Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4475/2025 16.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Mehdiyeva Gülarə Sahib qızının katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “əmanətin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh ASC-yə qarşı “əmanətin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus 26.095 (iyirmi altı min doxsan beş) rublun Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 602 nömrəli Fərmanı ilə təsdiq olunmuş qaydalara uyğun hesablanması və ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1992-ci ilin yanvar ayında müəyyn faiz əlavələri əldə etmək üçün SSRİ “Əmanət Bankı”nın 8500 nömrəli Ağstafa rayon filialına ümumilikdə 26.095 rubl depozit qoymuşdur. Lakin, bu günədək SSRİ “Əmanət Bankı”nın hüquqi varisi olan Cavabdeh ASC tərəfindən həmin əmanət qalığı iddiaçıya qaytarılmamışdır.xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 602 nömrəli Fərmanı ilə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikası vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi qaydaları müəyyən edilmiş və bu məsələlərin həlli Cavabdeh ASC-yə həvalə olunmuşdur. Bu fərman elan olunduqdan sonra iddiaçı bir-neçə dəfə Cavabdeh ASC-yə müraciət etsə də, hər dəfə bildirilir ki, ölkədə aparılan pul islahatları zamanı rubl dəyərini itirmişdir. Buna da əsas kimi Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 15 iyul tarixli 48 nömrəli, 1993-cü il 11 dekabr tarixli 58 nömrəli və 2005-ci il 7 fevral tarixli 189 nömrəli Fərmanlarını göstərir. Başqa sözlə, cavabdeh 5-10 manat qaytarmaq fikrindədir. O zaman isə həmin məbləğə mənzil və ya avtomobil almaq mümkün olmuşdur. Bank nəzərə almalıdır ki, 1992, 1993 və 2005-ci illərdə imzalanmış fərmanlar keçmiş SSRİ “Əmanət Bankı”nda olan əmanətlərin qaytarılması və ya saxlanılmasını nəzərdə tutmur. Məhz bu səbəbdən də, Azərbaycan Respublikası Prezidentinin 14 mart 2012-ci il 602 nömrəli fərmanı ilə həmin qalıqların qaytarılması üçün ayrıca qaydalar müəyyən edilmişdir. Sonuncu dəfə məsələ ilə əlaqədar Cavabdeh ASC-nin Ağstafa rayon filialına qarşı Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir, lakin məhkəmə tərəfindən işin bu filialın səlahiyyətlərinə aid olmaması əsas gətirilərək, xx.xx.2025-ci il tarixli 2(015)-890/2025 nömrəli qərardad çıxarılmışdır. Digər vətəndaşlar kimi iddiaçının da müəyyən olunmuş qaydada şəxsi vəsaitini geri almaq hüququ vardır.
3. Cavabdeh ASC yazılı izahat təqdim edərək, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdehin yazılı izahatında qeyd edilmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 602 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi Qaydaları”nın 1-ci bəndinə əsasən Bu Qaydalar 1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçiləri olan və həmin bankın hüquqi varisi Cavabdeh Açıq Səhmdar Cəmiyyətində (bundan sonra – Bank) bu Qaydaların qüvvəyə mindiyi tarixə şəxsi əmanət hesablarının qalıqlarını saxlamış Azərbaycan Respublikası vətəndaşlarına və ya onların vərəsələrinə, həmin hesabdakı qalıqlar nəzərə alınmaqla, fərdi birdəfəlik ödəmələrin (bundan sonra – birdəfəlik ödəmə) verilməsinin prinsiplərini, hallarını və şərtlərini müəyyən edir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən əmanətçi - 1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında əmanəti olan və bu Qaydalar qüvvəyə mindiyi tarixə Bankda əmanət qalığını saxlamış Azərbaycan Respublikası vətəndaşları və ya onların vərəsələri; 2.2-ci bəndinə əsasən əmanət qalığı - əmanətçilərin 1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında şəxsi əmanət hesablarında olan və 1992-ci il avqustun 15-dən Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması zamanı hesablaşmalarda müəyyən edilən manatın rubla olan nisbəti (1 Azərbaycan manatı = 10 rubl) və 2006-cı il yanvarın 1-dən həyata keçirilmiş manatın denominasiyası (1 yeni Azərbaycan manatı = 5000 Azərbaycan manatı) nəzərə alınmaqla, bu Qaydaların qüvvəyə mindiyi tarixə Bankda saxladığı pul vəsaitləridir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş əmanət kitabçası ilə müəyyən olunur ki, ilk əmanət xx.xx.1992-ci il tarixdə qoyulmuşdur. Bu baxımdan müvafiq əmanət 1992-ci il 1 yanvar tarixinə kimi qoyulmuş əmanət olmadığından, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 602 nömrəli Fərmanının təsir dairəsinə düşmür və iddia tələbi rədd edilməlidir. Həmin Qaydaların 4.6-cı bəndində qeyd edilmişdir ki, Birdəfəlik ödəmənin alınması ilə bağlı bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulmuş qaydada 2012-ci il 31 dekabr tarixinədək Banka müraciət edilir. Həmin müddətdən sonra müraciətlər qəbul edilmir və onlara baxılmır. Belə ki, müvafiq əmanət 1992-ci il 1 yanvar tarixinə kimi qoyulmuş əmanət olsaydı belə Qaydaların 4.1-ci bəndinə əməl edilmədiyindən müvafiq birdəfəlik ödəmənin verilməsi mümkün olmayacaqdı (iddiaçı 2012-ci il 31 dekabr tarixinədək Banka müraciət etdiyini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir). Bunlarla yanaşı iş materiallarına əlavə edilmiş əmanət kitabçasından görünür ki, əmanətin məbləği iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi 26095 rubl deyil, 20095 rubldur (500+5000+95+14500=20095). Qeyd olunanları nəzərə alaraq hesab edirlər ki, iddiaçının Banka qarşı irəli sürdüyü iddia tələbi əsassızdır və təmin edilməməlidir.
a) Məhkəmə prosesi:
5. 11 Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, ərizə ilə müraciət edərək iddianı tam müdafiə etdiyini bildirmiş, iclasın onun iştirakı olmadan keçirilməsini və təmin olunmasını xahiş etmişdir. Bundan əlavə, başqa bir ərizə göndərərək bildirmişdir ki, iddiaçı 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinə, Milli Məclisə, Cavabdeh ASC-yə və onun Ağstafa rayon filialına müraciətləri olmuş, lakin müsbət nəticə olmadığı üçün həmin müraciətlərin surətlərini və ona gələn cavab məktublarını saxlamamışdır. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X2 iddianı qəbul etməyib, yazılı izahatın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.
7. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia ərizəsini, iddiaçının digər ərizələrini və cavabdehin yazılı izahatını nəzərdən keçirib, iş üzrə toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
8. İddiaçı məxsus əmanət kitabçasından görünür ki, iddiaçı “SSRİ Əmanət Bankı”nın Ağstafa filialında 651 nömrəli hesaba ilki xx.xx.1992-ci il tarixində 500 manat olmaqla bir-neçə dəfə müxtəlif məbləğlərdə əmanətlər qoymuş, hesabda sonuncu əmanət qalığının məbləği 20.095 manat olmuşdur.
9. İddiaçı Cavabdeh ASC-yə xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, iddiaçı 1992-ci ildə “Əmanət Bankı”na qoyulmuş rublun əvəzinin ödənilməsinə köməklik göstərilməsini cavabdehdən xahiş etmişdir.
10. Cavabdeh ASC Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, cavabdeh bank tərəfindən bildirilmişdir ki, ölkədə aparılan pul islahatları (AR Prezidentinin 15 iyul 1992-ci il tarixli 48 nömrəli və 11 dekabr 1993-cü il tarixli 58 nömrəli Fərmanlarına əsasən xx.xx.1994-cü il tarixdən 10 rubl = 1 AZM; 7 fevral 2005-ci il tarixli 189 nömrəli Fərmana əsasən xx.xx.2006-cı il tarixdən 5000 AZM = 1 AZN) nəticəsində bütün aktivlər və passivlər, o cümlədən, bank hesablarında olan vəsaitlər yenidən qiymətləndirilmişdir. Bununla əlaqədar olaraq, əmanətçi (onun hüquqi nümayəndəsi və ya varisi) şəxsiyyətini təsdiq edən sənədi (nümayəndəliyi təsdiq edən sənədi və ya vərəsəlik haqqında şəhadətnaməni) və əmanət kitabçasının əslini təqdim etməklə əmanət hesabının cari tarixə olan qalığını Cavabdeh ASC-nin filiallarından məxaric edə bilər. Ölkədə aparılmış pul islahatları ilə əlaqədar yenidən qiymətləndirilmiş əmanətlərə kompensasiya ödənilməsi ilə bağlı Cavabdeh ASC-nin öhdəliyi yoxdur.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
11. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilk dəfə 23 yanvar 1992-ci il tarixində 500 manat olmaqla “SSRİ Əmanət Bankı”na fərqli tarixlərdə, müxtəlif məbləğlərdə əmanətlər qoymuş, üzərinə gələn faizlərlə birlikdə əmanət qalığının məbləği 20.095 manat olmuşdur. İddiaçı hazırda həmin məbləğin müvafiq qaydada hesablanmaqla manatla əvəzinin Cavabdeh ASC tərəfindən ödənilməsini tələb edir. Bununla bağlı, iddiaçı xx.xx.2025-ci il tarixdə banka müraciət etmiş, bank tərəfindən həmin məbləğin ödənilməsindən imtina edilmişdir. İddiaçı daha əvvəllər də banka müraciət etdiyini və mənfi cavab aldığını bildirsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir.
c) Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
12. “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 602 nömrəli Fərmanına əsasən qərara alınmışdır ki:
1. 1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçiləri olan və həmin Bankın hüquqi varisi Cavabdeh Açıq Səhmdar Cəmiyyətində bu Fərman qüvvəyə mindiyi tarixə şəxsi əmanət hesablarının qalıqlarını saxlamış Azərbaycan Respublikası vətəndaşlarına və ya onların vərəsələrinə, həmin hesabdakı qalıqlar nəzərə alınmaqla, bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq fərdi birdəfəlik ödəmələr verilsin.
2. “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
3. Müəyyən edilsin ki: 3.1. əmanətçilərə fərdi birdəfəlik ödəmələrin (bundan sonra - birdəfəlik ödəmələr) verilməsi 2012-ci ilin iyun ayından başlayır və 2013-cü il 31 dekabr tarixinədək başa çatdırılır; 3.2. keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının hüquqi varisi olan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti birdəfəlik ödəmələrin verilməsi üzrə müvəkkil bank hesab edilir.
13. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 602 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi Qaydaları”na əsasən müəyyən edilir ki:
2. Bu Qaydaların məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 2.1. əmanətçi - 1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında əmanəti olan və bu Qaydalar qüvvəyə mindiyi tarixə Bankda əmanət qalığını saxlamış Azərbaycan Respublikası vətəndaşları və ya onların vərəsələri; 2.2. əmanət qalığı - əmanətçilərin 1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında şəxsi əmanət hesablarında olan və 1992-ci il avqustun 15-dən Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması zamanı hesablaşmalarda müəyyən edilən manatın rubla olan nisbəti (1 Azərbaycan manatı = 10 rubl) və 2006-cı il yanvarın 1-dən həyata keçirilmiş manatın denominasiyası (1 yeni Azərbaycan manatı = 5000 Azərbaycan manatı) nəzərə alınmaqla, bu Qaydaların qüvvəyə mindiyi tarixə Bankda saxladığı pul vəsaitləri; 4.6. Birdəfəlik ödəmənin alınması ilə bağlı bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulmuş qaydada 2012-ci il 31 dekabr tarixinədək Banka müraciət edilir. Həmin müddətdən sonra müraciətlər qəbul edilmir və onlara baxılmır. 4.7. Birdəfəlik ödəmənin alınması üçün əmanətçilərin müraciət etməsi və həmin ödəmələrin verilməsi müddəti Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada uzadıla bilər.
14. Sözügedən fərmanda, həmçinin, qeyd edilmişdir: “Azərbaycan Respublikası vətəndaşlarının keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında əmanətləri yerləşdirdikləri dövrdə qüvvədə olmuş SSRİ-nin “Banklar və bank fəaliyyəti haqqında” Qanununda və Azərbaycan Respublikasının “Banklar və bank fəaliyyəti haqqında” 1992-ci il 7 avqust tarixli X3 öhdəliklərinə görə dövlətin məsuliyyəti nəzərdə tutulmamışdır. Son dövrlərdə ölkəmizin sosialiqtisadi inkişafında qazanılmış uğurlar, əldə olunmuş makroiqtisadi sabitlik, Azərbaycan dövlətinin maliyyə imkanlarının artması əhalinin inflyasiya nəticəsində ucuzlaşmış bank əmanətlərinə görə onlara dövlət tərəfindən əlavə yardım ödənilməsi üçün şərait yaratmışdır. Bu uğurların əldə edilməsində Azərbaycan Respublikası vətəndaşlarının töhfəsini nəzərə alaraq, Azərbaycan dövləti keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsini təklif etmək niyyətini bəyan edir”.
15. Göründüyü kimi, keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında saxlanılmış bank əmanətlərinin əmanətçilərə qaytarılmasının hüquqi əsasını sadəcə sözügedən “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 602 nömrəli Fərmanı və həmin fərmanla təsdiq edilmiş Qaydalar təşkil edir. Bu səbəblə, məhkəmə iddia tələbinin əsaslı olub-olmamasını müəyyən edərkən, həmin Fərmana və Qaydalara istinad etməlidir.
16. Öncəliklə, məhkəmə qeyd edir ki, Fərmanda və Qaydalarda “əmanətçi”yə anlayış verilməklə, əmanətçi hesab edilən şəxslərin dəqiq dairəsi müəyyən edilmişdir. Belə ki, 1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında əmanəti olan və bu Qaydalar qüvvəyə mindiyi tarixə Bankda əmanət qalığını saxlamış Azərbaycan Respublikası vətəndaşları və ya onların vərəsələri əmanətçi hesab edilir və məhz onlara birdəfəlik ödənişlərin verilməsi nəzərdə tutulur. Lakin, iddiaçı banka 23 yanvar 1992-ci il tarixindən etibarən əmanət qoymağa başlamışdır. Bu da o deməkdir ki, həmin Fərman və Qaydalar iddiaçıya şamil olunmur.
17. Bundan əlavə, həmin Fərman və Qaydalarla birdəfəlik ödəmələrin alınması üçün müraciətlərin edilməsinin dəqiq tarixləri də müəyyən edilmişdir. İddiaçı Banka müraciət etmək üçün müəyyən edilmiş sonuncu tarixi – 31 dekabr 2012-ci il tarixini də ötürmüş, həmin tarixədək Banka müraciət etməsi ilə bağlı isə heç bir sübut təqdim etməmişdir.
18. Bütün bu göstərilənlər iddiaçı tərəfindən keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankına qoyulmuş əmanətin Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 602 nömrəli Fərmanı ilə təsdiq olunmuş qaydalara uyğun hesablanması və ödənilməsi barədə iddia tələbinin əsassız olduğu nəticəsinə gəlməyə əsas verir. Buna görə də məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
19. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin (qismən təmin) olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
21. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh ASCyə qarşı “əmanətin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
Nəticə:
22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh ASC-yə qarşı “əmanətin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova