Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-442/2023 26.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2.800 manat pulun və ödənilmiş 48 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2.800 manat maddi ziyanın, göstərilmiş hüquqi xidmətə görə ödənilmiş 200 manatın və 48 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, özünə avtomobil almaq istəmişdir. Buna görə də, internet saytlarında avtomobil elanlarına baxmışdır. xx.xx.2021-ci il tarixdə «Turbo.az» saytında «Changan» markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin olaraq 2.800 manat, hər ay 595 manat olmaqla isə 20 ay müddətinə satışa qoyulmasını görmüşdür. Buna görə də, elanda yazılan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamışdır. Həmin şəxs ona özünü Səbinə kimi təqdim etmiş və avtomobilin özünə məxsus olduğunu, lakin hal-hazırda renta car kreditində olduğunu demişdir. O, Səbinə ilə danışaraq ilkin ödəniş olaraq 2.300 manat, hər ay 600 manat olmaqla 20 ay müddətinə, həmçinin avtomobilin onun adına rəsmiləşdirilməsi üçün avtomobil sahibi Arzu adlı şəxsə 200 manat verməklə avtomobili almağa razılaşmışdır. xx.xx.2021-ci il tarixdə Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən ofisin qarşısında Səbinəyə 2.300 manat pul vermişdir. Bundan sonra onlar ofisə daxil olmuşlar. Orada isə Arzu adlı şəxsə 200 manat vermişdir. Arzu onun adına müqavilə tərtib etmişdir. Lakin müqaviləni ona verməyərək kreditin ilk ayının ödənişini etdikdən sonra müqaviləni ona verəcəyini demiş və avtomobilin açarlarını ona vermişdir. O, açarı götürüb ofisdən çıxmışdır. Avtomobilə yaxınlaşdıqda avtomobilin üzərində elanda gördüyü **-SL-*** dövlət qeydiyyat nişanını yox, başqa, **- UB-*** dövlət qeydiyyat nişanının olmasını görmüşdür. Səbinəyə bu dəyişiklik barədə bildirdikdə sonuncu, heç bir dəyişiklik olmadığını demişdir. Lakin o, sonradan telefonunda olan saxladığı şəkilə baxdıqda elanda qoyulmuş avtomobil üzərində **-SL-*** dövlət qeydiyyat nişanı olması məlum olmuşdur. xx.xx.2021-ci il tarixdə Arzu onunla görüşərək avtomobili satmaq istədiyini demiş və avtomobili onun əlindən almışdır. O, avtomobilə görə pul ödədiyini dedikdə sonuncu, pulu Səbinədən almalı olduğunu bildirmişdir. Şəbinə ilə əlaqə saxladıqda isə pulu 1-2 saat ərzində verəcəyini demişdir. Lakin Səbinə onun pulunu verməmişdir. Bundan sonra cavabdehlərin onu aldatması məlum olmuşdur. Cavabdeh1 yanında avtoservisdə 300 manat təmirə pul xərcləmişdir. Amma bir daha bildirmək istəyir ki, 3 gündən sonra Arzu onunla görüşərək avtomobili onun əlindən almışdır. Bundan sonra aldandığını hiss edərək Abşeron Rayon Polis İdarəsinə şikayət etmək qərarına gəlmişdir. Şikayətindən sonra cavabdehlər polis idarəsinə dəvət olunmuşlar, izahatları alınmışdır. 05 fevral 2022-ci il tarixdə Abşeron RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Nəsimi Məhərrəmov «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, X3 zəng edərək demişdir ki, 2300 manata «Changan» markalı maşın vardır. Maşını almaq istəmişdir və pulu X3 ilə X1 vermişdir. Lakin Cavabdeh1 ifadəsində bildirmişdir ki, ona pul çatmamışdır. İddiaçı maşını satmışdır və ondan pulu aldığını etiraf edir. Məhkəmədən iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh1 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 05 fevral 2022-ci il tarixli 1/7408 sayla qeydiyyata alınmış ərizə əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material Abşeron RPİ İŞ-nin müstəntiqi, polis baş leytenantı X2 tərəfindən araşdırılmışdır. İzahatı alınmış Cavabdeh2 avtomobili 2.300 manata İddiaçı satmış, İddiaçı pulu alaraq avtomobili satdığını öyrəndikdən sonra digər Cavabdeh1 avtomobili İddiaçı əlindən almışdır. Şahid qismində ifadə verən X4 ifadəsində bildirmişdir ki, Cavabdeh2 ona 1700 manat pul vermişdir. 600-700 manat isə maşının cəriməsi olmuşdur. Axşam Cavabdeh2 1700 manat pul almış, sabah isə pulu aparıb Cavabdeh1 vermişdir. Şahid qismində ifadə verən X3 ifadəsində bildirmişdir ki, Cavabdeh2 çoxdan tanıyır. X4 ona demişdir ki, satışa qoyulmuş «Changan» markalı maşın vardır. Daha sonra isə o, Cavabdeh2 zəng edərək, satışa qoyulmuş maşın olduğunu demiş və Cavabdeh2 maşını almaq istəmişdir. 1700 manat pulu Cavabdeh2 götürərək X1 vermiş və maşının sənədlərini ondan götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, Cavabdeh2 iddiaçı ilə avtomobilin alğı-satqısına dair razılığa gəlmiş, bunun müqabilində iddiaçıdan 2.300 manat pul almışdır. Lakin həmin avtomobil bundan demək olar ki, dərhal sonra iddiaçıdan alınmışdır. Faktiki olaraq Cavabdeh2 iddiaçı qarşısında götürdüyü öhdəliyi icra etməmişdir və iddiaçı qarşısında aldığı 2.300 manat pul vəsaiti həddində məsuliyyət daşıyır. Şahid ifadələrinə münasibətdə isə məhkəmə qeyd edir ki, şahid ifadələri Cavabdeh2 ilə Cavabdeh1 avtomobilə münasibətdə öncəki alqı-satqı prosesi ilə bağlı olduğundan hazırkı iş üzrə sünut kimi qiymətləndirilə bilməz. Cavabdeh2 avtomobilin daha öncə əldə edilməsi zamanı ona vurulmuş ziyan ilə bağlı ayrıca iddia qaldırmaq hüququ izah olunur. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 48 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəməyə təqdim olunmuş 14 dekabr 2022-ci il tarixli müqavilədən və mədaxil qəbzindən görünür ki, iddiaçı ona hüquqi xidmətlərin göstərilməsi üçün "xxxx" MMC ilə müqavilə bağlayaraq, göstəriləcək hüquqi xidmətlərə görə 200 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, avtomobil alınması üçün ödənilmiş 2.300 manat pul vəsaiti, hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 200 manat və ödənilmiş 48 manat dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı tərəfindən avtomobil alınması üçün 2.300 manat pul vəsaitindən artıq ödəniş edilməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Avtomobil alınması üçün ödənilmiş 2.300 manat pul vəsaiti, hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 200 manat və ödənilmiş 48 manat dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-442/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-442/2023
26.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver