Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4419/2025 07.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabir qızının sədrliyi, Əliyev Əmrah Səbuhi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təsviri hissəsində göstərilən fərdi yaşayış evinə dəymiş maddi ziyanın dəyəri 3558 manatın, mənəvi ziyana görə 1000 manat və 30.60 manat ödənilən dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yerləşən və "xxxx" ASC ilə PİCRPA**********/24 saylı icbari sığorta müqaviləsi əsasında sığortalanmış yaşayış sahəsinin faktiki istifadəçisidir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa (********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli) əsasən Bakı şəhəri Səbail rayonu Abbasqulu Abbaszadə küçəsi, ev 21, mənzil 28 onun xüsusi mülkiyyətindədir. 2024-cü il dekabr ayında qonşu mənzildən (mənzil 36) su sızması nəticəsində mənzilinə maddi zərər dəymişdir. Su sızmasının baş verməsi ilə bağlı hal tərəfindən təxminən 2024-cü ilin dekabr ayında müşahidə edilmişdir. Bu fakt xx.xx.2025-ci il tarixli 1 saylı Mənzil-İstismar Sahəsinin aktı ilə rəsmiləşdirilmişdir. Tavan və divar örtüklərində dərin qüsurlar yaranmış, mənzilin yaşayış şəraiti pozulmuşdur. Dəymiş zərər məbləği üzrə tərtib olunmuş mütəxəssis rəyinə əsasən, mənzilə dəyən ümumi ziyan 3.558 (üç min beş yüz əlli səkkiz) manat olaraq qiymətləndirilmişdir. Sığorta müqaviləsi mövcud olsa da, "xxxx" ASC hadisəni qəbul etmiş, lakin dəymiş zərərin ödənilməsi istiqamətində heç bir addım atmamışdır. Şirkət xx.xx.2025, xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025 tarixli cavab məktublarında qeyri-müəyyən və əsassız səbəblərlə məsuliyyətdən yayınıb. Halbuki təqdim olunmuş akt və mütəxəssis rəyi ziyanın baş verməsini və miqyasını tam əsaslandırır. "xxxx" ASC hadisədən sonra zərərin əvəzinin ödənilməsini əsassız şəkildə ləngitmiş, iddiaçının təqdim etdiyi sənədlərə tam cavab verməkdən yayınıb. xx.xx.2025-ci il tarixli rəsmi aktda sızma hadisəsinin başvermə tarixi və mənzilə vurulmuş konkret ziyan açıq şəkildə göstərilmişdir. Sığorta ödənişindən yayınmaq məqsədilə "xxxx" ASC ona bildirmişdir ki, xx.xx.2025-ci il tarixdən bəri guya hadisənin başvermə şəraitinin dəqiqləşdirilməsi üçün Bakı şəhəri, Səbail rayonu üzrə 1 saylı Mənzil İstismar Sahəsinin rəhbərliyinə rəsmi sorğu göndərilmişdir. Lakin sonradan onun tərəfindən aparılan araşdırma zamanı məlum olmuşdur ki, belə bir sorğu ümumiyyətlə göndərilməmiş, bu məlumat heç bir sənədlə təsdiq olunmamışdır. Bu isə sığortaçının yalan bəhanələrlə öhdəliklərini yerinə yetirməmək və işi süni surətdə ləngitmək niyyətindən xəbər verir. Bundan əlavə, hadisə ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanladığı müraciət əsasında Bank tərəfindən "xxxx" ASC-yə sorğu göndərilmiş və sığortaçı tərəfindən xx.xx.2025-ci il tarixli cavab təqdim edilmişdir. Həmin məktubda bildirilib ki, guya xx.xx.2025-ci il tarixində hadisənin təfərrüatlarını araşdırmaq məqsədilə 1 saylı Səbail Rayon Mənzil İstismar Sahəsinə rəsmi sorğu ünvanlanmışdır. Daha sonra Mərkəzi Bankın xx.xx.2025-ci il tarixli məktubunda da qeyd edilmişdir ki, bu məsələ ilə bağlı "xxxx" ASC tərəfindən yalnız xx.xx.2025-ci ildə təkrar sorğu göndərilmişdir. Bu hal sığortaçının məsuliyyətdən yayınmaq məqsədilə hadisəni əsassız şəkildə ləngitdiyini və öz öhdəliklərini yerinə yetirmədiyini bir daha sübut edir. Bu cür qanunsuz ləngitmələr, onun zərərçəkmiş şəxs olaraq hüquqlarımın pozulması, emosional gərginlik, uzun müddət nəticəsiz gözləmə və ümumi mənəvi sarsıntı ilə nəticələnmişdir. Həmçinin, mülki hüquq münasibətlərində dürüstlük və vicdanlılıq prinsiplərinin bu şəkildə pozulması onda güvən itkisi və əsəb pozuntusuna səbəb olmuşdur. Bu baxımdan, ona 1000 (bir min) manat məbləğində mənəvi zərərin ödənilməsini tələb edir. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək,cavabdehdən vurulmuş maddi ziyana dyəri 1173 manat, mənəvi ziyana görə 1500 manat və ödənilən dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddiaya mülahizə təqdim edərək qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixində İddiaçı Cəmiyyətimizə müraciət edərək mənzilinə zərər dəydiyini bildirmişdir. Müraciət dərhal qeydiyyata alınmış və sığorta araşdırmasına başlanılmışdır. Sığorta araşdırması çərçivəsində İddiaçı hadisənin təfərrüatları barədə yazılı izahat alınmışdır. Məlum olmuşdur ki, İddiaçı ünvan 3 ünvanından öz mənzilinə su sızması nəticəsində maddi zərər dəydiyini iddia edir. 2024-cü ilin oktyabr ayından mənzilində olmamış, xx.xx.2025-ci il mənzilinə gəldikdə subasmanın nəticələrini müşahidə etmişdir. Etiraf edir ki, "xxxx" ASC-yə gec müraciət etmişdir .İddiaçı isə sığortaçı qarşısında bu vəzifəsinə laqeyd yanaşmış, hadisədən xəbər tutduqdan yalnız 20 gün sonra "xxxx" ASCyə müraciət etmişdir. İddiaçı qanunvericiliklə xəbər vermə vəzifəsini kobud surətdə pozmasına baxmayaraq, "xxxx" ASC onun müraciətinə diqqətlə yanaşmış, zəruri" sığorta araşdırması aparmışdır. Belə ki, 27 yanvar 2025 tarixli 1336/C-********** nömrəli, 27 fevral 2025 tarixli 2590/C-********** nömrəli, 18 aprel 2025 tarixli 4130/C-********** nömrəli sorğular ilə aidiyyəti üzrə səlahiyyətli quruma ünvan 4 ünvanlanmışdır. Bu sorğu məktublarından yalnız sonuncu üzrə geridönüş olunmuş, müvafiq məktub və akt. təqdim olunmuşdur. Məktubun və aktın məzmunu ilə tanış olduqda ziddiyyətlər aşkar edildiyinə görə (məktuba əsasən su sızma xx.xx.2024-cü il tarixində, akta əsasən isə xx.xx.2024-cü il tarixində baş vermişdir) aydınlaşdırmaq məqsədi ilə Bakı şəhəri, Səbail rayonu, 1 saylı Mənzil İstismar Sahəsinə təkrar sorğu (25 iyun 2025 tarixli 7809/C-********** nömrəli) göndərmək kimi obyektiv məcburiyyət yarandı. İddiaçı "xxxx" ASC-nin araşdırmasından narazı qalaraq sığortaçıların fəaliyyətinə nəzarət edən səlahiyyətli dövlət qurumuna Azərbaycan Respublikasının Mərkəzi Bankına şikayət ünvanlamışdır. Mərkəzi Bank tərəfindən onun şikayəti üzrə müvafiq araşdırma aparılınış və xx.xx.2025-ci il tarixli 6-1- 26/2-H-3226/2-2110235/2025 nömrəli məktubla araşdırmanın yekununa dair ona rəsmi cavab verilmişdir. Cavabın məzmunundan da göründüyü kimi "xxxx" ASC-nin atdığı (bütün addımlar qanunvericiliyin tələbləri çərçivəsində olmuş və "xxxx" ASC təkrar sorğu göndərməkdə haqlı olmuşdur. Məlumunuzdur ki, İddiaçı xx.xx.2025-ci il tarixli iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmiş, maddi ziyanın əvəzi olaraq 3558 AZN-in, mənəvi ziyanın əvəzi olaraq 1000 AZN-in "xxxx" ASC-dən tutularaq ona ödənilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli hazırlıq iclasında məlum olmuşdur ki, İddiaçı bir qədər öncə mənzilinə dəymiş sözügedən zərər ilə bağlı qonşusu X5 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinə müraciət etmişdir. xx.xx.2025-ci il tarixli hazırlıq iclasında Səbail rayon Məhkəməsinin 2(009)-217/2025 nömrəli iş üzrə xx.xx.2025ci il tarixli qətnaməsini əldə etdik. Qətnamə ilə tanış olduqdan sonra bizə tam aydın oldu ki, İddiaçı hüquqdan sui-istifadə edərək "xxxx" ASC-yə qarşı iddia etdiyi 3558 AZN zərər ilə bağlı əvvəlcə X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xeyrinə qətnamənin çıxarılmasına nail olmuş, bunun davamı olaraq isə eyni hadisə və eyni zərər ilə bağlı "xxxx" ASC-yə qarşı da iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sözügedən hadisə üzrə sözügedən zərəri məhkəmə qaydasında məhz X3 tələb etdiyini və bununla bağlı qanuni qüvvəyə minmiş qətnamənin mövcud olduğunu nəzərə alaraq, İddiaçı bunu "xxxx" ASC-dən də məhkəmə qaydasında tələb etməsi əsassızdır. Əlavə olaraq 2(009)-217/1025 nömrəl” məhkəmə işi üzrə məhkəmə araşdırmasının yekunu olaraq hadisənin məhz xx.xx.2024-cü il tarixində baş verdiyi müəyyən edilmişdir, RPA********** nömrəli sığorta şəhadətnaməsi ilə isə yuxarıda da qeyd olunduğu kimi xx.xx.2024 — xx.xx.2025 dövründə baş yerən hadisələr sığorta təminatına daxildir. Nəticə etibarı ilə xx.xx.2024-cü il tarixli hadisə sığorta təminatı müddətinə daxil olmadığına, sığorta müqaviləsi bağlanmazdan əvvəl baş verdiyinə görə sığorta hadisəsi hesab olunmur və "xxxx" ASC-nin bu hadisə ilə bağlı yaranmış zərərə görə hər hansı məsuliyyəti yaranmır. Göründüyü kimi "xxxx" ASC qanunvericilik və müqavilə üzrə bütün vəzifə və öhdəliklərini düzgün və tam icra etmişdir. İddiaçı tavabdeh "xxxx" ASC-yə qarşı bu əsassız iddiasının rədd olunmasını xahiş etmişdir. Daha sonra cavabdehin nümayəndəsi yeni mülahizə təqdim etməklə qeyd etmişdir ki, X5 məxsus mənzildən İddiaçı məxsus mənzilə subasması nəticəsində sonuncunun mənzilinə dəymiş zərərlə bağlı hadisə Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)- 217/2025 nömrəli mülki işi üzrə araşdırılmışdır. Həmin iş üzrə İddiaçı tərəfindən X3 2385 manat pul tələb edilmiş və həmin tələb məhkəmənin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə tam təmin edilmişdir. Həmin qətnamə ilə hadisənin 8 noyabr 2024-cü ildə baş verdiyi məhkəmə tərəfindən müəyyən edilmişdir. Hazırda iddiaçı həmin tarixdən sonra – dekabr ayında və sonrakı tarixlərdə yenidən subasma hadisələrinin olduğunu iddia edir. Halbuki həmin qətnamədən görünür ki, xx.xx.2025-ci il tarixdə “X1” MMC tərəfindən mənzilə dəyən zərərin məbləği ilə bağlı ekspert rəyi verilmiş və 27 may 2025-ci ildə məhkəmənin baxış iclası keçirilməklə qətnamə qəbul edilmişdir. Bu da onu göstərir ki, həmin məhkəmə işi üzrə məhkəmə araşdırması iddiaçının subasma hadisələrinin baş verdiyini iddia etdiyi bütün tarixləri əhatə etmişdir. Lakin məhkəmə araşdırması nəticəsində 8 noyabr 2024-cü ildən başqa tarixlərdə də subasma hadisəsinin baş verdiyi müəyyən edilməmişdir. Nəzərə almalıyıq ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin tələbinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin maddənin tələbinə əsasən həmin qətnamə İddiaçı münasibətdə hazırki iş üzrə preyudisial əhəmiyyət daşıyır. İddiaçı hadisənin 8 noyabr 2024-cü ildə deyil, 8 dekabr 2024-cü ildə baş verməsi, o cümlədən subasma hadisələrinin 2025-ci ilin aprel ayına qədər davam etməsi barədə 1 nömrəli Mənzil İstismar Sahəsinin arayışını məhkəməyə təqdim etmişdir. Halbuki, preyudisial məhkəmə qətnaməsi ilə müəyyən edilmiş fakt Mənzil İstismar Sahəsinin mötəbərliyi şübhə altında olan arayışı ilə mübahisələndirilə bilməz. Göstərilənlərə əsaslanaraq qeyd edirik ki, iddiaçının sığorta ödənişi tələb etdiyi hadisənin 8 noyabr 2024-cü ildə baş verdiyi qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən və həmin tarix xx.xx.2024-cü ildən qüvvədə olmuş sığorta şəhadətnaməsinin təminat müddətinə düşmədiyindən həmin hadisə sığorta hadisəsi hesab edilə bilməz. Şirkətimizin həmin hadisə üçün sığorta ödənişi etmək öhdəliyi yaranmır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddiasının əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında verilən izahatlar: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi. İş materialları: İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak İddiaçı adına xüsusi mülkiyyət kimi qeyd edilmişdir. İş materiallarında olan RPA********** nömrəli daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinin surətindən görünür ki, sığortaçı "xxxx" ASC tərəfindən sığortalı İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak 25 000 manat məbləğində sığorta edilmiş, sığorta haqqı 50 manat, azadolma məbləği 250 manat, sığorta müqaviləsinin müddəti xx.xx.2024-xx.xx.2025-ci il qeyd edilmişdir. İş materiallarında olan Bakı Qarnizonu MİH-nin 1 nömrəli MİS-nin mühəndisi R. Sarıyev, texnik N. Sarıyev və çilingər Ə.Hüseynova tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə A.Abbaszadə küçəsində yerləşən 21 saylı binanın 36 saylı mənzilin kanalizasiya xəttində baş vermiş qəza nəticəsində (mənzilin sahibi X7) A.Abbaszadə küçəsi, ev 21, 28 nömrəli mənzilə su axmışdır (mənzilin sahibi İddiaçı). İddiaçı müraciətinə əsasən mənzilə baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, həmin mənzilin qonaq otağın bir yataq otağı və dəhliz hissəsinə su axmışdır və baş vermiş qəza nəticəsində tavanlarına və divarlarına ziyan dəymişdir. 2020-ci ildən bu günə kimi həmin mənzildən mütəmdi olaraq evin içinə su sızmaları baş verilməsi qeyd edilmişdir. İş materiallarında olan Bakı Qarnizonu MİH-nin 1 nömrəli MİS-nin rəisi Aruz Həsənovun 18 sentyabr 2025-ci il tarixli məhkəmə sorğusuna cavab olaraq verdiyi məktubda bildirmişdir ki, 23 aprel 2025-ci il tarixdə Paşa sığortaya ünvanlanan məktubda texniki yalnışlıq olub, subasma hadisəsi 8 dekabr 2024-cü ildə baş vermişdir. İş materiallarında olan “X1” MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ETM- 014/TQ/25 nömrəli mütəxəssis rəyinə surətindən görünür ki, kı Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, 21 saylı evin 28 saylı mənzilinə su sızması nəticəsində yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin mövcud bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 3.558 manat məbləğində müəyyən olunması qeyd olunmuşdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən 1 nömrəli MİS-in rəhbərliyən ünvanlanmış xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, 21 saylı evin 28 saylı əmlakına iddiaçının bildirdiyinə görü xx.xx.2024-cü il tarixində qonşudan su sızması nəticəsində zərər dəymişdir. Lakin əməkdaşların baxışı nəticəsində həmin əmlaka köhnə zərərlər də aşkarlanmışdır. Hadisənin dəqiq baş vermə tarixi və həmçinin qeyd olunan tarixdən öncə baş vermiş hadisələr barədə məlumatın alınması qeyd olunmuşdur. İş materiallarında olan məhkəmə tərəfindən Bakı Qarnizonu MİH-nin 1 nömrəli MİSnə ünvanlamış sorğunun cavabından görünür ki, xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-yə ünvanlamış məktubda texniki səhv olunub və su sızması xx.xx.2024-cü il tarixdə baş verib. Həmçinin Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, 21-də 2-ci blokda evlərin su sızması 2020-ci ildən 2025-ci ilin aprel ayına kimi baş verməsi qeyd olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-217/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddiaçıya vurulmuş maddi ziyana görə 2385 manat və mütəxəssis rəyinin tərtib edilməsi üçün ödənilmiş 350 manat cəmi 2735 manat X2 tutulması qət edilmişdir. İş materiallarında olan 23 yanvar 2025-ci tarixli ərizənin surətindən görünür ki, iddiaçı dəymiş zərərin ödənilməsi ilə bağlı qeyd olunan tarixdə "xxxx"ASC-ə müraciət etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 911.2. Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir 923.2. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu Məcəllənin 923.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır. 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 935.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 935.1.1. bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması; 935.1.6. bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması; 935.1.7. əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir. 935.1.8. baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi; 935.2. Bu Məcəllənin 911.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “İcbari Sığorta Haqqında” Azərbaycan Respublikasının Qanunu: 13.1.İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını, təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, sığorta ödənişinin verilməsi üçün sığorta hadisəsinin baş verməsi, tarixi və nəticələri dəqiq, mötəbər və səbəb-nəticə əlaqəsini istisna etməyən sübutlarla təsdiqlənməlidir. Hüquqi doktrina bu tələbi “riskin reallığının sübut yükü” prinsipi kimi qəbul edir. İddiaçı öz izahatlarında 8 dekabr 2024-cü ildə növbəti dəfə subasma hadisəsinin baş verdiyini iddia etsə də, iş materiallarında həmin tarixə aid hər hansı mötəbər sübut yoxdur. MİS-in tərtib etdiyi akt, xx.xx.2025-ci ilə aiddir ki, bu sənəd hadisədən xeyli sonra tərtib olunduğundan və aktın mahiyyəti – yəni hadisənin baş verdiyi gün və ya ona yaxın tarixdə faktın təsdiqlənməsi tələbinə cavab vermədiyindən məhkəmə həmin sənədi sığorta hadisəsinin real vaxtda təsdiqi kimi qəbul etmir. Bundan başqa, sənədlərdə hadisənin tarixi ilə bağlı ziddiyyətlər mövcuddur: sığortaya ünvanlanan ilkin müraciətdə 8 noyabr 2024 göstərildiyi halda, daha sonra məhkəməyə təqdim edilən məktubda hadisənin 8 dekabr 2024-də baş verdiyi iddia edilir ki, bu ziddiyyət sənədin etibarlılığını şübhə altına alır. İddiaçı iddia etdiyi dekabr ayındakı subasma barədə sığortaçıya yalnız 23 yanvar 2025-ci ildə müraciət etmişdir. Halbuki sığorta qanunvericiliyinə görə, zərər baş verdiyi andan etibarən sığortaçı dərhal, yaxud qısa müddət ərzində məlumatlandırılmalıdır. Məlumat vermə öhdəliyinin gecikmə ilə yerinə yetirilməsi sığortaçının hadisəni real dövrdə araşdırmaq imkanını məhdudlaşdırır və riskin reallığının müəyyən edilməsinə mane olur. Bu hal sığorta münasibətlərində sığortalının üzərinə düşən vəzifəni yerinə yetirməməsi kimi qiymətləndirilir və ödəniş hüququnu istisna edir. Beləki, tərəf özü subasmanın olduğunu 2024-cü ilin dekabr ayında müşahidə etdiyini iddia ərizəsində qeyd etmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı artıq yuxarı qonşusuna qarşızərərvurana qarşı məhkəmə qaydasında iddia qaldırmış, həmin iddia üzrə ekspertizanın müəyyən etdiyi 3558 manat ziyanın 2385 manatını tələb etmiş və məhkəmə bu tələbi təmin etmişdir. Qətnamə 27 may 2025-ci ildə qəbul edilmiş və qanuni qüvvəyə minmişdir. Həmin iş üzrə məhkəmə ziyanın 8 noyabr 2024-cü il tarixli hadisə nəticəsində yarandığını müəyyən etmişdir. Ekspert rəyi isə aprel ayında tərtib olunmuş və noyabr–aprel dövründə meydana çıxmış ziyanın ümumi məbləğini göstərmişdir. İddiaçı ziyanın hansı hissəsinin sığorta müqaviləsindən əvvəlki dövrə, hansı hissəsinin isə sığorta müqaviləsi bağlandıqdan sonrakı dövrə aid olduğunu məhkəmədə sübut edə bilməmişdir. Sübutetmə yükünün iddiaçıda olması (“onus probandi actori incumbit”) hüququn ümumi prinsipidir və bu sübutun olmaması iddianın rəddini şərtləndirir.Beləki, məhkəmə iclasında iddiaçı özü bildirmişdir ki, subasma halı evin tavanında eyni yerdən baş vermişdir, 8 noyabr 2024-cü ildə baş verən hadisədən sonra təmir etdirməmiş və yenidən 8 dekabr 2024-cü ildə subasma baş vermişdir. Belə olan halda, hazırkı mülki araşdırma çərçivəsində ziyanın hansı hissəsinin 19 noyabr 2024-cü ildən 19 noyabr 2025-ci il tarixləri arasında baş verdiyini,yəni sığorta təminatının olduğu dövrə aid olduğunu müəyyənləşdirmək mümkün deyil. Əlavə olaraq, artıq zərərvurana qarşı açılmış işdə eyni fakt – yəni noyabr hadisəsi – üzrə hüquqi nəticə müəyyən olunmuşdur. Bu isə hüququn “res judicata” prinsipi baxımından eyni əsas üzrə təkrar tələb irəli sürülməsini istisna edir. İddiaçının əvvəlki işdə yalnız 2385 manat tələb etməsi, ziyanın tam məbləğini tələb etməməsi, yaxud iddia tələblərini dəqiqləşdirməməsi onun öz prosessual davranışı ilə bağlı nəticədir və bu, sonradan sığortaçıdan fərqli əsasla əlavə məbləğ tələb etmək hüququ yaratmır. Ziyanın iki mənbədən – həm zərərvurandan, həm sığortaçıdan – təkrar ödənilməsi isə sığorta hüququnun mahiyyətinə ziddir. İddiaçı məhkəmə iclasında bildirir ki, o, əslində Səbail Rayon Məhkəməsinin icraatında zərərvurana qarşı iddia qaldırarkən, ziyanın məbləğini ekspert rəyindən sonra tam istəmiş, yəni iddia tələbini artırmış lakin məhkəmə bunu şifahi etdiyi üçün nəzərə almamışdır. Buna münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı belə olan halda qətnaməni mübahisələndirə bilərdi. Hazırda, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilən halların yenidən araşdırılması yolverilməzdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, Mülki Məcəllənin 935.1.7-ci maddəsinə əsasən, sığortaçı zərərvuran tərəfindən ziyanın məbləğinin bir hissəsi ödənildikdə, ödənilmiş hissə qədər sığorta ödənişindən imtina edir. Lakin həmin norma yalnız konkret, mötəbər sübutlarla təsdiq edilmiş sığorta hadisəsi və həmin hadisə nəticəsində dəymiş zərərin məbləği dəqiq müəyyən edildiyi hallara şamil olunur. Hazırkı işdə isə nə 8 dekabr 2024-cü ildə subasmanın baş verməsi sübuta yetirilmiş, nə də ziyanın hansı hissəsinin məhz bu tarixdə baş verdiyi müəyyən edilə bilmişdir. Ekspert rəyi aprel ayında tərtib olunmuş və ziyanı ümumi şəkildə göstərmiş, yəni onu sığorta müqaviləsindən əvvəl və sonra baş vermiş hissələrə ayırmamışdır. Bu səbəbdən 935.1.7-ci maddədə nəzərdə tutulmuş dispozisiya tələbləri – yəni konkret müəyyən edilmiş sığorta hadisəsi və həmin hadisə üzrə dəqiq hesablanmış zərər məbləği – mövcud olmadığından, həmin maddənin ikinci hissəsinin tətbiqi hazırkı mübahisəyə uyğun deyil və iddianın təmininə hüquqi əsas yaratmır. Beləliklə, təqdim edilmiş sübutlar əsasında ziyanın iddiaçı tərəfindən göstərilən tarixdə sığorta hadisəsi kimi baş verməsi sübuta yetirilmir, ziyanın hansı hissəsinin sığorta müddəti daxilində yarandığını müəyyən etmək mümkün deyil, iddiaçı məlumat vermə öhdəliyini pozmuşdur, həmçinin həmin ziyan üzrə artıq məhkəmə qaydasında zərərvurandan kompensasiya almışdır. Bu hallar məcmu şəkildə iddianın təmin edilməsini istisna edir, Mülki Məcəllənin 935.1.1. və 935.1.7. maddələrinin məzmununu nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassızdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiasi rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərəcova Gülşən
Məhkəmə qərarları › İş №2(006)-4419/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4419/2025
07.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver