Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4434/2022 25.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-ya qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh "xxxx" ASC-ya qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh "xxxx" ASC-yə dəfələrlə zəng edərək sayğacla bağlı problemlərin olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə təxminən gecə saat 23.00 radələrində iddiaçı mənzildə, yəni ünvan 1 ünvanında olmayan vaxtda "xxxx" ASC-nin işçiləri gəlib paneldə qısa qapanma ilə bağlı düzəlişlər ediblər. Həmin vaxta qədər dörd qonşunun işıqları yanmırdı. Hadisə ilə 15.00-dan başlayaraq 23.00 radələrinədək baş vermişdir. Qonşuların sayğacının avtomatı atıb, onlarda isə sayğacın avtomağı atmamışdır. Bundan sonra sayğacda qısa qapanma baş vermişdir və iddiaçının mənzilində bütün əşyalarına, yəni bütün elektrik avadanlığına ziyan vurulmuşdur. Qısa qapanma nəticəsində paltaryuyan maşın, su filteri, soyuducu, modem, işıq lampaları (plafonlar), səs yüksəldən (kolonka), ərzaqlar (ət, mürəbbə, turşu, yağ, nehrə yağı, pendir) və s.kimi əşya və ərzaqlarına maddi ziyan iddiaçıya isə əsəb stresdən mənəvi ziyan vurulmuşdur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Göstərilənlərə əsasən cavabdeh "xxxx" ASC-dən paltaryuyan maşına görə 370 manat, su filterinə görə 165 manat, soyuducu - 150 manat, modem - 50 manat, işıq lampaları (plafonlar) - 100 manat, səs yüksəldən (kolonka) - 35 manat, ərzaqlar (ət, mürəbbə, turşu, yağ, nehrə yağı və s) - 500 manat, mənəvi ziyana görə 1000 manat olmaqla, cəmi 2375 manat və həmçinin məhkəməyə ödənilmiş 44 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 4.Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçı tərəfindən irəli sürülən iddia ilə bağlı hər hansı sübut təqdim olunmamışdır. Belə ki, iddiaçının mənzilində olan əşyalara həqiqətən həmin qısa qapanma nəticəsində zərər dəyməsi hər hansı sübutla təsdiq olunmamışdır. Buna görə də iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. 5.Məhkəmə tərəflərin izahatlarını və şahid ifadəsini dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
6. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək göstərdi ki, o, iddiaçını uzun müddətdir ki, tanıyır. O, əvvəllər soyuducu təmiri zavodunda işləmişdir, hazırda işləmir. İddiaçı ona zəng vuraraq paltaryuyan maşınının xarab olduğu bildirmişdir. O, iddiaçının mənzilinə gəlmiş və paltaryuyan maşını təmir etmişdir. Bu zaman müəyyən etmişdir ki, paltaryuyan maşının mexanizmi yanmışdır. Həmin mexanizmin yanma səbəbi isə işıq naqillərində baş vermiş qısaqapanma olmuşdur. Tərəfindən mexanizm yenisi ilə əvəz olunmuş və yerinə yetirdiyi işə görə iddiaçıdan 370 manat pul alınmışdır.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 8.Belə ki, iş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 053135 nömrəli qeydiyyat vəsiqəsinin surətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 86 saylı evin yaşayış sahəsi 28,0 kv.m. olan 2 otaqlı 52 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 120 saylı reyestr kitabında, 18422 səhifədə, xx.xx.2000-ci il tarixdə 30/20568 qeydə alma nömrə ilə qeydiyyat aparılmışdır.
9. İş materiallarında olan "xxxx" ASC-nin Nəsimi RETSİ tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 9.00-da Azadlıq prospekti, 86 ünvandan şikayət daxil olub, səbəb RL-də qoruyucu yanmışdı, tərəflərdən bərpa olunmuşdur.
10. İş materiallarında olan ******* nömrəli, xx.xx.2022-ci il tarixli faimə-fakturadan görünür ki, İddiaçı tərəfindən 1 ədəd Adapter üçün 35 manat, 1 ədəd Mineral üçün 40 manat, 1 ədəd Membran üçün 90 manat, cəmi 165 manat pul ödənilmişdir.
11. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" ASC-nin Nəsimi RETSİ-nə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, avqust ayının 05-də qısa qapanma nəticəsində onların mənzildə olan bütün avadanlıqlar (xolodilnik, paltaryuyan, su filteri, mobem v s.) sıradan çıxmışdır. Onların bərpa olunması üçün 661 manat məbləğində vəsait tələb olunur. Ona dəyən ziyanın ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir.
12. İş materiallarında olan «X6» MMC tərəfindən verilmiş ĞĞY seriyalı 426758 nömrəli, xx.xx.2022-ci il tarixli mədaxil qəbzinə əsasən İddiaçı texniki xidmətə görə 165 manat pul ödəmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, sayğacda baş vermiş qısa qapanma nəticəsində İddiaçı məxsus olan elektrik avadanlıqlara ziyan dəymişdir. Hazırda iddiaçı cavabdehdən maddi və mənəvi ziyanın əvəzini tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2).
15. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
16. Göstərilən Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
17. Göründüyü kimi qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə məsuliyyəti ətrafdakılar üçün yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsaslarla sahiblik edən fiziki və ya hüquqi şəxs daşıyır.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
19. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.
21. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci ilə tarixdə iddiaçının mənzinə aid olan elektrik sayğacda qısa qapanma baş vermiş və nəticədə mənzildə olan elektrik avadanlıqlarına ziyan vurulmuşdur.
22. Məhkəmə qeyd edir ki, iddiaçının mənzilinə aid olan hesablaşma elektrik sayğacı onun yaşadığı mənzilin daxilində deyil, pilləkən meydançasında yerləşdiyi üçün həmin sayğacın işçi vəziyyətində saxlanılmasına görə cavabdehliyi abonent deyil, enerjitəchizatı müəssisəsi daşıyır.
23. Məhkəmə həmçinin qeyd edir ki, yüksək təhlükə mənbəyi olan elektrik sayğacda baş vermiş qısa qapanma nəticəsində iddiaçının mənzilində olan müxtəlif elektrik avadanlıqların sıradan çıxması ilə bağlı vurulmuş ziyanın ödənilməsinə görə həmin yüksək təhlükə mənbəyinin sahibi məsuliyyət daşıyır.
24. Məhkəmə hesab edir ki, iddiaçı yüksək təhlükə mənbəyinin sahibi kimi cavabdehə qarşı vurulmuş ziyanla bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.
25. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi paltaryuyan maşına görə 370 manat, su filterinə görə 165 manat məbləğində pulun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir.
26. Məhkəmə iddia tələbinin soyuducuya görə 150 manat, modemə görə 50 manat, işıq lampalara (plafonlara) görə 100 manat, səs yüksəldənə (kolonkaya) görə 35 manat, ərzaqlara (ət, mürəbbə, turşu, yağ, nehrə yağı və s) görə 500 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir.
27. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən bu halları təsdiq edən sübutlar təqdim edilməmişdir.
28. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi soyuducuya görə 150 manat, modemə görə 50 manat, işıq lampalara (plafonlara) görə 100 manat, səs yüksəldənə (kolonkaya) görə 35 manat, ərzaqlara (ət, mürəbbə, turşu, yağ, nehrə yağı və s) görə 500 manat tutulması hissəsində tələb təmin edilməməlidir.
29. Azərbaycan Respublikası MPM-nin 80-cı amddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
30. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). 31.Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsiqnə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
32. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar).
33. Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
34. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
35. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Məhkəmə iddia tələbinin vurulmuş mənəvi ziyana görə 1.000 manat pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsassız hesab edilməlidir.
38. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
39. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
40. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
41. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
42. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
43. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 1.000 manat mənəvi ziyanın tutulması hissəsində tələb təmin edilməməlidir.
44. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edilidyindən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
45. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
46. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə paltaryuyan maşına görə 370 (üç yüz yetmiş) manat, su filterinə görə 165 (yüz altmış beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
47. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
48. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə paltaryuyan maşına görə 370 (üç yüz yetmiş) manat, su filterinə görə 165 (yüz altmış beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov