Məhkəmə qərarları › İş №2(006)-4410/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4410/2023

07.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4410/2023 07.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4900 manat cərimənin, ödənilmiş 100 manat dövlət rüsumunun, onu əlavə maddi ziyana saldığına və mənəvi ziyana görə 1000 manatın, cəmi 6000 manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Ağdam rayonu işğal olunduqdan sonra Bakı şəhərinin Binəqədi rayonunda ailə üzvləri ilə yaşayır. Rəsmi dövlət qeydiyyatından keçən işi yoxdur, amma hal-hazırda Xocahəsən qəsəbəsində xırda alverlə məşğul olur. Cavabdeh ilə tanışlığı, Binəqədi rayonunun Xocahəsən qəsəbəsində "HALAL" marketi icarəyə götürüb işlətdiyi zaman tanış olmuşdur. O, onun mühasibatlıq işlərini aparırdı və dediyinə görə Azərbaycan Respublikasınin Vergilər Nazirliyində mütəxəssis kimi çalışırdı. Bu dövr ərzində aralarında ümumi etibar və etimad mühiti yaranmış və hər bir məsələni ona etibar edirdi. Marketi işlədə bilmədiyindən, VÖEN-i rəsmi olarag bağlatmışdır. 2019-cu il tarixində ondan asılı olmayan səbəblərdən 1750 manat vergi borcu yarandığı baradə ona bildiriş verilmişdi, onu ödəmək üçün həmin pul vəsaitini cavabdehə vermişdir ki, gedib ödəsin. Düşünmüşdür ki, cavabdeh həmin pulları ödəyib qəbzi ona verəcəkdir. Elə də oldu. Bir müddət sonra borcun ödənilməsinə dair ona bir qəbz gətirib vermişdir. Bu hadisənin üzərində xeyli vaxt keçdikdən sonra Vergilər Nazirliyindən SMS vasitəsi ilə borcunun yarandığı ona bildirilmişdir. Cavabdehdən soruşulanda ki, vergini pulunu ödəmisənmi, cavabı "ödəmişəm" olurdu və ona həmin qəbzi göndərirdi. Sonradan bəlli olmuşdur ki, bu qəbz saxtadır və bu adam onu aldadaraq, etibardan sui-istifədə etməklə ona verdiyi 1750 manatı qanunsuz olaraq mənimsəmişdir. Bu adamın qanunsuz hərəkətləri barədə polis və prokurorluq orqanlarına xeyli sayda yazılı müraciətləri olmuş, müvafiq araşdırmalar aparılsa da cinayət işinin qaldırılması rədd edilmişdir. Cavabdeh və valideynləri onunla münasibətləri zamanı borcu və verilən pulu inkar etmirlər, tezliklə ödəyəcəklərini bildirirlər. Amma, vergi borcu ilə bağlı həm Gəncə inzibati məhkəməsinin qərarı va icra işi ilə də bağlı Binəqədi rayon məhkəməsinin qərarları mövcuddur. Hazırda vergi borcu, Gəncə inzibati məhkəməsinin qərarı ilə 4750 manat olmuşdur. Bu iş, Göyçay icra və probasiya şöbəsinin icraatında icra olunmaqdadır. Yəni, yaranmış 4750 manat borc cavabdehin yaratdığı borcdur. Amma 4900 manat ödəmə aparmışdır. Cavabdeh ona məhkəmə qərarı ilə yaranmış olan 4750 manatdan başga, ödəniləcək dövlət rüsumu, iddia ərizəsinin tərtib edilib məhkəməyə hazırlanması, ona vurduğu mənəvi əzab və iztiraba görə tələb edəcəyi zərərə görə, Gəncə şəhərinə və Göyçay rayonuna gedib-qayıtmaq və nəqliyyat xərcləri, o cümlədən də telefon danışıgları, polis və prokurorluq qapılarında sürünməyi də daxildir. Bu dələduz adam, onun fərdi sahibkarliq fəaliyyətinə maneçilik törədib, fasilələr və borcların yaranmasına vəsilə olmuşdur. Cəmi tələbi 6000 manatdır. Sübut kimi də Bakı şəhərinin Binəqədi rayon Polis idarəsinə və Prokurorluğuna yazdığı ərizələr və həmin orqanların müvafiq araşdırmaya dair qərarları mövcuddur. Cavabdeh barəsində dələduzluğa görə xüsusi qərardad çıxarılıb prokurora xəbər verilməlidir. Bu barədə həm polisə və həm də prokuror orqanlarına yazdığı şikayətlərə cavab kimi bunlar ona bildirmişlər ki, mülki xarakterli olduğundan məhkəməyə müraciət etsin. Odur ki, məhkəməyə müraciət etməyi qərara almışdır. Amma, barasində cinayət işinin qaldırılmasına dair qərarlar mövcuddur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini 4900 manat hissəsində etiraf edərək, iddia tələbinin qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2023-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Departamentinin hesabına sadələşdirilmiş vergi üzrə 4900,98 manat ödəniş edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında mühasibatlıq xidmətləri göstərilməsi ilə bağlı şifahi razılaşma olmuş, bu razılığa əsasən cavabdeh iddiaçıya mühasibatlıq xidmətləri, o cümlədən vergi əməliyyatları ilə bağlı müvafiq xidmətlər göstərmişdir. İddiaçı yaranmış vergi borcunun ödənilməsi ilə bağlı cavabdehə pul vermiş, lakin cavabdeh həmin pul vəsaitini təyinatı üzrə ödəməmişdir. Nəticədə iddiaçının vergi üzrə borcu yaranmış və iddiaçı xx.xx.2023-cü il tarixdə 4900,98 manat ödəniş etmişdir. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehin təqsiri nəticəsində yaranmış və ödədiyi vergi borcunun cavabdehdən tutulmasını tələb edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, cavabdeh tələbinin müəyyən hissəsi, 4900 manat hissəsini etiraf etdiyindən və bu barədə ərizə verdiyindən, həmin hissənin iddiaçı tərəfindən sübut edilməsinə ehtiyac yoxdur. Buna görə də məhkəmə hesab edir ki, iddia göstərilən hissədə təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. İddia tələbinin 1000 manat zərərin ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı vurulan zərərin nədən ibarət olmasını, necə yaranmasını əsaslandıra bilməmişdir. İş materiallarından göründüyü kimi, hazırda iddiaçı ona vurulmuş zərərin ödənilməsini tələb etsə də, zərərin dəydiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia zərərə aid hissədə də təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 4900 manat və ödənilmiş 100 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4900 manat və ödənilmiş 100 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar