandırır ki, 1 ay pulsuz olacaq, daha sonra istifadə üçün ödəniş olunmalıdır. Daha sonra 1 ay pulsuz abunəlikdən sonra pul tutulmaması üçün abunəlik dayandırılmalıdır. Proqram müştəriyə görə bankdan pul götürür və bu müştəridə mənfi olaraq hesablanır. Bank da müştərinin hesabında olan vəsaitdən pulu çıxara bilər. Yeni karta görə müqavilə bağlananda müqavilənin 8.3-cü bəndində qeyd olunmuşdur ki, müştərinin razılığı olmadan onun borclarına görə və s. pul tutula bilər. Odur ki, hazırkı iddianı əsassız hesab edərək məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarlmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: "xxxx" ASC-nin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli 20xx/xx/11029 saylı məktubdan görünür ki, müraciətində qeyd edilən borcla bağlı Bankın aidiyyəti struktur bölməsi bank tərəfindən ona 10 Yanvar 2023-cü il tarixli 16/T1831 №-li bildiriş göndərilmiş və 283,20 USD məbləğində borcun 5 təqvim günü ərzində ödənilməsi xahiş edilmişdir. Bank tərəfindən borc ödənilməmiş və 24 avqust 2023-cü il tarixdə borc ona aid kart hesabından silinmişdir. Borc üzrə faiz və cərimə hesablanmamışdır. "xxxx" ASC ilə İddiaçı arasnda bağlanmış X1 Kart Müqaviləsinin BRCB saylı 2954601B208 saylı xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, Müqavilənin 3.1-ci bəndinə əsasən Bank Kartdan, habelə kredit xəttindən istifadə edilməsi və ödənilməsi üçün Müştərinin adına və Karta bağlı USD valyutasında cari hesab (bundan sonra - Birbank hesabı və ya hesab), habelə bonus, faiz və ya güzəştlərin hesablanaraq toplandığı şərti cashback hesabı açır. Müştəri ayrılmış kredit xətti ilə Taksit və Qeyri-taksit əməliyyatları həyata keçirə bilər. Hesaba Müştəri tərəfindən pul vəsaiti mədaxil oluna bilər. Bank Müştəriyə onun elektron kabinetində yerləşdirməklə və/və ya bu Müqavilənin 10.4-cü bəndində müəyyən edilmiş üsul və vasitələrlə hesabın rekvizitlərini (nömrəsi, kodu və s.) təqdim edə bilər. Müqavilənin 3.2-ci bəndinə əsasən hesabda kredit xəttindən və (və ya) hər cür öhdəliklərdən azad 500 (beş yüz) AZN ekvivalentində və ya daha çox məbləğ olduqda, Bank tərəfindən hesab qalığına aylıq maksimum 10 AZN ekvivalentində olmaqla illik 6 % dərəcəsində faiz hesablanır. Hesablanmış faiz məbləği hər növbəti ayın ilk iş günü Müştərinin cashback hesabına köçürülür. Bu Bankın hüququdur, vəzifəsi deyildir. Bank müvafiq faizlərin hesablanmasını birtərəfli qaydada dayandıra və ya faiz şərtlərini artıra, azalda bilər. Hesaba yanlış daxilolma olduqda, Müştəri bu barədə 3 (üç) iş günü ərzində Banka məlumat verməli və Bankın həmin vəsaitin qaytarılması ilə bağlı tələbi daxil olduqda həmin məbləği Banka geri qaytarmalıdır. Müştəri tərəfindən geri qaytarılmayan həmin vəsaitlər Bank tərəfindən akseptsiz qaydada Müştərinin hesabından silinə bilər. Müqavilənin 3.3-cü bəndinə əsasən hesabda limitdən artıq borc - overdraft (valyuta məzənnəsinin dəyişməsi, təkrar silinmə və s.) yarandığı halda, Müştəri Bank qarşısında yaranmış borcunu overdraftın yarandığı gündən ən geci 30 (otuz) iş günü ərzində ödəməlidir. Yaranmış borc müəyyən edilmiş müddətdə qaytarılmadıqda, Bank Müştərini xəbərdar etmədən Kartın fəaliyyətini dayandıra bilər. Müqavilənin 8.3-cü bəndində Bank Müştərinin əsas, faiz və digər borclarını, Müştərinin Bankda olan hesablarına istənilən üsulla səhvən köçürülmüş pul vəsaitini, habelə Müştərinin qoşulduğu bu və ya digər elektron xidmətlər üzrə üçüncü şəxslərə avtomatik və/və ya dövri qaydada (card save və s.) ödənilməli məbləğləri Müştərinin sərəncamı olmadan, akseptsiz qaydada (əlavə razılığını almadan), sonuncunun istənilən hesabından tuta (silə), o cümlədən hesablarındakı digər valyutada olan pul vəsaitlərini Bankın elan etdiyi məzənnəyə və Tarif dərəcələrinə əsasən konvertasiya edərək silə, habelə Müştərinin bank hesabında olan pul vəsaitini borcların məbləği həddində bloklaşdıra, ödəniş intervalının əvvəlində aylıq borcları tuta (silə) bilər. Müştəri, Banka olan borclarının (ödənilməli olan əsas borc, hesablanmış faiz, cərimə məbləği və s.) Müştərinin o cümlədən "xxxx" ASC və (və ya) digər banklarda olan kart hesabları da daxil olmaqla, hər hansı hesabına köçürülən əmək haqqı və ya digər pul vəsaitlərindən istənilən məbləğdə akseptsiz qaydada (zərurət olduqda isə yuxarıdakı qaydada konvertasiya edilməklə) silinməklə ödənilməsinə, Bank tərəfindən tələb edildikdə zəruri sənədləri (razılıq ərizələrini və s.) imzalamağa etiraz etmir. Bundan əlavə, Müştəri Bank tərəfindən Müştəriyə verilmiş kredit, kredit münasibətləri, kredit üzrə borclar haqqında məlumat, kredit dosyesində olan sənədlərin surəti (hesab müqaviləsi, kredit müqaviləsi, Ödəniş qrafiki və s.), həmin sənədlərdə qeyd edilmiş məlumatlar Bank tərəfindən üçüncü tərəfə (şəxslərə), habelə "xxxx" ASC-yə və ya Müştərinin hesabları olan digər kredit təşkilatlarına ötürülə, verilə bilər. "xxxx" ASC-nin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli 16/T1831 saylı məktubun surətindən görünr ki, istifadəsində olan Cavabdeh ASC-yə məxsus **********87107002 nömrəli plastik kart hesabından istifadə zamanı balansda faktiki olaraq kifayət qədər vəsait olmadığından hesabın kreditləşməsi baş vermiş və 283.20 USD məbləğində borc yaranmışdır. Qeyd olunan vəsaitin 5 (beş) təqvim günü ərzində karta mədaxil edilməsi xahiş olunur. Əks halda vəsaitin qaytarılması ilə bağlı məhkəməyə müraciət olunacaqdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.5-ci maddəsinə əsasən müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 964.2-ci maddəsinə əsasən müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 2021-ci ildə İddiaçı cavabdeh bank tərəfindən təqdim edilmiş 416973******4279 nömrəli virtual kart məlumatlarını daxil etməklə ödənişli prorqam yükləməsini həyata keçirmiş, nəticədə həmin kart üzrə 283 ABŞ dolları məbləğində mənfi balans formalaşmışdır. Kartın müddəti 2022-ci ildə bitmiş, iddiaçı xx.xx.2023-cü ildə Cavabdeh ASC-nin yeni plastik kartını əldə etdikdən sonra əvvəlki kart üzrə yaranmış borc məbləği həmin kart hesabından akseptsiz qaydada silinmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək onun kart hesabından aparılmış tutulmanın əsassız olmasını bildirmiş və həmin məbləğin bank tərəfindən ona geri qaytarılmasını tələb etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilən hal ondan ibarətdir ki, iddiaçı və cavabdeh arasında 2021-ci ildə digital kartdan istifadəyə dair onlayn qaydada (iddiaçı tərəfindən müqavilə şərtlərinə kliklə təsdiqlənərək razılıq ifadə olunmuşdur) bağlanmış müqavilə mövcuddur və həmin müqavilədə nəzərdə tutulmayan tələblərin bankın “Pərakəndə bankçılıq üzrə Standart Şərtləri”, AR Mərkəzi Bankının “Ödəniş kartlarının emissiyası və istifadə qaydaları”ilə tənzimlənməsi barədə şərt razılaşdırılmışdır. “Pərakəndə bankçılıq üzrə Standart Şərtləri”nin 6.4.6-cı bəndinə əsasən, texniki overdraft nəticəsində, habelə müxtəlif səbəblərdən Kart hesabına artıq gəlmiş, mədaxil olunmuş məbləğlərdən istifadə etməmək, istifadə etdiyi təqdirdə bank tərəfindən tələb irəli sürülən kimi, dərhal bu məbləğləri geri qaytarmaq və ya hesabdan silinməsinə etiraz etməmək müştərinin öhdəliyi kimi müəyyən olunmuşdur. 6.17-ci bəndinə əsasən, müştəri yaranmış borcu banka ödəməlidir. Müştəri kart hesabında texniki overdraftın yaranacağı təqdirdə kartın istifadəsinin dayandırılacağını, bütün borc və öhdəlikləri təcili yerinə yetirəcəyini və bununla əlaqədar hesablanacaq cərimə haqqını ödəməyi öhdəsinə götürür. 8.4.3-cü bəndinə əsasən müştəri virtual kart vasitəsilə aparılan əməliyyatların dəyərinin avtomatik olaraq hesabından silinəcəyini və bu növ əməliyyatlar zamanı heç bir satış qəbzinin tərtib edilməyəcəyini qəbul edir. Eyni zamanda xx.xx.2023-cü il tarixli müqavilədə borcverənin, yəni hazırkı halda bankın borcalanın, yəni iddiaçının hesablarında müştərinin qoşulduğu bu və ya digər elektron xidmətlər üzrə üçüncü şəxslərə avtomatik və/və ya dövri qaydada (card save və s.) ödənilməli məbləğləri akseptsiz qaydada silinməsi hüququna dair şərt razılaşdırılmışdır. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarına əsasən, mülki hüquq subyektləri mülki qanunvericiliyin tələblərinə zidd olmayan həmin Məcəllənin 460.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliyin icrasının təmin edilməsinin digər üsulunu öz aralarında iradə sərbəstliyi prinsipinə uyğun olaraq, əsas müqavilə ilə yanaşı ayrıca bağlanan müqavilədə müəyyən edə bilərlər. Digər üsullar sırasında bəzi nağdsız ödəmə vasitələrini - akkredetiv, inkasso, akseptiz çıxarış, əvvəlcədən ödəmə və s. göstərmək olar. Göründüyü kimi, Konstitusiya Məhkəməsi akseptsiz qaydada silinməni digər təminat üsulları sırasına daxil etmişdir. Göründüyü kimi, tərəflər arasında müqavilə bağlanılarkən tərəflər öz iradə ifadələrini bildirmişlər. Tərəflərin iradə ifadəsinin müqavilənin bağlanmasının zəruri şərt olduğunu, habelə müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla nəzərdə tutulmuş hüququ olduğunu və müqavilənin bağlanılması məsələsini şəxs öz iradəsinə uyğun olaraq həll etdiyini nəzərə alaraq Bank öz üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara, yəni onun kart hesabından əsassız silinmələr aparılmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, məhkəməyə təqdim olunmuş sənədlərdən göründüyü kimi, yuxarıda qeyd olunan silinmələr iddiaçının cavabdeh bankda olan istənilən hesabına yönəldilmək üçün qanuni şəkildə icra edilmişdir. Belə olduğu təqdirdə, iddia əsaslı hesab oluna və təmin edilə bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar