Məhkəmə qərarları › İş №2(006)-4452/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4452/2021

12.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4452/2021 12.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin qanunsuz və əsasız əməlləri nəticəsində vurulmuş ümumilikdə 596,95 manat məbləğində maddi zərərin, 1500 (bir min beş yüz) manat məbləğində mənəvi zərərin, o cümlədən 30 (otuz) manat məbləğində dövlət rüsumunun və dövlət rüsumunun ödənilməsi ilə əlaqədar köçürməyə görə tutulan 0,40 (qırx qəpik) manat haqqın, ümumilikdə 2127,35 (iki min bir yüz iyirmi yeddi manat, otuz beş) manat məbləğin cavabdeh - "xxxx" QSC-dən tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o - İddiaçı Rusiya vətəndaşıdır. Cavabdehin ("xxxx" QSC) rəsmi internet saytından (www.azal.az) Bakı - Moskva reysinə 475,7 AZN dəyərində 17.02.2021-ci il tarixinə bilet almışam. Saytda olan qaydalara müvafiq olaraq, Bakı ş., Bül-bül pr., 8 ünvanında yerləşən 1 nömrəli Şəhər Poliklinikasına müraciət edib koronavirus (COVİD-19) testindən keçərək, nəticəni 16.02.2021-ci İl tarixi saat 17:50-də əldə etmişdir. Nə poliknikada, nə də bilet alarkən saytda müvafiq test nəticəsinin xarici dildə hazırlanmalı olduğuna dair hər hansı məlumata rast gəlməmişdir. 17.02.2021-ci il tarixi saat 07:00-da, saytda olan qaydalara uyğun olaraq 3 saat əvvəlcədən X6 Aeroportuna gəlmişdir. Müvafiq olaraq bileti qeydiyyata aldıraraq, gömrük və sərhəd yoxlamalarından keçmişdir. Bu zamanda ona koronovirus testinin nəticəsinin xarici dildə təqdim edilməli olduğuna dair hər hansı məlumat verilməyib. Yalnız təyyarəyə minik ilə bağlı son qeydiyyat başlayarkən Cavabdehin əməkdaşları test nəticəsinin rus və ya ingilis dilində təqdim edilməli olduğuna dair məlumat verib. Onların yanında 1 nömrəli Şəhər Poliklinikasının ******* telefon nömrəsi ilə əlaqə saxlamışam və onlarda uçuş üçün yalnız rəsmi təsdiqlənmiş formaya uyğun arayış verdiklərini və bu arayışın hər hansı başqa dildə təqdim edilməsi ilə bağlı qayda olmadığına dair məlumat əldə etmişdir. Bir necə dəfə danışdıqdan sonra qaydanın gecədən AZAL tərəfindən qəfildən dəyişdi və onların heç bir məlumatı olmadığını, hətta onlarda rus dilinin əlifbasına uyğun klaviatura belə olmadığını, TƏBİB tərəfindən təqdim edilmiş proqram təminatında isə rus və ya ingilis dilində test nəticəsinin verilməsinə texniki imkan olmadığı bildirilib. Cavabdehin əməkdaşları isə əvvəl belə şərtin Azal tərəfdən deyil, qanunvericiliyin dəyişməsi, ölkəyə giriş-çıxış qaydalarının dəyişməsi ilə əlaqədar olduğunu bildirib. AR NK-nin "Koronavirus (COVİD-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar"ın təsdiq edilməsi barədə Qərarı ilə tanış olub belə bir şərt olmadığını və belə şərt olsaydı sərhəd-buraxılış məntəqəsini keçərkən bu test nəticəsinin və onun tərcüməsinin tələb edilməli olduğunu bildirdikdə, bu dəfə bu şərtin bizim deyil Rusiya tərəfindən qoyulduğunu bildirib. X3 ərazisində notarius və tərcümə xidmətləri mövcud olduğundan çox asanlıqla uçuşdan sonra həllinin mümkün olduğunu bildirdikdə bu dəfə tələbin məhz AZAL tərəfindən qoyulan qayda olduğu etiraf edilib. Nəticədə Cavabdeh tərəfindən qoyulmuş bu qeyriadekvat, heç bir məntiqi olmayan şərt nəticəsində bir necə sərnişin ilə birlikdə uçuşumuz təxirə salınaraq hava limanın ərazisindən çıxarılmışlar. Çox çətinliklə biletini ən yaxın tarixə dəyişərək əlavə 451,95 AZN xərc çəkməli olmuşdur. Biletin dəyişməsi üçün dəfələrlə Cavabdehin TM-nə zəng etməli olmuş, bir necə dəfə Cavabdehin ünvan 2 ünvanındakı satış ofisinə getməli olmuşdur. Yalnız TM-nin əməkdaşlarının diqqəti və köməyi ilə nisbətən yaxın tarixə bilet ala bilmişəm. Beləliklə Azalın məsuliyyətsiz qərarı nəticəsində və onun günahı olmadan baş vermiş hala görə uçuşunu ləğv edib, ona zərər vurulub, səfəri baş tutmayıb, bütün planladığı işlər, görüşlər alınmayıb-üstəlik, biletin dəyişməsi üçün 75% cərimə ilə mümkün olduğunu (bu da məhz TM-nin əməkdaşlarının köməyindən sonra) bildiriblər. Hansı ki, bileti dəyişmək üçün müraciət edəndə də yer olmadığını, yalnız yarım ay sonra martın 3-dən sonrakı tarixlərə uçuşa bilet dəyişməyi təklif edirlər, ya da xahiş-minnətdən sonra bir sinif yuxarı bilet tapa bilmişlər deyib, aldığı bilet qiymətinə yenidən bilet satırlar. İddianın mahiyyətinə gəlincə isə, Cavabdehin hərəkətlərinin aşağıdakı səbəblərdən əsassız və qanunsuz olduğunu diqqətinizə çatdırırlar: Bakı şəhəri 1 nömrəli Şəhər Poliklinikasından verilmiş test nəticəsində bütün lazımı informasiyanın (hansı poliklinika tərəfindən verilmə, ad-soyad, test nəticəsinin neqativ olması) mövcud olduğunu, və bu məlumatların başqa cürə başa düşülməsi, səhv qənətə gəlinməsi mümkün deyil. Bu da test nəticəsinin rus və ya ingilis dilində olması ilə bağlı Cavabdehin qoyduğu tələbin məntiqsiz olmasını göstərir. “COVİD 19" testinin nəticəsinin mütləq rus dilində olmalı olması və ya notarial tərcüməsinin təqdim edilməsinə dair müvafiq məlumat Cavabdeh tərəfindən rəsmi saytlarına və sosial şəbəkələrindəki rəsmi səhifələrində məlumat məhz 17 fevral 2021-ci ildə saat 14:41-dən sonra əlavə edilib. Cavabdeh tərəfindən təqdim edilmiş müvafiq biletdə "COVİD 19" testinin nəticəsinin tərcüməsinin təqdim edilməsinin zəruri olması ilə bağlı hər hansı qeyd mövcud deyil. Hansı ki, həmin Bakı-Moskva J2181 reysi ilə məhz 17.02.2021-ci il tarixində 10:40-da uçuş həyata keçib. Tərəfindən müvafiq sosial şəbəkələrdəki səhifələrin şəkilləri və onlara təqdim edilmiş aviabiletin surəti əlavə edilir. Cavabdehin saytına da müvafiq məlumatın məhz 17.02.2021-ci il tarixindən sonra əlavə edildiyini Google KEİİİ-dən asanlıqla məlumat əldə etmək mümkündür. Beləliklə, Cavabdehin əməkdaşları öz işlərinə məsuliyyətsiz yanaşaraq, həm sərnişinlərə başdansovma məlumat verir, heç bir əsası olmayan tələblər qoyur, həm də utanmadan dövlət orqanına belə (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə) yalan məlumat verir. “Azərbaycan Hava Yolları" QSC-yə ünvanlanmış çoxsaylı müraciətlərinin Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada cavablandırılmasını bir necə dəfə tələb etsəm də hər hansı cavab almamışam. Müraciətlərimin cavablamamanızla tərəfinizdən Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci, 57-ci maddələrinin və Azərbaycan Respublikasının "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Qanununun müddəalarında pozulmuşdur. Cavabdeh ("xxxx" QSC) tərəfindən sərnişin kimi həm mənə, həm də etdiyim şikayət ilə əlaqədar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə həqiqətəuyğun olmayan cavablar verilib. Belə ki, müvafiq məlumatın guya uçuşdan əvvəl internet vasitəsi ilə sərnişinlərə verildiyi bildirilib. Cavabdeh, "COVİD 19" testinin nəticəsinin mütləq rus dilində olmalı olması və ya notarial tərcüməsinin təqdim edilməsinə dair tələbin Rusiya Federasiyası tərəfindən qoyulduğu ilə bağlı həqiqətə uyğun olmayan izah verilib. Verilən izahm öz mahiyyəti belə qənətbəxş hesab edilə bilməz. Belə ki, bu tələb RF tərəfindən qoyulan tələbi olsa belə bununla bağlı Cavabdeh - "xxxx" QSC-nin əlavə xəbərdarlıqlar, sərnişinləri məlumatlandırmaq Öhdəlikləri var. Üstəlik qarşı tərəf qeyri-adektvat tələblər qoyursa, onların ləğv edilməsini və "xxxx" QSC üçün qəbul edilməz olduğunu bildirə bilərdilər. Misal üçün sabah qarşı tərəf bildirsə ki, "xxxx" QSC-nin təyyarəsi ilə Azərbaycandan uçan sərnişinləri böyrəklərinin UZİ-də yoxladıb, nəticəsi barədə məlumatı rus dilində təqdim etməlidir- buna bir reaksiyaları olmayacaq?! Qarşı tərəfin tələbidir — həmin Moskvadakı hava limanında tərcümə xidməti var, orada rahat tərcümə edib qarşı tərəfə müvafiq analiz nəticəsini təqdim edə bilərdilər, hansı ki, "xxxx" QSC öz həmyerlilərin diqqətə almamağı nəticəsində mümkün olmayıb, bu qədər narahatçılıq yaradıb... Göstərilənlərdən başqa, Cavabdeh - "xxxx" QSC yalnız saytında dəyişiklik etmək ilə işini bitmiş hesab etməli deyildi. Sərnişinlərin emal və ya telefonuna dəyişiklik barədə məlumat göndərə bilərdilər. Sonra lap əgər belə dəyişiklik olubsa və "xxxx" QSC-nin məhz öz işinə məsuliyyətsiz yanaşan əməkdaşları bu dəyişikliyi aradan qaldırılmasını tələb etməyə cürəti çatmayıbsa, niyə əvvəlcədən və ya bilet satışı vaxtı deyil, məhz uçuşdan sonra sosial şəbəkələrə\saytlarına bu məlumat əlavə edilib? Əgər vaxtında bu dəyişiklik edilibsə Cavabdeh tərəf təqdim etsin ki, sayt və sosial şəbəkələrdəki səhifələrinə bu dəyişiklik barədə məlumatı nə vaxt əlavə edilib. Göstərilənlərlə yanaşı bir daha qeyd edirlər ki, Cavabdeh - "xxxx" QSC bu dəyişiklik barədə sosial şəbəkələrdə Bakı-Moskva reysi üzrə ilk uçuşdan saatlar sonra (17.02.2021-ci il saat 14:41) məlumat əlavə ediblər. Niyə vaxtında bu dəyişikliyi sosial şəbəkələr vasitəsi ilə və həmçinin birbaşa sərnişinlərin özünə mail və ya sms vasitəsi ilə məlumat təqdim etməyiblər?-aydın deyil... Misal üçün böyük aviaşirkətləri bir tərəfə, adi bir Baltik Air kimi Azalın bir şöbəsi boyda olan aviaşirkət uçuş ilə bağlı hər hansı dəyişiklik olduqda e-mail ilə məlumat göndərir. Cavabdeh isə məsuliyyətsizliyi və sərnişinlərə laqeyd, hörmətsiz yanaşması nəticəsində lüzumsuz çətinlik, narahatçılıq yaradılır. "xxxx" QSC-nin saytında "COVİD 19" testi vermək mümkün olan xəstəxanalar siyahısında olan 1 nömrəli Şəhər Poliklinikasından da bu qaydanın məhz 17.02.2021-ci il tarixindən Azal tərəfindən qəfildən dəyişdirildiyi və onların heç bir məlumatı olmadığını, hətta onlarda rus dilinin əlifbasına uyğun klaviatura belə olmadığını, TƏBİB tərəfindən təqdim edilmiş proqram təminatında isə rus və ya ingilis dilində test nəticəsinin verilməsinə texniki imkan olmadığı bildirilib. 1 nömrəli Şəhər Poliklinikasından verilmiş test nəticəsində bütün lazımı informasiyanın (hansı poliklinika tərəfindən verilmə, ad-soyad, test nəticəsinin neqativ olması) mövcud olduğunu və bu məlumatların başqa cürə başa düşülməsi, səhv qənaətə gəlinməsi mümkün olmadığı bildirilib. Bu da test nəticəsinin rus və ya ingilis dilində olması ilə bağlı Cavabdehin qoyduğu tələbin məntiqsiz, qanunsuz və əsasız olmasını göstərir. Əgər bu qaydanı RF tələb edibsə onda niyə Rusiyadan Azərbaycana gələnlərlərdən Rusiyada verilmiş test nəticələrinin məhz Azərbaycan dilində tərcümə edilməsi və ya Azərbaycan dilində tərtib edilməli olduğu ilə bağlı bir qayda yoxdur? Əgər Rusiyada guya Azərbaycan dilində olan tibbi arayışı başa düşməkdən imtina edirlərsə, onların rus dilində olan arayışları başa düşməli olduqları kimi öhdəlikləri var? Onda onlar niyə onlara qarşı belə tələb qoymurlar? Əgər hətta Rusiya tərəfi belə bir tələb qoyursa - Cavabdehin əməkdaşlarında bir qürur, vətənpərvərlik, öz həmyerlilərinə hörmət hissi yoxdurmu ki, bu tələbin ləğv edilməli olduğunu onlara bildirə bilsinlər?!. Bu da bir daha Cavabdehin qanunsuz törətdiyi əməlləri və laqeydliyinin göstərir. Bundan başqa bu tələbin məhz AR vətəndaşlarına deyil, xarici və ya Rusiya vətəndaşlarına şamil edilməsinin bildirilməsi özü də absurddur. Əgər söhbət ondan gedirsə ki, Rusiyadakı sərhədburaxılış məntəqəsində test nəticəsini Azərbaycan dilində olduğuna görə başa düşməyə bilərlərməntiqsizdir. Belə ki, AR vətəndaşlarının verdiyi Azərbaycan dilində olan test nəticəsini başa düşüb, Rusiya vətəndaşlarının nəticəsini anlanmayacağını düşünmək ən azı gülüncdür. Yeri gəlmişkən mən rus dilində və Rusiyada verilmiş test nəticəsi ilə Türkiyə hava limanlarında çox rahat və heç bir problemsiz səfər etmişdir. Heç kimdən də heç bir tərcümə tələb etmirlər. Kifayət qədər də tanıdığım və yaxınlarım belə adi hər hansı tərcüməsi olmayan test nəticəsi olan arayış ilə müxtəlif xarici ölkələrə uçuş həyata keçirir. Bu göstərilənlər Cavabdehin qanunsuz və əsasız tələblər qoymasını bir daha sübut edir. Göstərilənlərlə yanaşı bir daha nəzərinizə çatdırır ki, Cavabdeh - "xxxx" QSC tərəfindən sərnişinlərə və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə başdansovma verdiyi izah məsuliyyəti qarşı tərəfin üstünə atmaq cəhdi yersiz və məntiqsizdir. Belə ki, qarşı tərəfin tələbi ilə mütləq rus dilində COVİD-19 test nəticəsinin rus və ya İngilis dilində təqdim edilməli olduğuna dair bildirilməsi yalandır. Heç bir ölkədən Rusiyaya qayıdan şəxslərə qarşı belə tələb mövcud deyil. Üstəlik o özü 21.02.2021-ci il tarixində Bakıdan Moskvaya geri qayıdarkən Sağlam Ailə klinikasında əldə edərək təqdim etdiyi rus \ ingilis dilindəki test nəticələrinə dair səhifələrə baxan olmayıb, o bunları təqdim etməyə bir daha cəhd edəndə isə ehtiyac olmadığını bildirdilər. Bütün bu göstərilənlər Cavabdeh - "xxxx" QSC-nin və əməkdaşlarının öz işinə məsuliyyətlə yanaşmadığını və nəinki adi vətəndaşlara, həmçinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə yalan məlumat verməkdən çəkinmədiyini göstərir. Cavabdehin qanunsuz və əsasız əməlləri nəticəsində, heç bir günahım olmadan çəkdiyim əziyyət və xərclər müqabilində 2-ci dəfə təyyarə bileti almağa məcbur olmuşam və bu bilet almağa sərf etdiyim 451,95 A2N məbləğ həcmində Cavabdeh mənə maddi zərər vurub. Cavabdeh tərəfindən qanunsuz və əsasız qoyulmuş tələblərə görə 17 fevral tarixində uçuşum baş tutmayıb, nəticədə 95 AZN məbləğində yenidən ödəniş edib Sağlam Ailə klinikasında yenidən test verib nəticəsini götürməyə məcbur olmuşdur. Göstərilənlərlə yanaşı, bildirir ki, onun tərəfindən pozuntuya yol verilməsə də, əsasız və qanunsuz uçuşdan çıxarılması, günahı Cavabdehlər tərəfindən sübuta yetirilməsə də, müvafiq məhkəmə iclaslarında iştiraka, vəsatət, ərizə, yazılı və elektron müraciətlər yazılmasına, qaynar xəttlərə zəng etməyə görə böyük vaxt itirmiş və müvafiq nəqliyyat, poçt, internet xidmətlərindən istifadə üçün maddi vəsait sərf etmişdir. Ümumilikdə sərf edilmiş bu xərclərə görə isə ən azı 20 AZN məbləğində maddi zərər dəymişdir. Azərbaycan Respublikası Tarif Şurasının müvafiq qərarına əsasən Bakı şəhərində şəhərdaxili sərnişindaşıma xidməti üçün 0,3 AZN tarif müəyyən edilmişdir. Müvafiq olaraq da, hər bir sənəd surəti əldə edilməyə, bilet dəyişməyə, test nəticəsini almağa, müxtəlif iclas və görüşə getməyə görə nəqliyyat xərcləri kimi ən azı 30 AZN məbləğində sərf edilmiş pul vəsaiti nəticəsində mənə maddi zərər dəymişdir. Beləliklə Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mənə vurulmuş maddi zərər ümumilikdə 596,95 (451,95+95+20+30=596,95) manat məbləği təşkil edir. Yuxarıda da göstərildiyi kimi günahsızlığını sübut etmək üçün çoxsaylı müraciətlər yazıb poçtla göndəmiş, nəqliyyat xidmətlərindən istifadə etmiş, görüşlərə və sənədlərin əldə edilməsinə görə Cavabdehin aidiyyəti satış ofisinə dəfələrlə getmiş, çoxsaylı telefon danışığına, birbaş görüş və qəbullarda, o cümlədən məhkəməyə müraciət etməyə məcbur olmuş, müvafiq olaraq da öz gündəlik işlərindən və istirahət etmək hüququndan məhrum olmuşdur. Müvafiq hal üzrə günahı və cavabdehliyi sübuta yetirilməmiş, Cavabdeh və həmçinin əməkdaşları müxtəlif bəhanələr ilə sənədləri cavab məktublarını vaxtında təqdim etməmiş, uçuşdan əvvəl lazımmca məlumatlandırmamış, qoyduqları absurd tələblər ilə bağlı adekvat və əsaslı bir izah verə bilməmişdir. Yuxarıda təsvir edilmiş hüquq pozuntusu nəticəsində ona mənəvi zərər də vurulmuşdur. Xüsusən də, Cavabdehin həmin qanunsuz və soyğunçu əməlləri nəticəsində ona maddi zərər yetirərək aldıqları təyyarə biletinə görə ödədiyi məbləğ ilə də gözləri doymayıb, əlavə 451,95 manat da yeni bilet almağa sərf etməsi, günahı və cavabdeyliyi olmayan hala görə bu qədər narahatçılıq yaşaması, heç bir əsası bildirilməməsi, müxtəlif bəhanələr ilə yeni bilet almaq üçün əlavə ödəniş edilməsinin tələb edilməsi, üstəlik həyasızcasına həqiqətəuyğun olmayan məlumat vermə, hüquqazidd davranışa əsaslanaraq narahatçılıq ilə qarşılaşması, planlaşdırdığı və aldığı biletə uyğun olaraq 17.02.2021-ci il tarixində deyil, çox böyük çətinlik ilə 5 gün sonra 21.02.2021-ci il tarixində yaşadığı Moskva şəhərinə qayıda bilməsi və bu müddət ərzində öz şəxsi işlərindən və biznes fəaliyyətindən məhrum olması ona mənəvi zərər vurmuşdur. Belə ki, qanunvericiliyin tələblərinə və bütün dünyada qəbul olunmuş biznes etikaya laqeydliklə yanaşan, insanlara yersiz yerə çətinlik yaradan və yalan məlumatlar verən, həmçinin müraciətləri düzgün və vaxtında araşdıraraq cavab verməyən Cavabdehin əməkdaşlarınız barəsində inzibati və intizam qaydasında tənbeh olunması əvəzinə ümumiyyətlə cavab yazmaması, ondan etdikləri səhvə görə üzr istəmələri, süründürməçiliyə məruz qalması nəticələrində hüquqları pozulması, o cümlədən lüzumsuz yerə şəxsi pul vəsaitindən istifadəyə gətirib çıxarması ilə bağlı mənfi psixi reaksiyaya səbəb olmuş, mənəvi sarsıntı keçirməyi ilə nəticələnmişdir. Törətdiyi iddia olunan inzibati xətanın sübut edə bilməmələri, qanunsuz və əsasız olaraq cərimə edilməsi barədə qərarlar çıxarılması, Cavabdehlərə etdiyi müraciətlərin lazımınca cavablanmaması Azərbaycan Respublikasının vətəndaşı kimi onun qanunla tanınan və qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Bunun nəticəsində də ona böyük mənəvi zərər dəymişdir. Belə ki, narahatçılıq, təşviş, ümidsizlik, iztirabla ifadə olunan fiziki və mənəvi sarsıntılar keçirmişdir. Törətdiyi, iddia olunan inzibati xətanın sübut edə bilməmələri, qanunsuz və əsasız olaraq cərimə edilməsi, Cavabdehlərə etdiyi müraciətlərin lazımınca cavablanmaması Azərbaycan Respublikasının vətəndaşı kimi onun qanunla tanınan və qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Bunun nəticəsində də ona böyük mənəvi zərər dəymişdir. İddiaçı kimi o mənəvi zərər - fiziki və mənəvi sarsıntıları sübut etməyə borclu olmasa da müvafiq dəlilləri göstərmişdir. Beləliklə də Cavabdehlərin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzi kimi 1500 (bir min beş yüz) manat məbləğində pulun ödənilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə yuxarıda qeyd olunan məzmunda izahat vermiş iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 ərizə ilə müraciət edərək bildirmişdir ki, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia qaldırmışdır. İddia tələbini maddi ziyan hissəsində qəbul edirik. İddia tələbi üzrə maddi ziyanı tam məbləğdə ödəməyə razıdır. Mənəvi ziyanın təmin edilməsi üçüт əsaslar yoxdur. Odur ki, iddianın maddi ziyan hissəsində təmin edilməsini, mənəvi ziyan hissəsin də isə təmin edilməməsini məhkəmədən xahiş edir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Elektron biletin qəbzindən görünür ki, cavabdeh "xxxx" QSC-nin rəsmi internet saytından (www.azal.az) iddiaçı Bakı - Moskva reysinə 17.02.2021-ci il tarixinə 475,7 AZN dəyərində bilet almışdır. **********501 saylı Elektron biletin surətindən görünür ki, iddiaçı Bakı - Moskva reysinə 21.02.2021-ci il tarixinə 451,95 AZN dəyərində bilet almışdır. Səhiyyə Nazirliyi Xüsusi X1 Mərkəzi tərəfindən verilmiş test nəticəsinin surətindən görünür ki, İddiaçı “Covid-19” testinin nəticəsi neqativ olmuşdur. Azərbaycan Rspublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 09.04.2021-ci il tarixli cavab məktubundan görünür ki, “AZAL" tərəfindən uçuş üçün tələb olunan sənədlər barəsində düzgün məlumat verilməməsi haqqında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanladığı 03.03.2021-ci il tarixli müraciətinə (daxilolma qeydiyyatı: X- 12, 05.03.2021-ci il) baxılmışdır. Müraciətlə əlaqədar aparılmış araşdırma zamanı "xxxx" QSC tərəfindən Dövlət Xidmətinə ünvanlanmış 19.03.2021-ci il tarixli məktubda Rusiya Federasiyası vətəndaşları tərəfindən reysə mink üçün rus və ya ingilis dilində çap edilmiş, reysin uçuşundan ən gec 48 saat əvvəl "PCR" metodu ilə həyata keçirilən COVİD-19 testinin neqativ nəticəsini əks etdirən tibbi sənədin (arayış) təqdim edilməli olduğu, rus və ya ingilis dilində tibbi sənədin təqdim edilməsi mümkün olmadıqda uçuşun başlandığı ölkənin rəsmi dövlət dilində sənədin və rus dilinə notarial qaydada təsdiq olunmuş tərcüməsinin təqdim edilməsinə icazə verildiyi, bu tələbin Rusiya Federasiyasına məxsus olduğu, həmçinin bu barədə aviaşirkətin rəsmi elektron səhifəsində məlumat yerləşdirildiyi bildirilmişdir. Əlavə olaraq bildirirlər ki, "xxxx" QSC-nin mövqeyi ilə razılaşmadığınız təqdirdə, həmçinin maddi və mənəvi zərər tələbi ilə bağlı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 28-cı maddəsinə əsasən məhkəməyə müraciət edə bilər. Eyni zamanda, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikas; Qanununun 14.0.8-ci maddəsinə əsasən, müraciətiniz barədə qəbul edilmiş qərarla razılaşmadığı halda həmin qərardan inzibati və ya məhkəmə qaydasında şikayət vermək hüququnun olduğu qeyd edilmişdir. "xxxx" QSC-nin Birinci vitse-prezidenti tərəfindən İddiaçı ünvanlanmış 10.06.2021-ci il məktubundan görünür ki, 17 fevral 2021-ci il tarixdə "xxxx" QSC-nin Bakı-Moskva marşrutu üzrə J2181 saylı reysində daşıma müqaviləsinin ləğv edilməsi ilə əlaqədar istifadə edilməmiş aviabiletlərin dəyərinin geri qaytarılması ilə bağlı 23 aprel 2021-ci il tarixli iddiasına cavab olaraq, tələblərinin əsassız olduğunu və aşağıdakı əsaslarla təmin edilməyəcəyini bildirirlər: Rusiya Federasiyasının dövlət sərhədinin keçilməsi üçün lazım olan sənədlərin, yəni COVİD-19-a dair PCR testi nəticələri ilə rus və ya ingilis dilində sənədin mövcud olmaması ilə əlaqədar o, qeyd edilən reysə buraxılmamışdır. Bu tələblər təyinat ölkəsinin müvafiq dövlət orqanları tərəfindən, yəni onun halda, Rusiya Federasiyasının səlahiyyətli orqanları tərəfindən müəyyən edilir. "xxxx" QSC öz saytında uçuşların həyata keçirilmə qaydası və təyinat ölkələrinin tələbləri barədə məlumatı vaxtında yerləşdirir, lakin "xxxx" QSC-nin reysləri ilə sərnişinlərin daşınması qaydalarına əsasən: 9.1.1. Sərnişin səyahət üçün lazım olan bütün sənədlərin, vizaların, icazələrin və s. alınmasına, habelə yola düşmə, təyinat və tranzit ölkəsinin ölkədən getmək, ölkəyə gəlmək və tranzit haqqında bütün tətbiq olunan qanunlarına riayət edilməsinə görə məsuliyyət daşıyır. Sərnişin belə sənədləri və ya vizaları almadıqda və ya tətbiq olunan qanunların tələblərini yerinə yetirmədikdə, Aviaşirkət Sərnişin qarşısında heç bir məsuliyyət daşımır. 9.1.2. Aviaşirkətin tələbi ilə Sərnişin Aviaşirkətin səlahiyyətli şəxslərinə, müvafiq dövlət orqanlarının nümayəndələrinə ölkəyə gəlmək, ölkədən getmək və tranzit, sağlamlıq vəziyyəti haqqında sənədləri və tətbiq olunan qanunlarla tələb olunan bütün digər sənədləri təqdim etməli və Aviaşirkətə onların surətini çıxarıb saxlamağa, yaxud müvafiq sənədlərdə olan Sərnişin haqqında məlumatları hər hansı digər üsulla özündə saxlamağa icazə verməlidir. 9.1.3. Aviaşirkət tətbiq olunan qanunlara riayət etməyən və ya sənədləri lazımi qaydada rəsmiləşdirilməyən Sərnişinlərin (o cümlədən vizanın, pulun, əks istiqamətə biletin və digərlərinin olmamasına görə) daşınmasından imtina etmək hüququna malikdir. 9.2.1. Aviaşirkət dövlət orqanlarının Sərnişinə ölkə ərazisinə daxil olmağa icazə verməməsinə görə məsuliyyət daşımır. Lakin, uçuş cədvəlinə əsasən reysin yerinə yetirilməsinə bir saatdan çox vaxt qalmış uçuşdan (könüllü/məcburi) imtina halı baş verdiyini nəzərə alaraq, Siz aviabiletin dəyərini geri qaytarmaq, yaxud tarifin 75%-i həcmində cərimə tutulmaqla və tarif fərqini ödəməklə aviabileti digər münasib tarixə yenidən təxsis etmək hüququna malik idiniz və buna müvafiq olaraq, "xxxx" QSCnin 23 fevral 2021-ci il tarixli Bakı-Moskva marşrutu üzrə J2181 saylı reysinə yeni aviabilet rəsmiləşdirilmişdir. İddiaçı 10 oktyabr 2019-cu il tarixində bhphotovideo.com saytı vasitəsilə 2099 ABŞ dolları məbləğində APPLE MACBOOK Pro (APPLE MBP/QC/15/8G/16 GB/512GBSSD/655/SG/13) markalı kompüter sifariş etmişdir. X5 yerləşən “FedEx” şirkətinin 14 Noyabr 2019-cu il tarixli cavab məktubundan görünür ki, iddiaçının sifariş etdiyi “APPLE MACBOOK Pro” (APPLE MBP/QC/İ5/8G/16 GB/512GBSSD/655/SG/13) markalı kompüter cavabdeh tərəfə 14.10.2019-cu il tarixdə göndərilmişdir. İddiaçı "xxxx" QSC-yə ünvanladığı pretenziya məktubundan görünür ki, o, "xxxx" QSC-dən üzərinə düşən öhdəliklərini icra etməsi, əks halda istehlakçı hüquqularının müdafiəsi, vurulmuş addi və mənəvi zərərə görə kompensasiyanın ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldıracağını bildirmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin qanunsuz və əsasız əməlləri nəticəsində vurulmuş 596,95 manat məbləğində maddi zərərin, 1500 (bir min beş yüz) manat məbləğində mənəvi zərərin, o cümlədən 30 (otuz) manat məbləğində dövlət rüsumunun və dövlət rüsumunun ödənilməsi ilə əlaqədar köçürməyə görə tutulan 0,40 (qırx qəpik) manat haqqın, ümumilikdə 2127,35 (iki min bir yüz iyirmi yeddi manat, otuz beş) manat məbləğin cavabdeh - "xxxx" QSC-dən tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh tərəf isə iddianı qismən etiraf edərək, maraqlarını təmsil etdiyi hüquqi şəxsin işçiləri tərəfindən yol verilmiş əsassız hərəkətləri nəticəsində iddiaçıya dəymiş 596,95 manat məbləğində maddi zərərin ödənilməsinə etiraz etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin etirafının qəbul edilməməsinə əsas ola biləcək hal müəyyən edilmədiyindən, həmin etiraf təsdiq edilməli, iddia müvafiq hissədə təmin olunaraq dəymiş maddi zərərə görə 596,95 manat məbləğində pul cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 52.2-ci və 52.5-ci maddələrinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 106.3-cü və 106.4-cü maddələrinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Həmin Məcəllənin 191.1-ci və 191.3-cü maddələrinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddiaçının mənəvi ziyana görə 1500 manat təzminatın ödənilməsi barədə tələbi ilə bağlı aşağıdakılar qeyd olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Məhkəmə, iddiaçının onun mənəvi sarsıntı keçirməsini qəbul edir. Lakin tələb təmin olunduğundan, iddiaçının pozulmuş hüququnun bərpa edilməsi mənəvi zərərin ödənilməsi kimi də qəbul edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Maddi zərərə görə 596,95 manat və dövlət rüsumu kimi ödənilmiş 30,4 manatın 9 manatı, cəmi 605,95 manat məbləğində pul cavabdeh "xxxx" QSC-dən tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar