Məhkəmə qərarları › İş №2(006)-4431/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4431/2023

28.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4431/2023 28.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 12.150 manat məbləğində pulun və ödədiyi dövlət rüsumu 126,45 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 02 mart 2023-cü il tarixində iddiaçı ilə Cavabdeh MMC arasında 07/XM/2023 saylı “podrat müqaviləsi” bağlanmışdır. Müqavilədə tərəf olaraq İddiaçı (“Sifarişçi”) və Cavabdeh MMC-nin direktoru Nümayəndə (“Podratçı”) iştirak etmişdir. Müqavilənin 1-ci maddəsinə (Müqavilənin predmeti) əsasən, 1.1. “Podratçı” “Sifarişçi”nin tapşırığı ilə, hazırki müqavilənin 1.2-ci bəndinə göstərilmiş işlərin icrasını və işlərin nəticəsini, “Sifarişçi”yə, tikinti, təmir norma və qaydalarının tələblərinə uyğun olaraq təhvil verməyi öhdəsinə götürür, “Sifarişçi” isə həmin işin nəticəsini qəbul etməyi və cəm məbləğin ödənilməsini öhdəsinə götürür. 1.2. “Podratçı” Sifarişçiyə məxsus Bakı şəhəri, Əzizbəyov RİH-nin 457 saylı xx.xx.2001-ci il tarixli sərəncamına əsasən Zirə qəsəbəsi 3-01/146 saylı sahədə 150 m2 yarım tikili fərdi yaşayış evinin tam təmir işlərinin aparılması məqsədi ilə Sifarişçiyə məxsus Müqavilənin 1 saylı Əlavəsində göstərilən təmir və abadlıq işlərinin icrasını (bundan sonra “İşlər” adlandırılacaq) öhdəsinə götürür. Müqavilənin 2-ci maddəsinə (Müqavilə üzrə işlərin yerinə yetirilməsi müddəti) əsasən, 2.1. “Podratçı” İşlərin icrasını Müqavilənin 3.2 bəndində göstərilən ödəniş həyata keçirildikdən sonra başlamalı və başlama tarixdən etibarən 95 iş günü ərzində sifarişçinin yeni tələbləri olmadığı halda tam yerinə yetirməlidir. Müqavilənin 3-cü maddəsinə (Müqavilənin dəyəri və hesablaşma qaydası) əsasən, 3.1. Hazırki müqavilənin dəyəri (material və işçilik daxil) 40.500 manat təşkil edir. Hazırki müqavilədə göstərilən işlərin həcmi dəyişildiyi halda müqavilənin dəyəri “Podratçı” tərəfindən yerinə yetirilmiş işlərin faktiki həcminə əsasən və müqavilənin 1 saylı Əlavəsində göstərilmiş tariflərin (vahidin qiyməti) tətbiqi ilə müəyyən olunacaqdır. 3.2. Hazırki müqavilə imzalandıqdan sonra “Sifarişçi” təmir işlərinin aparılması üçün “Podratçı”ya ilkin ödəniş olaraq 12.150 manat ödəniş edir. 3.3. Müqavilə dəyərinin qalan hissəsi isə 28.350 manat 60 ay müddətində hər ay 472.50 manat ödəniş edir. 3.3.1. Ödənişin hər gecikdirilən gününə görə 20 manat cərimə hesablanır. Müqavilənin 11-ci maddəsinə (Müqavilənin qüvvədə olması müddəti, vaxtından əvvəl xitam verilməsi) əsasən, 11.1. Hazırki müqavilə imzalanma tarixindən hüquqi qüvvəyə minir və tərəflərin öz öhdəliklərinin yerinə yetirilənədək qüvvədədir. Müqavilənin şərtlərindən də göründüyü kimi iddiaçı tərəfindən Cavabdeh MMC-yə 12.150 manat ilkin ödəniş edilmişdir. Bununla bağlı pulun 3 gün müddətində ödənilməsi ilə cavabdehə 08 sentyabr 2023-cü il tarixində bildiriş göndərmiş, lakin heç bir ödəniş olunmamışdır. Hazırda məcbur qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış, lakin qabaqcadan heç bir məlumat vermədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə hazırki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını və çıxışını dinləyib, iş materiallarını nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixdə “Sifarişçi” İddiaçı ilə “Podratçı” Cavabdeh MMC arasında 07/XM/2023 saylı podrat müqaviləsi bağlanmış, həmin müqavilənin 1.2-ci bəndinə əsasən, “Podratçı” Sifarişçiyə məxsus Bakı şəhəri, Əzizbəyov RİH-nin 457 saylı xx.xx.2001-ci il tarixli sərəncamına əsasən Zirə qəsəbəsi 3- 01/146 saylı sahədə 150 m2 yarımtikili fərdi yaşayış evinin tam təmir işlərinin aparılması məqsədilə Sifarişçiyə məxsus Müqavilənin 1 saylı Əlavəsində göstərilən təmir və abadlıq işlərinin icrasını (bundan sonra “İşlər” adlandırılacaq) öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən, “Podratçı” İşlərin icrasını Müqavilənin 3.2-ci bəndinə göstərilən ödəniş həyata keçirildikdən sonra başlamalı və başlama tarixdən etibarən 95 iş günü ərzində sifarişçinin yeni tələbləri olmadığı halda tam yerinə yetirməlidir. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən, hazırki müqavilənin dəyəri 40.500 manat təşkil etmiş, müqavilənin 3.2-ci maddəsinə əsasən, hazırki müqavilə imzalandıqdan sonra “Sifarişçi” təmir işlərinin aparılması üçün “Podratçı”ya ilkin ödəniş olaraq 12.150 manat ödəniş etməyi, müqavilənin 3.3-cü maddəsinə əsasən, müqavilə dəyərinin qalan hissəsi isə 28.350 manatı 60 ay müddətində hər ay 472.50 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1.1-ci maddəsinə əsasən, qüvvədə olan normativ-texniki sənədlərə, tikinti normalarına və qaydalarına, tərəflər arasında razılaşdırılmış “yerləşdirilmə plana” müvafiq olaraq Müqavilənin əlavəsində qeyd edilmiş bütün işləri hazırki müqavilə ilə nəzərdə tutulmuş həcmdə və müddətdə yerinə yetirməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan ödəniş qəbzlərinin əsillərindən görünür ki, cavabdehin nizamnamə əsasında fəaliyyət göstərən direktoru X3 məxsus bank hesabına xx.xx.2023-cü il tarixdə 290 manat, xx.xx.2023-cü il tarixdə ayrı-ayrılıqda 5700 (1000, 1000, 1000, 1000, 1000 və 700 manat) manat, xx.xx.2023-cü il tarixdə ayrı-ayrılıqda 6000 (1000, 1000, 1000, 1000, 1000, 1000 manat) manat və xx.xx.2023-cü il tarixdə isə 160 manat məbləğində ödəniş həyata keçirilmişdir. Mülki işin materiallarında olan 28 aprel 2023-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, İddiaçı ərizə ilə müraciət edərək, Cavabdeh MMC-nin rəhbəri Nümayəndə tərəfindən ona qarşı dələduzluq edildiyini bildirmiş, lakin Xəzər RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X4 tərəfindən İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Mülki işin materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli Bildirişdən görünür ki, B.Dadaş onun tərəfindən cavabdehə ödənilən 12.150 manat məbləğində pulun 3 gün müddətində qaytarılmasını tələb etmiş, əks təqdirdə həmin məbləğ ona ödənilmədikdə bununla bağlı müvafiq qaydada məhkəməyə müraciət edəcəyi barədə cavabdehi qabaqcadan xəbərdar etmişdir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 127 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə podrat müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı B.Dadaş, yəni müqavilə üzrə sifarişçi ilkin olaraq 12.150 manat məbləğində ödəniş etməyi, Cavabdeh MMC, yəni müqavilə üzrə podratçı isə iddiaçıya məxsus Bakı şəhəri, Əzizbəyov RİH-nin 457 saylı xx.xx.2001-ci il tarixli sərəncamına əsasən Zirə qəsəbəsi 3- 01/146 saylı sahədə 150 m2 yarımtikili fərdi yaşayış evinin tam təmir işlərinin aparılması məqsədilə Sifarişçiyə məxsus Müqavilənin 1 saylı Əlavəsində göstərilən təmir və abadlıq işlərinin icrasını öhdəsinə götürmüşdür. Hazırda iddiaçı cavabdehin öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini iddia edərək, müqavilə üzrə ilkin olaraq ödədiyi 12.150 manat məbləğində ödənişin və dövlət rüsumu olaraq ödədiyi 126,45 manat məbləğində vəsaitin geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Bundan sonra – Həmin Məcəllənin) 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirərək, ilkin olaraq 12.150 manat məbləğində vəsaiti cavabdehin bank hesabına köçürmüş, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir (bunun əksini təsdiq edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir). Göründüyü kimi Cavabdeh MMC tərəfindən İddiaçı 12.150 manat maddi ziyan vurulduğu iş materialları ilə birmənalı şəkildə təsdiq olunmuşdur. Mülki Məcəllənin tələblərinə əsasən delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 12.150 (on iki min yüz əlli) manat məbləğində vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyi üçün iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilən 126,45 (yüz iyirmi altı manat, qırx beş qəpik) manat məbləğində dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra - Həmin Məcəllənin) 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası təmin edilməli, Cavabdeh MMC-dən 12.150 (on iki min yüz əlli) manat məbləğində pul və 126,45 (yüz iyirmi altı manat, qırx beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən 12.150 (on iki min yüz əlli) manat məbləğində pul və 126,45 (yüz iyirmi altı manat, qırx beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar